Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə
gəlişinin 45-ci ildönümü regionlarda
qeyd olunur
Suraxanı
Suraxanı rayonundakı Heydər
Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və Yeni
Azərbaycan Partiyası rayon təşkilatının
birgə təşkilatçılığı ilə
keçirilən tədbir Yeni Suraxanı
qəsəbəsinin “14 iyul” küçəsində
ulu öndərin siyasi
hakimiyyətə gəldiyi günü tərənnüm
etdirən xatirə kompleksinin nümayişi ilə
başlanmışdır.
İctimaiyyət nümayəndələrinin
hər il 14 iyul tarixində xatirə kompleksini ziyarət etməsi
artıq bir ənənə halını almışdır. Xatırladaq ki, bu kompleks 2008-ci ildə rayon icra hakimiyyəti
başçısı yanında şuranın üzvlərinin
təşəbbüsü ilə yaradılmışdır.
Tədbir
iştirakçıları ümummilli liderin adını daşıyan parkda ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, “Gözəl şəhər: Bakı riqalıların gözü ilə” adlı fotosərgisinə
baxdıqdan sonra Heydər Əliyev Mərkəzinin
elektron lektoriya
zalında ulu öndərin siyasi hakimiyyətə gəlişinin 45 illiyi münasibətilə konfrans
öz işinə
başlamışdır. Tədbiri giriş sözü ilə
açan rayon icra hakimiyyəti başçısının
müavini Sevinc Hüseynova qeyd etmişdir ki, 14 iyul xalqımızın tarixi
taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və
heç vaxt unudulmayacaq günlərin sırasına həkk
olunmuşdur.
Sevinc Hüseynova Azərbaycanı
müstəqil dövlət quruculuğuna
aparan yolun məhz
1969-cu il iyulun 14-dən
– xalqımızın böyük oğlu Heydər Əliyevin ilk
dəfə hakimiyyətə gəlişindən sonra başlandığı xüsusi
vurğulamışdır.
Natiq bildirmişdir ki, dahi şəxsiyyətin
yorulmaz fəaliyyəti nəticəsində
1970-1981-ci illər Azərbaycanın quruculuq
salnaməsinin ən parlaq səhifəsini
təşkil etmişdir.
İcra hakimiyyəti başçısının müavini xatırlatmışdır ki, ümummilli liderin hakimiyyətdə
olduğu həmin illər respublikanın
hər yerində olduğu kimi,
Suraxanı rayonunda da
iqtisadiyyatın sürətli inkişafı baxımından
xüsusilə yadda qalmışdır. O vaxt rayonda böyük quruculuq işləri görülmüş,
yeni istehsal müəssisələri
fəaliyyətə başlamış, bir
çox sosial təyinatlı
obyekt, o cümlədən
təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş,
yeni yollar,
körpülər salınmışdır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva
qeyd etmişdir ki, tarix uzaqlaşdıqca
Heydər Əliyev dühasının əzəməti, onun şəxsiyyətinin böyüklüyü
daha aydın dərk edilir.
Əslində, bu qeyri-adi
şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki
ulu öndərin layiqli
davamçısı Prezident İlham
Əliyev Heydər Əliyevin şah əsəri
olan müstəqil Azərbaycanı məhz
onun miras qoyduğu dövlətçilik prinsipləri
ilə idarə edir, ümummilli
liderin imkan tapıb həyata
keçirə bilmədiyi ideyaları tarixə çevirir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon
təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir
ki, Heydər Əliyevin ömür
yoluna, dövlət
başçısı kimi fəaliyyət
dövrünə nəzər salsaq, onun Azərbaycan xalqına misilsiz
xidmətlərinin parlaq nümunələri
gözlərimiz önündə canlanar.
Bakı
Dövlət Universitetinin tələbəsi
Sevda Kərimli, 114 nömrəli tam orta məktəbin 11-ci
sinif şagirdi Famil Şirəliyev öz
çıxışlarında bildirmişlər ki, bu gün
ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında düşünülmüş və məqsədyönlü
gənclər siyasəti uğurla həyata keçirilir.
