Etibarlı ərzaq təminatı
iqtisadi və
sosial sabitliyin
başlıca şərtidir
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur. Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür.
Dahi rəhbərin təşəbbüsü
ilə ötən əsrin 90-cı illərində MDB məkanında
ilk olaraq Azərbaycanda torpaq islahatlarının
aparılması, kənd təsərrüfatı
istehsalçılarına yardım mexanizmlərinin
formalaşdırılması, beynəlxalq təşkilatlarla
bu sahədə əhəmiyyətli layihələrin həyata
keçirilməsi, həmçinin 2001-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərzaq
təhlükəsizliyi Proqramı” çərçivəsində
görülmüş işlər nəticəsində
ölkədə kənd təsərrüfatı və ərzaq
məhsullarının artırılmasına nail olunmuşdur.
Bu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində hazırda ölkəmiz bir çox
strateji ərzaq məhsulları üzrə tələbatını
yerli istehsal hesabına ödəyir, xarici ölkələrə
məhsul ixrac edir.
Dövlət
başçımız ərzaq təhlükəsizliyi ilə
bağlı müvafiq hökumət qurumlarına daim
xüsusi göstərişlər verir və qarşıda
duran vəzifələri müəyyənləşdirir.
Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz
burada iki istiqamət üzrə getməliyik. Əlbəttə,
bitkiçilik, heyvandarlıq sahələrində intensiv
metodlara daha da çox üstünlük verilməlidir. Eyni
zamanda, iri fermer təsərrüfatlarının yaradılması
prosesi də başlamışdır. Bizim hələ ki,
dövriyyədə olmayan böyük torpaq sahələrimiz
vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri
həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə
buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib
çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini
tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi
enerji təhlükəsizliyi
kimi, bəlkə də, ondan da
vacib olan məsələdir. İstisna edilmir ki, gələcək
illərdə bu, əsas məsələlərdən birinə
çevriləcəkdir. Çünki qlobal meyllər bunu
göstərir”.
Prezident İlham
Əliyevin tövsiyəsi ilə ölkə
iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında
hazırda istehsalın və ixracın
stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin
artırılması, əhalinin ərzaq məhsullarına
olan tələbatının yerli istehsal hesabına ödənilməsinə
dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi
məqsədilə
bitkiçilik və heyvandarlığın inzibati
rayonlar üzrə ənənəvi sahələri tədqiq
edilərək sinfi təsnifatı
hazırlanmışdır. Azərbaycanın regionları
üzrə ənənəvi kənd təsərrüfatı
məhsullarının mövcud vəziyyəti öyrənilərək
müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin,
aqrar sektorun əlavə dəyərdə payının
dinamikası araşdırılmış, qiymət, gəlirlər,
istehsalın həcmi üzrə qiymətləndirmələr
aparılmışdır.
Xatırladaq ki, bu
gün Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul
üzrə məhsullararası balansı tərtib edilmiş,
rəqabətqabiliyyətliliyinin üstünlüyünün
qiymətləndirilməsi modeli yaradılmışdır.
Model üzrə aparılmış hesablamalar göstərir
ki, respublikamızın həm bitkiçilik, həm də
heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq
rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi
reallaşdırmaq məqsədilə ölkədə
müxtəlif aqro-xidmətlərin
səviyyəsinin yüksəldilməsi, dövlətin
subsidiya, kredit, maliyyə və digər dəstəklərindən
səmərəli istifadə, istehsal, bazar və sosial
infrastruktur sahələrinin inkişafı, müasir
yemçilik müəssisələrinin yaradılması,
maarifləndirmə, elmi və kadr təminatının
yaxşılaşdırılması üzrə təklif və
tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı zəncirində
kompleksliliyin təmin olunması maya dəyərinin
azaldılması, əlavə dəyərin
artırılması, sosial rifahın yüksəldilməsi və
nəticədə rəqabətqabiliyyətliliyin artırılması
baxımından çox vacibdir.
Azərbaycan
Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair dövlət proqramı” da
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna əhəmiyyət
kəsb edir. Yeri gəlmişkən, ötən müddətdə Dövlət Proqramının
icrası mühüm nəticələr əldə edilməsinə
səbəb olmuşdur. Adıçəkilən Dövlət
Proqramında əkinə yararlı torpaq sahələrindən
səmərəli istifadə olunması, bitkiçiliyin,
xüsusən taxılçılığın, meyvəçiliyin,
tərəvəzçiliyin,
üzümçülüyün, heyvandarlığın, o
cümlədən ət və süd məhsulları
istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə
tutulmuş tədbirlərin vaxtında və uğurla həyata
keçirilməsi ölkədə ərzaq məhsullarının
istehsalında artıma və hər bir ölkə vətəndaşının
keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına
tələbatının tam ödənilməsinə şərait
yaratmışdır.
