Azərbaycan dövlətçiliyinin
inkişafında
Heydər Əliyev
fenomeni
ABŞ və dünya tarixinin görkəmli şəxsiyyətlərindən olan Corc Vaşinqton çıxışlarının birində demişdir: “Yeni qurulan hər bir dövlətin ömrünün uzun olmasını onun qurucusu olan liderlərin siyasi dühası müəyyən edir”. Bu baxımdan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə öz əhəmiyyəti ilə seçilir. Əvvəlcə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu il iyulun 14-dən respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir.
Keçən əsrin
60-cı illərinin sonlarında Azərbaycanda vəziyyət
acınacaqlı idi: sosial-iqtisadi göstəricilərin əksəriyyətinə,
xüsusən əməkhaqqının səviyyəsinə,
mənzil, məktəb, xəstəxana təminatına, sənaye,
kənd təsərrüfatı mallarının, ərzaq məhsullarının
istehsalına və istehlakına görə Azərbaycan
SSRİ-nin 15 müttəfiq respublika arasında
axırıncı yerlərdən birini tuturdu. Ermənistanın
Azərbaycana qarşı açıq şəkildə ərazi
iddiaları da həmin dövrdə kəskin xarakter almaqda idi.
Bəzi sərhədyanı ərazilərin tamahkarlıq məqsədilə
ermənilərə satılması və yaxud, nəyinsə
xatirinə hədiyyə olunması barədə
söz-söhbətlər ara vermirdi. Hər yerdə
narazılıq, bədbinlik, ümidsizlik, biganəlik hökm
sürürdü. Həm Bakıda, həm də Moskvada
başa düşürdülər ki, respublika rəhbərliyi
Azərbaycanın qarşılaşdığı problemləri
həll etməyə qadir deyil.
Ümummilli lider belə bir şəraitdə
respublikanın rəhbəri oldu. Doğrusu, o vaxt az adam
inanırdı ki, elə 1969-cu ildə iqtisadiyyatı
qaldırmaq üçün nəsə etmək mümkün
olsun. Çünki il yarıya çatmışdı,
göstəricilər həddən artıq aşağı
idi. Ancaq bu, Heydər Əliyev idi. İnsanları səfərbər
edib arxasınca aparmaq, çoxsaylı problemlərin içərisindən
başlıca olanlarını aşkara çıxarıb əsas
diqqəti onların həllinə yönəltmək
bacarığı sayəsində Heydər Əliyev elə həmin
il respublikanın sənaye və kənd təsərrüfatı
istehsalı sahəsində nəzərəçarpacaq
artıma nail oldu. Respublika iqtisadiyyatının gələcək
inkişafı üçün əsas yaradıldı, ermənilərin
ərazi iddialarının qarşısı alındı. Nəhayət,
insanlar anladılar ki, işin düzgün təşkili nəticəsində
neçə illərdən bəri davam edən uğursuzluq
zolağından çıxmaqla yanaşı, çox şeyə
nail olmaq mümkün imiş.
Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən
Azərbaycan KP MK-nın plenumlarında, fəallar
yığıncaqlarında, toplantılarda və başqa
yığıncaqlarda məruzə və
çıxışlarında ardıcıl olaraq təsərrüfat
və mədəni quruculuq məsələlərini təhlil
edir və qarşıya yeni-yeni vəzifələr qoyurdu. Həmin
illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında
dönüş mərhələsi oldu. Respublikamızın
dinamik inkişafı üçün kompleks proqramların
işlənib hazırlanmasında Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti,
misilsiz təşəbbüskarlığı və
böyük təşkilatçılığı
bütün 1970-80-ci illərdə müvəffəqiyyətlərin
əsası oldu. Heydər Əliyevin qəti mövqeyi nəticəsində
ermənilərin Azərbaycanın tarixi-etnik torpağı
olan Dağlıq Qarabağa əsassız iddialarına
qarşı müqavimət göstərildi, Azərbaycan
torpaqlarının bir qarışı belə Ermənistana
verilmədi.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının qəbul
edilməsi Heydər Əliyevin uzaqgörən bir
addımı idi. Onun təşəbbüsü ilə o
dövrdəki Konstitusiyamızda Azərbaycan dili dövlət
dili elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin
bərpasına doğru atılan olduqca cəsarətli bir
addım, dilimizin, milli dövlətçilik ənənələrimizin
inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən
göstərilən əvəzsiz xidmət idi. Əgər o
dövrdə Heydər Əliyev dil məsələsində mərkəz
qarşısında geri çəkilsəydi, bu addım
milli-mənəvi, dövlətçilik ənənələrimizin
qorunub-saxlanılmasında ən güclü silah olan dilimizin
ölməsinə, millət kimi milli
varlığımızın itirilməsinə və milli faciələrimizə
aparıb çıxaracaqdı.
