Azərbaycandakı multikulturalizm
ideya və dəyərlərinin təbliğində
Heydər Əliyev Fondunun rolu artır
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, eləcə də dünyanın hər yerində görünür və kifayət qədər yüksək qiymətləndirilir.
Məlum olduğu kimi, artıq bir çox fikir adamları mədəniyyəti insan və sivilizasiyaların
inkişafının əsas kriteriyası, humanistik
istiqaməti kimi dəyərləndirirlər.
Ayrı-ayrı mədəniyyətlərin
daşıyıcıları tarixən insan
sivilizasiyasının “olum, ya ölüm” məsələlərinə
fərqli məqsəd və istəklər, imkanlar
prizmasından baxıblar. Bəşəriyyətin davamlı inkişaf kodlarının açılması
üçün isə müxtəlif mədəni,
sosial ənənələrin təhlili, etnik biliklərin sintezi əsasında
formalaşdırılan təcrübə mühüm
əhəmiyyət kəsb edir.
Sosial elmlərdə mədəniyyət cəmiyyətin
irsən ötürülən etiqad, formal qaydalar və qeyri-formal normalar sistemi kimi nəzərdən
keçirilir. Məşhur
iqtisadçı Duqlas Norta
görə, istənilən inkişafın köklərini
insanların etiqad sistemləri ilə norma və qaydaların
qarşılıqlı əlaqəsində axtarmaq
lazımdır. İnsan ətraf mühiti dərk edir və
bu yolla onu idarə etməyə
çalışır. Bununla insan dünyada mövcudluğu ilə bağlı qeyri-müəyyənliyi
aradan götürməyə səy
göstərir.
Sadalananlardan belə bir nəticə
çıxarmaq olar ki,
mədəniyyət XXI əsrin prioriteti
sayılan davamlı inkişaf, insan potensialı inkişafının mühüm amilinə çevrilə bilər
və çevrilməlidir. Bir fakt şübhəsizdir ki,
özlüyündə inkişaf mədəni
faktor nəzərə alınmadan mümkün deyil. Bu səbəbdən istənilən bölgədə,
dövlətdə inkişaf
strategiyasının əsasını mədəni siyasət,
qlobal miqyasda isə mədəniyyətlərin
inteqrasiyası təşkil etməlidir. Mədəniyyətin
cəmiyyətin, bütövlükdə dünyanın inkişaf strategiyasının determinist
əsası olduğu, bu
inkişafın hüdudlarını müəyyən etməsi
nəzərə alınarsa, bəşəriyyətin
inkişafının başlıca zəmini və ilk şərtlərindən biri
etnoslar və mədəniyyətlərarası
inteqrasiya, dialoqdur. Mədəniyyətlərarası
kommunikasiyanın ən effektli
üsullarından olan dialoq
millətlər, sivilizasiyalar, mədəniyyətlərarası
anlaşmaya, insan həyatı
və fəaliyyətinin davamlı forma və
dəyərlərinin aşkarlanmasına yönəldilmiş
əlaqə növüdür. Davamlı inkişaf məqsədlərindən irəli
gələn istənilən məsələnin həlli mədəni
həyatın universallaşması, bəşəriyyət
miqyasında “fikir mübadiləsi” sayəsində
mümkün ola bilər.
Hazırda beynəlxalq
iqtisadi və mədəni əlaqələr
durmadan genişlənir. Artıq zəngin
xalqların tam təcrid olunması ilə
bağlı tezis qüvvədən düşüb. Dəyərlər mübadiləsi
prosesi intensivləşib. Beləcə, dünya yeni
sivilizasiyanın formalaşması astanasındadır. Bəşər tarixinin bu innovativ mərhələyə
transformasiyasının prioriteti, strateji hədəfi ilk
növbədə fərqli mədəniyyətlərin,
dünyagörüşlərinin bütövləşməsi
sayəsində vahid sosiomədəni məkanı
araya-ərsəyə gətirməkdir. Bu hədəfə nail olub - olmamaq
isə ümumbəşəri dəyərləri aşkarlamaq, onlara müxtəlif
dinlərin, mədəniyyətlərin
daşıyıcılarının ümumi
yanaşmasını təmin etməkdən, bir
çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi,
iqtisadi problemlərin həlli məqsədilə
birgə fəaliyyətdən əhəmiyyətli dərəcədə
asılıdır. Elə davamlı inkişaf
da tələb edir ki, insanlar, böyük
anlamda xalqlar könüllü və şüurlu
şəkildə birgə fəaliyyət gostərib bir hədəfə vursunlar.
