Azərbaycan-Fransa:
siyasi dialoqun inkişaf tendensiyası
Kommunist
ideologiyası və onun dünyadakı dayağı olan
SSRİ-nin iflası nəticəsində müstəqil
dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan
Respublikasının siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin
etibarlı təminatı üçün düzgün xarici
siyasət kursunun müəyyənləşdirilməsi
mühüm əhəmiyyətli məsələ idi.
Bu reallığa əsaslanaraq
respublikamızın xarici siyasətinin strateji yönümlərinin
təyinatında Fransa dövlətinə xüsusi prioritet
verilməsi təsadüfi siyasi gediş
sayılmamalıdır. Fransa dünyanın
güclü siyasi, iqtisadi, hərbi və mədəni
potensiala malik dövləti olaraq ümumavropa təhlükəsizliyi
sisteminin formalaşmasında və “Yeni Avropa” birgəyaşayış
qaydalarının yaranmasında müstəsna mövqeyə
malikdir. “Böyük yeddilər”in, BMT-nin yaradıcılarından və
Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən,
Avropa İttifaqının iki lokomotiv dövlətindən biri olması, habelə ərazisində
200-dən artıq beynəlxalq təşkilatın
(İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı
(OECD), YUNESKO, İnterpol, Beynəlxalq Çəkilər və
Ölçülər Bürosu, Avropa Şurası Parlament
Assambleyası və s) yerləşməsi faktı da
Fransanın qlobal-bəşəri problemlərin həllində
geniş təsir vasitələrinə malik olduğunu təsdiqləyir.
Şərqlə Qərb arasında “dəmir pərdə”nin aradan götürüldüyü və “soyuq
müharibə”yə son qoyulduğu XXI əsrin astanasında
dövlətlərarası münasibətlər hərbi-siyasi
motivlərə deyil, iqtisadi amillərə əsaslanır. Güclü iqtisadi potensialı olan dövlətin
möhkəm və davamlı siyasi-hərbi dayaqlara da malik
olacağı şübhəsizdir.
Erməni lobbisinin güclü təsir mexanizmlərinə
malik olduğu Fransa dövlətini yaxın perspektivdə Azərbaycanla
daha sıx münasibətlərə girməyə sövq edən
amillərdən birinin nə qədər paradoksal səslənsə
də, Dağlıq Qarabağ problemi olacağı istisna
deyildi. Niyə? Çünki
Fransanın da suverenliyi və ərazi bütövlüyü
üçün daimi təhlükə mənbəyi olan
Korsika problemi vardır. Rəsmi Parisin
Dağlıq Qarabağ probleminə münasibətdə
separatçı erməni qüvvələrinə loyallıq
nümayiş etdirməsi, oxşar etnik problemi olan Fransanın
milli maraq və mənafelərinə ziddir. Bunu qeyd etməklə, Dağlıq Qarabağ və
Korsika problemlərini tam eyniləşdirmək, onlar
arasında bərabərlik işarəsi qoymaq, təbii ki,
düzgün deyil. Sadəcə olaraq,
sözügedən problemlər yalnız mövcud olduğu
dövlətlərdə oxşar çətinliklər
doğurduqları baxımından bənzərdirlər.
Əslində isə bu problemlər mahiyyəti
etibarilə bir-birindən kəskin şəkildə fərqlənirlər.
Tarixə ekskurs etsək görərik ki,
birbaşa Azərbaycan-Fransa münasibətlərinin bərpası
yalnız Sovetlər Birliyi dağıldıqdan sonra mümkün
olmuşdur. Belə ki, 1992-ci il
yanvarın 3-də Fransa Azərbaycanın müstəqilliyini
tanımış, fevralın 21-də isə iki dövlət
arasında diplomatik münasibətlərin qurulması
haqqında protokol imzalanmışdır. Sənədi
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini
A.Salamov, Fransa tərəfindən isə beynəlxalq və
humanitar məsələlər üzrə dövlət katibi
B.Kuşner təsdiqləmişdir.
Martın 16-da isə Fransanın Bakıda
səfirliyi açılmış, Fransanın
respublikamızda ilk səfiri J.Perren olmuşdur. O, öz
etimadnaməsini Azərbaycan rəhbərliyinə 1992-ci il martın 26-da təqdim etmişdir.
