Tərtər: uğurlu
addımlar daha
böyük hədəflərdən
xəbər verir
Uzun illərdən bəri, bəlkə də, ilk dəfədir ki, yazıya hardan və nədən başlamaqda çətinlik çəkirdim. Səbəb isə təkcə o deyildi ki, nəzərdə tutulan mövzuların hər biri, əslində, ayrıca bir yazı ola bilərdi. Səbəb bir də o idi ki, son aylar həyata keçirilən müxtəlif tədbirlərin, genişmiqyaslı tikinti-quruculuq işlərinin hamısı eyni vaxtda başlanmışdı və sözsüz ki, yazılmağa, geniş şərh olunmağa layiq idi. Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanovun təklifi bu tərəddüdlərə son qoydu:
– İndicə
Qapanlı kəndindən xəbər almışıq, –
dedi. – Düşmən tərəfi yenə də atəşkəs
rejimini pozub. Kənd atəşə tutulub. Yaralanan var...
Cəbhə xəttindən
başlamağı qərara aldıq. Düzdür, əvvəllər
də bu kənddən, onun cəsur, qəhrəman sakinlərindən
yazmışıq. Məsələ burasındadır ki,
Qapanlı Tərtər rayonunun cəbhə xəttinə ən
yaxın olan yaşayış məntəqəsidir. Əkin
sahələri, örüş yerləri, necə deyərlər,
düşmənin iki addımlığındadır. Elə
bir gün olmur ki, namərdlər kəndi atəşə
tutmasınlar. Onların atdığı son güllə isə
kombaynçı Natiq Əliyevi ağır
yaralamışdı.
Bütün bunlar isə,
heç şübhəsiz ki, Qapanlı kəndinin sosial
ehtiyaclarını vaxtında və qədərincə ödəməyi,
kənd sakinlərinə göstərilən diqqət və
qayğını artırmağı tələb edir. Bu cəhətdən
son aylar Qapanlıda, o cümlədən Qaraqoyunlu, Qazyan kəndlərində
görülən işlər sakinlər tərəfindən
dərin razılıqla qarşılanır.
Bizi ərazi icra
nümayəndəsi Zakir Əliyev qarşılayır. Son
günlər baş verən hadisələr, adamların əhval-ruhiyyəsi,
əkin-biçin işlərinin gedişi barədə
sualımıza belə cavab verir:
–
Gördüyünüz kimi, düşmənlə
üz-üzəyik. Elə sahələr var ki, məsafə
60-70 metrdir. Belə vəziyyətdə burada yaşamaq və
işləmək, əlbəttə, çətindir.
Qapanlı o qədər də böyük kənd deyil. Burada
cəmi 101 ev, 720 nəfər əhali yaşayır. Bununla belə,
Qarabağ müharibəsində 14 şəhid vermişik. 17
nəfər isə əlil olmuşdur. Bura yaralanları, evləri-eşikləri
dağılanları və s. də əlavə etsək,
ümumi mənzərə daha aydın olar. Təsəvvür
edin ki, biz əkin-biçin işlərini, məcbur olub, gecələr
aparırıq. Cəbhə xəttinə yaxın olan elə
bir ev yoxdur ki, ora güllə dəyməsin.
Ancaq bütün bu
çətinlik və vahimə bizi qorxutmur. Bir nəfər də
olsun burdan başqa yerə getməyib. Kənd sakinləri
düşmənin namərd hərəkətlərinə
baxmayaraq, heç nədən çəkinmir, doğma
yurd-yuvalarında yaşayır, əkir-biçir,
gün-güzəranlarını
yaxşılaşdırırlar. Son vaxtlar rayonun bütün
sərhəd kəndlərinə, o cümlədən
Qapanlıya diqqət və qayğı daha da
artırılmış, bir sıra vacib sosial məsələlər
qısa müddətdə həll edilmişdir. Məsələn,
kəndə gələn yol asfaltlaşdırılmış,
küçələrdə müasir işıqlandırma
sistemi quraşdırılmışdır. Cəbhə xətti
Qapanlı ərazisində 6 kilometrdir. Həmin məsafədə
4 metr hündürlükdə mühafizə zolağı
salınmışdır. İçməli və təsərrüfat
suyu cəhətdən də heç bir çətinlik
yoxdur. Hazırda burada 10 artezian quyusu işləyir ki, bu da əkin
sahələrini tam təmin edir.
