Tarixi keçmişini
qorumaqla
müasirləşən
Gədəbəy
Gədəbəy rayonunda olarkən bir məsələni vurğulamaq istəyirəm ki, hər yerdə olduğu kimi, burada da inkişaf gedir, quruculuq vardır, abadlıq işləri aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əgər ucqar bir dağ rayonunda sənətə, sözə, saza, sənətkara yüksək qiymət verilərək gözəl bir Aşıq Musiqi Məktəbi tikilib istifadəyə verilirsə, demək, qədim bir xalqın, elin, obanın tarixi qorunur, yaşadılır. Yaxud, yüz illərlə nəinki asfalt yolu, heç düz-əməlli torpaq yolu da olmayan kəndlərə asfalt yol çəkilirsə, həyətlərdən içməli su axırsa, kanalizasiya xətləri quraşdırılırsa, evlərdə qaz alovlanırsa, deməli, o dağ rayonu həm də müasirliyə qovuşur. Bəli, tarixi keçmiş qorunmaqla, müasirliyə də geniş meydan verilir. Bu gün Gədəbəydə vəziyyət məhz belədir...
Min nəfərlik amfiteatr
...Rayon icra hakimiyyətinin
başçısı Ramiz Yediyarovu kabinetdə tapmaq
müşkül məsələdir. Günün əksər
hissəsini rayonda tikilən müxtəlif obyektlərdə, kənd
və qəsəbələrdə keçirir, adamlarla
görüşür, bəzi problemləri elə yerindəcə
həll edir, tapşırıqlarını, məsləhətlərini
verir. Bu dəfə də şəhərin mərkəzi
parkında görüşdük. Qeyd edək ki, ümummilli
lider Heydər Əliyevin adını daşıyan bu park son
vaxtlar elə gözəl, füsunkar olub ki, günün istənilən
vaxtında burada xeyli adam istirahət edir. Uşaqlar
üçün hər cür əyləncə var,
attraksionlar quraşdırılıb, burada sürətli
internetə qoşulmaq mümkündür. Maraqlıdır ki,
parkda gəzməyə yaxın rayonlardan, Şəmkirdən,
Tovuzdan, hətta Gəncədən gələnlər olur.
Burada ulu öndər Heydər Əliyevin abidəsinin ətrafı
mərmər daşla kompleks formada tikilmişdir. Heykəlin
ön hissəsində yerə mərmər daşlar
döşənmiş, kənarları müasir üslubda
işlənmiş və işıqlandırma sistemi ilə təchiz
edilmişdir.
– Gərək elə edək ki,
köhnə, primitiv heç nə qalmasın, yeni tikilənlər
isə müasirliyi ilə yanaşı, həm də milli
memarlıq ənənələrinə uyğun olsun, - deyə
R.Yediyarov parkda və onun ətrafında görülən
işlərdən danışır:
–
Gördüyünüz bu amfiteatr isə öz görkəmi
ilə parkı və ona yaxın kompleksi tamamlayacaqdır.
Sanki, parka söykənən
amfiteatr üçün gözəl bir yer seçilib. Bir tərəfində
ötən ilin sentyabrında ölkə Prezidentinin
iştirakı ilə açılan Aşıq Musiqi Məktəbinin
orijinal binası, bir qədər aşağıda yeni inzibati
binalar, əsaslı şəkildə yenidən qurulmuş digər
obyektlər amfiteatrın əzəmətini daha da
artırır. Tamaşaçı sayı 1000 nəfər
olan amfiteatrda ən müxtəlif tədbirlər həyata
keçirmək mümkün olacaq. Hazırda burada son tamamlama
işləri görülür və Gədəbəydə
tezliklə daha bir möhtəşəm obyekt öz
qapılarını rayon sakinlərinin üzünə
açacaqdır. Yeri gəlmişkən, qeyd edək ki, rayon
icra hakimiyyəti başçısının
özünün gözəl zövqü var. Ona görə də
son vaxtlar Gədəbəydə istifadəyə verilən
müxtəlif obyektlər, istər yol olsun, istər park və
ya bulaq, böyük maraqla qarşılanır. Digər tərəfdən,
inşa olunan və ya yenidən qurulan obyektlərə rayon
icra hakimiyyəti tərəfindən gündəlik nəzarət
var.
