Neftçala
sosial-iqtisadi
inkişafın yeni mərhələsində
Ölkəmizin tərəqqisi hər bir
rayonun inkişafından asılıdır. Ona görə də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
vaxtaşırı bölgələrə səfər edir və həm yerlərdəki mövcud vəziyyətlə
yaxından tanış olur, həm də sosial-iqtisadi
inkişafı sürətləndirmək üçün əlavə
tapşırıq və tövsiyələr verir.
Bunun nəticəsidir
ki, son illərdə Azərbaycanın bölgələrinin
inkişafı xeyli sürətlənmişdir.
Dövlət başçısının sərəncam və
tapşırıqları əsasında regionlarda həyata
keçirilən quruculuq işləri hər bir bölgənin
inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən
binalar şəhərlərin simasına müasir
çalarlar qatır. Regionlarda səngiməyən
abadlıq-quruculuq işləri ölkəmizin kompleks
inkişafının mühüm tərkib hissəsini təşkil
edir.
Elə bu ilin
mayında dövlət başçısının
Neftçalaya səfəri də həmin məqsədi
daşıyırdı. Rayonun əhalisi indi bu səfərin ən
xoş təəssüratları ilə yaşayır və
Prezidentin Neftçalanın inkişafına diqqət və
qayğısını yüksək dəyərləndirir.
Səfərin
Respublika Gününə təsadüf etməsi
neftçalalılar üçün ikiqat sevindirici
olmuşdur. Rayon ictimaiyyəti ilə görüşən
ölkə başçısı Neftçala sakinlərini həm
əziz bayram, həm də burada Heydər Əliyev Mərkəzinin
açılışı münasibətilə təbrik
etmişdir. Prezident demişdir ki, səfərin və mərkəzin
açılışının bayram gününə
düşməsi rəmzi xarakter daşıyır.
Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər
Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində
Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi
və 20 ildən artıqdır ki, uğurla inkişaf edir.
Orijinal layihə əsasında tikilən
bu mərkəz ümummilli lider Heydər Əliyevin xatirəsinə
dərin ehtiramın parlaq nümunəsidir. Burada dahi rəhbərin
həyat və fəaliyyətinin müxtəlif dövrlərini
əks etdirən fotolar və eksponatlar sərgilənir.
Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar
olması, Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi
bütün sahələrdə qazandığı uğurlar
məhz ulu öndərin adı ilə bağlıdır.
Ümummilli lider müstəqilliyin ilk illərində ölkəmizdə
vətəndaş müharibəsinin qarşısını
almış, iqtisadiyyatı ağır böhran vəziyyətindən
xilas edərək inkişaf yoluna çıxarmış,
qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər
görmüşdür. Belə
mərkəzlər isə dahi rəhbərin siyasi irsinin
öyrənilməsi baxımından mühüm əhəmiyyət
daşıyır.
Heydər Əliyev Mərkəzi
iki ilə tikilmişdir. Binanın ətrafında geniş
abadlıq-quruculuq işləri görülmüşdür.
Müasir interyeri ilə diqqət çəkən foyedə
ümummilli liderin büstü qoyulmuşdur. Mərkəzdə
yaradılan Heydər Əliyev Muzeyində ulu öndərin
müxtəlif dövrlərdə, o cümlədən
Neftçala rayonuna səfərləri zamanı çəkilən
fotoları nümayiş olunur. Bundan başqa, muzeydə
ümummilli liderlə bağlı kitablar, sənədlər və
digər maraqlı eksponatlar toplanmışdır.
Mərkəzdə
elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs
və xalq çalğı alətləri dərnəkləri
fəaliyyət göstərəcək. Xarici dil kursları,
3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun
zalı, fotostudiya da maraq doğurur. Müasir akustik sistemlə
təchiz edilən 400 yerlik konfrans zalında mühüm tədbirlər
keçiriləcək.
Binada Prezident İlham
Əliyevin Neftçalaya səfərlərini əks etdirən
fotolardan ibarət stend təşkil olunmuşdur. Mərkəzin
tikintisində şəhərsalma memarlığının
son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi
salonu, kafe, istirahət otağı və digər
yardımçı otaqlar da var.
Dövlətimizin
başçısı yeni mərkəzlə
tanışlıqdan sonra onun göz
oxşadığını
vurğulamış və əminlik ifadə etmişdir
ki, rayon sakinləri, gənclər bu mərkəzdən səmərəli
istifadə edəcəklər.
