Elə ki
çatdın Qazağa...
Bax, bu da Qazax-Azərbaycanın “Qərb qapısı”. İndi bu qapıdan içəri daxil olan qonaq tamamilə başqa bir mənzərə ilə qarşılaşır. Daha bu, beş-on il əvvəlki mənzərə deyil, tamamilə dəyişib. Elə ki, Gürcüstan sərhədini keçib “Sınıq körpü”dən ipək yoluna çıxdın, ürəyin, könlün açılacaq.
“Sınıq körpü”dən gömrük
buraxılışı məntəqəsi və onun ətrafı, eləcə də magistral yol boyunca
təxminən bir kilometr
yarım uzunluğunda olan
məsafə Azərbaycan milli
memarlığının əsl nümunəsidir. Dekorativ arxitekturalı hasarlar,
qala bürcləri, şəlalələr,
yaşıl çəmənliklər, müxtəlif ağaclar və digər elementlər qonağa deyir ki, bura Azərbaycandır,
onun sazlı-sözlü diyarı
Qazaxdır.
Bəli, son illər Azərbaycanda gedən böyük inkişafı görmək üçün elə Qazaxı gəzib-dolaşıb
geri dönmək kifayətdir. Vaxtilə “Kutaisskaya pravda” qəzetində
işləyən, hazırda təqaüddə olan həmkarım
Vaxtanq Sereteli bu yaxınlarda mənə zəng etmişdi. Çoxdan idi səsini eşitmədiyimdən əvvəlcə
tanımadım. Sonra “Vaxtanqdır, Abdulla Şərifovun dostu”,
— deyəndə tanıdım. Abdulla Şərifov
əslən Qazaxdan idi
və onunla “Gəncənin səsi” şəhər qəzetində
işləmişdim. Dedi ki,
bir günlüyə Qazağa
gəldik, ta şər qarışana kimi şəhəri gəzib dolaşdıq. Dedi ki, sonuncu
dəfə Qazaxda 15 il
qabaq olmuşdum. Amma indi heç
tanımadım. Heydər Əliyev parkına getdim,
gölün sahilini gəzdim.
Parkın ərazisindəki rəqəmsal planetarium,
elektron kitabxana, funksional əlaqə studiyası,
bütövlükdə Heydər Əliyev Mərkəzinin özü məni heyran etdi. Dostlarım məni “Fəxri qazaxlılar”
parkına apardılar. Dedilər ki, 3 hektar ərazisi olan park tamamilə yenidən qurulub,
buradakı büstlərin və heykəllərin postamentləri
təzələnib, şəlalə və fəvvarələr
tikilib, ağac, gül kolları əkilib. Düzü,
qardaş, təəssüratlarım o qədər zəngindir ki,
elə evə qayıdan kimi yazı
masamın arxasına keçəcəyəm. Təqaüddə
olsam da, qəzetlərlə
əlaqəni kəsməmişəm”.
Çoxdan səsini eşitmədiyim gürcü həmkarımın Qazax haqqında mənə bu
cür həvəslə, həyəcanla
danışması qəlbimi dağa
döndərdi. Çünki bütün bunlar
reallıq idi, Azərbaycan
reallığı.
...Qazax
bu günlərə elə belə gəlib
çıxmayıb. Bir tərəfdən, Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev mənfur qonşularla 168 kilometr sərhədi olan bu rayona xüsusi
diqqət, qayğı göstərib, digər tərəfdən,
adamların işə məsuliyyəti artıb, vətənpərvərlik
hissi daha da güclənib, işgüzarlığı
çoxalıb. Nəticədə son on ildə burada məhsul
buraxılışının həcmi təxminən 5 dəfə
artıb. Tikinti-quraşdırma işlərinin həcmi 17 dəfədən
də çox yüksəlib. Bir-birindən
gözəl yollar, körpülər, park və xiyabanlar, ən
müxtəlif obyektlər, sosial tikililər
Qazaxı tanınmaz dərəcədə dəyişdirib. Son illər istifadəyə verilən obyektlərin
təkcə adlarını sadalamaq az qala böyük
bir yazıya səbəb olar.
Dövlət Bayrağı Meydanı, Yuxarı Salahlı-Kəmərli
avtomobil yolu, Qazax-Quşçu Ayrım avtomobil
yolu, Olimpiya İdman Kompleksi, Müalicə
Diaqnostika Mərkəzi, Şahmat
Mərkəzi, Gənclər Mərkəzi. Hündürlüyü 14,3
metr olan qüllə və
22 metr hündürlüyündə “Obelisk” , konserv zavodu, “Şahnigar” şərab
zavodu, “İmperial”
meyvə-tərəvəz müəssisəsi, illik gücü 110 min ton olan
“AzRosPromİnvest” birgə istehsal
müəssisəsi, ildə 100 min ton qarışıq yem istehsal edən “Aqrolider-A”
MMC, 2 min tonluq
meyvə-tərəvəz saxlama
kamerası, 3 min tonluq
taxıl tədarükü və saxlama
anbarı, sement zavodu...Bunların
hamısını sadalasaq, oxucunu yormuş olarıq. Biz hələ sayı-hesabı bilinməyən
yeni inzibati
binaları, heykəlləri, park komplekslərini
demirik...