Heydər Əliyev Azərbaycan neftinin Mərkəzə
daşınmasında maraqlı olmadığından qeyri-neft
sahələrinə başlıca diqqət yetirir, maliyyə vəsaiti
ayırır, bununla da respublikanın regionlarının
inkişaf etdirilməsinə, yeni iş yerlərinin
açılmasına, yerli əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına, demoqrafik
inkişafına, rayon, qəsəbə və kəndlərin
mədəni simasının dəyişdirilməsinə dair
strateji niyyətlərini həyata keçirirdi. 70-ci illərdə
Azərbaycanda pambıqçılığın və
üzümçülüyün üstün
inkişafının səbəblərindən biri də məhz
bu amillərlə bağlı idi. Heydər Əliyev DTK
orqanlarının şəxsi heyətinin azərbaycanlılaşdırılmasına
səy edir, yerli xalqın nümayəndələrini yerləşdirərək,
onlara yüksək rütbələr verilməsinə nail
olurdu. O, hakimiyyətə gələn kimi iqtisadi idarəçilikdə
azərbaycanlıların mövqelərini möhkəmləndirdi,
iqtisadiyyata rəhbərliyi onların nəzarətinə
keçirdi. Bütün sovet dönəmində azərbaycanlılar
ilk dəfə olaraq Azərbaycanda məhz Heydər Əliyevin
hakimiyyəti illərində iqtisadi həyatda hökmran
mövqe tutdular, onların özünə inamı gücləndi
(Europe since 1945. An Encyclepedia. Volume 1. Bernard A. Cook. Loyola
University New Orleans. Editor. New York and London, Garlond Publishing Inc.,
2001.p 70).
Səksəninci illərin əvvəllərində
(1982-1987) Moskvaya yüksək vəzifəyə irəli
çəkiləndən sonra da Heydər Əliyev Azərbaycanın
milli dövlətçilik maraqlarını daha yüksək
səviyyədə müdafiə etməyə başladı.
Heydər Əliyevin Azərbaycanda nüfuzunun yüksək
olması və xalq tərəfindən sevilməsi 70-ci illərin
sonundan etibarən Moskvanı açıq şəkildə
olmasa da, gizlicə narahat edirdi. ABŞ-da dərc olunan bir
kitabda qeyd olunurdu ki, Azərbaycanın Heydər Əliyevin təsiri
altında olması Moskva üçün arzuedilən deyildi.
Qərb şərhçilərinin bir çoxu isə belə
fikirdə idi ki, SSRİ rəhbəri olan Andropov onu SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini təyin etməklə
xəstə, iclaslarda iştirak edə bilməyən 77
yaşlı Baş nazir N.A.Tixonovun boşalacaq yerinə məntiqi
olaraq hazırlayırdı (Joseph L.Nogee.Soviet Politics. Russia
after Brezhnev. New York: Proeger Publishers, 1985.p.140-141).
ABŞ tarixçisi Martin İvn yazır ki, Heydər
Əliyev Andropovun yanında etibarlı adam idi. Lakin Andropovun
yanında etibarlı, işgüzar, bilikli, bacarıqlı bir
şəxsiyyət kimi tanınan Heydər Əliyev 1985-ci ildə
hakimiyyətə gələn dar düşüncəli, səriştəsi
olmayan M.S. Qorbaçov tərəfindən qısqanclıqla
qarşılandı. Müxtəlif böhtanlarla onun
nüfuzunu alçaltmaq üçün əməli fəaliyyətə
keçildi. 1987-ci il oktyabr ayının 21-də keçirilən
Sov. İKP MK plenumunda Heydər Əliyev “xəstəliyinə
görə” vəzifəsindən azad edildi (Evon M. The Andropov
file. New York, Mc. Graw. - Hill Book Company, 1983.p.82).
