Prezident İlham
ƏLİYEV:
Azərbaycanda sosial vəziyyət dünyanın
aparıcı ölkələrindən geri
qalmamalıdır
Buna nail olmaq üçün bütün imkanlarımız var
Sosial məsələlərin həlli bu
altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı
artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da
artacaqdır. Sosial infrastruktur layihələr
icra edilir. Səksəndən çox təhsil müəssisəsi,
qırxdan çox səhiyyə ocağı təmir olunur,
tikilir. ... Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində
ciddi islahatlar aparılır, şəffaflıq təmin
edilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü
ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlətimizin başçısı
çıxış edərək altı ay ərzində
ölkədə gedən iqtisadi, siyasi və sosial məsələlərə
münasibət bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanda
iqtisadi və sosial islahatların düzgün istiqamətdə
aparılması sosial məsələlərin həlli
üçün vacib və başlıca şərtdir.
Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox
ciddi sosial proqramlarla da təmin edilməlidir. Bu məsələləri
hərtərəfli təhlil edən ölkə rəhbəri
bildirmişdir: “Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir.
İslahatlar şəffaflıq nöqteyi-nəzərindən
daha da dərinləşəcəkdir. Dünyanın
aparıcı ölkələrinin bu sahədə
böyük təcrübəsi vardır. Biz
bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq
edirik. Azərbaycanda sosial vəziyyət
dünyanın aparıcı ölkələrindən geri
qalmamalıdır. Buna nail olmaq
üçün bütün imkanlarımız var”.
Azərbaycan Prezidenti dəfələrlə
bəyan etmişdir ki, dövlət bütün sahələrdə
olduğu kimi, sosial məsələlərin həllində də
siyasətini düzgün istiqamətdə
formalaşdırmışdır. Əhalinin
gəlirləri artmış, inflyasiya azalmış, aztəminatlı
təbəqənin problemləri daim diqqət mərkəzində
olmuşdur. Sosial proqramların icrası davamlı proses
kimi dövlət büdcəsində nəzərdə
tutulmuş və insanların sosial təminatına kömək
məqsədinə yönəlmişdir. Toplantıda
dövlət başçısı əlilliyi olan şəxslərin
və sosial cəhətdən həssas olan digər əhali
kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsinin
həmişə nəzarətdə saxlandığını
diqqətə çatdırmışdır.
İclasda dövlət
başçısının ölkədə makroiqtisadi
sabitliyi və sürətli sosial-iqtisadi tərəqqini təmin
edən uğurlu siyasətində işçi
hüquqlarının etibarlı təminatı mexanizminin
müasir tələblərə uyğun qurulması məsələsinə
xüsusi diqqət yetirilmişdir. Onun
imzaladığı 2014-cü il 3 fevral tarixli fərman ölkədə
əmək münasibətlərinin rəsmiləşdirilməsində
keyfiyyətcə yeni bir mərhələ açmış, əmək
müqavilələrinin bağlanmasında formal
yanaşmalardan irəli gələn və işçinin gələcək
sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq
hallarına gətirib çıxaran stereotiplərin aradan
qalxmasına, əmək bazarına dövlət nəzarətinin
xeyli güclənməsinə şərait
yaratmışdır. Qeyd edilmişdir ki, əmək
münasibətlərinin rəsmiləşdirilməsi
üçün yalnız əmək müqaviləsinin
bağlanması deyil, bağlanmış əmək
müqaviləsi barədə bildirişin elektron informasiya
sistemində (EİS) qeydiyyata alınması və bu barədə
işəgötürənə elektron qaydada məlumat
göndərilməsi əsas şərt kimi irəli
sürülür. Bununla da əmək
münasibətlərinin elektron qeydiyyatı mexanizmi
formalaşdırılır ki, bu da işçi və işəgötürənlər
arasında bağlanmış hər bir əmək müqaviləsinin,
həmin müqavilədə əmək münasibətləri
üçün müəyyən edilən şərtlərə
əməl olunmasına birbaşa və çevik formada
dövlət nəzarətinin həyata keçirilməsinə
imkan yaradır.
Dövlət başçısının
tapşırığına uyğun olaraq, EİS-in proqram təminatının
hazırlandığı və sınaq işləri nəticəsində
təkmilləşdirildiyi, işəgötürənlərin
qeyd olunan bildirişləri e-imza vasitəsilə asan formada
EİS-ə daxil edə bilmələri və 1 iş
günündən gec olmayaraq qeydiyyatdan keçirmələri
üçün ƏƏSMN-də bütün texniki imkanlar
yaradılmışdır.
