Ulu öndərimiz sadəliyin nümunəsi idi

 

Mən bu sətirləri “Xalq qəzeti” redaksiyasına may ayının əvvəlində - ümummilli liderimizin ad günü ərəfəsində təqdim etmək istəyirdim. Sonra fikrimdən daşındım. Çünki həmin ərəfədə və Qurtuluş Günündə  bütün qəzetlərdə ümummilli liderimiz barədə görkəmli şəxsiyyətlərin çoxsaylı məqalələri verilir. Etiraf edək ki, oxucular həmin günlərdə daha çox tanınmış imzalarla verilən yazılara maraq göstərirlər. Ona görə də bir ağsaqqal, əmək veteranı, öz ata-baba yurdundan məcburən didərgin düşmüş, eyni zamanda, Heydər Əliyev şəxsiyyətinə və siyasətinə könüldən bağlanmış bir vətəndaş kimi qələmə aldığım bu sətirləri redaksiyaya məhz indi təqdim edirəm. Əminəm ki, redaksiya mənim ürək sözlərimin möhtərəm oxuculara çatdırılmasına yardımçı olacaq.

 

Məktubumun məğzi budur ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlət xadimi və misilsiz lideri olduğu kimi, həm də Azərbaycan ziyalılığının ən ali nümunəsi, başqa sözlə, əsl azərbaycanlı idi. Mən bu fikirləri  haradansa oxuduqlarım və ya  eşitdiklərimdən deyil, bilavasitə şəxsi müşahidələrim əsasında yazır və öncədən qeyd edirəm ki, Heydər Əliyevin müasiri olmaq , onun iştirak etdiyi tədbirlərdəki texniki təşkilatçılardan biri kimi fəaliyyət göstərmək mənim bəxtimin ən urvatlı səhifələridir.

Mən 1938-ci ilin sentyabrında Füzuli şəhərində dünyaya gəlmişəm. Bakı Elektrorabitə Texnikumunun məzunuyam. Orta texniki təhsil aldıqdan sonra öz rayonumuza qayıtmış, 9 nömrəli istehsalat texnoloji rabitə qovşağında işləməyə başlamışam. Özü də, uzun illər. Sonralar ictimai işlərdəki fəallığıma görə  Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarını əhatə edən bu qovşaq  üzrə mühəndis, təhlükəsizlik texnikası mühəndisi və baş mühəndis  vəzifələrində işləyə-işləyə ilk partiya təşkilatının katibi seçilmiş, 10 il bu vəzifəni icra etmişəm. Həmin illər partiyanın qurultaylarına, xüsusən, ulu öndərin nitqlərinə xüsusi bir məsuliyyətlə yanaşır, Heydər Əliyevin Azərbaycanı daha da gücləndirmək istəklərini bir vətəndaş kimi alqışlayırdıq.

Ölkə rəhbərinin Füzuliyə  hər gəlişi isə təkcə rəsmi tədbir yox, həm də bizim üçün bir növ bayram olurdu. Camaat onu həqiqətən qeyri-adi bir insan kimi sevirdi. Hamı onu nə zamansa bircə dəfə görübsə, özünü xoşbəxt hesab edirdi. Mən isə ümummilli liderimizin 70-80-ci illərdə Füzuliyə etdiyi üç səfərin üçündə də texniki işlərdəki vəzifə borcumu yerinə yetirərkən onun necə sadə bir insan olduğunun şahidinə çevrilmişəm. Bir dəfə isə Qaraxanbəyli kəndində zəhmətkeşlərlə şəkil çəkdirərkən məni də çağırdı ki, daha çox sən əziyyət çəkirsən, sən də zəhmətkeşsən, yaxına gəlib şəkil çəkdirdik. Allah işğalçıların evini dağıtsın. Köçhaköç düşəndə o şəkil də bütün sənədlərimiz, kitab-dəftərimiz kimi qaldı evimizdə. Yəni, demək istəyirəm ki, onun diqqətindən heç nə yayınmırdı.

Qərəz,  sonralar bizim köçkünlük həyatımız başlandı. Gəldik Bakıya. Rabitə sisteminin işçisi olduğuma görə əvvəlcə Səbail Rayon Telekommunikasiya İstehsalat Birliyində, sonra isə Aztelekomda mühəndis vəzifəsində çalışdım. Qaçqın kimi yataqxana şəraitində yaşamağıma baxmayaraq,  evdə ümummilli liderimizə olan inam,  etimad və sevginin əlaməti kimi bir guşə yaratmışam. Orada milli bayrağımızla yanaşı, ulu öndərin kiçik bir büstü də var. Hər Novruzda həmin büstün ətrafında səməni göyərdir, onun ruhunun şad olması üçün dualar edirəm. Mən ona inanıram ki,  Heydər Əliyevin siyasi kursu Azərbaycanın bütün problemlərini həll edəcəkdir. Bütün bunlarla yanaşı, uzun illərdən bəri üzvü olduğum Yeni Azərbaycan Partiyasının rayon təşkilatına təkliflə müraciət etmişəm ki, qurultayda partiya biletlərimizin üzərində ulu öndərin şəklinin  olması barədə məsələ qaldırılsın. Əminəm ki, cəmiyyətdən və hökumətdən heç bir diləyi olmayan 76 yaşlı bir ağsaqqalın bu təklifi səmimi qarşılanacaqdır.

 

Əzim ŞƏRİFOV,

Füzuli şəhərindən məcburi köçkün

 

Xalq qəzeti.- 2014.- 13 iyul.- S.3.