...Rayona daxil olanda hiss edirsən ki,
həm qədim, həm də müasir bir şəhərə
gəlmisən. Müasir avtobus dayanacaqları, orijinal qəzet
köşkləri, qülləli saat və digər tikililər
son ayların obyektləridir. Əvvəllər heç vaxt
olmayıb. Yolların kənarlarındakı səkilər,
istinad divarları, müasir işıqlandırma sistemi və
sair elementlər də Gədəbəydə işlərin təkcə
bu gün üçün deyil, onilliklər üçün
nəzərdə tutulduğundan xəbər verir. Hələ
tezliklə şəhərdə çirkab və içməli
su xəttinin tikilib istifadəyə verilməsi infrastrukturun
tamamilə yeniləşəcəyini göstərir.
Əslində, belə də olmalıdır. Çünki əsrarəngiz
təbiəti, zəngin maddi və mənəvi sərvətləri
olan Gədəbəydə turizmin inkişaf etdirilməsi
üçün müasir nə varsa, tətbiq
olunmalıdır. Sevindirici haldır ki, işlər də bu
istiqamətdə çox uğurla aparılır.
Dağların qoynunda dolanan yollar...
Ölkə
Prezidentinin 20 sentyabr 2013-cü il tarixli sərəncamı ilə
tikilən 13,3 kilometrlik Qarıkənd-Miskinli-Çalburun
avtomobil yolunda aparılan işlərlə hələ ötən
ilin noyabrında tanış olmuşduq və düzü,
heyran qalmışdıq. Cəmi iki ay ərzində
dağların qoynuna dolanıb
ta Çalburuna kimi gedib çıxan yolun böyük bir hissəsi
asfaltlaşdırılmışdı. Qışda və
yazın əvvəllərində işlərə bir qədər
fasilə verilsə də, indi yenidən böyük canlanma
var idi. Müxtəlif texnika-traktor, ekskavatorlar yollara səpələnmişdi. Bir
tərəfdə torpaq-hamarlama işləri
görülür, digər tərəfdə
asfaltlaşdırmaya hazırlıq gedirdi. Elə yolsalanlarla kənd
camaatı da, necə deyərlər,
qaynayıb–qarışıb. Kimisi fəhlələrə yemək
təklif edir, kimisi meyvə uzadır, bir başqası su gətirir.
Yolun kənarında əlindəki əsaya söykənib
yolsalanlara baxan qoca kişinin səsini ekskavatorun gur səsindən
zorla eşididrəm:
– Allah Prezidentimizin
ömrünü uzun eləsin, ölmədim bu günü də
gördüm ki, kəndimizə asfalt yol çəkilir...
Qeyd edək ki, uzunluğu beş kilometr olan
Qızıltorpaq-Ağbaşlar avtomobil yolunda isə asfaltlaşdırma
işləri başa çatdırılmışdır.
Gədəbəydə
başqa bir yolun tikintisi isə əsl möcüzədir. Onun
uzunluğu, nə az, nə çox, düz 56 kilometrdir.
Söhbət Gədəbəy-Novosaratovka-Qaravəlilər
avtomobil yolundan gedir. Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr
2012-ci il tarixli sərəncamına əsasən çəkilir.
Artıq bu yolun 48 kilometri
asfaltlaşdırılmışdır, yerdə qalan 8
kilometrində qrunt işləri aparılıb və işlər
tezliklə başa çatdırılacaq. Yəqin ki, sentyabr
ayında gədəbəylilər çoxdan həsrətində
olduqları yoldan tamamilə istifadə edə biləcəklər.
— Rayon icra hakimiyyəti
başçısının müavini Vüsal Musayevlə
yolun bir kənarına çəkilib dağların ətəyində
yerləşən Qarıkəndə, Misginliyə,
Çalburuna tərəf baxırıq. Tarixində asfalt yol
görməyən kəndlərdir. Adam heç inana da bilmir
ki, bu reallıqdır. Əslində, bu
günümüzdür, inkişafımızdır, yüksəlişimizdir.
Yadıma keçən il sentyabrın 10-da ölkə
Prezidenti İlham Əliyevin Gədəbəydə ictimaiyyət
nümayəndələri qarşısında
çıxış edərkən dediyi sözlər
düşdü: - “Bu gün buraya gələrkən
körpünün açılışında iştirak
etmişəm. Kənd yolu çəkilir. Təqdimatda
göstərildiyi kimi, heç vaxt yol olmayan yerlərdə 56
kilometr uzunluğunda kənd yolları tikilir. Torpaq yol
olmuşdur, insanlar əziyyət çəkirdilər.