Lakin bununla belə Heydər Əliyev siyasi fəaliyyətindən
əl çəkmədi. 1990-cı il yanvar ayının 20-də
isə baş verən qanlı faciəyə görə o,
Qorbaçovun yeritdiyi qanlı siyasəti kəskin şəkildə
pislədi. Azərbaycan və SSRİ rəhbərliyinin mane
olmasına baxmayaraq, Heydər Əliyev çətinliklə də
olsa, 1990-cı il iyul ayının 20-də Bakıya
qayıtdı. Buradan isə o, Naxçıvana getdi.
Naxçıvanda xalq tərəfindən böyük sevgi ilə
qarşılanan Heydər Əliyev həmin il Naxçıvan
MR Ali Sovetinin deputatı seçildi. Bundan sonra yenidən
bütün diqqətini Azərbaycanın milli dövlətçiliyinin
bərpasına yönəldən Heydər Əliyevin tələbi
ilə Naxçıvan MR-in adından “sovet və sosialist”
sözləri götürüldü.1991-ci il, sentyabr
ayının 1-də Heydər Əliyev Naxçıvan MR Ali
Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycanın
dövlət müstəqilliyinin və milli dövlətçilik
ənənələrinin bərpası uğrunda daha qətiyyətlə
hərəkət edən Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanın müstəqilliyinin mühüm
atributlarından olan üçrəngli dövlət
bayrağımız Naxçıvan Ali Məclisi
binasının üzərində dalğalanmağa
başladı. Blokada vəziyyətinə alınmış
Naxçıvana Heydər Əliyevin gərgin zəhməti nəticəsində
yardımlar edilmişdir. Nəhayət, Heydər Əliyevin tələbi
ilə imperiya qoşunları Naxçıvanı tərk etməyə
məcbur oldu. Bu isə de-fakto Naxçıvanda Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunması demək
idi.1991-ci ilin payızında Azərbaycanın dövlət
müstəqilliyinin əldə edilməsində Heydər
Əliyevin mühüm rolu oldu.
1992-ci ilin oktyabrında respublikanın 91 nəfər
ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər
Əliyevə müraciət etdi. Heydər Əliyevin rəhbərliyi
altında Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu
öndərin qeyd etdiyi kimi: “Bizim partiya sağlam
düşüncə, sağlam fikir — xalqı birləşdirmək
və Azərbaycanın o mürəkkəb həyatında
ölkənin problemlərinin həll olunmasında iştirak
etmək, öz xidmətlərini göstərmək məqsədi
ilə yarandı”.
1992-1993-cü illərdə Azərbaycanın
başı üzərini yenidən dövlət müstəqilliyini
itirmək təhlükəsi aldı. Belə bir vəziyyətdə
– 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli
tələbi ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal
Azərbaycanın başı üzərini alan təhlükənin
aradan qaldırılması və dövlət müstəqilliyimizin
bir də əldən verilməməsi üçün
bütün gücünü səfərbər etdi.
1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanın
müstəqil dövlətçilik ənənələrinin
inkişaf etdirilməsi, möhkəmləndirilməsi və
onun dünya dövlətləri sırasında öz layiqli
yerlərindən birini tutması sahəsində yeni bir mərhələ
başlandı. Onun hakimiyyətə qayıdışı ilə
milli ideologiyamızın əks olunduğu dövlətçilik
konsepsiyası hazırlandı. Ən mühüm problemimiz
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində də
mühüm addımlar atıldı. Ulu öndər xarici
ölkələrə səfərləri zamanı əsas
diqqəti bu münaqişəyə yönəldərək,
Ermənistanın işğalçılıq siyasətini
dünyaya bəyan etdi. Azərbaycan ətrafında
yaradılan informasiya blokadasının yarılması Heydər
Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən
biri idi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın
bir sıra problemlər yaşamasında ölkəmiz
haqqında məlumatsızlıq da mühüm rol
oynamışdı. 1992-ci ildə ölkəmizə
qarşı tətbiq olunan “Azadlığı Müdafiə
Aktı”na ədalətsiz 907-ci düzəliş də bu məlumatsızlığın
və əməli fəaliyyət sərgiləməməyin
nəticəsi idi. Bu düzəlişin ölkəmizə
maddidən çox, mənəvi ziyanını önə
çəkən ulu öndər dünyanın ən
nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan
həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl
mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırdı. Erməni yalanları faktlarla ifşa
olundu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə
razılıq əldə edildi. 1994-cü ilin sentyabr
ayının 20-də isə xarici ölkələrin neft
şirkətləri ilə Xəzərin neft və qazla zəngin
strukturlarının işlədilməsi barədə
“Əsrin müqaviləsi” adlı tarixi sənəd
imzalandı. Bununla da Azərbaycanın iqtisadi cəhətdən
daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin
təmini üçün daha uğurlu tədbirlər həyata
keçirməyə imkan verdi. Xəzər neftinin dünya
bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft,
həmçinin Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin
işə düşməsi Azərbaycanın dövlət
müstəqilliyinə verilən daha bir töhfə oldu.
