Azərbaycan-Avropa
İttifaqı: strateji
əməkdaşlığın yeni modelinə
doğru
(əvvəli
ötən sayımızda)
Yeni mərhələnin
iqtisadi
və
strateji dividendləri
Dördüncü mərhələdə
Aİ texniki və maliyyə dəstəyi çərçivəsində
Azərbaycana 180 milyon avro vəsait ayırıb. Həmin dövr ərzində ölkəyə
qoyulan xarici sərmayələrin 52 faizini Aİ-yə üzv
olan dövlətlər qoyublar. Onun həcmi 7,0 milyard manat təşkil edir. Azərbaycanın
qeyri-neft sektoruna təşkilat üzvləri 1,4
milyard ABŞ dolları həcmində birbaşa sərmayə
yatırıb. Bu da ümumilikdə həmin sahəyə
qoyulan investisiyaların 42 faizini təşkil edir.
Son 5 ildə Azərbaycanla Aİ
arasında ticarət əlaqələri 89 faiz artıb. Hazırda bu təşkilat Azərbaycanın əsas
ticarət tərəfdaşıdır. Onun
Azərbaycanın xarici ticarət dövriyyəsində
xüsusi çəkisi təxminən 40 faiz təşkil
edir. İxracatda isə bu rəqəm 70
faizə bərabərdir. Onu da deyək ki,
Azərbaycan neftinin əsas alıcısı məhz Aİ-yə
üzv olan ölkələrdir.
Misalların sayını artırmaq olar. Lakin yuxarıda sadalananlar da aydın göstərir
ki, Azərbaycan-Aİ əlaqələri mahiyyətcə
strateji xarakterlidir. “Şərq tərəfdaşlığı”
proqramı çərçivəsində münasibətlər
sürətlə inkişaf etməkdədir. Bu baxımdan SMT həmin proqramın növbəti mərhələyə
yüksəldilməsidir. Maraqlıdır
ki, bu prosesin əsas təşəbbüskarı Azərbaycandır.
Ümumiyyətlə götürdükdə,
söhbət yeni əməkdaşlıq formatından gedir. Aİ Avropa Qonşuluq Siyasətinə keyfiyyətcə
yeni çalar gətirməli olur. Regionun
lider dövləti kimi Azərbaycan bərabərhüquqlu və
strateji olaraq inteqrasiyanı nəzərdə tutan əməkdaşlığa
üstünlük verir. Buraya siyasi
islahatlar və Aİ-yə uyğunlaşma; təhlükəsizlik
sahəsində əməkdaşlıq və məsləhətləşmələr;
ticarət və biznes mühiti; enerji, ətraf mühit və
nəqliyyat; insanlar arasında əlaqələr kimi məqamlar
daxildir.
Buradan strateji aspektdə mühüm əhəmiyyətli
nəticələr əldə etmək olar. Aİ-nin mövcud olduğu müddətdə ilk dəfə
olaraq sistemli və davamlı əməkdaşlıq modeli
müstəqillik əldə etmiş ölkə tərəfindən
təklif olunur. Prezident İlham Əliyevin
Aİ-yə təklif etdiyi ideya faktiki olaraq bu təşkilatın,
ümumiyyətlə, “Şərq tərəfdaşlığı”
proqramına yeni məzmunun verilməsi zərurətinin dərkinə
səbəb olur. Həmin aspektdə SMT Aİ
üçün strateji xarakterli əməkdaşlığın
universal modeli ola bilər.
Bununla Aİ-nin özünün bərabərhüquqlu
əməkdaşlıq haqqında təsəvvürləri
genişlənmiş olur. Qarşılıqlı
faydalı əlaqələrin reallaşdırılması
mexanizmlərinin təkmilləşdirilməsinə
ehtiyacın olduğu dərk olunur. Şübhə
yoxdur ki, bununla təşkilat yeni əməkdaşlıq
modelini başqa ölkələrə də tətbiq etmək
imkanı əldə edir. Burada bütün
tərəflərin qazancı müasir tələblərə
uyğun əlaqələr üçün imkanların
yaranmasından ibarətdir. Onu da nəzərə
almaq lazımdır ki, Aİ-nin postsovet məkanı ölkələri
ilə əlaqələrində müəyyən problemlər
meydana gəlib. Bəzi regionlarda
ixtilafların yaranması “Şərq tərəfdaşlığı”
proqramının reallaşması qarşısında maneələrin
olduğunu düşünməyə əsas verir. Həmin səbəbdən qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsinin müvafiq modelinin axtarışı
məsələsi aktuallaşır. Bu
aspektdə Avropa Komissiyasının sədri J.M. Barrozunun
Bakıya səfəri diqqəti çəkir. Aparılan danışıqlar və verilən bəyanatlar
tərəflər arasındakı münasibətlərin
perspektivləri haqqında təsəvvürlər yaradır.