Bu isə yalnız mədəniyyətlərarası
əlaqələrin təhlili, problemlərin çözümü
üçün birgə sabit
mexanizmlərin işlənməsi, bir
sözlə, insan inkişafının multikultur strategiyasının uğurlu
icrası sayəsində gerçəkliyə çevrilə
bilər.
Əsrlər boyu iki
dünyanın – Avropa ilə Asiyanın təkcə coğrafi deyil, həm də
mədəni baxımdan “kəsişmə nöqtəsində”
yerləşən Azərbaycan da
hazırda bu gerçəkliklərin dərkinə
əsaslanan siyasi kurs yürüdür. Hər zaman
mədəniyyətlərarası dialoqda
önəmli rol oynayan
ölkəmizin bu sahədə
uğurları indi daha
diqqətçəkəndir. Əlbəttə, gələcəyi
bütün dəqiqliyi ilə
proqnozlaşdırmaq çox mürəkkəb
məsələdir. Amma artıq bir şey şübhəsizdir
ki, Azərbaycan reallıqları kontekstində
mədəniyyətlərarası dialoqun çox böyük perspektivi var və ölkəmiz
bu prosesin əvəzsiz
iştirakçısı olmaq
iqtidarındadır. Bunun üçün
Azərbaycan dövləti bütün imkanlara malikdir: maddi və insan
resursları, milli ruh
və ənənələr. Azərbaycana
yalnız bu imkanlardan faydalanaraq qloballaşma
proseslərinin inkişafına öz
töhfələrini vermək qalır ki,
məhz bu kontekstdə Azərbaycan rəhbərliyi
və vətəndaş cəmiyyəti institutları, ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi
diqqət çəkir.
Yeri gəlmişkən, son
illər, xüsusən, son aylar regionun və
dünyanın kütləvi informasiya
vasitələrində Azərbaycanın bu
prosesdə iştirakı barədə xəbərlər çox tez-tez
tirajlanır. Məsələn, ötən payız Britaniya mətbuatı yazırdı ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyeva Londonda “Avropa
multikulturalizminin perspektivləri: Dinlərarası
dialoq və dini
tolerantlığın Azərbaycan modeli” mövzusunda konfransda iştirak edib. Xatırladaq ki, sözügedən
tədbir ötən ilin noyabrında Böyük Britaniya
parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü, bu
ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan
Cəmiyyəti və “Odlar Yurdu” qurumunun təşkilatçılığı
ilə keçirilmişdi. Tədbir
Azərbaycan multikulturalizm
ideyalarının Avropada təbliği
baxımından xüsusi əhəmiyyət
kəsb edirdi.
Elə
həmin ay Parisdəki Mədəniyyət
Mərkəzində Heydər Əliyev Fondunun
təşəbbüsü ilə dünya
şöhrətli fotoqraf Reza
Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan
– tolerantlıq məkanı” mövzusunda
fotosərgisi açılmışdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva sərgidə iştirak etmişdi. Mərasimdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyeva çıxış edərək bildirmişdi ki, müxtəlif
dini və etnik mənsubiyyətə
malik insanların Azərbaycanda əsrlər
boyu dinc, yanaşı
yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində
qurulmuş və qarşılıqlı
hörmətə əsaslanan tolerant
cəmiyyət modelinin özünəməxsus
və nadir formasının yaranmasına səbəb
olmuşdur. Bu qəbildən
olan, üstəlik, Avrasiyanın bir çox ölkələrini
əhatə edən informasiya onlarcadır
və adı çəkilən məkanda həmin tədbirlər
davam etməkdədir.