Əmək Məcəlləsinin 43-cü
maddəsinə edilən dəyişikliklərə əsasən,
əmək müqaviləsi bildirişinin qeydiyyata
alınması üçün müqavilədə
işçi barədə məlumatlara onun şəxsiyyətini
təsdiq edən sənədin fərdi identifikasiya kodu
(FİN) barədə məlumatlar da əlavə edilməlidir. Həmçinin
işəgötürən barədə məlumatlara
sığortaedənin uçot nömrəsinin (SUN), dövlət
sosial sığorta şəhadətnaməsinin nömrəsinin
(SSN), şəxsiyyətini təsdiq edən sənədin pin
kodunun və ya fərdi identifikasiya nömrəsinin (FİN) əlavə
edilməsi tələb olunur. Həmin məlumatlar
əmək müqaviləsi bildirişlərinin EİS-ə
daxil edilməsini asanlaşdıracaq. Digər
tərəfdən, burada məlumatların təhlükəsizliyi
təmin olunur.
İclasda əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov bu sahədə
aparılan islahatların əmək bazarına dövlət nəzarətinin
səmərəli və çevik formada təşkilinə
xidmət etdiyini bildirmiş və qeyd etmişdir ki, əsas məqsəd
işçilərin əmək hüquqlarının təminatına
nəzarət imkanlarını artırmaq, qeyri-leqal əməyin
qarşısını almaqdır. O, diqqətə
çatdırmışdır ki, bağlanmış
bütün əmək müqavilələri barədə məlumatlar
artıq ƏƏSMN-nin elektron informasiya sistemində yerləşdirilmiş
və həm işəgötürənin, həm də
işçinin bu müqavilələrdə müəyyən
olunmuş öhdəliklərdən yayınmaları
mümkün olmayacaq. Eyni zamanda, işçilərin
gələcək sosial təminat hüquqlarının
müdafiəsi, sosial sığorta haqları və vergi
daxilolmalarının artırılması üçün əsas
formalaşacaq.
Onu da qeyd etmək lazımdır ki, əmək
müqaviləsi bildirişinin EİS-ə daxil edilməsi ilə
bağlı işəgötürənlərə metodiki
kömək göstərilməsini təmin etmək məqsədilə
Dövlət Əmək Müfəttişliyi Xidmətinin
(DƏMX) bütün regional müfəttişliklərində
yardım masaları fəaliyyətə
başlamışdır. Həmin yardım
masalarında DƏMX-nin müfəttişləri tərəfindən
əmək müqaviləsi bildirişinin elektron informasiya
sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə
iş günü ərzində metodiki kömək göstəriləcək
və belə masalar əmək müqaviləsi bildirişi
üzrə məlumatların EİS-ə daxil edilməsi
prosesi başa çatana kimi fəaliyyətdə olacaqdır.
Əmək müqaviləsi bildirişinin forması və onun
elektron informasiya sisteminə daxil edilməsi qaydaları,
bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış bildirişin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı qaydalar,
bildiriş üzrə EİS-dən istifadə üzrə
metodiki göstərişlər nazirliyin rəsmi internet
saytında yerləşdirilmişdir.
Dövlət başçısının
tapşırığı və nəzarəti ilə sosial
problemlərin həlli yönümündə görülən
işlərdən biri də, Əmək və Sosial Problemlər
üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ilə
Türkiyənin analoji qurumu arasında
qarşılıqlı əməkdaşlıq barədə
razılıq əldə olunmasıdır. Belə
ki, mərkəzin nizamnaməsində və strukturunda dəyişikliklərin
aparılması və təkmilləşdirilməsi məqsədilə
xarici ölkələrin müvafiq qurumları və beynəlxalq
təşkilatlarla əməkdaşlıq əlaqələrinin
gücləndirilməsinə başlanılmışdır.