Regionların inkişafı ilə
bağlı fikirlərini bölüşən cənab
İlham Əliyev demişdir ki, bu məqsədlə qəbul
edilmiş konkret proqramlar uğurla icra olunur. İki proqram
artıqlaması ilə yerinə yetirilmişdir, indi
üçüncü proqram icra edilir, 2018-ci ilə qədər
o da tamamilə sona yetəcək və o vaxta qədər
bütün rayonlarımızda əsas infrastruktur layihələri
başa çatacaqdır. Proqramların icrası
üçün ölkəmizdə güclü maddi təminat
var. O cümlədən Neftçala rayonunda da həllini
gözləyən layihələr icra edilir və ediləcək.
İndi yolların
tikintisi xüsusilə diqqət mərkəzindədir. Bundan
ötrü külli miqdarda dövlət vəsaiti
ayrılır, ən müasir səviyyədə yollar
salınır və bu işlər rəhbərlik tərəfindən
ciddi nəzarətdə saxlanır. Salyan-Neftçala avtomobil
yolunun əsaslı təmiri artıq gündəmdədir. Bakı-Salyan
yolunun böyük hissəsi artıq istifadəyə verilib.
Dördzolaqlı çox gözəl yoldur. Buradan həm
Bakı, həm digər rayonlarla əlaqələr daha da
möhkəm olacaq. Prezident İlham Əliyev demişdir ki, kənd
yollarının tikintisi də gündəlikdə duran məsələdir.
Neftçalada böyük bir yol layihəsi öz
icrasını gözləyir. Bu,
61 kilometr uzunluğunda, təqribən 20-dən çox
kəndi birləşdirən bir yol olacaq. Beləliklə, həm
o yol, həm də hazırda icra edilən digər yol layihələri,
demək olar ki, bu problemi bütünlüklə həll edəcəkdir.
Görüşdə
içməli su məsələsindən də
danışılmışdır. İyirmidən çox kənddə
təmizləyici qurğular quraşdırılıb və bu
qurğular əhalinin təxminən 50 faizini təmin edir.
Ancaq Neftçala sakinlərini təmiz içməli su ilə
tam şəkildə təmin etmək üçün layihələr
hazırlanır və yaxın vaxtlarda onların icrasına
başlanacaq. Modul tipli layihələr də davam etdiriləcək. Bunlarla bərabər, şəhərin
yeni şəbəkəsi qurulmalıdır. Rayonun qazlaşdırılması
da tam həllini tapmalıdır. Neftçala indiyədək təxminən 50
faiz qazlaşdırılıb. Prezident qarşıya vəzifə
qoymuşdur ki, rayon mavi yanacaqla tam təmin edilsin. Sosial infrastrukturun təzələnməsi prosesləri
sürətlənmişdir. Mərkəzi xəstəxanada təmir
işləri başlanıb, vəsait ayrılıbdır.
Yeni Olimpiya Kompleksi tikiləcək. Məktəblər təmir
edilir, tikilir.
Dövlət
başçısı Neftçalada olarkən sənayenin
inkişafına da toxunmuşdur: “Şübhəsiz ki,
Neftçala rayonunda yeni iş yerlərinin
açılması da çox vacib məsələdir. Burada
bir neçə müəssisə fəaliyyət göstərir.
Ancaq hesab edirəm ki, onların sayı daha da çox
olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il “Sənaye
ili” elan edilmişdir. “Sənaye ili”nin xüsusiyyəti ondan
ibarətdir ki, bu sahəyə daha da böyük diqqət
göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz
vardır və onların inkişafı, əlbəttə ki,
prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən
göstəriş vermişəm ki, hər bir rayonda sənaye
zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə
görə bu zonalarda müxtəlif istehsalat sahələri
yaradılsın. O cümlədən Neftçala rayonunda da
belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və
rayon rəhbərliyi o yerləri müəyyən edəcəkdir.
Orada dövlət hesabına infrastruktur layihələri icra
olunacaqdır. Bütün kommunikasiyalar çəkiləcək
və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada
öz sənaye müəssisələrini qursunlar. Dövlət
də öz tərəfindən maliyyə dəstəyini
göstərəcəkdir. Çünki
sahibkarlığın inkişafı üçün hər
il dövlət büdcəsindən təxminən 300 milyon
manat güzəştli şərtlərlə kreditlər
verilir və bu, özəl sahibkarlığı
stimullaşdırır.
Son illərdə
bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində
böyük işlər görülmüşdür. Bu, bizə
bu gün iqtisadiyyatımızın böyük hissəsinin
qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük
nailiyyətdir və çalışmalıyıq ki,
qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı
sahələrində daha da böyük uğurlara nail olaq.
