Xalqın xidmətçisi
olmaq
vəzifə sahibinin şərəf işidir
İnsanlara diqqət və qayğı göstərmək, onları narahat edən sosial məsələləri həll etmək Prezident İlham Əliyevin ali məqsədidir. Bunu o, siyasətə gəldiyi ilk gündən bəyan etmiş və hakimiyyət elitasının zirvəsinə yüksələndə də onu əməlləri ilə təsdiqləmişdir.
Dövlət
başçısı xalqa xidmət sahəsində
özü şəxsi nümunə
göstərməklə yanaşı, bunu
tabeliyində olan bütün
məmurlardan—nazirlərdən, komitə sədrlərindən,
idarə rəhbərlərindən, şəhər və
rayonların icra hakimiyyəti
başçılarından da tələb
edir.
Məhz möhtərəm Prezidentimizin
tapşırığı ilə son
dövrdə gözəl bir ənənənin
əsası qoyulmuşdur. Dövlətin
yüksək ranqlı məmurları, xüsusən nazirlər,
komitə sədrləri hər ay
ayrı-ayrı bölgələrə gedərək vətəndaşların
qəbulunu keçirirlər. Həmin görüşlərin
keçiriləcəyi ünvan, vaxt və hansı rayonları əhatə edəcəyi
barədə qabaqcadan mətbuatda elanlar verilir, əlavə
məlumat almaq üçün
əlaqə telefonları göstərilir. Hətta, kənar rayonlardan şikayətçiləri görüş yerinə gətirmək üçün nəqliyyat vasitələri
ayrılır. Müraciətlərin, problemlərin çoxu yerindəcə öz
həllini tapır. Xalqa xidmətin ən
səmərəli forması olan belə
görüşlər insanları da
razı salır, onları ölkə rəhbərliyi ətrafında
daha sıx birləşdirir.
Artıq on bir ildir
ki, Azərbaycan cənab İlham
Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir. Hətta son dövrlərdə
dünyanı bürüyən maliyyə böhranı da bu sosial-iqtisadi
yüksəlişə əngəl ola bilmir. Çünki
ölkəmizdə aparılan quruculuq,
abadlıq işlərinin hamısı hərtərəfli, düşünülmüş plan əsasında həyata keçirilir.
Bütün infrastruktur
dəyişikliklərin mərkəzində insan
amilinin dayanması isə adamları daha həvəslə işləməyə
ruhlandırır, onların həyat tərzi ildən-ilə
yaxşılaşır.
Ölkədə infrastruktur layihələrinin həyata
keçirilməsi, bütün sahələrdə
yeniləşmə prinsipinə üstünlük
verilməsi Azərbaycanda iqtisadi siyasətin
mühüm tərkib hissəsinə çevrilmişdir. Xalqımız
yaxşı bilir ki, həyata
keçirilən tədbirlərin hamısı insanların daha firavan və rahat yaşamasına hesablanıb, ümumilikdə
ölkə iqtisadiyyatının dinamik
inkişafına xidmət edir.
Bütün sahələrdə reallaşan
çoxşaxəli islahatlar dövlətimizin
siyasi xarakterini və inkişaf yolunu müəyyən
edir. Bu yol Azərbaycanın qısa müddət ərzində
iqtisadi inkişaf
göstəricilərinə görə, dünyada
lider dövlətə çevrilməsinə
gətirib çıxarmışdır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi
nəhəng layihələrin gerçəkləşməsi,
respublikamızın ümumilikdə Avropa
regionunun gələcək enerji
təhlükəsizliyi missiyasını üzərinə
götürməsi xalqımızın dünya
arenasında layiqli yerini
təmin edir.
Bu il fevral
ayının 5-də Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrasına həsr
olunan müşavirədə Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycan enerji təhlükəsizliyi
baxımından qitə üçün əvəzolunmaz
tərəfdaşa çevrilibdir.
Keçən ilin dekabr
ayında XXI əsrin kontraktı imzalanmışdır.
“Əsrin kontraktı”, yəni, XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı
imzalanmışdır. Bu salonda
böyük tədbir keçirilmişdir.
Müxtəlif ölkələrdən dövlət, hökumət
başçılarının iştirakı ilə tədbir
keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və əsas
məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik
və biz liderlik
göstərərək bu layihələri,
böyük layihələri icra edə bilərik.
Hazırda bizim liderliyimizlə icra
ediləcək nəhəng enerji layihələri
Avropanın ən böyük enerji və infrastruktur
layihələridir. Artıq bu sözlər
özlüyündə bir göstəricidir.
Liderlik yenə də Azərbaycanın əlindədir.