İndi kənd yolu çəkilir...Şəmkir-Gədəbəy
yolu yaxşı vəziyyətdədir, rahat yoldur. Növbəti
illərdə yeni kənd yollarının tikintisi də nəzərdə
tutulub. Bu gün mənə bu məsələ təqdim
olundu. Göstəriş veriləcəkdir ki, bütün kəndlərə
gedən yollar yenidən qurulsun, Gədəbəy rayonu daha da
sürətlə inkişaf etsin, burada insanlar daha da rahat,
xoşbəxt, rifah, əmin-amanlıq içində
yaşasınlar”.
Yeni bina,
yeni iş, yeni həyat
Gədəbəydə hər hansı bir inzibati
binanı barmaqla saymaq olardı. Onlar da nə vəziyyətdə
idi, təsvir etməyə ehtiyac qalmır. Amma indi tamamilə
başqa bir mənzərədir. Gədəbəyə hər
səfərimdə
yaraşıqlı, milli üslubda inşa olunmuş yeni
bir bina görürəm. Bax, elə götürək bu
yaxınlarda tikilib istifadəyə verilmiş Uşaq
Yaradıcılıq Mərkəzinin binasını. Eyni vaxtda
336 uşağın məşğul olduğu mərkəzdə
hər cür şərait var. Artıq qısa vaxt ərzində
Gədəbəydə neçə-neçə istedadlı
uşaq üzə çıxıb. Xeyirxah, gözəl bir
işdir, alqışa layiqdir.
Rayon polis şöbəsinin, baytarlıq idarəsinin,
Fövqəladə Hallar Nazirliyinin yanğından nəzarət
xidmətinin rayon şöbəsinin yeni inzibati binaları da tezliklə istifadəyə veriləcək
və Gədəbəydə gözəl binaların sayı
daha da artacaqdır.
Sosial obyektlərin binaları da bir-birinin ardınca
istifadəyə verilir və rayona xüsusi gözəllik gətirməklə
həmin sahələrdə nəzərdə tutulan işlərin
daha dolğun həyata keçirilməsinə imkan
yaradır. Heydər Əliyev
Fondu hesabına tikilən hər biri 100 uşaq
üçün nəzərdə tutulan
bağçaların tikintisində olduq. Gözəl, keyfiyyətli
iş gedir, uşaqlar üçün hər cür şərait
nəzərə alınıb. Digər bağça Novosaratovka
kəndində inşa olunur. Kənd sakinləri deyirlər ki,
körpələrimiz tezliklə müasir bir bağçaya qədəm
qoyacaqlar.
Məktəb binalarının təmiri, yenidənqurulması,
bərpası, o cümlədən yenilərinin tikilməsi
işi geniş vüsət alıb. May ayında Arıxdam kəndində
480 yerlik, Samanlı kəndində 180 yerlik tam orta məktəblər
tikilib istifadəyə verilib. İsalı kəndində isə
biri tikilir. Digər kəndlərdə də yeni məktəblərin,
uşaq bağçalarının tikintisi nəzərdə
tutulub.
...Gədəbəydən çıxarkən yolumu 20
Yanvar küçəsindən saldım və səmimi deyirəm, gözlərimə inanmadım.
Hamar yol, gözəl səki, yaraşıqlı istinad
divarları, müasir işıqlandırma sistemi küçəni
tanınmaz edib. Həm bu küçədə, həm də
şəhərin mərkəzi hissəsində yol kənarlarında
yerləşən, müasir memarlıq tələblərinə
cavab verməyən ticarət köşkləri tədricən
götürülür və onlar üçün başqa
yerdə torpaq sahələri ayrılır.
Gədəbəyə müasirlik gətirilir. Amma tarixi
keçmiş də unudulmur, onun hər daşı, qalası
qorunur, təbliğ olunur. Ölkə Prezidentinin bu sahədə
qarşıya qoyduğu vəzifələr yerli icra
orqanları tərəfindən uğurla həyata
keçirilir. Uğur olsun, Gədəbəy!
Hamlet
QASIMOV
Xalq qəzeti.-
2014.- 10 iyul.- S.6.