Buna nail olmaq üçün bütün imkanlar vardır -
dövlət siyasəti, maliyyə resursları,
sahibkarlığa dəstək siyasəti. Əlbəttə
ki, yerlərdə təşəbbüs də göstərilməlidir.
İctimaiyyət, iş adamları, rayon rəhbərliyi burada
vahid mövqe göstərməlidirlər. Belə olan halda hər
bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu,
bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır.
Çünki bizim bütün proqramlarımız yerinə
yetirilir. Bir dənə də olsun, proqram yarımçıq
qalmamışdır. O cümlədən regional inkişaf
proqramları, dediyim kimi, artıqlaması ilə icra edilibdir.
Üçüncü
proqram qəbul edilərkən yerlərdən təkliflər
verilmişdir. Bu təkliflər əsasında proqram da tərtib
olunub, hər rayon üzrə görüləcək işlər
orada göstərilibdir. Bax, budur bizim gələcəklə,
regionların inkişafı ilə bağlı olan
yanaşmamız”.
Ölkəmizdə, o
cümlədən Neftçalada həyata keçirilən
abadlıq-quruculuq işlərinə görə Prezident
İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını
çatdıran rayon sakini 1950-ci illərdə inşa
edilmiş uşaq incəsənət məktəbi
binasının müasir tələblərə cavab vermədiyini
və yenidən qurulmasının vacibliyini önə çəkmişdir.
Cənab İlham Əliyev ona cavab olaraq bildirmişdir ki,
rayonun inkişafı üçün bütün lazım
olan tədbirlər görüləcək. Əlbəttə,
uşaq incəsənət məktəbinin binası da təmir
ediləcək. Bütövlükdə, Neftçala rayonunun hərtərəfli
inkişafı üçün əlavə tədbirlər
görüləcək.
Prezident İlham
Əliyev səfər çərçivəsində
Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati
binasının açılışında iştirak etmişdir.
Burada yaradılmış şərait bir faktı da təsdiqləyir
ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi
daim diqqət mərkəzindədir. Müasir memarlıq
üslubunda inşa olunan bu bina rayonun görkəminə də
xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq
və sistemlərlə təchiz edilmişdir. Müasir idarəetmə
metodlarından istifadə etmək üçün burada
bütün texniki imkanlar yaradılmışdır. Bu da icra
strukturunun işinin daha mükəmməl qurulmasına, icra
hakimiyyəti əməkdaşlarının səmərəli
fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə
otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən
onları narahat edən problemlərlə əlaqədar icra
hakimiyyətinin məsul şəxsləri ilə birbaşa
videoəlaqə yarada biləcəklər. Akt zalında rəsmi
tədbirlər üçün hər cür şərait
yaradılmışdır. Binada kitabxana, iclas və konfrans
zalları, inzibati və digər otaqlar var. İcra hakimiyyətinin
inzibati binasının yerləşdiyi ərazidə geniş
yaşıllaşdırma işləri aparılmış,
müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Buradakı fəvvarələr
isə ərazini daha da gözəlləşdirir.
Bayraq Meydanı da
Neftçalanın üzə gülən
ünvanlarındandır. Cənab İlham Əliyev
Neftçalaya səfəri zamanı bu meydanda yaradılan
şəraitlə də tanış olmuşdur.
Meydan və burada ucaldılan
üçrəngli bayrağımız öz möhtəşəmliyi
ilə diqqəti cəlb edir. Bayraq dirəyinin
hündürlüyü 36 metrdir. Bu da dövlət
bayrağının şəhərin hər yerindən
görünməsinə imkan verir. İnşasına 2012-ci
ildə başlanan meydan həm də rayonda aparılan
abadlıq-quruculuq işlərinin göstəricisidir. Bayraq
Meydanının ərazisində geniş abadlıq işləri
aparılmış, yaşıllıq zolağı
salınmış və müasir işıqlandırma sistemi
quraşdırılmış, sakinlərin istirahəti
üçün hər cür şərait
yaradılmışdır.
Azərbaycanda hər
bir vətəndaş sosial-iqtisadi inkişafı öz həyatında
hiss edir. Bu məsələdə dövlətimizin
başçısının təsdiq etdiyi regional inkişaf
proqramlarının yerlərdə uğurla icrası
mühüm əhəmiyyətə malikdir. İndi
Neftçala da geniş abadlıq və quruculuq
meydanını xatırladır. Yeni infrastruktur layihələrinin
icrası şəhərin simasının müasirləşməsi
ilə yanaşı, əhalinin rahatlığının təmin
olunmasına xidmət edir. Yeni bulvarın salınması, dilbər
guşələrin çoxaldılması bu məqsədi
daşıyır.