Aİ ilə
əlaqələrin növbəti səviyyəsinə
doğru:
Azərbaycan
yeni səhifə açır
Hər şeydən əvvəl
vurğulamaq istərdik ki, ölkə rəhbərliyi Avropa
İttifaqına assosiativ üzvlüyə elə də isti
yanaşmadığını ifadə edib. Dövlət başçısı Aİ ilə bərabərhüquqlu
münasibətləri təmin edən yeni əməkdaşlıq
formatının işlənib hazırlanmasının
vacibliyini vurğulayıb. Avropa tərəfi
bu təklifi müsbət qarşılayıb.
Bu səbəbdən J.M.Barrozunun Bakıya
gəlişinin bir çox məsələlərə
aydınlıq gətirəcəyi gözlənilirdi. Tərəflər ən azından Aİ-nin
proqramlarında Azərbaycanın iştirakının
ümumi prinsiplərini əks etdirən çərçivə
sazişi bağlamalı idilər. İlk
baxışdan bu, təəccüblü görünə bilər.
Çünki uzun illərdir ki, Aİ postsovet məkanı
ölkələri ilə konkret prinsiplər əsasında əməkdaşlıq
edir.
Lakin yuxarıda
vurğuladığımız kimi, son dövrlərdə
baş verən bir sıra proseslər bu məsələni
aktuallaşdırıb. Aİ-nin “Şərq tərəfdaşlığı”
proqramı çərçivəsində indiyədək həyata
keçirdiyi əməkdaşlıq prinsiplərində
qüsurlar özünü göstərib. Azərbaycan Prezidenti həmin kontekstdə “assosiativ
üzvlük” ifadəsinin özünün yayğın
olduğunu və daha çox bir tərəfin
maraqlarını gözlədiyini bildirib. Ayrıca,
Azərbaycan müstəqil siyasət yeridən dövlət
kimi qarşılıqlı əməkdaşlıqdan siyasi,
iqtisadi, mədəni fayda götürməlidir. Bu mənada mövcud göstəricilər daha
yüksək olmalı, eyni zamanda, suverenlik və müstəqillik
möhkəmlənməlidir.
Bunları nəzərə alaraq, Azərbaycan
tərəfi strateji tərəfdaşlığın konkret
modelinin işlənməsi ideyasını irəli
sürüb. J.M.Barrozunun Bakıya səfəri
Aİ-nin həmin istiqamətdə ciddi
çalışdığını göstərir. Praktikada ilk dəfədir ki, tərəfdaş
dövlət Aİ-yə inteqrasiya modeli təklif edib. Brüssel də bunun üzərində işləməyə
başlayıb.
Azərbaycan paytaxtında tərəflər
ölkənin Aİ-nin proqramlarında iştirakının
ümumi prinsipləri haqqında çərçivə
sazişi üzrə tərəfdaşlıq və əməkdaşlıq
Sazişinin Protokolunu imzalayıblar. Bu o deməkdir
ki, Brüssel Bakı ilə əlaqələrinə yeni məzmun
verir. Bunun üçün əvvəlcə
qarşılıqlı əlaqələrin ümumi prinsipləri
müəyyənləşdirilməlidir. Azərbaycan
Aİ-nin təklif etdiyi əməkdaşlıq
proqramlarında nə dərəcədə və hansı
şərtlər daxilində iştirak edə bilər?
Məsələnin bu tərəfi
prinsipial əhəmiyyət daşıyır. Doğrudur,
J.M.Barrozu Bakıda deyib: “Biz Azərbaycan ilə əlaqələri
genişləndirmək arzusundayıq və bu mənada
assosiativ üzvlüklə bağlı dəvətimiz
qüvvədədir”. Lakin bir qədər sonra
Avropa Komissiyasının sədri etiraf edib ki, Azərbaycan rəhbərliyinin
təkliflərini nəzərə alırlar.
