Prezident İlham
ƏLİYEV: İslam Əməkdaşlıq
Təşkilatı ilə Avropa Şurası
arasındakı əlaqələrin
inkişafında bizim xüsusi rolumuz var
Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz. Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir. Bu görüşün Azərbaycan diplomatik orqanlarının rəhbərlərinin beşinci müşavirəsindən bir gün sonra keçirilməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, bir çox məsələlər, adət-ənənələr, mənəvi dəyərlər, tarixi birliklər bizim xalqlarımızı birləşdirir. Belə bir görüşün məhz müqəddəs Ramazan ayında keçirilməsi bir daha təsdiqlədi ki, müsəlman xalqları eyni mədəni tarixi köklərə mənsubdur.
Dövlətimizin
başçısı Azərbaycan diplomatik
orqanları rəhbərlərinin beşinci
müşavirəsindəki nitqində bildirmişdir
ki, bizim müsəlman ölkələri ilə əlaqələrimiz
çox möhkəmdir. Azərbaycan İslam aləminin bir
parçasıdır. İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində çox fəal iş
aparırıq. Bu təşkilatın xətti
ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi
istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki,
beynəlxalq arenada, xüsusilə BMT-də
müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək
artıq bir reallığa çevrilibdir.
Əlbəttə ki, bu,
bizi daha da gücləndirir. Bizim
müsəlman ölkələri ilə tarixi
əlaqələrimiz vardır. Bu əlaqələr
bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan
sonrakı illərdə də müsəlman ölkələri
ilə əlaqələr daim inkişafda olmalıdır. Burada
əlbəttə ki, müxtəlif variantlar mümkündür.
Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir.
Biz iqtisadi sahədə
fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Azərbaycan
investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi
sahədə də vəziyyəti yaxşılaşdıra
bilərik.
Azərbaycan Prezidenti müsəlman ölkələrinin Azərbaycandakı
səfirləri və diplomatik nümayəndəliklərinin
rəhbərləri ilə görüşü
zamanı demişdir: “ Mən çox şadam ki, təmsil etdiyiniz
ölkələr ilə Azərbaycanın çox
sıx əlaqələri vardır”. Belə
görüşlərin mütəmadi keçirildiyini
bildirən ölkəmizin rəhbəri diqqətə
çatdırmışdır ki, il ərzində
müxtəlif tədbirlərdə dəfələrlə
müsəlman dövlətləri, hökumət başçıları
və digər yüksək vəzifəli
şəxslərin Azərbaycana səfərləri
zamanı ikitərəfli münasibətlərin daha da
yaxşılaşdırılması istiqamətində
müzakirələr aparılır.
Müsəlman ölkələri
ilə bizim siyasi əlaqələrimiz
çox yüksək səviyyədədir,
humanitar sahədə, mədəniyyətlə
bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq
edirik. Belə əməkdaşlığın
iqtisadi sahədə də yüksək səviyyədə
yardılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev demişdir ki, indiki şəraitdə
birgə iqtisadi təşəbbüslər,
investisiya layihələri, biznes
qurumlarının birgə fəaliyyəti əlaqələrimizi
möhkəmləndirə bilər. Qeyd
olunmuşdur ki,
müsəlman ölkələri ilə bizim
əlaqələrimiz xarici siyasətimizin
prioritetlərindən biridir.
Beynəlxalq tədbirlərdə
müsəlman ölkələrinin nümayəndələrinin
bir-birini dəstəkləməsi İslam həmrəylinin bariz
nümunəsidir. Qarşılıqlı münasibətlərin
daha da
yaxşılaşdırılması müsəlman
xalqları arasında həmrəyliyi gücləndirir və bu ölkələr
arasındakı birliyi daha
da möhkəmləndirir. Prezident İlham
Əliyev müsəlman ölkələrinin Azərbaycandakı
səfirləri və diplomatik nümayəndəliklərinin
rəhbərləri ilə görüşü
zamanı eyni mədəni tarixi
köklərə mənsub xalqların həmrəyliyini
yüksək dəyərləndirərək demişdir:
“Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi
dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə
BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və
haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsinin
həlli işində müsəlman ölkələrinin BMT-də
göstərdiyi dəstək bizi
xüsusilə sevindirir”.