Biz inamla irəliləyirik.
Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin
hərtərəfli inkişafı üçün
çalışırıq. İki
proqramın icrası nəticəsində bölgələrdə
yaşanan bu inkişaf və tərəqqi, əlbəttə
ki, bizi daha da gücləndirir”.
İnkişaf etmiş dövlətlərin
təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini saxlamaq
üçün regional
inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin
qorunması vacib şərtlərdəndir.
Bu baxımdan ölkə rəhbərinin
hər beş ildən bir
regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramını təsdiq
etməsi mühüm əhəmiyyətə
malikdir. Dövlət
proqramları çərçivəsində həyata
keçirilən tədbirlər regionlarda
sahibkarlığın inkişafını sürətləndirir,
oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət
qədər səmərəli istifadəyə imkan verir, iqtisadiyyatın
tarazlı və davamlı inkişafına, infrastrukturun
müasirləşdirilməsinə, əhalinin məşğulluğunun
artırılmasına, yoxsulluğun səviyyəsinin
azaldılmasına etibarlı zəmin yaradır. Hökumət üzvləri Dövlət Proqramı əsasında
2004-2013-cü illər ərzində regionlarda
kənd təsərrüfatının, qeyri-neft
sektorunun inkişafına yardım göstərmiş,
o cümlədən emal
müəssisələrinin yaradılmasını, xidmət və
digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda
çoxlu yeni iş yerinin
açılmasını təmin etmişlər.
Dövlət
proqramları regionların tarazlı inkişafına nail olmaqla yanaşı, həm
də yerlərdə enerji infrastrukturunun,
nəqliyyat-kommunikasiya sisteminin bərpası,
habelə elmi-texniki tərəqqi, mədəni
yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin
həllini özündə ehtiva etmişdir.
Bu nailiyyətlərin
əldə edilməsində müstəsna rolu
olan dövlət proqramları
regionların iqtisadi potensialının əhəmiyyətli
dərəcədə artmasına, infrastruktur
təminatının, kommunal xidmətlərin
keyfiyyətinin daha da
yaxşılaşmasına, müasir
müəssisələrin açılmasına səbəb
olmuş, Azərbaycanı dinamik
tərəqqi yaşanan bir
ölkəyə çevirmişdir.
Son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4
dəfə, sənaye məhsullarının istehsalı 2,7, kənd
təsərrüfatı məhsullarının istehsalı
1,5, qeyri-neft sektoru
2,6, investisiya qoyuluşu
6,5, əhalinin pul gəlirləri 6,5 dəfə,
orta aylıq əməkhaqqı 5,5, minimum əməkhaqqı 11,7, pensiyaların orta məbləği
7,2, banklardakı əmanətlər 25,4 dəfə
artmış, ümumilikdə, ölkə üzrə orta aylıq məvacibin həcmi 423 manata çatdırılmışdır. Yoxsulluğun
səviyyəsi 8,4 dəfə azalaraq 5,3
faizə, işsizliyin səviyyəsi 1,9 dəfə
aşağı düşərək 5 faizə enmiş, regionlarda 56 minə
yaxın müəssisə fəaliyyətə
başlamış və 1,2 milyondan çox yeni iş yeri
açılmışdır ki, bunun da 900 mini
daimidir.
Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən sosialyönümlü
iqtisadi siyasət insan
amilini nəzərdə tutan
liberal bazar
iqtisadiyyatı xəttini əsas götürür.
Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən
əldə edilən dividentlər insanların sosial
problemlərinin həllinə, vətəndaşların həyat
səviyyəsinin yaxşılaşdırılmasına
yönəldilir. Ölkəmizin sosialyönümlü
iqtisadi siyasətinin ən parlaq
nəticələri yeni iş
yerlərinin açılmasında, ciddi sosial bəla olan işsizlik probleminin əhəmiyyətli
dərəcədə aradan
qalxmasında, habelə yoxsulluq həddinin
kəskin surətdə aşağı enməsində özünü göstərmişdir. Gənc ailələrin mənzillə təmin edilmələri
üçün ipoteka
sisteminin yaradılması, eləcə də
dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi surətdə
qaldırılması da bu
istiqamətdə görülən mühüm
tədbirlər sırasındadır.
Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal
xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun
yaradılması kimi sosialyönümlü
tədbirləri də özündə birləşdirir. Bu mənada bazar
iqtisadiyyatı və əhalinin sosial
müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi,
ilk növbədə, hər bir insanın konstitusion
hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində
mövcud olan bərabərsizliyinin
müəyyən dərəcədə aradan
qaldırılmasını nəzərdə tutan,
vətəndaşların bütün təbəqələri
üçün eyni
başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri
reallaşır.