Mərkəzin fəaliyyət istiqamətlərinə
uyğun olaraq xarici ölkələrin müvafiq
qurumlarının strukturlarının, funksiya və vəzifələrinin
öyrənilməsi əsasında mütərəqqi
islahatların aparılması ilə bağlı layihə və
təkliflər hazırlanır. Əldə olunmuş
razılaşmaya əsasən, mərkəzin əməkdaşları
Türkiyənin Əmək və Sosial Müdafiə
Nazirliyinin Əmək və Sosial Müdafiə üzrə Tədris
və Araşdırma Mərkəzinin (ÇASGEM) strukturu, fəaliyyəti,
funksiya və vəzifələri ilə yaxından
tanışlıq və təcrübə mübadiləsi məqsədilə
Ankara şəhərində rəsmi səfərdə
olmuşlar. ÇASGEM ilə birgə sosial
müdafiə sahəsində araşdırma və təhlillərin
aparılması, nəticəsinin siyasətə yönəldilməsi
və yekun olaraq siyasi təkliflərin hazırlanaraq nazirliklərə
təqdim olunması, hər iki mərkəzin əməkdaşlarının
ixtisaslarının artırılması istiqamətində beynəlxalq
təşkilatlarla layihələrin həyata keçirilməsi
barədə qarşılıqlı razılaşma əldə
edilmişdir.
Ali məktəbləri bitirən gənclərin
ixtisaslarına uyğun iş yerləri ilə təmin
olunması məqsədilə Dövlət Məşğulluq
Xidməti “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq
tədbirləri həyata keçirmişdir. Belə tədbirlərdən
birində 35-i qeyri-dövlət sektoruna aid 40 müəssisə
tərəfindən 330 boş iş yeri tələbə və
məzunların seçiminə təqdim olunmuşdur. Həmin
boş iş yerlərindən 298-i özəl sektora aid müəssisələrdədir.
Aktiv məşğulluq tədbirində ölkədə ilk dəfə
olaraq tələbələrlə və ali
təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə
başlamaq ərəfəsində olan məzunlarla boş
iş yeri təqdim edən müəssisələrin nümayəndələri
arasında əlaqələr yaradılmışdır. Həmçinin tələbə və məzunlar
mövcud əmək bazarında peşə və ixtisaslara
olan tələbat barədə məlumatlar əldə
etmişlər. Tədbir zamanı boş
vaxtları ərzində müvəqqəti xarakterli işlərlə
təmin olunmaq istəyən şəxslər Səyyar Əmək
Birjası tərəfindən qeydiyyata alınmışlar.
Bu ilin aprel-may aylarında ölkənin 7 ali
təhsil müəssisəsində tələbə və məzunlar
üçün aktiv məşğulluq tədbiri
keçirilmiş, 619 nəfərə boş iş yerlərinə
göndəriş verilmişdir. 163 nəfər
peşə hazırlığı kurslarına, 162 nəfər
müvəqqəti xarakterli işlərə cəlb
olunmaları üçün qeydiyyata alınmış, 2560 nəfərdən
CV-lər qəbul olunmuşdur.
İclasda əlilliyi olan şəxslərə
göstərilən xüsusi dövlət qayğısı
da diqqətdə saxlanılmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 30
aprel 2014-cü il tarixli “1941-1945-ci illər
Böyük Vətən müharibəsi əlillərinin və
onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla
təmin edilməsi sahəsində əlavə tədbirlər
haqqında” sərəncamının icra edildiyi
vurğulanmışdır. Bildirilmişdir ki, həmin
kateqoriyaya aid əlilliyi olan şəxslərə minik
avtomobillərinin verilməsi prosesi davam edir. Belə ki, iyunda 200 nəfər, iyulda isə bu ilin əvvəlinədək
növbədə duran daha 100 nəfər 1941-1945-ci illər
Böyük Vətən müharibəsi əlilinə və
onlara bərabər tutulan şəxslərə “Naz-Lifan”
markalı minik avtomobili verilmişdir. 2014-ci il yanvarın 1-dək növbəyə duran
Böyük Vətən müharibəsi əlillərinin, hərbi
xidmət vəzifələrini yerinə yetirərkən əlil
olanların və Çernobıl əlillərinin avtomobillə
təminatının avqust ayında
yekunlaşdırılması planlaşdırılır.
Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli sərəncamı da icra olunmuş,
aprel-may aylarında 2014-cü ilin əvvəlinədək
növbəyə dayanmış 677 nəfər Qarabağ
müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə
tam təminatı başa
çatdırılmışdır.
Ölkə başçısının
diqqət və qayğısının bariz nümunəsi
kimi, əlillərin respublikanın müxtəlif istirahət
mərkəzlərində istirahətinin təmin edilməsini
də göstərə bilərik. Son dəfə
76 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs
Nabran istirahət mərkəzinə yola
salınmışdır. Ümumiyyətlə
isə son ay yarım ərzində 627 nəfər əlilliyi
olan şəxs ölkənin Lənkəran və Xaçmaz
rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə
istirahətə göndərilmişlər. “2014-ci ildə
əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların sosial müdafiəsi və reabilitasiyası
Proqramı”na uyğun olaraq, ümumilikdə
1062 nəfər əlilliyi olan şəxsin Lənkəran,
Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərinə
göndərilməsi nəzərdə tutulmuşdur. İstirahət mərkəzlərində əlilliyi
olan şəxslərə xüsusi proqram çərçivəsində
tibbi və fizioterapevtik müalicə prosedurları göstərilir.