“Fransa Qarabağ müharibəsinin aradan
qaldırılmasına yardım göstərməyə
hazırdır” – fikrinin müəllifi fransalı diplomat
B.Kuşnerin rəhbərliyi ilə nümayəndə heyəti
1992-ci il martın 19-20-də Bakıda rəsmi
səfərdə olmuşdur. Bu, respublikamıza
gəlmiş ilk yüksək səviyyəli Fransa hökumətinin
nümayəndə heyəti hesab olunurdu.
Qeyd edək ki, 1992-ci il martın
sonundan 1993-cü ilin axırlarınadək Azərbaycan-Fransa
münasibətlərində soyuqluq özünü göstərmiş,
ikitərəfli əlaqələrdə
qarşılıqlı inamsızlıq və
etimadsızlıq hökm sürmüşdür. Bu da səbəbsiz deyildi. Bakı-Paris
münasibətlərinin həmin dövrdə
aşağı səviyyəsini bu amillər şərtləndirirdi:
Birincisi, Azərbaycan rəhbərliyi
Fransanın dünya birliyində tutduğu yeri, ümumavropa təhlükəsizliyi
sistemində oynadığı həlledici rolu düzgün
qiymətləndirməyərək ikitərəfli əlaqələrin
inkişafına səy göstərməmişdir. Belə mövqeni əsaslandırmaq
üçün Ermənistanla Fransa arasında dostluq
münasibətlərinin mövcudluğu faktını
qabartmış, lakin dövlətlərarası münasibətlərdə
“daimi dostlar yox, daimi mənafelər var”
reallığını nəzərə almamışdır.
İkincisi, Ermənistanın təbliğat
maşınının fransızların ictimai fikrində “vəhşi”
və “köçəri” azərbaycanlı, “məzlum” və
“cəfakeş” erməni obrazı yaratması da ikitərəfli
münasibətlərin inkişaf imkanını xeyli dərəcədə
məhdudlaşdırmışdır.
Üçüncüsü, Fransadakı
güclü erməni lobbisinin antiazərbaycan fəaliyyəti
bu iki ölkənin əməkdaşlıq perspektivlərini
böyük sual altında qoymuşdur. Təxmini hesablamalarda, ərazisində məskunlaşan
ermənilərin sayına görə Fransa ABŞ-dan sonra
ikinci yerdə durur. Bu ölkənin əsasən
Marsel, Lion, Paris və Bordo şəhərlərində
yaşayan ermənilərin ümümi sayı təqribən
450 min nəfərdir.
Fransanın hakimiyyət eşelonunda belə geniş təmsilçilik
və təsir imkanları olan erməni diasporunu
neytrallaşdırmaq və ikitərəfli münasibətləri
qarşılıqlı anlaşma və dostluq səviyyəsinə
qaldırmaq üçün Azərbaycanın o zamankı rəhbərliyi
konkret diplomatik addımlar atmalı, maraq və mənafelər
arasında çoxsaylı təmas nöqtələri
tapmalı, son nəticədə isə Azərbaycanın
Fransaya, Fransanın isə Azərbaycana lazım olduğunu
xüsusi olaraq ön plana çəkməli idi. Lakin təəssüf ki, mövcud imkanlardan
lazımi səviyyədə istifadə olunmamış,
verilmiş şanslar əldən buraxılmışdır.
Deməli, Azərbaycan-Fransa münasibətlərində
həllini gözləyən çoxsaylı problemlərin
mövcudluğu faktını qəbul etsək, xalqın təkidi
ilə siyasi hakimiyyətə qayıdan ölkə Prezidenti
Heydər Əliyevin Avropa səfərinə məhz Fransadan
başlamasının təsadüfi olmadığı qənaətinə
gələrik.
Azərbaycan Prezidentinin Fransaya ilk rəsmi səfəri
1993-cü il dekabrın 19-dan 23-dək
baş tutmuşdur. Səfərin
kulminasiyasını hər iki ölkənin dövlət
başçılarının dekabrın 20-də Yelisey
Sarayında olan görüşü təşkil etmişdir.
Bu görüşdə Azərbaycan-Fransa
münasibətlərinin hazırkı vəziyyəti və gələcək
perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin
həlli yolları haqqında geniş fikir mübadiləsi
aparılmış, planetin qlobal problemləri, regional və
ümumavropa təhlükəsizliyi məsələləri
müzakirə olunmuşdur. Görüş zamanı
Fransa Prezidenti birmənalı şəkildə bildirmişdir:
“Fransa heç zaman sərhədlərin dəyişdirilməsinə
və Azərbaycan da daxil olmaqla hər hansı bir ölkənin
ərazi bütövlüyünün zorla pozulmasına
razı olmayacaqdır.”
