İnkişafın və
yüksəlişin
Füzuli təcrübəsi
Füzulidə
son illər ərzində görülən işlərlə
bağlı sizi təbrik etmək istəyirəm. Sizi əmin
etmək istəyirəm ki, Prezident kimi bundan sonra da Füzuli
rayonunun inkişafı ilə bağlı səylərimi
göstərəcəyəm. Daim bu məsələ diqqət
mərkəzində olacaqdır. Biz hələ
çox-çox görüşəcəyik, çünki
Füzulidə gələcəkdə böyük işlər
görüləcək, böyük açılışlar
olacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Əslində,
Füzuliyə budəfəki səfərimizin məqsədi
başqa idi: taxıl yığımının yekunları
barədə yazı hazırlamaq istəyirdik. Mövzu təsadüfən
seçilməmişdi. Taxıl əkini sahələrinin, demək
olar ki, hamısının cəbhə xəttində, necə
deyərlər, düşmənin ikiaddımlığında
yerləşməsinə, atışma, hücum və
basqınlara baxmayaraq, son illər dalbadal yüksək məhsul
əldə edən Füzulinin kənd əməkçiləri
hər cür tərif və xoş sözə layiqdir. Ancaq,
sözün düzü, Horadiz şəhərində
gördüklərimiz, müşahidə etdiklərimiz və
eşitdiklərimiz bizi mövzuya daha geniş planda
yanaşmağa çağırırdı. Cəmi iki ay əvvəl
burada olmuşduq. Ona görə qısa müddət ərzində
görülüb başa çatdırılmış
işlər, aparılan genişmiqyaslı tikinti-abadlıq və
quruculuq tədbirləri, adamların əhval-ruhiyyəsi,
sabaha olan inam və ümidləri xüsusi maraq və rəğbət
oyadırdı.
Bəli, bu günlər Füzuli Rayon İcra
Hakimiyyətinin inzibati binası, sözün əsl mənasında,
cəbhə qərargahını xatırladır. Düzdür,
çevik və operativ iş üslubu, daha çox elmi
münasibətlərə əsaslanan idarəetmə məsələləri,
yerlərlə sıx əlaqə, insan amili son illər burada
xüsusilə diqqət mərkəzindədir. Ancaq orası
da var ki, indiki sürət və keyfiyyət, daha böyük
hadəflərə istiqamətlənmiş yaradıcı və
mütəşəkkil fəaliyyət ayrıca qeyd edilməyə
layiqdir.
Beyləqandan
üzü Horadiz
şəhərinə ilk görünən
Bayraq meydanıdır. Əvvəlcə onu qeyd edək ki, coğrafi məkan
etibarilə meydan olduqca
uğurlu seçilmişdir.
Ən hündür yerdə
salınmış Bayraq meydanı, az qala, Qarabağın hər
yerindən görünür. Yüksəklikdə qürur
və qalibiyyətlə dalğalanan Azərbaycanın
üçrəngli bayrağı düşmənin
gözünə ox kimi
batır. Nəinki təkcə Horadiz
şəhərinə, ümumiyyətlə, bu
bölgəyə xüsusi əzəmət
verən Bayraq meydanı bura
qədəm basan hər kəsin qəlbində
xoş və unudulmaz duyğular oyadır. Xalqımız, millətimiz
və dövlətimiz barədə qürur
və şərəflə düşünür,
sabahki günümüzə böyük inam və
ümidlə baxırıq.
Ən sevindirici cəhət isə ondan
ibarətdir ki, bu böyük kompleks
qısa müddətdə, xüsusi zövq və səliqə ilə başa gəlmişdir. İndi
bu hündür təpənin
sinəsini on mindən çox
müxtəlif ağac və gül kolları bəzəyir. Ümumiyyətlə, son 2 ildə
rayon ərazisində 130 min
müxtəlif ağac və gül kolları əkilmişdir. Bayraq meydanına həm maşın yolu çəkilmiş, həm də
maraqlı üslubda pilləkənlər tikilmiş, yeraltı suvarma
şəbəkəsi yaradılmış, müasir
işıqlandırma sistemi
quraşdırılmışdır.
Yeri gəlmişkən, onu
da əlavə edək ki,
füzulililər 10 hektar ərazini əhatə
edən Bayraq meydanına təkcə əyləncə
və istirahət məkanı kimi
baxmırlar. Onlar bura
həm də zəfər və qələbə rəmzi kimi baxır və möhkəm inanırlar ki, tezliklə Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Ağdamda
... dalğalanacaqdır. Təsadüfi deyildir
ki, indi burda tez-tez hərbi hissələrinin
əsgərlərini, şəhər sakinlərini, gəncləri
görmək olar.