Multikulturalizmin Azərbaycan modelinə gəlincə isə
qeyd etməliyik ki, son zamanlar ölkəmizdə
bu istiqamətli tədbirlərin
keçirilmədiyi il olmur.
Məsələn, Prezident İlham Əliyevin təşəbbüsü
ilə “Çoxmədəniyyətli dünyada
sülh şəraitində birgə yaşamaq” devizi altında
2013 - cü il
mayın 29-dan iyunun 1- dək Bakıda
keçirilən II Dünya Mədəniyyətlərarası
Dialoq Forumu ölkəmizin
siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Forumun
əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
İSESCO, BMT-nin Dünya
Turizm Təşkilatı kimi
beynəlxalq qurumlar çıxış
etmişlər. Heydər Əliyev Mərkəzində
keçirilən açılış mərasimində dərin
məzmunlu nitqlə çıxış edən Prezident İlham Əliyev
Bakı Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın dünyada sivilizasiyalararası dialoq
və multikulturalizm mərkəzinə çevrildiyini diqqətə
çatdırmışdır.
Mötəbər
tədbirdə UNESCO, BMT Sivilizasiyalar
Alyansı, Dünya Turizm
Təşkilatı, İSESCO və digər nüfuzlu
beynəlxalq qurumların rəhbər şəxsləri,
110-dan artıq ölkənin nümayəndələri – 40-dan
çox ölkədən nazir
və nazir müavinləri, millət vəkilləri,
Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq
prezidentləri, İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT, “beyin mərkəzləri”nin
təmsilçiləri, məşhur elm
xadimləri, ekspertlər – ümumilikdə 600-dək xarici qonaq iştirak
etmişdir.
Ötən ilin ən mühüm mədəni
hadisələrindən biri də
dekabrın 2-dən 8-dək Bakıda Azərbaycanın sədrliyi
ilə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs
üzrə Hökumətlərarası Komitəsinin 8-ci
sessiyası olmuşdur. Xüsusilə
vurğulanmalı məqamlardan biri də odur ki, bu
mötəbər tədbirin Azərbaycanda keçirilməsi
barədə qərarın verilməsində Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli
fəaliyyətinin mühüm rolu olmuşdur. Azərbaycan
Respublikasında multikulturalizmin
özünəməxsus, nümunəvi modelinin
formalaşdığını avropalılar da,
asiyalılar da birmənalı olaraq təsdiqləyirlər. Qeyd etmək yerinə
düşər ki, ölkəmizdə hökm sürən milli və
dini tolerantlığın milli
tariximizin konkret bir dövrü ilə əlaqələndirilməsi
faktı doğru deyil.
Çünki ictimai-siyasi
quruluşundan asılı olmayaraq,
bütün dövrlərdə Azərbaycanda
yaşayan xalqlar bir yerdə olmuşlar və
bugünkü reallıqlar həmin tezisin əyani sübutudur.
Heydər Əliyev Fondu beynəlxalq
ictimaiyyətə məhz bu həqiqətlərin
çatdırılması istiqamətində çoxsaylı
təşəbbüslərlə çıxış edir, layihələr reallaşdırır.
Mehriban xanım Əliyeva öz
əməlləri ilə təsdiqləyir ki,
siyasi, diplomatik, iqtisadi, elmi-mədəni istiqamətindən
asılı olmayaraq, ölkədə
reallaşdırılan bütün tədbirlər
son nəticədə dövlətçiliyə
xidmət edir. Qeyd olunan məqamlarla bağlı Azərbaycan
dövlətinin, xüsusən, cənab Prezidentin
mövqeyi də tamamilə
aydındır: “Bu gün
Azərbaycan güclü dövlətdir və
bizim gücümüz
təkcə iqtisadi nailiyyətlərlə
ölçülmür. Cəmiyyətimizin
çox sağlam
dayaqları vardır. Bu dayaqlar
tarix, dərin mənəviyyat,
qarşılıqlı anlaşma,
qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz
bir nümunə olaraq
artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən
mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli
dözümlülüklə bağlı olan
tədbirlər bir daha
bunu göstərir, müxtəlif bölgələrdən,
diyarlardan gələn qonaqlar
vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək
səviyyədə qurulmuşdur. Bizim üçün isə
bu, təbiidir. Çünki
bu, bizim həyat tərzimizdir,
başqa cür ola da bilməz”.