Yelisey Sarayında hər iki ölkənin
prezidentləri tərəfindən imzalanan “Dostluq,
qarşılıqlı anlaşma və əməkdaşlıq
haqqında” müqavilənin əhəmiyyətinə toxunan
Prezident Fransua Mitteran bildirmişdi ki, imzalanmış sənəd
iqtisadiyyat, siyasət, elm, texnika, mədəniyyət, təhsil,
təhlükəsizlik sisteminin yaradılması sahələrində
əməkdaşlığın çərçivəsini
genişləndirir. Azərbaycan Prezidenti Heydər
Əliyev isə imzalanmış müqaviləyə yüksək
qiymət verərək qeyd etmişdi ki, “biz birlikdə
uzunmüddətli əməkdaşlığın
bünövrəsini qoyduq.”
Səfər gedişində həmçinin
Yeni Avropa üçün Paris Xartiyasının imzalanması
ilə Azərbaycan Respublikası ümumavropa təhlükəsizliyinə
qoşulmaq istiqamətində olduqca mühüm addım
atdı.
Beləliklə, Fransa Respublikasına
davamlı rəsmi səfərlər Azərbaycan-Fransa siyasi
dialoqunun intensivləşməsinə olduqca böyük təsir
göstərmişdir.
XXI əsrdə də davam etdirilən əməkdaşlıq
prezidentlərin qarşılıqlı rəsmi səfərləri
ilə aktuallıq qazanır. Lakin bu
gün də çox güclü erməni lobbisi təbliğat
maşınının daim işlək vəziyyətdə
olduğu Fransanın Azərbaycanla bağlı, xüsusən
də Dağlıq Qarabağla bağlı mövqeyində bu
təsir özünü kəskin şəkildə büruzə
verir.
Amma bununla belə, Fransa Respublikasının Prezidenti
Fransua Ollandın 2014-cü il mayın 12-də Cənubi Qafqaza
etdiyi rəsmi səfərə Azərbaycandan başlaması
faktı erməni lobbisinin güclü təsir mexanizminin
olmasına baxmayaraq, artıq regionun ən güclü dövləti
olan Azərbaycanın da özünü dünya dövlətlərinə
müsbət mənada tanıtmasından və xarici siyasətində
qərəzsiz, düşünülmüş və şəffaf
istiqamət seçməsindən xəbər verir. Həmçinin Azərbaycan Fransanın Cənubi
Qafqaz ölkələri içərisində iqtisadi cəhətdən
ən sıx münasibət qurduğu ölkə olması da
səfərin Azərbaycandan başlaması üçün
məntiqli səbəblərdəndir.
Fransa Prezidenti Fransua Olland Azərbaycana sərəfindən
sonra mətbuata verdiyi bəyanatda da qeyd etdi ki, səfərin əsas
məqsədi Ukraynadakı vəziyyətin Cənubi Qafqaz
ölkələri arasında da reallaşmasına mane
olmaqdır: “Biz bu haqda söhbət apardıq ki, siz də
Fransanın, Avropanın bu məsələ ilə
bağlı mövqeyinə əmin olasınız, ölkələrin
ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz.
Beləliklə, uzun müddət çəkən
münaqişələrin həllinə nail olmaq
üçün dialoqa açıqlığın vacibliyini
qeyd edirik. Mənim Qafqaza, bu gün Azərbaycana səfərimin
də məqsədi məhz bundan ibarətdir. Fransa
münaqişənin mərhələli şəkildə həllinin
tapılmasında yardım etməyə hazırdır. Siz burada müəyyən elementləri təsvir
etdiniz. Hər iki tərəfdən etimad
doğuran tədbirlərin görülməsi vacibdir. Sonra isə uyğun statusun tapılması
üçün müvafiq vaxt ayrılmalıdır.”