Sonda Suraxanı rayonundakı Heydər
Əliyev Mərkəzinin sifarişi ilə
hazırlanmış “Əyilməz iradə” filmi
nümayiş etdirilmişdir.
Nərimanov
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
gəlişinin 45-ci ildönümü
paytaxtın Nərimanov rayonunda da əsl ümumxalq
bayramı kimi
qeyd olundu. Bu münasibətlə
metronun “Nəriman Nərimanov”
stansiyasının yanındakı parkda
möhtəşəm bayram konserti təntənəli şəkildə keçirildi.
Bayram tədbirində qeyd olundu ki, ulu
öndər Heydər Əliyev öz
xalqının taleyində müstəsna rol
oynayan, Vətənin ağır
günündə xilaskarlıq və quruculuq
missiyasını üzərinə götürərək
çətin və kəşməkeşli mücadiləsini
qələbə ilə başa vuran siyasət
dahilərindən biridir. Dahi şəxsiyyət Heydər
Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik
etdiyi illərdə daim
ölkəmizin inkişafı naminə, xalqın gələcəyi
uğrunda əlindən gələni etmiş, Azərbaycan tarixini,
ensiklopediyasını, dilini, ədəbiyyatını,
hərbi və təhlükəsizlik sistemini,
elmini, kənd təsərrüfatını,
sənayesini inkişaf etdirmişdir.
Bildirildi ki, Azərbaycan
1991-ci ildə müstəqillik əldə etdikdən sonra Heydər
Əliyevə böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan
xalqı çətin bir şəraitdə
onu ölkə rəhbərliyinə gətirmişdir.
Yalnız Heydər Əliyev fenomeni
bu ağır məsuliyyətin öhdəsindən
gələ bildi və onun
fövqəladə siyasi iradəsi, zəngin
dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində
xalqımız və dövlətimiz onu
gözləyən böyük bəlalardan
və təhlükələrdən xilas oldu.
Ümummilli liderimizin gərgin əməyi
sayəsində ölkədə siyasi zərurətə
çevrilmiş ictimai-siyasi
sabitlik 90-cı illərin ortalarından
etibarən təmin edilmiş, bununla da, gələcək
uğurların əsası qoyulmuşdur.
Müstəqil Azərbaycanın memarı və
qurucusu Heydər Əliyevin 1993-2003-cü
illərdə ölkəyə rəhbərliyi dövründə
konstitusiya qəbul edilmiş,
respublikada ölüm
hökmü ləğv olunmuş,
xarici şirkətlər neft-qaz
yataqlarının birgə
işlənməsinə cəlb edilmiş
və Xəzər nefti dünya
bazarına çıxarılmışdır. Dahi rəhbərin fəaliyyəti nəticəsində
respublikada həyatın elə bir sahəsi qalmamışdır ki, orada inkişaf
və yeniliklər olmasın.
Nərimanov
rayonunda keçirilən bayram
konsertində ölkəmizin tanınmış incəsənət
ustalarının, eləcə də qardaş
Türkiyənin məşhur müğənnisi Soner
Sarıkabadayının ifa etdikləri rəngarəng
musiqi nömrələri paytaxt
sakinləri və şəhərimizin qonaqları tərəfindən
böyük maraqla izləndi, yüksək bayram əhval-ruhiyyəsi və hərarətlə
qarşılandı. Bayram tədbiri gecə
yarısı möhtəşəm atəşfəşanlıqla
sona çatdı.
Zaqatala
Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ilk dəfə hakimiyyətə
gəlməsinin 45-ci il dönümünə
həsr olunmuş “Milli
inkişafımızın başlanğıc günü”
adlı elmi-praktik konfrans
keçirilmişdir.