Qazaxda əsl işgüzarlıq mühiti yaradılıb. Rayon
icra hakimiyyətinin
başçısı Ayaz Əsgərov
yüksək təşkilatçılıq qabiliyyətinə
malikdir. Elə buna görə də istər hər hansı bir obyektin tikintisi
olsun, yaxud rayon və ya respublika əhəmiyyətli tədbir, orada işlər çox
yüksək səviyyədə təşkil edilir.
Çünki ciddi nəzarət
var, aparat
işçilərinin, idarə, müəssisə, təşkilat
rəhbərlərinin səfərbər olunması təcrübəsi
var.
Bəs bu gün Qazaxda
işlərin səviyyəsi necədir? Baş
çəkdiyimiz tikinti obyektləri,
ayrı-ayrı adamlarla söhbətlərimiz
bir daha göstərdi
ki, Qazaxda
arxayınlaşmaq hissi bu
yerlərin sakinlərinə, ilk növbədə
abadlıq-quruculuq işləri ilə məşğul olanlara yaddır.
– Arxayınlaşmaq nədir,
bu, mümkün deyil,– deyə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirdi.
– Qazax görün, harada yerləşir... Düşmən
buradakı yüksəlişi görüb
dəli olur. O gün
sərhəd Quşçu Ayrım və
Məzəm kəndlərinə getmişdim.
Sağ olsun cənab Prezidentimizi. Qazaxın mərkəzindən bura gözəl asfalt yol çəkdirib. Adamlar
çox razılıq edirlər. 220 şagird yerlik 3 mərtəbəli
gözəl bir məktəb tikilib istifadəyə verilib.
Qaz var, daimi işıq var. Amma sərhədin o tərəfində
evlərin bacasından tüstü
çıxırdı. Belə getsə, meşəsi,
ağacı da qalmayacaq.
Pis gündədirlər. Ona
görə də qazaxlıların arxayınlaşmağa
haqqı yoxdur. Cənab Prezidentimizin
bizə yaratdığı şəraitə baxıb, etimadı doğrultmalıyıq.
...Qazaxda
hazırda tikilməkdə olan hər biri 100 yerlik 2 uşaq
bağçasının hər ikisinə baş çəkdik.
Onlardan biri N.Nərimanov
yaşayış massivində, digəri şəhərdəki
Ə.Şıxlinski küçəsində yerləşir.
Heydər Əliyev Fondu hesabına tikilən
məktəbəqədər müəssisələr bu gün Qazaxda
həmin sahədə mövcud olan problemi bir
qədər yüngülləşdirəcəkdir. Rayon statistika idarəsinin rəisi Faiq
Paşayev bizimlə telefon
söhbətində bildirdi ki, hazırda 6 yaşadək uşaqların
sayı rayonda10 min 65 nəfər olduğu halda, cəmi 1000
nəfər körpə uşaq
bağçası ilə əhatə olunmuşdur.
Deməli, cəmi 10 faiz körpə uşaq
bağçasına gedir ki,
bu da ümumrespublika
göstəricisindən də aşağıdır.
Məktəb tikintilərində
də olduq. Rayon icra hakimiyyəti
aparatının məsul işçisi Məhəmməd
Orucovla birlikdə baş
çəkdiyimiz obyektlərdə qızğın iş gedirdi. Əmin olduq ki, işlər bu sürətlə getsə, tezliklə Quşçu Ayrım kəndindəki 180 yerlik, Məzəmdə 80 yerlik,
Bala Cəfərlidə 80 yerlik
məktəb binaları öz
qapılarını uşaqların üzünə
açacaqdır. Qarapapaq kənd ümumi orta məktəbdə
bərpa-gücləndirmə işləri aparılır.
Başqa tikinti obyektlərində
də işlərin ahəngi pozulmayıb. Qazax
sement zavodunun ikinci hissəsi, Xanlıqlar-Kəmərli-Aslanbəyli-Qaymaqlı-İkinci
Şıxlı kəndlərinin suvarma
şəbəkəsinin bərpası və digər işlər
davam etdirilir.
Qazax şəhərinin su—kanalizasiya sisteminin yenidən
qurulması da rayonun
tarixində mühüm hadisə
olacaqdır. Hazırda bu nəhəng işin layihə-smeta sənədləri
hazırlanır. Digər bir layihə
Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsi üçün
tikiləcək yaşayış binaları üçün
hazırlanır. Bundan ötrü
10 hektar torpaq sahəsi
ayrılmışdır.
Qazaxda hər gün iş gedir. Adamlar bunu görür
və yüksək qiymətləndirirlər. Bu
iş, bu yüksəliş,
tərəqqi hamıya təsir edib.
Əvvəlki ətalətdən, laqeydlikdən əsər-əlamət
qalmayıb. Bax, elə ən vacibi də budur!
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 12 iyul.-S.6.