Azərbaycan Prezidenti Ermənistanın
işğalçılıq siyasətindən hələ də
əl çəkməməsi
barədə müsəlman ölkələri diplomatik orqanlarının rəhbərlərinə
də məlumat vermişdir. Artıq dünya birliyinə də
bəllidir ki, Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş və bu işğal nəticəsində bir milyondan artıq
soydaşımız qaçqın və köçkün
vəziyyətinə düşmüşdür.
Nüfuzlu beynəlxalq təşkilatlar
Ermənistanın bu
işğalçılıq siyasətini pisləyən bəyanatlar
yaymış və işğal etdikləri əraziləri
qeyd-şərtsiz azad etmək barədə
qətnamələr qəbul etmişlər. Təəssüf
ki, həmin qətnamələr hələ
də icra olunmur. Bu da beynəlxalq aləmdə
ikili srandartların mövcudluğundan
irəli gəlir. Beynəlxalq hüquq
normalarının Ermənistan tərəfindən
kobudcasına pozulmasına laqeyd münasibətin
nəticəsidir ki,
işğalçı ölkənin silahlı qüvvələri
atəşkəs rejimini mütəmadi olaraq pozur, günahsız
insanları qətlə yetirirlər. Beynəlxalq birliyin bu ədalətsizliyə
göz yumması münaqişələrin
uzun müddət davam
etməsinə şərait yaradır. Azərbaycan Prezidenti Ermənistan
silahlı qüvvələri tərəfindən törədilmiş
terror aktlarından söhbət açaraq demişdir: “Ermənilər
bizə qarşı etnik təmizləmə
siyasəti aparmışlar, Xocalı soyqırımını
törətmişlər. İşğal
edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz
ermənilər tərəfindən
dağıdılmışdır. Bu
münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından
çıxarılması ilə bağlı dörd
qətnamə qəbul etmişdir. Ona görə, əlbəttə ki, Azərbaycanın mövqeyinin
dəstəklənməsi həm beynəlxalq hüquqa
göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq
nümunəsidir”.
Azərbaycan
tərəfi beynəlxalq tədbirlərdə, həmçinin
üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda
müsəlman ölkələrinin maraqlarını həmişə müdafiə edir və sözsüz ki, bundan sonra da
müdafiə edəcək. Ölkəmiz beynəlxalq təşkilatlarda,
o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
də çox fəal iştirak
edir, fəaliyyətini getdikcə artırır.
İslam Əməkdaşlıq Təşkilatının
beynəlxalq nüfuzunun daha da qaldırılmasında, reytinqinin
yüksəldilməsində ölkəmizin töhfələri
danılmazdır. Son illər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə
Azərbaycanın ev sahibliyi
etməsi artıq mütəmadi hal alıb,
həmçinin ölkəmiz artıq mötəbər qurumlara sədrlik də edir.
Demək, bizim belə tədbirlərdə müsəlman ölkələrinə
yüksək dəstək verməyimiz üçün
çox əlverişli şərait
yaranıb. Bir faktı diqqətə
çatdıraq ki, son iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvü olmuşdur. Qürurverici haldır ki, iki
il ərzində iki dəfə
bu mötəbər quruma
sədrlik etmişdir. İki
dəfə tərəfimizdən
irəli sürülmüş təşəbbüs
nəticəsində bir sıra zəruri
məsələlər müzakirəyə
çıxarılmışdır. Onlardan
biri beynəlxalq terrorizmə qarşı
mübarizə məsələlərinə aid
idi. Beynəlxalq terrorizmə
qarşı mübarizə bizim ümumi işimizdir. Çünki hər bir
ölkənin belə bir təhlükə
ilə qarşılaşması labüddür.