Heydər Əliyevin rəhbərliyi altında
hazırlanaraq 1995-ci ildə keçirilən ümumxalq
referendumunda qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar
respublika kimi dövlət mexanizminin əsasını qoydu .
Konstitusiyanın qəbulu Azərbaycanın zəngin dövlətçilik
tarixinin, dövlətin bir suveren təsisat kimi mövcudluğunun
təsdiqi idi.
Ulu öndərimiz neftdən əldə olunan gəlirlərin
iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini,qeyri
neft sektorunda yeni istehsal müəssisələrinin
yaradılması yolu ilə yeni iş yerlərinin
açılması,bir sözlə,əhalinin sosial müdafiə
tədbirlərinin gücləndirilməsini özünün
iqtisadi siyasətində daimi prioteritet vəzifə kimi nəzərdən
keçirmişdir."İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir" prinsipinə əsaslanaraq
siyasət həyata keçirən Heydər Əliyev iqtisadi
inkişafda demokratikləşmə prosesinə mühüm əhəmiyyət
verməklə, iqtisadi tərəqqini digər sahələrin
inkişafına təkan verən aparıcı qüvvə
hesab edirdi. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun
yaradılması haqqında” 29 dekabr 2000-ci il tarixli fərman
da məhz bu ali məqsədlərin həyata keçirilməsinə
xidmət etmişdi.Fondun fəaliyyətinin başlıca məramını
neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərindən
indiki və gələcək nəsillərin mənafeyi naminə
məqsədyönlü istifadə təşkil edir. Heydər
Əliyevin dövlət quruculuğu sahəsindəki əsas
xidmətlərindən biri və bəlkə də ən əsası,
sağlam qüvvələri səfərbər edərək
güclü dövlət strukturları yaratması, müstəqilliyimizin,
daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan
dövlət aparatı formalaşdırmasıdır.
Azərbaycan gənclərinin müasir, inkişaf
etmiş, yüksək intellektli aparıcı qüvvə kimi
formalaşmasında ulu öndərin böyük səyi
olmuşdur. Heydər Əliyevin fərmanı ilə
1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm
Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin
forumunun keçirilməsi təşəbbüsünü irəli
sürmüş, 2 fevral 1996-cı il tarixində müstəqil
Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.
Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev şəxsən iştirak etmişdir. 1 fevral 1997-ci
il tarixində forumun ildönümü münasibətilə gənclərin
bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan
Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam
imzalamışdır. 1999-cu ildə Heydər Əliyev tərəfindən
imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman
bu sahəyə Prezident səviyyəsində böyük
önəm verildiyinin təzahürü idi.
Ümummilli lider demokratik, sivilizasiyalı cəmiyyətdə
insan hüquqlarının qorunmasını,
çoxpartiyalı sistemin yaradılmasını, müxalif
qüvvələrlə konstruktiv əməkdaşlıq
baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 1993-2003-cü illərdə insan hüquq və
azadlıqlarının müdafiəsi üçün
möhkəm təməl
formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə
ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası
ləğv olundu. Bu gün dünyanın bir çox
qabaqcıl ölkələrində belə, ölüm cəzasının
hələ də ləğv olunmadığını və
mütəmadi olaraq tətbiq edildiyi nəzərə
alınsa, ulu öndərin bu addımının nə dərəcədə
böyük hüquqi, tarixi dəyər
daşıdığı aydın olar. 1995-ci ildən əfv
və amnistiya təsisatları bərpa edilmiş, həmin
dövrdən etibarən imzalanmış sərəncam və
fərmanlara əsasən minlərlə vətəndaşımız
azadlığa qovuşmuşdur. 1998-ci il avqust ayının
6-da ulu öndərimiz Heydər Əliyevin
imzaladığı xüsusi sərəncamla Azərbaycanda
senzuranın aradan qaldırılması ilə mətbuatın
inkişafı nəzərə çarpmağa
başladı. 1999-cu ildə “KİV haqqında” Azərbaycan
Respublikasının Qanununun, digər hüquqi-normativ
aktların qəbulu həyata keçirilib .
