Biomüxtəlifliyin qorunub saxlanılması
gələcəyimiz üçün çox vacibdir
Azərbaycan dünyada zəngin fauna və floraya malik olan ölkələrdən biridir. Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınmışdır. Buna baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib. Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də, faunanın azalması mühüm yer tutur. Bu isə öz növbəsində biomüxtəlifliyin qorunub saxlanılmasını qaçılmaz zərurətlərdən birinə çevirib.
Bu
baxımdan əksər ölkələrdə olduğu
kimi, Azərbaycanda da ətraf
mühitin mühafizəsi və təbii
sərvətlərdən səmərəli istifadə
olunması problemlərinin həllinə böyük
diqqət yetirilir. 1993-cü ildə xalqın tələbi
ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlayan
Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət
edən bir sıra tədbirlər həyata
keçirildi. Bizi əhatə
edən təbiətə böyük
qayğı və həssaslıqla yanaşan
Heydər Əliyev: “Ətraf mühitə insani
münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim
gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya
bilmərik”, – deyirdi.
Bu
gün ulu öndərin vəsiyyətləri davamlı olaraq
həyata keçirilməkdədir.
Ölkəmizdə xüsusi mühafizə
olunan ərazilərin - yasaqlıqların, qoruqların, milli parkların
yaradılması bioloji müxtəlifliyin qorunub
saxlanmasında əhəmiyyətli
rol
oynayır. Ölkəmizdə
yaradılan
qoruqların bu sahədə rolu olduqca əhəmiyyətlidir.
Azərbaycanda ilk qoruq – Göygöl
Dövlət Təbiət Qoruğu 1925-ci ildə, Qızılağac
Dövlət Təbiət Qoruğu isə 1929-cu ildə
yaradılmışdır.
Zaqatala Dövlət
Təbiət Qoruğu da
1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra
dağlarının mərkəz
hissəsinin cənub mikroyamaclarında təşkil edilmişdir. Ərazisi 23844 hektar
idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli qərarı
ilə Zaqatala və Balakən meşə
mühafizəsi və bərpası müəssisələrinin
torpaqları hesabına qoruğun ərazisi genişləndirilərək
sahəsi 47349 hektara
çatdırılmışdır. Qoruq
Gürcüstan Respublikası ilə həmsərhəddir.
Zaqatala Dövlət Təbiət
Qoruğunun yaradılmasında
başlıca məqsəd bu meşələrin
əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini
saxlamaq, aşağı zonada
yerləşən yaşayış məntəqələrini
və əkin sahələrini seldən qorumaq,
Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur.
Qarayazı
Dövlət Təbiət Qoruğu isə Azərbaycan hökumətinin
2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində
- Ağstafa meşə təsərrüfatının
Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə
yaradılmışdır.
Lakin sonra qoruğun meşəli
və meşəsiz ərazisindən 1119 hektar
torpaq fondu Qazax rayonunun Sadıqlı
üzümçülük sovxozuna verilmiş və
4855 hektar ərazisi
qalmışdı. 2003-cü ilin iyun ayında
Nazirlər Kabinetinin qərarı ilə
qoruğun ərazisi genişləndirilərək
9658 hektara çatdırıldı.
Qoruq əsasən meşəlikdən ibarətdir,
bunun da çox hissəsini meşə massivləri, az hissəsini isə meşəsiz sahə təşkil
edir.
Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz
ovalığının cənub-şərqində, Şirvan düzənliyində yerləşir.
Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin
hissəsində mütəxəssislərin həyata keçirdiyi siyahıyaalma nəticələrinə əsasən
ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan hökumətinin xüsusi qərarı ilə burada
Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda
respublika hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı
ilə 17700 min hektar
sahədə Şirvan Dövlət Təbiət
Qoruğu təşkil edildi.
1982-ci ildə dövlət təbiət qoruğunun
sahəsi genişləndirilərək 25761 hektara
çatdırıldı.
2003-cü ildə Şirvan Dövlət
Təbiət Qoruğunun bazasında və
ətraf ərazilərində Şirvan Milli Parkı yaradılmışdır.
Hazırda Şirvan
Dövlət Təbiət Qoruğunun sahəsi
6232 hektardır.
Qoruğun yaradılmasında əsas məqsəd
Azərbaycan Respublikasının “Qırmızı
kitab”ına düşmüş gözəllik rəmzi olan
ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasını təmin etməkdir.
Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra zonasında yerləşsə
də, heyvanlar aləmi ilə çox zəngindir. Burada
xeyli sayda məməlilər, sürünənlər və suda-quruda
yaşayanlar vardır. Qoruqda Azərbaycan Respublikasının
“Qırmızı kitabı”na daxil edilmiş çəhrayı qutan,
qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz,
qırmızıdöş qaz,
fısıldayan qu, kiçik
qu kimi köçəri
quşlar mühafizə olunur.
Eldar şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli sərəncamı
ilə Samux rayonunun inzibati ərazisində
yaradılmış, mühafizə
və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının əsas məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji
sistemlərin, səciyyəvi və nadir təbiət
komplekslərinin və obyektlərinin
(ardıc, saqqız ağacı və s.),
dünyada yeganə vətəni olan Ellər oyuğunda Eldar
şamı meşəliyinin təbii
vəziyyətini qoruyub saxlamaq məqsədilə
təbiət ərazilərinin mühafizəsini həyata
keçirməkdir.