İkinci mövzu isə
İslam Əməkdaşlıq Təşkilatı
ilə BMT arasındakı əməkdaşlıq məsələləri
idi. Bu, əslində
bizim prioritetlərimizi əyani şəkildə
göstərir. Bütün bunlar ondan xəbər verir ki, gələcəkdə də bizim ölkələrimiz İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində
uğurla əməkdaşlıq edəcək
və xalqlarımız bir-birini daim dəstəkləyəcək.
Azərbaycan Prezidenti mədəniyyətlərarası
dialoqun gücləndirilməsi üçün
respublikamız tərəfindən praktiki
addımların atıldığını da
vurğulayıb. Bunun böyük
əhəmiyyət daşıdığını bildirən
ölkəmizin rəhbəri demişdir: “Bildiyiniz kimi,
İslam Əməkdaşlıq Təşkilatı
ilə Avropa Şurası arasındakı
əlaqələrin inkişafında bizim
xüsusi rolumuz
vardır. 2008-ci ildə Bakıda İslam
Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin
birinci birgə tədbiri keçirilmişdir.
Bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir.
Artıq “Bakı prosesi” beynəlxalq aləmdə
tanınan və hörmətlə qəbul edilən bir prosesdir...
Çalışacağıq ki, mədəniyyətlərarası,
dinlərarası dialoqun gücləndirilməsi
üçün əlavə töhfəmizi
verək. Buna çox
böyük ehtiyac
vardır. Əfsuslar olsun ki,
Avropanın bəzi ölkələrində islamafobiyaya
qarşı adekvat münasibət göstərilmir.
Bəzi ölkələrdə antimüsəlman meyilləri
güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən
çalışırıq ki, İslam mədəniyyəti, dini,
tarixi haqqında Avropa
ictimaiyyətini geniş şəkildə
məlumatlandıraq, göstərək ki,
İslam sülh, mərhəmət
dinidir".
Azərbaycanın
getdikcə artan reytinqi,
Asiya və Avropa
ölkələri ilə münasibətlərinin
yaxşılaşması, mövqelərinin möhkəmlənməsi respublikamızın dünya
birliyindəki mövqelərini daha da möhkəmləndirir. Yeri
gəlmişkən qeyd edək ki, bizim Asiya
ölkələri ilə əməkdaşlığımız
çox sürətlə inkişaf
edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
sonra Avropa ölkələri - Qərb ölkələri
əməkdaşlığa xüsusi maraq göstərmiş və bu
ölkələrlə əməkdaşlıq bu gün də yüksək
səviyyədə davam etdirilir.
Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində
Asiya ölkələri ilə münasibətlərimiz
bir müddət o qədər
də yüksək səviyyədə olmamışdır. Ancaq bu gün
bu, münasibətlər yüksələn
xətt üzrə inkişaf edir.
Azərbaycan
Prezidentinin
səfərləri, həmçinin Asiya
ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri,
qarşılıqlı maraqlar, bəzi
sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün
imzalanan sənədlər əlaqələri
daha da möhkəmləndirmişdir. Asiya ölkələri ilə siyasi
və iqtisadi əməkdaşlığı
daha da genişləndirmək
üçün çox
böyük potensial
vardır. Hazırda Asiya ölkələrinin
Azərbaycana böyük maraq
göstərməsi ikitərəfli münasibətlərin
inkişafının təcəssümüdür. Bu, eyni zamanda,
ölkəmizin müstəqil siyasət yeritməsinin nəticəsidir.
Açıq etiraf etməliyik ki, bu gün dünyada tam şəkildə
müstəqil siyasət aparan ölkələrin
sayı o qədər də çox deyil. Məsələn,
qonşu Ermənistan dövləti. Bu ölkələrin
siyasi xadimləri, yeri
gəldikcə dövlət rəsmiləri də etiraf edirlər ki, SSRİ-nin süqutundan 23 il ötsə də, Ermənistan hələ də
müstəqil siyasət yeritmir, bu günə qədər Rusiyanın boyunduruğundan xilas ola bilmir. Ona görə də belə dövlətlərlə
əməkdaşlığa meyil edənlərin
sayı demək olar ki,
yox dərəcəsindədir. Azərbaycan
isə heç bir
ölkədən asılı olmayaraq müstəqil
siyasət yeridən, öz sözünü deməyə qadir
olan dövlətlərdəndir.