Dövlət
proqramlarının uğurla icra edilməsi bölgələrin davamlı
inkişafı, sosial infrastrukturun
yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft
sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün
kompleks tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı
imkanlar açmışdır. On il ərzində dövlət
proqramlarının reallığa çevrilməsi nəticəsində
regionlarda 2708 məktəb, 38 mərkəzi
xəstəxana olmaqla 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət,
250-dən çox idman
və gənclər obyekti tikilmiş
və ya əsaslı təmir olunmuşdur.
Məcburi
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə 12
çadır şəhərciyi ləğv olunaraq
82 qəsəbə salınmış, burada
40 min ailə
yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi
işləri davam etdirilmiş,
2788, o cümlədən regionlarda
2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
Regionların
sosial-iqtisadi inkişaf
proqramlarının uğurlu icrası, yeni şəraitə adekvat
islahatlar kursunun
aparılması bugünkü
uğurlarımızı şərtləndirmişdir.
İdarəetmə sisteminə dinamizm və
müasirlik çalarları gətirən
dövlət başçısı İlham
Əliyev hər yeni il
üçün hökumətin həyata
keçirməli olduğu tədbirlərin əhatə
dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə
onların icra prosesini
şəxsi nəzarətdə saxlamış, habelə
ölkənin strateji resurslarını milli inkişafa təkan
verən qlobal layihələrin
reallaşdırılması yönündə səfərbər
etmişdir. Bölgələrin
tarazlı və davamlı inkişafının təmin
olunması, yeni iş
yerlərinin açılması, infrastrukturun
yeniləşdirilməsi, mövcud problemlərin
aradan qaldırılması məqsədilə
imzaladığı dövlət proqramlarının, fərman
və sərəncamların icrası vəziyyəti ilə
yerindəcə tanış olmaq,
sıravi vətəndaşlarla birbaşa
ünsiyyət quraraq mövcud
çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq
üçün ölkə rəhbəri
vaxtaşırı Azərbaycanın müxtəlif
rayonlarına səfərlər edir.
Vətəndaşlarla
birbaşa təmaslara üstünlük
verən, özünəməxsus təmkin və sadəliklə
onların problemlərini dinləyən və qaldırılan
məsələlərin həlli üçün
qəti tapşırıqlar verən dövlət
başçısının bu
addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş,
xalqın öz Prezidentinə olan inamını, etimadını daha da
artırmışdır. Prezident İlham Əliyev ötən 10 il ərzində bölgələrə səfərləri
çərçivəsində 1300-dək müxtəlif təyinatlı
infrastruktur obyektlərinin və yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirak etmişdir.
Regionlarda qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi
istiqamətində tədbirlərin davam
etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə
yaxşılaşmasına əlverişli imkanlar
yaradır. Bütün sahələrdə
əldə olunan yüksək nəticələr
bu siyasətə alternativin
olmadığını bir daha sübuta yetirir.
Prezident İlham Əliyev sözügedən
müşavirədəki yekun nitqində çox məsələlərdən
danışıb, yaxın beş ildə
ölkədə, o cümlədən regionlarda görüləsi işlərdən
söhbət açıb, konkret
tapşırıqlar verib. Çıxışının
sonunda hamını ciddi
narahat
edən korrupsiya və rüşvətxorluq
hallarına toxunub. Qəti şəkildə
qeyd edib ki, belə neqativ hallara Azərbaycanda yol
verilməməlidir. Biz korrupsiya,
rüşvətxorluğa niyə göz
yummalıyıq?! Ona görə də
ölkə rəhbəri deyib ki, hər kəs nəticə
çıxarmalıdır. Belə çirkin
əməllərə qurşananlara aman verilməyəcək, cəza tədbirləri
daha da gücləndiriləcəkdir.
Möhtərəm Prezidentimiz İlham
Əliyev demişdir: “Dövlət məmuru
xalqın xidmətçisidir. Xalqın birinci
xidmətçisi mənəm və bütün
dövlət məmurları belə işləməlidirlər.
Ona görə mən bir
daha bunu demək istəyirəm
ki, növbəti illərdə də
rüşvətxorluğa bulaşmış kəslər çox ciddi şəkildə
cəzalandırılacaqlar. Kimsə nəticə
çıxarmayıbsa, nəticə çıxarsın.
Növbəti beş il
ərzində Azərbaycan korrupsiya və
rüşvətxorluğa qarşı mübarizədə də
nümunəvi ölkə olmalıdır”.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2014.- 13 iyul.- S.6.