Fikrimizin təsdiqi
kimi Dövlət Statistika Komitəsinin son məlumatına diqqət
yetirək. İyun ayının 1-nə kimi 342,5 min hektar sahədə
yazlıq bitkilərin səpini aparılmış, 26,6 min
hektar sahədə dənli və dənli paxlalılar, 34,7 min
hektar sahədə dən üçün
qarğıdalı, 61,5 min hektar sahədə kartof, 73,3 min
hektar sahədə tərəvəz, 21,1 min hektar sahədə
pambıq, 26,8 min hektar sahədə bostan bitkiləri, 5,5 min
hektar sahədə şəkər çuğunduru, 9,8 min
hektar sahədə dən üçün günəbaxan,
1107 hektar sahədə tütün əkilmişdir.
Yaztarla işlərinin
aparılması ilə yanaşı, kənd əməkçiləri
yetişdirdikləri məhsulları toplamağa
başlamışlar. İyun ayının 1-nə kimi
tarlalardan 40,1 min ton dənli və dənli paxlalılar, 52,6
min ton kartof, 77,9 min ton tərəvəz, 8,6 min ton meyvə və
giləmeyvə, 220,4 ton yaşıl çay yarpağı
toplanmışdır.
İlin əvvəlindən
174,7 min ton diri çəkidə ət, 753 min ton süd, 638,1
milyon ədəd yumurta, 12,6 min ton yun istehsal olunmuş,
2013-cü ilin müvafiq dövrünə nisbətən ət
istehsalı 2,1 faiz, süd istehsalı 2,8 faiz, yumurta
istehsalı 12,6 faiz, yun istehsalı 1,5 faiz artmışdır.
Beləliklə, beş ay ərzində ötən ilin
müvafiq dövrü ilə müqayisədə 2,7 faiz
çox kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur.
Burada bir məqama da
diqqət çəkmək yerinə düşər.
Hazırda ərzaq təhlükəsizliyinin təminatında
strateji əhəmiyyəti olan taxılçılıq kənd
təsərrüfatı sektorunun aparıcı sahələrindən
biridir. Bitkiçilik sahəsinə aid olan
taxılçılıq təsərrüfatı
bütün kənd təsərrüfatının əsasını
təşkil edərək əhalinin çörək və
çörək məmulatlarına olan tələbatını
ödəməklə yanaşı, həm də
heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının
ödənilməsində mühüm rol oynayır. Ona
görə də taxılçılıq təsərrüfatının
inkişafına diqqətin artırılması mühüm məsələ
kimi qarşıya qoyulmuşdur. Mütəxəssislərə
görə, məqsədə nail olmaq üçün vahid əkin
sahəsindən yüksək məhsul götürülməsi
və taxılçılıqda elmi-texniki tərəqqidən
geniş istifadə olunması ön plana çəkilməlidir.
Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın
yüksəldilməsi hesabına Azərbaycanda illik taxıl
istehsalını 2,8-3 milyon tona çatdırmaq
üçün real imkanlar vardır. Bunun üçün əkin
sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı
hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.
Ekspertlər hesab edirlər ki, taxıl
istehsalının artırılmasının əsas
yolları fermerlərin tələbatına uyğun qısa
rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin
və gübrə verilməsinin səmərəli
üsullarının, optimal səpin müddəti və
normalarının, yeni intensiv sortların təsərrüfatlara
tətbiqindən, keyfiyyətli toxum materialından istifadə
edilməsindən və əkinlərin xəstəlik,
ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir.
Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli
tədbirlərdən biri taxıl səpininin vaxtında və
keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin
aparmaqla sağlam və kütləvi cücərtilərin
alınması məhsulun yarısı deməkdir.
Prezident İlham
Əliyevin dəfələrlə vurğuladığı
kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin
iqtisadi sabitliyinin və sosial
dayanıqlılığının başlıca şərtidir.
Bu baxımdan, dövlət başçımızın
respublikada əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatı məqsədilə
vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr,
imzaladığı fərman və sərəncamlar, dövlət
proqramları bundan sonra da Azərbaycanın
ərzaq təhlükəsizliyinin təmin edilməsində
müstəsna əhəmiyyət kəsb edəcək və
qarşıya qoyulmuş vəzifələr uğurla icra
olunacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 10 iyul.- S.6.