Bütün bunlarla yanaşı, qeyd edək
ki, Azərbaycan-Fransa münasibətləri təbii ki,
yalnız münaqişənin həlli istiqamətində
aparılmır. Siyasi, iqtisadi, enerji, elmi-mədəni,
humanitar və digər sahələrdə də aparılan əməkdaşlıq
da görüş çərçivəsində müzakirə
olunmuş və aşağıdakı müqavilələrə
imza atılmışdır:
1) Azərbaycan Respublikası Prezidenti və Fransa
Respublikası Prezidentinin Birgə Bəyanatı;
2) Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu və Fransa Respublikasının
Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq
sazişi;
3) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı,
Ərzaq Emalı Sənayesi və Meşəçilik
Nazirliyi arasında əməkdaşlıq haqqında
saziş;
4) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və
Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və
Enerji Nazirliyi arasında Anlaşma Memorandumu;
5) Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Fransa
Respublikasının Ekologiya, Davamlı İnkişaf və
Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu;
6) Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və Fransa
Respublikasının Qadın Hüquqları, Şəhər,
Gənclər və İdman Nazirliyi arasında ikitərəfli
əməkdaşlıq haqqında inzibati anlaşma;
7) Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Fransa
Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat
Nazirliyi arasında universitet əməkdaşlığı
sahəsində Niyyət Məktubu.
Göründüyü kimi, Azərbaycanın
mühüm tərəfdaşı olan Fransa Respublikası ilə
əlaqələrin əsas istiqaməti enerji sahəsində
olsa da, ikitərəfli əməkdaşlıq, həmçinin
biznes forumu çərçivəsində, nəqliyyat sahəsində,
mədəniyyət və təhsil sahəsində də davam
etdirilir.
Həmçinin, Azərbaycanla Fransa
arasında parlamentlərarası əlaqələr də
sıx və dolğundur. Bu məqsədlə
hər iki ölkənin parlamenti daxilində
yaradılmış parlamentlərarası dostluq qrupları
ölkələr arasında, demək olar ki, bütün
istiqamətlərdə əməkdaşlığa töhfə
verir. 2010-cu ilin noyabrında parlament seçkilərindən
sonra yenidən təşkil olunan dostluq qrupuna Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın rəhbərlik etməsi ölkəmizin mədəniyyəti,
incəsənəti, musiqisi və ədəbiyyatının
nailiyyətlərinin bütün dünyaya
çatdırılması üçün əlavə
fürsət yaratmışdır. Onun fəaliyyəti
nəticəsində Fransanın müxtəlif şəhərlərində
mütəmadi şəkildə Azərbaycan mədəniyyətini
təbliğ edən konsertlər, görüşlər, sərgilər
keçirilir. Xüsusən, Fransanın
müxtəlif bölgələrində Azərbaycan mədəniyyəti
günlərinin keçirilməsində, böyük şəhərlərdə
Azərbaycanın mədəniyyət mərkəzlərinin
açılmasında Mehriban xanım Əliyevanın
çox böyük xidmətləri olmuşdur.
2013-cü il mayın 20-23-də Mehriban xanım
Əliyevanın rəhbərliyi altında deputatlardan ibarət
nümayəndə heyətinin Fransaya səfəri zamanı
Fransa Milli Assambleyasının sədri Klod Bartolone,
assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri
Marianni, xarici əlaqələr komissiyasının sədri
Elizabet Qiqu, Avropa məsələləri komissiyasının sədri
Daniel Orua ilə görüşlərin keçirilməsi və
fikir mübadiləsinin aparılması iki ölkə
arasında parlamentlərarası əlaqələrin dərinləşməsinə,
ikitərəfli əməkdaşlığın yeni səviyyəyə
qaldırılmasına təkan vermişdir.
Nəticə olaraq qeyd edək ki, bütün bu rəsmi
və işgüzar səfərlər çərçivəsində
aparılan danışıqlar, keçirilən
görüşlər Azərbaycan-Fransa münasibətlərinin
inkişafına olduqca güclü təkan verir, ikitərəfli
münasibətlərin perspektivlərini şərtləndirən
mühüm əhəmiyyətli sənədlərin
imzalanması əlaqələrin bütün sonrakı
dövr yüksəlişinə əsaslı təminat verən
hüquqi normativ bazanı formalaşdırır. Həmçinin Azərbaycanın
balanslaşdırılmış xarici siyasət yeritməsi,
düşünülmüş addımlar atması ölkəmizin
üzləşdiyi Dağlıq Qarabağ probleminin həllində
obyektivliyin artmasına stimul yaradacaqdır.
Ləman
XƏLİLOVA,
“Azerbaijan
Realities” analitik təhlil qrupunun üzvü
Xalq qəzeti.- 2014.- 6 iyul.- S.5.