Müttəfiq respubliklar arasında birinci olaraq aqrar
isalahat Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda
keçirildi. Torpağın böyük bir hissəsi öz
sahiblərinə qaytarıldı. Beləliklə, ərzaq
probleminin həllinə, həm də rayonların əhalisində
olan maddi və maliyyə vəsaitindən istehsalın
inkişafı üçün istifadə edilməyə
şərait yarandı.
2001-ci il noyabrın 9-10-da ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının
I qurultayının keçirilməsi soydaşlarımızla
həmrəyliyin təmin edilməsinə, Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas
amil olan diasporun təşkilatlanması üçün
hüquqi bazanın əsasının qoyulmasına,
görüləcək işlərin bir mərkəzdən
idarə olunması üçün Diasporla İş üzrə
Dövlət Komitəsi yaradılmasında baza rolunu
oynadı.
Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf
prioritetlərini düzgün müəyyənləşdirərək
sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə,
demokratik dəyərlərin daha möhkəm intişar
tapmasına, insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatına hər zaman
xüsusi diqqətlə yanaşmışdır. Prezident Heydər
Əliyev beynəlxalq təşkilatlar və Avropanın
mötəbər təşkilatları ilə səmərəli
və işgüzar əlaqələrin qurulmasına
mühüm diqqət yetirirdi. Azərbaycan liderinin NATO,
ATƏT, Avropa İttifaqı kimi beynəlxalq qurumların
işində fəal iştirakı da, heç şübhəsiz,
Azərbaycanın xarici siyasətinin uğurları və
ölkəmizin nüfuzunun göstəricisi sayıla bilər.
Heydər Əliyev tərəfindən əsası
qoyulan balanslı xarici siyasət konsepsiyasının
uzaqgörənliyi ondan ibarətdir ki, bu, müasir dövrdə
Azərbaycan dövləti qarşısında duran problemləri
həll etməyə qadir olan yeganə konsepsiyadır. Ulu
öndərin qətiyyəti nəticəsində Azərbaycan
Respublikası 2002-ci ildə Avropa Şurasına tamhüquqlu
üzv qəbul edilərək ümumavropa ailəsinə
qovuşmuş və burada öz layiqli yerini tutmuşdur.
Müasir Azərbaycanın inkişaf modelinin təzahürlərindən
biri də azərbaycançılıq ideologiyasıdır.
Ümummilli lider Heydər Əliyev milli ideyanın
yaranması, xalqa çatdırılması istiqamətində
xalqımıza çox böyük, əhəmiyyətli bir
elmi irs qoyub getdi. Hansı ki, onun üzərində bu gün
müstəqil Azərbaycan dövləti sürətlə
inkişaf edir.
Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin
inkişafına verilən əvəzolunmaz töhfələr
məhz ulu öndər Heydər Əliyev şəxsiyyətində
ən yüksək zirvəyə çatdı. Xalqına,
onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər
Əliyev şəxsiyyətini ideal səviyyəyə
qaldırdı.
Heydər Əliyev bütövlükdə türk
dünyasının böyük dövlət xadimi, eyni zamanda
müasir dövrdəki dövlətçiliyin yeni
tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsi bu gün bütün dünyada etiraf
olunur, hörmətlə qarşılanır və yüksək
qiymətləndirilir. Ümummilli lider bizim üçün
elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan
mükəmməl bir dövlətçilik konsepsiyası
yaratmış, dövlət idarəçiliyi sahəsində
zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun
dövlətçilik ideyalarının elmi-nəzəri əsasları
təkcə bu gün üçün deyil, gələcək
üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan
Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf
edir. Ulu öndərin dövlət idarəçiliyi məktəbinin
ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə
nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü,
səriştəli və cəsarətli Prezidentimiz İlham
Əliyev atdığı addımlarda Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmişdir.
Qazanılan hər bir uğur isə ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu dövlətçilik
strategiyasının əməli nəticəsi kimi diqqət
çəkir. Ulu öndərin qeyd etdiyi “Azərbaycan
dünyaya Günəş kimi doğacaq” fikri artıq öz təsdiqini
tapmaqdadır.
Nailə
MƏMMƏDOVA,
“Azerbaijan
Realities” analitik təhlil qrupunun üzvü
Xalq qəzeti.-
2014.- 13 iyul.- S.3.