Cəbhə
xəttində düşmənin
gözünə ox kimi batan, mərd və qəhrəman
övladları ilə haqlı olaraq fəxr etdiyimiz Qapanlı
kəndindən beləcə nikbin duyğularla, ümid və
intizarla ayrılıb Tərtər Rayon Mərkəzi Xəstəxanasına
gəldik. Namərd
gülləsindən yaralanan Natiq Əliyev burada müalicə
olunur. Yarası ağır olsa da, həkimlər Natiqlə
görüşüb söhbət etməyə razılıq
verdilər. İçəri girən kimi tanıdım.
Keçən il taxıl yığımı ərəfəsində
görüşmüşdük. Onda da erməni əsgərləri
əvvəlcə Qapanlı kəndini, sonra isə
taxılçıları atəşə tutmuşdular.
Düzdür, o zaman heç kim yaralanmamışdı. Ancaq
namərd gülləsi Natiqin idarə etdiyi traktoru sıradan
çıxartmışdı. İndi isə güllə
özünə dəymişdi...
– Axı biçini
gecələr aparırsınız... Hadisə isə
gündüz olub...
Natiq,
görünür, bu sualı gözləmirdi. Ona görə
də tələsik, bir az da əsəbi cavab verdi:
– Düzdür, vəziyyət
gərginləşəndə sahələrə gecələr
çıxırıq. Bu gün isə qərara gəldik ki,
biçini gündüz aparmalıyıq. Bilirsiniz, adama
ağır gəlir. Öz torpağında, kəndində
çölə-bayıra çıxa bilmə, məhsulunu
toplamağa qoymayalar... Belə də dərd olar? Nə
olur-olsun, qərarımız qətidir. Hamımız
sözü bir yerə qoymuşuq. Əkini-biçini
gündüz aparacağıq. Qoy namərd düşmən, nəhayət,
bilsin ki, onun gülləsindən qorxub-eləmirik.
Əliyalın adama güllə atmağa nə var? Hünəri
var, bizim əsgərlərə cavab versin. Güllə
atılan kimi bizim əsgərlər ayağa qalxdılar.
Düşmən dərhal adəti üzrə qınına
çəkildi.
– Yaran necədir? Həkimlər nə
deyir?
– Həkimlərin deməsinə görə, qorxulu bir
şey yoxdur. Sağ olsun kənd camaatı. Dərhal
məni xəstəxanaya çatdırdılar. Yoxsa, qanaxmanı kəsmək olmazdı. Həkimlərə, tibb işçilərinə
minnətdaram. Gecikmədən əməliyyata
götürdülər. İndi
yaxşıyam.
Otağa Tərtər Rayon Mərkəzi Xəstəxanasının
cərrahı Mübariz Mahmudov daxil oldu.
– Qəhrəmanımızın kefi necədir? – deyib gülə-gülə Natiqə
yaxınlaşdı.
Qısa müayinə həkimi razı
saldı. İstilik normada idi, xəstənin
ümumi vəziyyəti də qənaətbəxşdir.
Həkim bizə tərəf çevrildi:
– Güllə sol ayağına dəymişdi. Belə hallarda bizi daha çox qan itkisi narahat edir.
Xoşbəxtlikdən, hadisə kənddən
xeyli aralıda, taxıl sahəsində olsa da, onu tezliklə xəstəxanaya
çatdıra biliblər. İndi
gördüyünüz kimi, vəziyyəti
yaxşıdır. Belə igid oğullara
erməni gülləsi nə edə bilər ki?!
Mübariz həkimin dediyi son sözlər
bayaq Qapanlı kəndində görüşdüyüm əsgərlə
söhbətimi yadıma saldı. Əli avtomatlı,
qıvraq görkəmli, qarayanız əsgər qətiyyətlə,
bir qədər də əsəbi danışırdı:
– Düşmən heç vaxt bizimlə üzbəüz
döyüşə bilmir. Onlar yalnız
orda-burda gizlənib dinc əhaliyə güllə atırlar.
Eybi yox, vaxt gələr, onlara layiq olduqları cavabı verərik...
Tərtərdə son vaxtlar önəmli
məsələlərdən biri də abad məhəllələrin
yaradılmasıdır. Artıq çoxdan
vaxtı çatmış bu vacib sosial məsələ şəhərin,
demək olar ki, bütün çoxmərtəbəli
binalarının həyətlərində aparılır.