Biz Bayraq meydanında Horadiz şəhər sakini
Sulduz Məmmədovla görüşdük.
Meydandan aşağı enirdi.
Hiss olunurdu ki, ürəyi sözlə doludur.
– Hər gün bura baş
çəkirəm, - dedi. - Elə bil ki, qoluma
qüvvət, dizimə taqət gəlir. Xalqımızın
qəhrəmanlıqlarla dolu tarixi, keçdiyi
şanlı mübarizə yolu,
dünyanı heyran qoyan
bu günün inkişaf və yüksəlişi gəlib gözümün önündən keçir. Heç uzağa getməyək. Yəqin ki, Horadizi əvvəllər
görmüşdünüz. Şəhər
son 2-3 il ərzində
tanınmaz dərəcədə dəyişmiş, daha abad və
yaraşıqlı olmuşdur. Bu gücün, bu yüksəlişin, bu
bayrağın qarşısında heç
bir qüvvə tab gətirə
bilməz.
– Son vaxtlar şəhər xeyli
böyümüş, yeni
prospekt və küçələr, park və xiyabanlar
salınmış, müxtəlif təyinatlı binalar tikilmiş,
yaşıllıq zolaqları yaradılmışdır. Biz həmin prospektlərin biri
- Gənclər prospekti ilə
addımlayırıq. Əvvəllər bura
boş sahə olub. İndi gülüstana dönüb, şəhərin görkəminə
yeni bir gözəllik
gətirib. Tikintisi gedən və
inşası artıq başa
çatdırılmış binalar, hər
şeydən əvvəl, milli memarlıq
ənənələri və müasir
elementlərlə diqqəti cəlb edir.
Ümumiyyətlə, prospektin uzunluğu hələlik 4 kilometrdir.
Geniş asfalt yolun kənarları ilə səkilər
düzəldilib, gül-çiçək əkilib,
yaşıllıq zolaqları salınıb. Rayon
icra hakimiyyətinin, təhsil şöbəsinin
inzibati binaları,
tarix-diyarşünaslıq muzeyi tam hazırdır. Maliyyə şöbəsinin
inzibati binasında isə tikinti
işləri sürətlə davam etdirilir.
“Yeni
Horadiz”. Füzulilərin böyük
məhəbbətlə belə adlandırdıqları şəhərin
bu yeni guşəsi bir də öz müasir görkəmi ilə diqqəti cəlb
edir. Burada tikilən hər
bina, çəkilən yol,
səki, yaradılan işıqlandırma sistemi,
bulaq və fəvvarələr, əkilən
hər ağac, gül
yüksək səliqə-sahmandan, zövq
və mədəniyyətdən xəbər verir.
Şəhərin ən
abad və yaraşıqlı prospekti ulu öndər
Heydər Əliyevin adını daşıyan prospektdir,
desək, heç də səhv etmərik.
Məsələ burasındadır ki,
şəhərin bu hissəsi tamamilə
yenidən qurulmuş, 2 hektar
genişləndirilmişdir. Təzə yollar,
səkilər salınmış, küçə boyu yerləşən binalar
müasir üslubda əsaslı
şəkildə təmir və bərpa olunmuş,
müasir işıqlandırma sistemi quraşdırılmışdır. Təkcə
bu prospektə 10 mindən çox
həmişəyaşıl ağaclar,
müxtəlif gül-çiçək kolları əkilmiş,
kiçik istirahət güşələri
yaradılmış, bulaq və fəvvarələr
quraşdırılmışdır.
Prospekt boyu ulu
öndərin portretləri, onun ölkəmiz,
millətimiz, o cümlədən Füzuli haqqında müxtəlif vaxtlarda dediyi müdrik kəlamlardan ibarət lövhələr
asılmışdır. Bu isə adamlarda xoş ovqat yaradır, onları daha
qətiyyətli və mübariz olmağa çağırır. Bir sözlə, burada
insanların dincəlmələri və istirahət etmələri
üçün hər cür
şərait yaradılmışdır. Təsadüfü deyildir ki, günün
müxtəlif vaxtlarında şəhər sakinlərini
prospektdəki müxtəlif istirahət guşələrində
görmək olar.