Bakıda və ölkəmizin
digər şəhərlərində bəşər
övladı üçün nümunə
kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan
tədbirlər davamlı xarakter
almışdır. Bu da bir faktdır ki, həmin tədbirlər barədə
yayılan xəbərlərin əksəriyyətinin əvvəlində
“Heydər Əliyev Fondunun təşəbbüsü
ilə” cümləsinə rast gəlirik.
Təkcə ölkə daxilindəmi? Ölkə xaricindəki
bir sıra anoloji tədbirlərimiz
barədə xəbər hazırlayan müxbirlər də
“Heydər Əliyev Fondunun təşəbbüsü
ilə” ifadəsini dövri olaraq işlətməli olurlar.
Məsələn, Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın dünya mədəniyyətinə
verdiyi töhfələrdən söz açan
italiyalı jurnalist Paolo
Onorati yazır: “Birinci
xanım Mehriban Əliyeva incəsənət
və mədəniyyət sahəsinə çox
böyük diqqət yetirir.
Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Birinci xanımın misilsiz
əməyi sayəsində Azərbaycan mədəniyyətinin
zənginliyi bütün dünyaya
çatdırılmışdır. Mehriban
xanımın əsas məqsədlərindən biri öz ölkəsində
və dünyada milli-mədəni dəyərlərin
qorunub saxlanılmasıdır”.
Bu fond Azərbaycanın dövlət müstəqilliyinin
20-ci ildönümü münasibətilə
xaricdə həyata keçirilən bir çox layihənin müəllifidir. Fondun Parisdə, Moskvada,
Berlində, Romada, Vatikanda
təşkil etdiyi tədbirlər ölkəmizin
multikulturalizm modelinin
təbliğində mühüm rol oynayıb. Azərbaycan Vatikanda
sərgi təşkil edən ilk müsəlman
ölkəsi kimi tarixə düşüb.
Bu isə bəşəri multikulturalizmin
ən ali nümunələrindən biri kimi dəyərləndirilə
bilər.
Dövlət müstəqilliyimizin
20 illik yubileyi
münasibətilə Fransada həyata
keçirilən tədbirlər silsiləsi xüsusilə
vurğulanmalıdır. Belə ki,
Fransanın 20-dən çox regionunda bu fond
tərəfindən mərasimlər keçirilmiş,
2013-cü ildə beynəlxalq kino
festivalından da yaxşı
tanıdığımız Kann şəhərində
Azərbaycan mədəniyyəti günləri baş tutmuşdur. Heydər Əliyev Fondu xaricdə
Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin
yaradılması ideyasına həmişə dəstək verib. Əvvəlcə Fransanın paytaxtı
Parisdə, daha sonra Vyanada Azərbaycan mədəniyyəti mərkəzləri
fəaliyyətə başladı. UNESCO-nun
xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə
qoşuldu, Parisdə 1669-cu ildə Fransa Kralı XIV Lüdovikin
hakimiyyəti dövründə əsası qoyulmuş
Fransa Dövlət Şərq Dilləri və
Mədəniyyətləri İnstitutunda
Azərbaycan dili fakültəsinin
açılmasına nail oldu.
Bununla da Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva ulu
öndərin ideyalarını yaşadaraq
ümumbəşəri dəyərlərə öz töhfəsini verdi
və bu proses indi də davam edir.
Bir sözlə, Heydər Əliyev Fondu bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsinə özünün xüsusi töhfələrini verir. Ulu öndər qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və əbədiləşdirilməsi ölkədə hər bir təşkilatın və hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Heydər Əliyev Fondu məhz həmin məramı böyük məsuliyyət və şərəflə reallaşdırır.
Ziyafət HƏBİBOVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
analitik
təhlil üzrə müşaviri,
filologiya üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 9 iyul.- S.5.