Neft gəlirləri ölkəmizin
iqtisadi gücünü
artırır
Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasının əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ili tamam olur. Ötən müddətdə neft strategiyası çərçivəsində həyata keçirilmiş tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji
təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər
hesabına Azərbaycanın iqtisadi
imkanları xeyli artmış, ölkəmiz
bir sıra regional
layihələrin təşəbbüskarı və əsas
iştirakçısına çevrilmişdir.
“Əsrin müqaviləsi”nin uğurla
reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın
yeni neft
strategiyası iqtisadiyyatın şaxələndirilməsi,
xüsusən də qeyri-neft sektorunun inkişafı üçün
də əlverişli imkan
yaratmışdır. Bu da
öz növbəsində ölkənin
neftdən asılılığının azalmasına və
yeni iş yerlərinin
yaradılmasına səbəb olur. Bununla belə, ölkəmizdə neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi
olaraq qalacaqdır. Prezident
İlham Əliyev bununla
bağlı demişdir: “Neft-qaz
sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada
investisiyaları artırırlar. Yeni tikilən
platformalar, qazılan quyular
bizim enerji
potensialımızı artırır”.
Ölkəmizin
neft sənayesinə böyük
həcmli investisiyaların qoyulması və müasir
texnologiyaların tətbiqi nəticəsində bu sahədə böyük
nailiyyətlər əldə olunmuşdur.
2014-cü il yanvarın 28-də “Azəri-Çıraq-Günəşli”
dəniz yataqlar blokunun
tammiqyaslı işlənməsi proqramı çərçivəsində
yeni istismara verilmiş “Qərbi
Çıraq” platformasından ilk neft hasil olunmuşdur
və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru
kimi qiymətləndirilməlidir. Məlumat
üçün bildiririk
ki, “Qərbi Çıraq” platforması dənizin
170 metr dərinliyində
quraşdırılmışdır və onun
layihə gücü gündəlik 25 min ton xam
neft və təxminən 8 milyon
kubmetr qaz hasil etmək potensialına malikdir.
Bu platformadan ildə təxminən
8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil
ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa
edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu
kimi Azərbaycanda neft
hasilatının həcminin sabit səviyyədə
saxlanılmasını təmin edəcəkdir. Artıq
“Qərbi Çıraq” platformasından hasilat
artaraq üç quyudan gündə 40 min
barelldən artıq səviyyəyə
çatmışdır. Adıçəkilən platformadan hasilat il ərzində
digər öncəqazma quyuları işə
düşdükcə artacaq.
“Azəri-Çıraq-Günəşli”
layihəsinin əməliyyat tədbirlərinə 216 milyon dollar, əsaslı məsrəflərinə
isə 692 milyon dollar
xərclənmişdir. İlin əvvəlindən
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində
istismar edilən 6 platformadan
ümumi hasilat
gündə orta hesabla 58 milyon barel və ya 8 milyon ton təşkil etmişdir.
Hazırda konsorsium
iştirakçıları tərəfindən müqavilə
sahəsində 79 quyudan neft
hasilat olunur. Daha 35 quyudan isə texniki məqsədlər üçün
istifadə edilir. “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda
2,8 milyon tona qədər
neft və 1,2 milyard kubmetr səmt qazı hasil
olunur. İşlənmənin əvvəlindən
isə “Azəri-Çıraq-Günəşli”
yatağından 335,3 milyon tondan
artıq neft çıxarılmışdır.
Cari ilin əvvəlindən
“Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik
sualtı qaz kəməri vasitəsilə
birbaşa Səngəçal
terminalına göndərilməsi davam etmişdir. Xatırladaq ki, “Azəri” yatağındakı üç platformadan səmt
qazı yataqdaxili sualtı qaz
boru kəmərləri vasitəsilə “Mərkəzi
Azəri” kompressor və suvurma
platformasına göndərilmiş, oradan
qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal
terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün
“Azəriqaz” İstehsalat Birliyinə təhvil
verilmişdir. Hazırda “Mərkəzi Azəri”
platformasından altı quyudan laya qaz vurma
əməliyyatları davam edir.