Azərbaycan
hazırda Avropa
Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu yaxınlarda Strasburqda, Avropa Şurası Parlament
Assambleyasının sessiyasında
çıxış edən Prezident
İlham Əliyev sədrliklə bağlı ölkəmizin prioritetlərini ifadə etmiş və bu müddət
ərzində qarşıya qoyulan vəzifələr
barəsində ətraflı məlumat vermişdir.
Ölkə başçısı demişdir:
“Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan
qruplaşması vardır və uzun illərdir
fəaliyyət göstərir. Diplomatlar
yaxşı bilirlər ki, o
qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi.
O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü.
Hətta bəziləri deyirdilər ki, Azərbaycan
Avropa Şurasına üzv
olsa, bu təşkilatın
qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist,
ksenofob və faşist
mövqedə olan insanlardır. Belə insanlar vardır və heç
kim bunu dana, inkar edə bilməz.
Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün
erməni lobbisi üçün
bir nömrəli hədəf Azərbaycandır.
Bütün səylərini birləşdirib
Azərbaycana qarşı kampaniya
aparırlar. Onların nümayəndələri əlbəttə
ki, mediada, başqa ölkələrin hökumətlərində,
ictimai qurumlarda
vardır. Onlar möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər,
çalışırlar ki, bizi hər tərəfdən vursunlar.
Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə
bilmirlər. Yaxşı olardı ki, onlar indi
Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad
vəziyyətdədir, nə üçün
bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir
və müstəqil siyasət aparmaq
imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini
bunda görür?! Ona görə, erməni lobbisi,
eyni zamanda, Azərbaycana
qarşı qərəzli mövqedə olan
deputatlar əlbəttə ki,
Avropa Şurası Parlament
Assambleyasında vardır. Biz onların
cavabını vermişik. Hələ mən
orada nümayəndə heyətinin rəhbəri
olan zaman onların
cavabını vermişəm. Bu dəfə
də cavablarını vermişəm. Çünki
yenə də deyirəm, bizimlə məntiq üzərində
mübahisə aparmaq mümkün
deyildir. Yalan
danışmaq olar, ancaq
biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan
yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa,
biz bunu
alqışlayırıq və bu, bizə
kömək göstərir. Ancaq əsassız
tənqid, sadəcə olaraq, ölkəmizə
qarayaxma cəhdidir”.
Azərbaycanın düşünülmüş xarici siyasəti, üzv olduğumuz digər beynəlxalq təşkilatlarda
olduğu kimi, Avropa Şurasında da öz müsbət nəticələrini verir. Bu təşkilat çərçivəsində
ermənipərəst dairələrin təsiri ilə Azərbaycana
qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim
edən deputat isə demək olar ki, tamamilə biabır olmuşdur.
Avropa Şurası Parlament
Assambleyası o əsassız, qərəzli,
yalan üzərində yazılmış
məruzəni rədd etdi. Bu, ölkəmizin xarici
siyasətdə qazandığı böyük
qələbələrdən biridir. Ona görə
də müsəlman ölkələrinin nümayəndələrinin birgə əməkdaşlıqda səylərini
birləşdirməsi vacibdir. Çünki antimüsəlman qüvvələr
bu gün Azərbaycana
qarşı təxribatla məşğuldurlarsa, sabah öz çirkin
niyyətlərini başqa bir
müsəlman ölkəsinə yönəldəcəklər.
Dövlətimizin
başçısı müsəlman
ölkələrinin Azərbaycandakı səfirləri və
diplomatik nümayəndəliklərinin rəhbərləri
ilə görüşündə bütün
bunları nəzərə alaraq bildirmişdir ki, müsəlman ölkələrinin çox böyük
potensialı, böyük əhalisi, təbii
resursları, iqtisadi potensialı vardır. Səyləri
birləşdirib bundan yetərincə yararlanmaq, əlaqələri daha
da möhkəmləndirmək, əməkdaşlığı
genişləndirmək lazımdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 13 iyul.- S.4.