Bura isə rayonun milli qəhrəmanlarının, Horadiz şəhəri şəhidlərinin,
31 Mart soyqırımı
qurbanlarının unudulmaz xatirəsinə
ucaldılmış abidə kompleksləridir. Bir
jurnalist dostumun dediyi kimi, abidə komplekslərini
yaddaş və ibrət dərsləri də
adlandırmaq olar. Ona
görə ki, bu abidələri
ziyarət edən hər kəsin qəlbində,
yaddaşında dərhal, heç olmasa, ən yaxın tariximiz
- Qarabağ müharibəsi, ölüm, faciə, torpaq
itkisi, mübarizə və intiqam hissi oyanır. Azərbaycan
hərb tarixinin şanlı səhifələrindən
olan “Horadiz əməliyyatı”
isə ayrıca qeyd olunmalıdır.
Ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən
sonra həmin əməliyyat onunla nəticələndi ki,
Horadiz şəhəri və Füzulinin əlavə 22 yaşayış məntəqəsi
düşmən caynağından azad edildi. Qarşısında
dayandığımız həmin abidə komplekslərində
də məhz həmin əməliyyat, o zaman canını torpaq, Vətən
yolunda qurban verən qəhrəman
oğul və qızlarımızın
hünəri əks olunub. Doğrudan
da, heç kim unudulmur, heç nə yaddan
çıxmır. Ancaq bir
şərtlə: gərək olub–keçənləri
vaxtında tarix səhifəsinə həkk
etməyi bacarasan. Horadiz
şəhərində olduğu kimi.
İşğaldan azad olunmuş
ərazilərdə salınmış qəsəbələrdə,
elə Horadiz şəhərinin
özündə də ən vacib sosial məsələlərdən biri sakinlərin müvafiq
iş yeri ilə təmin
olunmasıdır. Bu cəhətdən
Füzulidə bir sıra tədbirlər
işlənib həyata keçirilmiş,
uğurlu layihələr gerçəkləşdirilmişdir.
Məsələn, son 3 il ərzində Kərimbəyli kəndində
3 hektar sahədə ailəvi istirahət
mərkəzi, 5 min ton
kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar, ildə 3 min ton quş əti istehsal edən “Qarabağ Broyler” MMC, Bala Bəhmənli
kəndində 25 meqavat gücündə
su elektrik stansiyası
və s. tikilib istifadəyə
verilmişdir. Onu da əlavə edək ki,
həmin obyektlərin bir çoxunun
istifadəyə verilməsi mərasimində ölkə Prezidenti İlham Əliyev
şəxsən iştirak etmişdir.
Bu
günlərdə Horadiz şəhərində
daha bir istehsalat müəssisəsi - toxumçuluq
fabiriki öz
qapılarını sakinlərin üzünə
açacaqdır. Öyrəndik ki, ən
müasir xarici
avadanlıqlarla təchiz edilmiş bu müəssisə öz
istehsal gücünü
gələcəkdə daha da artırmaq niyyətindədir. Mütəxəssislərin dediyinə
görə, hələlik, burada 100 nəfər
işlə təmin olunacaqdır.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğal zamanı yandırılmış
və dağıdılmış evlərin bərpası istiqamətində
Füzuli rayonunda
silsilə tədbirlər işlənib həyata keçirilmişdir. Artıq Alıxanlı kəndində
50 ev bərpa olunmuş,
müxtəlif şəhər və rayonlarda
müvəqqəti məskunlaşmış sakinlər doğma yurd-yuvalarına qayıtmışlar.
Bu yaxınlarda isə Əhmədalılar
kəndində 25 evin bərpasına
başlanılmışdır.
Horadiz şəhərində
yandırılmış və dağıdılmış evlərdən
227-nin, eləcə də 3 çoxmərtəbəli kommunal binanın bərpası artıq başa çatmaq üzrədir.
Biz həmin evlərdən birinin
sakini Alış Həsənovla görüşdük:
- Məlum hadisələrlə
əlaqədar 20 ilə yaxın ailəmlə birlikdə Sabirabad rayonunda məskunlaşmışdıq.
Şəraitimiz, əlbəttə, dözülməz idi. Üstəlik, iş yeri tapa bilmirdik,
gözümüzü verilən
yardımlara dikmişdik. Doğma
yurd-yuvamızdan kənarda yaşasaq da, ürəyimiz burda idi. Ancaq
yandırılmış, dağıdılmış evdə
necə yaşayaydıq? İndi isə, gördüyünüz kimi,
ev-eşiyimiz, həyət-bacamız tam bərpa edilib, hər cür rahatlıq yaradılıb. Artıq bir neçə aydır ki,
öz ev-eşiyimizdə
yaşayırıq. Müvafiq işlə
də təmin olunmuşuq.