Bundan əlavə, yenicə isismara
verilmiş verilmiş
“Qərbi Çıraq” platformasından hasil
edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına
göndərilmişdir. Hazırda
“Çıraq” layihəsi çərçivəsində
neftlə bərabər çıxarılan səmt
qazının tam həcmdə terminala göndərilməsini təmin etmək
üçün qaz kondensasiya və kompressiya
sistemlərinin sınaqdan keçirilərək istismara təhvil verilməsi istiqamətində
işlər davam etdirilir.
“Çıraq”
platformasında hasil edilən səmt
qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft
Daşları”ndakı kompressor
stansiyasına göndərilmişdir. Qazın məşəldə
yandırılmasını azaltmaq məqsədilə
bp rüb ərzində
buxarlanan qazlar kompressoru və boru kəməri
üçün nəzərdə tutduğu təkmilləşdirmə işlərinin
əksər hissəsini başa
çatdırmışdır. Bu qəbildən
olan işlər hazırda da davam etdirilir. Bütövlükdə isə bu ilin birinci
rübü ərzində “Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində gün
ərzində təxminən 6,2 milyon kubmetr, ümumilkdə isə 0,6 milyard kubmetr səmt
qazı Azərbaycanın qazpaylama şəbəkəsinə
təhvil verilmişdir.
Bu ilin əvvəlindən
“Azəri-Çıraq-Günəşli” yataqlar
blokunda qazma və tamamlama işləri
uğurla davam etdirilmiş, dörd hasilat və bir suvurma quyusu
qazılmışdır. Belə ki,
2013-cü il dekabrın sonunda
qazılmasına start verilmiş
yeni A06X hasilat quyusu 2014-cü ilin mart ayında tamamlanaraq istismara verilmişdir. “Mərkəzi
Azəri” platformasından isə B28 yeni hasilat quyusunda qazma əməliyyatları başa
çatdırılmışdır. Mart
ayında “Qərbi Azəri” platformasından qazılan C28 hasilat quyusu tamamlanaraq istismara verilmiş, ilin ötən dövründə bir sıra quyularda
lazımi texniki əməliyyatlar həyata
keçirilmişdir. Analoji
işlər “Şərqi Azəri” platformasından istismar olunan quyularda da
aparılmış, D11z quyusunda yenidən
tamamlanma,
D11y quyusunda isə yanaqazma
əməliyyatları davam etdirilmişdir. Bundan əlavə,
ötən dövrdə “Dərinsulu
Günəşli” platformasından istismar
olunan bir sıra quyularda da texniki
və tamamlama işləri
aparılmışdır. Qeyd etdiyimiz kimi, bu ilin ilk
ayında istismara verilmiş
“Qərbi Çıraq” platforması vasitəsilə üç hasilat quyusundan neft
çıxarılmasına başlanılmışdır.
“Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan
çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal
terminalına göndərilməsi də uğurla
davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki
emal sistemlərinin gücü
gün ərzində 1,2 milyon
barrel nefti qəbul edib ixraca yönəltməyə
imkan verir. 2014-cü ilin birinci rübü
ərzində Səngəçal terminalından ixrac olunmuş xam neftin 65,2 milyon barreli
Bakı-Tbilisi-Ceyhan və 8,02 milyon barreli Qərb ixrac boru kəmərləri, 1,34 milyon barreli isə dəmir
yolu vasitəsilə
daşınmışdır. Bundan əlavə,
ilin ilk üç ayında buradan
0,44 milyon barrel kondensat ixrac kəməri
vasitəsilə dünya bazarına
göndərilmişdir.
Yeri gəlmişkən, Azərbaycan neftinin
dünya bazarlarına
çıxarılmasında xüsusi yer tutan
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara
verilməsindən səkkiz il ötür.
