Əfsanələr,
möcüzələr və hikmətlər
ölkəsinə səfər
təəssüratları
“Yazıçı-publisist Afət Sadıqoğlunun 2009-cu ildə Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Azərbaycan - Hindistan əlaqələri” kitabında tarixi bağlarımız və mövcud münasibətlərimiz oxuculara maraqlı şəkildə, əhatəli formada təqdim edilmişdir. 2010-cu ildə səfirliyimizin təşəbbüsü və Hindistan Mədəni Əlaqələr Şurasının dəvəti ilə Hindistanda olmuş Afət Sadıqoğlu bu günlərdə səyahət və yol qeydləri əsasında “Hindistan dünyası” adlı növbəti kitabını ərsəyə gətirmişdir.
Müəllif
kitabın “Hindistana səfər”, “Ölkənin
yeniləşən paytaxtı”, “Xarici
İşlər Nazirliyində”,
“Mədəni Əlaqələr Şurasında”, “Tarixi və mədəni abidələr”, “Darçilinq, Assam, Nilqiri...çayları”, “Memarlığın mirvarisi Tac - Mahal”, “Avropa şəhərlərinə
oxşayan Banqalor”, “Hindistan iqtisadiyyatı”, “Bura
Bombeydir...” və digər bölmələrində iki ölkə arasında diplomatik,
mədəni, iqtisadi və dostluq münasibətlərinin genişləndirilməsi, Hindistanın tarix
və mədəniyyət abidələrinin dünya
şöhrəti, ölkənin inkişafı və modernləşdirilməsi,
xüsusilə, bugünkü həyatını
dostluq hissləri və məhəbbət
duyğuları ilə qələmə
almışdır”.
Bu
sətirlər Hindistanın Azərbaycandakı səfiri, doktor Vinod Kumarın “Xalq qəzeti”nin baş redaktorunun müavini, əməkdar
mədəniyyət işçisi Afət
Sadıqoğlunun “Elm və təhsil” nəşriyyatında yenicə
nəşr olunmuş “Hindistan
dünyası” kitabına yazdığı “Ön
söz”dən götürülmüşdür. Dost ölkənin
diplomatı yazır ki, Azərbaycan və
Hindistan arasında iqtisadi,
ticarət, ədəbi və mədəni əlaqələrin
tarixi eramızdan əvvəllərə gedib çıxır. Buna görə də xalqlarımızın
tarixi köklərindəki oxşar cəhətlər, bir-birinə bənzər
adət və ənənələr , bənzər mədəniyyət
izləri bu günümüzədək gəlib
çatmışdır.
Elə müəllifin özü də təəssüratlarının bir neçə yerində bu
qənaətə gəlir. Məsələn, “Hindistan
milli muzeyi” adlı
hissədə (səh. 41) oxuyuruq:
“Taxıl, düyü istehsalında
işlədilən alətlər, keramik əşyalar,
şahmat isə bizim eradan əvvələ aid edilir. Burada saxlanılan şahmatı görəndə qədim
dövlətçilik ənənələrinə malik Hindistanın dünya
mədəniyyətinə bəxş etdiyi
onluq say sistemi və şahmat oyunu haqqında ölkəmizdə eşitdiklərim
yadıma düşür, bir
də bu əşyaların
oxşarlarını Azərbaycanın tarix
və mədəniyyət muzeylərində gördüyümü xatırlayıram. Məlum
olur ki, hələ
eramızdan əvvəl Azərbaycanın Hindistanla
ticarət əlaqələri varmış”.
Kitabda azərbaycanlı oxucu
üçün maraqlı olan məqamlar istənilən qədərdir.
Məsələn, “Mədəni Əlaqələr
Şurasında” adlı hissədə oxuyuruq
ki, bu qurumun
baş direktorunun müavini Acit Qupte Azərbaycan haqqında ürək dolusu səmimiyyətlə söz
açır: “Siz bilirsinizmi
ki, vaxtilə Kəlküttədə bir azərbaycanlı neftçi
olub. O, Hindistanda neft tapıb... İndi Kəlküttədə “Hindistan
neftinin atası” kimi tanınan həmin neftçinin abidəsi var”. Yaxud, cənab Quptenin Kəşmirdə yaşayan
azərbaycanlılar barədə
söz açması, tipik Hindistan yeməyi kimi təqdim etdiyi quzu kababını
eynilə bizim kimi “kabab” adlandırması maraqlı faktlar idi. Yeri gəlmişkən,
hindlilər də dünya,
dost, kitab sözlərini
və bundan başqa yüzlərlə
sözü eynilə bizim dildəki kimi işlədirlərmiş.
Bu isə xalqlarımızın
qədim əlaqələri
barədə deyilənləri
təsdiq edirdi.
İndira Qandi
muzeyi, bu muzeydəki Mahatma Qandi guşəsi, Birinci Dünya müharibəsi illərində həlak olmuş çoxsaylı
hind əsgərlərinin xatirəsinə
ucaldılmış “Hindistan
qapısı”,
Caypurdakı Amber qala-sarayı,
ölkənin ən uca qüllələrindən
olan “Qütb” minarə kompleksi barədə ilk dəfə məhz bu kitabda oxuyurduq. Daha bir maraqlı
fakt. Dünyanın
hər yerinə keyfiyyətli Hindistan çayı
göndərən hindlilərin
çayın tərkibindəki insan orqanizminə zərərli
olan maddələri yox etmək məqsədiylə ona mütləq süd qarışdıraraq içdiklərini
də elə “Hindistan dünyası”nda oxuduq. “Meşələrin qoynunda
institut” adlı yazıda - söhbət
Mumbaydakı Film, Televiziya,
Animasiya və Media İncəsənəti İnstitutundan
gedir - Hindistan təhsilinin bəzi spesifik məqamlarına toxunulur ki, bu
da azərbaycanlı oxucular üçün kifayət qədər maraqlıdır. Bundan başqa, elə həmin yazıda Mumbayın
timsalında Hindistanın
milli və dini tolerantlığını
göstərən çoxsaylı
faktlara müraciət
edilir.
Bir
sözlə, müəllifin
Hindistan mövzusunda qələmə aldığı
ikinci kitabı ölkələrarası dostluq
münasibətlərinə yaradıcı bir insanın verə biləcəyi ən yaxşı töhfələrdən
biridir. Azərbaycan - Hindistan diplomatik əlaqələrinin
20 illiyinə həsr
olunmuş bu kitabın elmi redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi, tarix elmləri doktoru Abbas Seyidov,
redaktoru isə filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyevdir.
Müəllif kitabı
hazırlayarkən Səbinə
Mütəllimova və
Aytən Tanrıverdiyevanın rus
və ingilis dillərindən tərcümə
etdikləri materiallardan
da bəhrələnmişdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 6 iyul.- S.7.