Qeyd etmək lazımdır ki,
hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar
şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar
şamı meşəliyinin qorunması məqsədi ilə
Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə
“Eldar şamı” yasaqlığı yaradıldı.
Eldar şamı respublikamızın və
xarici ölkələrin müxtəlif
regionlarının quraq sahələrində
əkilməyə başlandı. Quraq,
az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə
yaşıllaşdırılması şöhrəti hər
tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə
300 hektar sahə Türyançay
qoruğunun, 1967-ci ildə Göygöl
qoruğunun filialına çevrildi
və dövlət meşə
torpaqları hesabına 1978-ci ildə 92 hektar
artırıldı. Hazırda Eldar şamı qoruğunun
sahəsi 1686 hektardır.
İlisu Dövlət
Təbiət Qoruğu Azərbaycan
hökumətinin 20 fevral 1987-ci il tarixli qərarı ilə
9345 hektar ərazidə
yaradılmışdır. Böyük
Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və
İsmayıllı qoruqlarının arasında 700-2100 metr hündürlükdə yerləşir.
2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli qərarı ilə qoruğun
ərazisi genişləndirilmişdir. Hazırda qoruğun
sahəsi 17381,5 hektardır.
Ölkəmiz Yer kürəsində palçıq
vulkanlarının unikal və klassik inkişaf regionu kimi
tanınmışdır. Planetimizdə olan
800 palçıq vulkanından 300-dən çoxu
Azərbaycanın şərqində və onunla
həmsərhəd Xəzər akvatoriyasında yerləşir.
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron
yarımadasında yayılmış və onlardan
bəziləri təbiət abidəsi kimi
formalaşmışdır. Tam qətiyyətlə
Azərbaycanı “palçıq vulkanları diyarı” adlandırmaq olar
və bu vulkanlar bizim həm milli, həm də
təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən
edilməsində xərcsiz başa gələn,
kəşfiyyat quyusu rolunu
oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab
olunur.
1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 4 palçıq
vulkanına təbiət abidəsi statusu verilmişdi (Qobustan qəsəbəsində
- Böyük Kənizdağ, Ayrantökən
və Daşgil, Lökbatanda
- Lökbatan palçıq vulkanları).
Daha sonra, təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə
23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin
vulkanların etibarlı mühafizəsini təşkil etmək
məqsədilə Ekologiya və Təbii
Sərvətlər Nazirliyində Milli Elmlər
Akademiyasının mütəxəssislərinin iştirakı ilə “Palçıq vulkanları üzrə
Elmi Koordinasiya
Şurası” yaradılmışdır.
Bakı
və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan
qaldırılması və mühafizəsinin təşkili,
onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin
qorunması və gələcək nəsillərə
çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli sərəncamına
əsasən “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq, 52
palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.
Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci
il tarixli sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar müvafiq
işlərin yerinə yetirilməsi məqsədi ilə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 14 sentyabr
2007-ci il tarixli əmri ilə müvafiq Tədbirlər
Planı təsdiq edilmiş və həyata keçirilməkdədir.
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli sərəncamı
ilə Goranboy
rayonunun inzibati ərazinin
4833,6 hektar sahəsində Korçay
Dövlət Təbiət Qoruğu
yaradılmışdır.
Bozdağın təbii lantşaftının, nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan heyvan
növlərinin qorunub saxlanılması qoruğun yaradılmasında əsas məqsəd
idi. Qoruğun torpaq
örtüyü əsasən müxtəlif
dərəcədə şorlaşmış adi
və açıq şabalıdı, qismən də
allüvial-çəmən torpaqlardan
ibarətdir. Ərazinin relyefi düzənlik,
təpəlik və alçaq
dağlıq (Bozdağ) sahələrindən
ibarətdir.
Elə qoruqlarımız da
var ki, onlar bu gün düşmən tapdağı altındadır. Onlardan biri Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət
Qoruğudur. Bu, respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi
107 hektardır. Bəsitçay
Dövlət Təbiət Qoruğu Azərbaycan
hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə
yaradılmışdır. Qoruq Azərbaycanın
cənub-qərbində, Zəngilan
rayonu ərazisində Bəsitçayın
dərəsində yerləşir.
Dünyada çinarın 7 növü
vardır. Azərbaycanda isə onun
yalnız bir növü-Şərq
çinarı bitir. Şərq
çinarının çoxsahəli
əhəmiyyətini, dünyada az
yayılmasını, nadir bitki
olmasını və son əsrlərdə
xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı kitabı”na
yazılmışdır.
Qaragöl Dövlət Təbiət Qoruğu isə 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan
Respublikalarının direktiv
orqanlarının qərarı ilə yaradılmış və
respublikalararası dövlət qoruğu elan edilmişdir.
Ərazisi 240 hektardır. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində
böyük İşıqlı
dağının yamacında, 2650-2700 metr
hündürlükdə yerləşir.
İşıqlı Qaragöl və onun ətraf
ərazisi tarixən Azərbaycan torpağı olmuşdur.
Lakin mənfur qonşularımız olan ermənilər onu ələ
keçirmişlər.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən
davamlı ekoloji siyasət nəticəsində bioloji müxtəlifliyin
qorunması üçün xüsusi
mühafizə olunan ərazilərə
qayğı göstərilir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 6 iyul.- S.7.