Əvvəlki dövrlərdə olduğu
kimi, bu ilin ilk rübündə də
uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əsaslı xərclərə
14,6 milyon dollar vəsait
sərf olunmuşdur. Hazırda kəmərin
gündəlik ötürmə gücü
1,2 milyon barrel təşkil
edir. Bu ilin aprel ayının
21-Türkiyənin Ceyhan terminalından
neftlə yüklənmiş 2500-cü tanker
yola salınmışdır. Xatırladaq
ki, “Vinga” adlı
tankerə Bakı yaxınlığındakı Səngəçal
terminalından Azərbaycan, Gürcüstan
və Türkiyədən keçməklə Ceyhan
terminalına nəql edilmiş 735 min barrel xam
neft yüklənərək İspaniyaya
çatdırılmışdır. “Vinga”
tankerinə yüklənilmiş xam neft isə Azərbaycan Dövlət Neft Fonduna məxsus mənfəət
nefti olmuşdur.
2014-cü ilin birinci rübündə
BTC vasitəsilə ixrac olunmuş
8,7 milyon ton (66 milyon barrel) xam neft Ceyhanda
88 tankerə yüklənərək dünya
bazarlarına göndərilmişdir. Bütövlükdə
isə uzunluğu 1768 kilometr
olan BTC vasitəsilə
ötən səkkiz ildə 1,9 milyard
barreldən artıq (256 milyon ton) xam neft
nəql edilmişdir. Yeri
gəlmişkən, hazırda BTC boru kəməri
Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli”
neftini və “Şahdəniz”
kondensatını daşıyır. Bundan
əlavə, kəmər vasitəsilə Türkmənistan nefti də nəql olunur.
2013-cü ilin oktyabrından başlayaraq isə BTC vasitəsilə
Qazaxıstanın “Tengiz” yatağından
çıxarılan neftin nəqli də bərpa olunmuşdur.
Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-in əməliyyatçısı olduğu Şimal ixrac boru kəmərinin
axın istiqaməti də dəyişdirilmişdir. Bu, bp ilə ARDNŞ-in bu boru kəməri boyunca bir neçə obyektin
yenidən işə salınması üçün
birgə səylərinin nəticəsində mümkün
olmuşdur. Müvafiq
kommersiya razılaşmalarının əldə
edilməsi nəticəsində Şimal ixrac boru kəmərindən
neft həcmlərinin BTC vasitəsilə
ixracına imkan yaranmışdır.
Yeri gəlmişkən, artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin
iştirakçıları “mənfəət nefti”ndən gəlir
əldə edirlər. 1999-cu ilin
dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara
çıxarılmışdır. Cari ilin iyunun 1-dək dünya bazarlarında Azərbaycanın
payına düşən 178,8 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Təkcə
2013-cü ildə “Azəri-Çıraq-Günəşli”
yatağından hasil edilmiş
32,7 milyon ton neftin 22,5 milyon tonu, yəni 68,8 faizi Azərbaycanın
payına düşən “mənfəət nefti”
olmuşdur. Mənfəət neftindən əldə
edilən gəlirlər hesabına ölkə
iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin
reallaşdırılması istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir.
Təkcə onu qeyd
etmək kifayətdir ki, 2013-cü il ərzində Neft Fondunun illik büdcəsinin
icrası çərçivəsində dövlət büdcəsinə 11 milyard 350 milyon manat vəsait transfert edilmişdir. Bundan əlavə, il ərzində Neft Fondundan qaçqın
və məcburi köçkün ailələrinin
məskunlaşdırılması və sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması üzrə
tədbirlərin həyata keçirilməsinə 300 milyon manat, Samur-Abşeron
suvarma sisteminin yenidən
qurulmasına 173,9 milyon manat,
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə
isə 25,7 milyon manat
vəsait xərclənmişdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı”nın maliyyələşdirilməsinə
33 milyon manat , “Star” neft emalı kompleksinin tikintisinə isə 372,6 milyon manat vəsait yönəldilmişdir. Göründüyü
kimi, neft gəlirləri
ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və
xalqımızın həyat səviyyəsinin
yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 6 iyul.- S.6.