Biz Nizami küçəsində yerləşən
beşmərtəbəli binaların həyətində
yaradılmış abad məhəllədə olduq. Etiraf edək ki, hazırda burada görülüb
başa çatdırılmış işləri cəmi 2
ay əvvəlki vəziyyətlə heç cür müqayisə
etmək olmaz. Ürək bulandıran mənzərələrdən,
yöndəmsiz köşk və budkalardan, qarajlardan, toyuq
damlarından, zibilliklərdən əsər-əlamət
yoxdur. İndi beşmərtəbəli
binaların həyəti, sözün əsl mənasında,
abad və yaraşıqlı parkı xatırladır. Bura əlavə su xətti çəkilmiş,
dörd yerdə bulaq tikilmiş, 30 oturacaq qoyulmuş,
uşaq-idman meydançası salınmış, ağac
gül-çiçək əkilmişdir.
Məzahir Cəfərovla söhbət
edirik. Qarşıdakı beşmərtəbəli
binada yaşayır.
– Açığını deyim ki, cəmi bir neçə
ay bundan əvvəl həyətə düşmək istəmirdik.
Qonaq-qara gələndə də natəmizlikdən
utanırdıq. Kim harda nə istəsə
tikmişdi. Ayaq basmağa yer yox idi. Uşaqları həyətə buraxmağa qorxurduq.
Zibil tayaları xəstəlik mənbəyi idi.
İndi isə görürsünüz, adamın
ürəyi açılır. Hara
baxırsan, təmizlik, səliqə-sahman göz
oxşayır. İndi biz dincəlmək, əylənmək
üçün başqa yerə getmirik. Sadəcə
olaraq, ailə-uşaqla həyətə düşür,
normal şəkildə dincələ bilirik. Mən, yeri gəlmişkən, sakinlərimiz
adından bu nəcib və xeyirxah işin təşkilatçılarına
dərin təşəkkürümüzü bildirirəm.
Vətəndaşların qəbulu, onların arzu, təklif
və məktublarına həssas və qayğıkeş
münasibət, insan amili, sosial problemlərin vaxtında aradan
qaldırılması Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədovun ilk
gündən diqqət mərkəzində saxladığı
vacib məsələlərdən biridir. Bu cəhətdən
yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyəti
xüsusilə böyükdür. Belə
qəbul və görüşlər imkan verir ki, yerlərdə
həqiqi vəziyyət, vətəndaşları narahat edən
məsələlər daha obyektiv və operativ şəkildə
araşdırılsın və konkret ölçü
götürülsün.
Belə bir cəhət xüsusilə razılıq
doğurur ki, icra başçısı qısa müddət ərzində
rayon ağsaqqalları, ziyalıları, gəncləri ilə
ayrı-ayrılıqda görüşlər
keçirmiş, Qapanlı, Zolgəran, Sarıcalı,
Qaradağlı, Qarağacı kəndlərində təşkil
edilən səyyar qəbullarda iştirak etmişdir. Məni isə məsələnin başqa tərəfi
daha çox maraqlandırırdı. Həmin
görüş və qəbullarda irəli sürülən
arzu və təkliflərin yerinə yetirilməsi nə vəziyyətdədir?
Rayon icra hakimiyyətindən aldığım arayış məni
sevindirdi: Qaldırılan məsələlərin, demək
olar ki, hamısı öz müsbət həllini
tapmışdır.
Əlbəttə, işin bu cür təşkili,
insanlara göstərilən diqqət və qayğı,
yaradıcı və təşəbbüskar fəaliyyət
bütün sahələrdə əsaslı yüksəlişə
səbəb olur, dinamik inkişafa yol açır. Son aylar Tərtər şəhərində və
ayrı-ayrı yaşayış məntəqələrində
aparılan geniş tikinti-quruculuq işləri buna
yaxşı misaldır. Belə ki, şəhərin
ümummilli lider Heydər Əliyevin adını
daşıyan mərkəzi meydanı yenidən qurulur. 8200 kvadratmetr sahəsi olan mərkəzi meydan keyfiyyətli
tamet daşları ilə yenidən üzlənməyə
başlanmışdır. Meydanda yağış
sularının axıdılması üçün 400 metr yeni
kanalizasiya xətti çəkilmiş, prospektdə 1420 metr su
xətti yenilənmişdir. Heydər Əliyev
meydanında və Heydər Parkının ətrafında
müasir tipli işıqlandırma sistemi
quraşdırılmışdır. Uzunluğu
4 kilometr olan səkilərdə yenidənqurma işləri
aparılır. Burada əyləncə mərkəzi
yaradılmış, karusellər quraşdırılaraq
uşaqların istifadəsinə verilmişdir.