Mən, yeri gəlmişkən, bütün
Horadiz şəhər sakinləri
adından belə gözəl şəraitə, gündəlik
diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə
sonsuz təşəkkür və minnətdarlığımı
bildirirəm. Gün o
gün olsun ki, Füzulinin, işğal altında olan
şəhər və rayonlarımızın sakinləri də
öz doğma yurd-yuvalarına
qayıtsınlar.
Biz, əlbəttə, Füzuli rayonunda, o cümlədən
Horadiz şəhərində aparılan
genişmiqyaslı tikinti-abadlıq və quruculuq
işlərinin hamısını əhatə edə bilmədik.
Əgər biz bura son 3 ildə tikilib istifadəyə
verilmiş Mədəniyyət Evini, Dram Teatrını, Şahmat Məktəbini, Heydər Əliyev Mərkəzini, Gənclər Mərkəzini,
YAP rayon təşkilatının inzibati binasını, Soyuducu
anbar kopleksini, polis və təhsil şöbələri, Milli Təhlükəsizlik Nazirliyi
rayon şöbəsi üçün
inzibati binaları, Horadiz
şəhərində 240 yerlik məktəbi,
100 çarpayılıq uşaq
bağçasını, Tarix-Diyarşünaslıq Muzeyini, Araz Zərgər,
Qarabağ kənd, Gecəgözlü
yatağı və 4 saylı Qayıdış qəsəbə
tam orta məktəblərini
də əlavə etsək, onda mənzərə
tam aydın olar.
Hazırda Qazaxlar kəndində 240 yerlik
tam orta məktəbin,
Əhmədbəyli kəndində 340 yerlik
musiqi təmayüllü gimnaziyanın, Bala Bəhmənli kəndində 60
çarpayılıq uşaq
bağçasının tikintisi sürətlə
davam etdirilir. Rayonun 29 şəhər, qəsəbə və
kəndi təbii qazla təmin olunmuşdur. Qaz çəkilişi
davam edir, ilin sonunadək ərazidəki 39
yaşayış məntəqəsi də
qazlaşdırılacaq.
Son illər Füzuli rayonunda
kənd təsərrüfatı məhsulları
istehsalının artan sürətlə
inkişafını, əkin sahələrinin genişləndirilməsini,
məhsuldarlığın yüksəldilməsini konkret faktlarla sübut etmək üçün
əlimizdə maraqlı bir fakt var. 1996-cı ildə
“Xalq qəzeti”ndə dərc olunmuş
“Cəbhə xəttinin beş
addımlığında...” adlı yazıda oxuyuruq: “Alı Alıyevi çoxdan
tanıyıram. Müxtəlif vəzifələrdə
çalışıb. Ən başlıcası odur ki, torpağın da dilini yaxşı bilir, adamların da.
Onları səfərbər etməyi, öz
ardınca aparmağı bacarır. Indi rayon aqrar sənaye
kombinatının baş direktorudur.
Budəfəki görüşümüz
Araz qırağında oldu.
Çayın yatağı boyu uzanan bərəkətli Qarabağ
torpaqları onun xəyalını çəkib
aparmışdı.
- Belə torpaqları
olan xalq gərək heç nədən korluq
çəkməsin, dedi - Nə əkirsən,
birə–beş qaytarır. Ancaq, təəssüf
ki, vaxtında qədrini yaxşı bilməmişik.
İndi yağı tapdağı
altındadır. Sizi inandırıram ki, təkcə Füzuli rayonunun taxılı ilə bütün
bu bölgənin əhalisini təmin etmək
olar.
İndi adamlarımız torpaqdan
ikiəlli yapışıb. Bir
qarış da istifadəsiz qalmır. Elə
bu cür can yanğısının nəticəsidir ki, cari ildə 10 min tondan çox
taxıl istehsal edilmişdir.
Baş direktor dedi ki, inşallah,
torpaqlarımız geri qaytarılandan sonra məhsulu
yığıb-yığışdırmaq mümkün
olmayacaq. Biz daha əvvəlki adamlar deyilik. Torpağımızı qorumağı
da bacarırq, onu əkib-becərməyi
də”.
1996 - 10 min ton, 2014 - 90 min ton taxıl!
Bizcə,
əlavə şərhə
ehtiyac yoxdur. Təkcə onu əlavə edək ki, başqa
kənd təsərrüfatı
məhsulları istehsalı,
o cümlədən sənaye,
tikinti-abadlıq, sosial-mədəni
sahələrdə də
yüksəliş və
inkişaf dinamikası
belədir.
Ziyəddin SULTANOV,
Xalq qəzeti.- 2014.- 16 iyul.- S.6.