Tədbir Azərbaycan
Respublikasının Dövlət himninin səsləndirilməsi
ilə başlanmış, ulu öndərin
həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilmişdir. Sonra rayon icra
hakimiyyətinin başçısı Mübariz
Əhmədzadənin “Milli
inkişafımızın başlanğıc günü”
adlı geniş məruzəsi dünya şöhrətli siyasi
xadimin Vətən və xalq
qarşısındakı xidmətlərindən, zəngin
dövlət idarəçiliyi təcrübəsindən
danışmış, ölkəmizin
müstəqilliyinin qorunub saxlanmasında,
Azərbaycanın parçalanma təhlükəsindən
xilas edilməsində,
iqtisadiyyatımızın, elm və təhsilimizin
inkişafında, respublikamızın dünya
birliyinə inteqrasiyasında müstəsna rolunu
nəzərə çatdırmış, həmçinin ulu öndərimizin respublikamızın bu günü
və gələcəyi naminə müəyyənləşdirdiyi
inkişaf strategiyasının əhəmiyyətini
vurğulamışdır. Natiq ümummilli liderimizin
siyasi xəttinin bu gün də dövlətimizin
başçısı İlham Əliyev
tərəfindən əzmlə və uğurla
davam etdirildiyini və
xalqımızı parlaq, firavan
gələcək gözlədiyini yığıncaq
iştirakçılarının diqqətinə
çatdırmışdır.
Konfransda çıxış edən digər
natiqlər ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycanın idarəçilik
sükanı arxasına keçdikdən sonra
milli dövlətçilik
ideyalarını dirçəltdiyini, xalqımızı qardaş qırğınından, vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən
xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin
xilaskarı, banisi və qurucusu
kimi daxil olduğunu qeyd etmişlər.
Həmin gün axşam Heydər Parkında rayonun incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilmişdir.
Qax
Ulu öndər Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə gəlişinin
45-ci ildönümü ilə
bağlı ümümrayon tədbiri
İçəribazarda təşkil olunmuşdu.
Tədbirdə
bayram münasibətilə rayon sakinlərini təbrik edən rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev
bildirdi ki, 45 il əvvəl
Heydər Əliyevin gəlişi ilə Azərbaycanın gələcək
müstəqilliyinə hesablanmış məqsədyönlü
tədbirlər nəticəsində xalqımızın milli şüurunun oyanışı, bütün sahələrdə sosial-iqtisadi inkişaf dövrü başladı. Respublikamız
qısa müddətdə SSRİ-nin böyük sənaye-mədəniyyət mərkəzlərindən
birinə çevrildi. Beləliklə,
80-ci illərin əvvəllərində Sovet
İttifaqının ən inkişaf etmiş ölkəsinə çevrilən Azərbaycan
artıq müstəqilliyə hazır idi.
Əslində, ulu öndərimizin memarı və qurucusu olduğu bugünkü müasir Azərbaycanın
müstəqilliyinin təməli də məhz, həmin illərdə
onun tərəfindən qoyulmuşdur.
Ona
görə də qədirbilən Azərbaycan xalqı hər
il dünya
şöhrətli siyasi xadim,
türk dünyasının böyük oğlu, ümummilli liderimiz Heydər
Əliyevin ölkəmizdə ilk dəfə
siyasi rəhbərliyə gəldiyi günü haqlı olaraq,
özünün əziz bayramı kimi qeyd edir.
Heydər Əliyevin
xalqımız qarşısındakı xidmətlərindən
biri də onun İlham Əliyev kimi siyasi varis yetişdirməsidir.
Hazırda Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə
dinamik inkişaf yolu ilə uğurla
addımlayır.
Çıxışının
sonunda rayon sakinlərinə
xoş arzularını çatdıran Musa Şəkiliyev qeyd etdi ki, Azərbaycan
xalqı yaşadıqca Heydər Əliyev də yaşayacaqdır.
Sonra bayram münasibətilə
rayonun mədəniyyət kollektivləri
iştirakçılar qarşısında böyük
konsert proqramı ilə
çıxış etdilər.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ,
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 15 iyul.- S.6.