Rayon icra hakimiyyətinin inzibati
binasında əsaslı təmir işləri aparılır. Şəhərin V.Hüseynov küçəsindəki
5 mərtəbəli 36 mənzilli yaşayış
binasının əsaslı təmirinə
başlanılmışdır. Bundan
başqa, Nizami küçəsində 4 ikimərtəbəli
16 mənzilli yaşayış binalarının dam
örtüklərinin dəyişdirilməsinə isə
yaxın vaxtlarda başlanılacaqdır.
Şəhərin Nizami küçəsində
100 yerlik körpələr evi uşaq
bağçasının, Olimpiya idman kompleksinin tikintisinə
başlanılmışdır. Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün 54 mənzilli yaşayış evinin, qaz
istismarı idarəsinin, YAP rayon təşkilatının
inzibati binalarının tikintisində isə son tamamlama
işləri aparılır. 420 yerlik Qazyan kənd,
150 yerlik Borsunlu kənd, 150 yerlik Rəcəbli ümumi orta məktəblərində
əsaslı təmir işləri başa
çatdırılmışdır. Şəhərdə
12 kilometr uzunluğunda daşıyıcı qaz, 650 metr
uzunluğunda paylayıcı qaz xətləri qaydaya
salınmışdır.
Kəndarası yollarda da əsaslı və
cari təmir işlərinə
başlanılmışdır. Belə ki, uzunluğu
6 kilometr olan 4 yaşayış məntəqəsini birləşdirən
Qapanlı - Seysulan yolunun çınqıl örtüyü bərpa
olunmuş, bir hissəsinə asfalt örtüyü
salınmışdır. Hazırda yola asfalt
döşənməsi davam etdirilir. 4 kəndi birləşdirən
Qaradağlı - Xoruzlu yolunun 6,5 kilometrlik hissəsi,
uzunluğu 10 kilometr olan Sarov - Borsunlu yolu, 10 kilometrlik Qaynaq -
Qazyan kəndarası yollarının çınqıl
örtüyü bərpa edilmişdir.
Uzun illər içməli su sarıdan əziyyət
çəkən Tərtər şəhərinin Səməd
Vurğun və Rövşən Kərimov küçələrinin
sakinlərinin su problemini həll etmək üçün
subartezian quyusunun qazılmasına başlanmışdır. Cəmilli,
Seydimli, Balakəngərli, Hacıqərvənd və Hüsənli
kəndlərində 5 içməli subartezian quyusu istifadəyə
verilmişdir. Müxtəlif kəndlərdə
əkin və həyətyanı sahələrin
suvarılması üçün 20 subartezian quyusunda artıq
son tamamlama işləri aparılır. 9,3
kilometr uzunluğunda olan kanalda əsaslı təmir işləri
aparılmış və yenidən qurulmuşdur. Saniyədə
3 kub su tutumu olan kanal 8 kənddə 3,6 min
hektar əkin sahəsini suvaracaqdır. Bundan başqa, Prezident
İlham Əliyevin sərəncamı ilə rayonun Hüsənli,
Küçərli, Qazyan, Kəbirli, Xoruzlu və
Sarıcalı kəndlərində 6 subartezian quyusunun
qazılmasına başlanılmışdır.
Göründüyü kimi, Tərtər
öz inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Rayonda həyatın
axarı gurdur, hər addımda yeniliklə rastlaşırsan,
tikinti-abadlıq və quruculuq işləri yeni vüsət
alır. Qısa müddət ərzində əldə
edilmiş uğurlu nəticələr, dinamik inkişaf və
yüksəliş, rayonda hökm sürən sağlam mənəvi-psixoloji
mühit, yaradıcı və təşəbbüskar ab-hava
belə deməyə əsas verir ki, cəbhə xəttində
yerləşən bu bölgənin daha abad və
xoşbəxt günləri hələ qabaqdadır. Tərtərlilər haqlı olaraq, bütün
uğurlar, gündəlik diqqət və qayğı
üçün, ilk növbədə, ölkə Prezidenti
İlham Əliyevə öz dərin təşəkkür və
minnətdarlığını bildirir, onun rəhbərliyi ilə
aparılan müdrik, qətiyyətli daxili və xarici siyasət
xəttini daim dəstəkləyəcəklərini bəyan
edirlər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 8 iyul.- S.6.