Altmış min
kvadratmetr ərazidə salınan bu istirahət məkanında
vacib iaşə obyektləri, hovuz-fəvvarə inşa
olunmuşdur. Bulvar müasir işıqlandırma sistemi ilə
təchiz edilmiş, geniş yaşıllıq və
abadlıq işləri görülmüşdür. Bu işlərin
müasir tələblər səviyyəsində həyata
keçirilməsi, ilk növbədə, vətəndaşların
sosial şəraitinin yaxşılaşdırılması,
onların istirahətinin mənalı təşkilinə xidmət
edir.
Nəhayət, əlavə
edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi səfərindən
bir neçə gün sonra Neftçaladakı Heydər
Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı
keçirilmişdir. İcra hakimiyyətinin
başçısı İsmayıl Vəliyev dövlət rəhbərinin
rayona səfərinin yekunları ilə bağlı məlumat vermişdir. O demişdir
ki, dövlətimizin iqtisadi
qüdrətinin artmasının və ölkə
başçısı cənab İlham Əliyevin
regionların inkişafına diqqət və
qayğısının nəticəsində respublikanın bütün bölgələri,
o cümlədən Neftçala
da gündən-günə
inkişaf edir, abadlaşır və müasir bir diyara
çevrilir. Son illərdə rayonda xeyli tikinti-inşaat və
abadlıq işləri görülmüş, yeni-yeni istehsal,
kommersiya və xidmət obyektləri tikilib istifadəyə
verilmiş, yüzlərlə daimi iş yerləri
açılmış, küçə, park və meydanlarda
yenidənqurma, yaşıllaşdırma işləri
aparılmış, bir çox təhsil müəssisələri
tikilmiş və əsaslı şəkildə təmir
edilmişdir. Burada əlil və şəhid ailələri
üçün çoxmərtəbəli yaşayış
evləri inşa edilmiş, bir neçə özəl bank
filialı istifadəyə verilmiş, iri sənaye müəssisələri
fəaliyyətə başlamışdır. Çox
sevindirici haldır ki, həmin obyektlərin bəzilərinin
açılışında məhz ölkə rəhbəri
də iştirak etmiş, rayonda gedən quruculuq işləri
ilə yaxından tanış olmuş, rayonun
inkişafındakı müsbət meyillərdən razı
qalmışdır.
Şəhərdəki
yaşayış binalarının ətrafında və məhəllələrdə
abadlıq işləri həyata keçirilmiş, ekoloji mühitə mənfi təsir
göstərən “Axmaz göl”ün təmizlənməsi
üçün mühüm addımlar
atılmışdır. Qısa vaxtda zövqlə
salınmış park və xiyabanlar minlərlə insanın
istirahət mərkəzinə çevrilmişdir. Hazırda
isə bu işlərin davamı olaraq rayon mərkəzində
Olimpiya İdman Kompleksinin inşası, Mərkəzi Xəstəxananın
əsaslı təmiri, yeni təhsil ocaqlarının tikintisi
davam etdirilir.
Prezident İlham
Əliyevin rayonla bağlı imzaladığı sərəncamlar
ciddi irəliləyişə vəsilə olmuşdur. Rayonun
11 yaşayış məntəqəsini birləşdirən
Şorsulu-Xolqarabucaq-Xəzər avtomobil yolunun yenidən
qurulması ilə bağlı sərəncama uyğun olaraq
yeni çəkilmiş asfalt yol Xol zonasına gediş-gəlişi
xeyli asanlaşdırmış və bu əhali tərəfindən
böyük razılıqla qarşılanmışdır.
İsmayıl Vəliyev
tədbirdə dedi ki, ölkə
başçısının səfərindən sonra
Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da
sürətləndirilməsinə və 21 yaşayış
məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı
avtomobil yolunun tikintisinə dair imzaladığı sərəncamlar
böyük minnətdarlıq hissləri ilə
qarşılanmışdır. Artıq müvafiq
hazırlıq işləri aparılır. Tam əminlik var
ki, cənab İlham Əliyevin qayğısı sayəsində
rayonda gedən nəhəng quruculuq işləri daha
böyük vüsətlə
davam edəcək.
Neftçala şəhərinin
və ətraf ərazilərin get-gedə müasirləşdiyini,
gözəlləşdiyini görən hər kəs ürəkdən
sevinir. Çünki bu yaxınlaradək əhalinin təsəvvüründə
belə çətinliklə canlandırdığı,
arzuladığı böyük layihələr, artıq
reallığa çevrilir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 13 iyul.- S.7.