Latviya Respublikasının Yurmala şəhərindəki
“Vaivari” Milli Mərkəzinə göndərilmiş 26 nəfərə
də bərpa müalicə xidməti göstərilir. Mərkəzdə uşaqların sağlamlıq
imkanları məhdudluğunun kəskin formalarının
aradan qaldırılmasına yönələn səmərəli
fizioterapevtik müalicə üsulları tətbiq olunur.
Bu il “Vaivari”-yə 86 nəfər
sağlamlıq imkanları məhdud uşaq göndərilmişdir
və daha 20 nəfər uşağın həmin mərkəzə
göndərilməsi planlaşdırılır. Ötən
illə müqayisədə bu il 35 faiz
çox, yəni 106 nəfər bu qəbildən olan
uşağın xaricdə müalicəsi nəzərdə
tutulmuşdur.
Respublikanın rayonlarında vətəndaşların
sosial problemlərini nəzərə alıb Bakı
Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki
briqadası tərəfindən bölgələrdə əlillərə
xidmət göstərilməsinə
başlanılmışdır. İyulun 23-də mərkəzin səyyar
tibbi-texniki briqadası Qəbələ və Oğuz, iyulun
24-də Şəki və Qax, iyulun 25-də isə Zaqatala və
Balakən rayonlarında olacaq və briqada tərəfindən
həmin bölgələrdə əlilliyi olan şəxslərə
protez-ortopedik bərpa xidməti göstəriləcək. Artıq qeyd olunan rayonlar üzrə
aşağı və yuxarı ətraf protezləri ilə təmin
olunacaq ümumilikdə 132 nəfər əlilliyi olan şəxsin
və sağlamlıq imkanları məhdud uşaqların
qeydiyyatı aparılmışdır. Eyni zamanda, bu təbəqədən
olan şəxslərin ayrı-ayrı reabilitasiya vasitələrinə
olan ehtiyaclarının aradan qaldırılması da
planlaşdırılıb. Tədbir qeyd olunan
şəxslərin protez-ortopediya məmulatlarından
ötrü Bakıya gəlmək kimi çətinliklərin
aradan qaldırılmasına, onların bu məmulatlarla yerindəcə
və daha operativ təmin olunmasına xidmət edir. Ötən
ilin dekabr ayında yaradılmış səyyar tibbi-texniki
briqadalar tərəfindən indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan,
Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara,
Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət
sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına
olan ehtiyacları aradan qaldırılmışdır.
Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən
çox əlil şəxsə və sağlamlıq
imkanları məhdud uşağa səyyar formada
protez-ortopedik bərpa xidməti göstərilmişdir və
gələcəkdə bu cür səyyar protez-ortopediya xidmətinin
ölkənin digər bölgələrində də həyata
keçirilməsi nəzərdə tutulur.
İclasda
bildirilmişdir ki, dövlət başçısının əhalinin
sosial məsələlərinə göstərdiyi xüsusi
diqqətin nəticəsidir ki, ƏƏSMN-də yenidənqurma
və bir sıra təkmilləşdirmə işləri
aparılmış, ayrı-ayrı sosial təminat növlərindən
istifadə üçün tələb edilən sənədlərin—son
vaxtlar müvafiq qanunvericiliklərə edilmiş dəyişikliklər
nəzərə alınmaqla TSEK-lər tərəfindən
ilkin və ya təkrar əlillik müayinəsinin
aparılması üçün, həmçinin dövlət
hesabına mənzil, minik avtomobili, reabilitasiya vasitələri,
sanator-kurort yollayışları ilə təmin olunmaq
üçün və ünvanlı dövlət sosial
yardımı almaq üçün tələb olunan sənədlərin
siyahıları sayta yerləşdirilmişdir. Saytda
əlilliyi olan şəxsin dövlət tərəfindən
pulsuz verilmiş avtomaşını səhhəti ilə əlaqədar
idarə edə bilmədiyi halda həmin avtomaşının
idarə olunmasını digər şəxsə həvalə
etmək üçün tələb olunan sənədlərin
siyahısı ilə də tanış olmaq olar.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2014.- 13 iyul.- S.1-2