Həmin kontekstdə yeni əməkdaşlıq
formatının işlənib hazırlanmasına təkan
verildiyi də ifadə edilib. J.M.Barrozu deyib: “Eyni
zamanda, biz anlayırıq və bunu açıq şəkildə
müzakirə etdik ki, “Şərq tərəfdaşlığı”
çərçivəsində vahid modelin bütün
dövlətlərə şamil edilməsinə
çalışmamalıyıq. Əminəm
ki, əməkdaşlığımızın “Şərq tərəfdaşlığı”
dəyərləri üzərində qurulması vacibdir və
vaxt yetişib ki, əməkdaşlığımız konkret
nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa
gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı
sənədinin müzakirəsinə təkan verək və
onu sürətləndirək”.
Məsələnin bu tərəfi olduqca əhəmiyyətlidir. Azərbaycan Aİ ilə münasibətlərini həm
strateji müstəvidə saxlayır, həm də ona elə
məzmun verir ki, geosiyasi problemlər meydana gəlməsin.
“Strateji müasirləşmə tərəfdaşlığı”
ifadəsi Azərbaycan diplomatiyasının tarixi uğurudur.
Burada əsas prinsiplər tərəflərin bərabərhüquqluğunun
gözlənilməsinə xidmət edir və şərtlər
zamanın tələbinə görə yeniləşə bilər.
Bütün mərhələlərdə Aİ
ilə Azərbaycanın maraqlarına eyni dərəcədə
cavab verə bilən əməkdaşlığa
üstünlük veriləcək. Burada
birinin digərinə öz iradəsini yeritməsi
mümkün deyildir.
Bu məqsədlərə çatmaq
üçün Azərbaycan və Aİ indidən konkret sahələr
üzrə əlaqələrə yeni məzmun verirlər. Enerji, təhsil, elm, ətraf mühit, istehlak siyasəti,
nəqliyyat və təhlükəsizlik sahələri üzrə
əməkdaşlığı inkişaf etdirmək qərara
alınıb. Söhbət faktiki olaraq
sosial-mədəni və iqtisadi inkişafın bütün
aspektlərindən gedir.
Problemin bu cür qoyuluşu Avropa cəmiyyəti
ilə Azərbaycan toplumunun yaxınlaşmasına yeni təkan
verir. Vətəndaşlar, təşkilatlar, müxtəlif
sahənin mütəxəssisləri, sosial şəbəkələr
və s. arasında əlaqələrin genişlənməsi
tərəflərin bir-birini daha yaxşı tanımasına
imkan yaradır. Bununla yanaşı, Aİ və
Azərbaycan vacib əhəmiyyət kəsb edən sahələr
üzrə əməkdaşlığı inkişaf etdirmək
şansı əldə edirlər.
Bunların fonunda isə tərəflər
enerji, təhlükəsizlik, münaqişələrin ədalətli
həlli kimi aspektlərdə fəal əməkdaşlıq
etməlidirlər. Bununla bağlı Azərbaycan
Prezidenti konkret fikirlərini ifadə edib. Dövlət
başçısı İlham Əliyev deyib: “Avropa
İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır.
İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa
İttifaqının payına düşür... Azərbaycan və Ermənistan arasında
danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər
olsun ki, danışıqların 20 il davam
etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə
olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın
Azərbaycanla sülh əldə etmək istəməməsidir...
...Təbii ki, bu gün biz Azərbaycan və Avropa
İttifaqı arasında enerji əməkdaşlığını
da müzakirə etdik...
...Bizim üçün enerji təhlükəsizliyi təchizat
marşrutlarının şaxələndirilməsidirsə,
Avropa üçün enerji təhlükəsizliyi mənbələrin
şaxələndirilməsi deməkdir”.
J.M.Barrozu da enerji sahəsində əməkdaşlığa
böyük önəm verildiyini bir neçə dəfə
vurğulayıb. Bu kontekstdə avropalı
siyasi xadimin “Azərbaycan qlobal siyasi dialoqda çox konstruktiv
rol oynayır” ifadəsi geosiyasi aspektdə Azərbaycanın fəaliyyətinə
verilən yüksək qiymətdir. Aİ
faktiki olaraq Cənubi Qafqaz ölkələri arasında
yalnız Azərbaycanın dünya səviyyəsində gedən
siyasi proseslərə təsir edə bildiyini etiraf edib. Rəsmi Bakı ən mürəkkəb situasiyalarda
belə konstruktiv mövqe tutur, təhlükəsizliyin təmin
edilməsi istiqamətində konkret təkliflər verir.
Bu səbəbdən Aİ üçün Azərbaycanla
əməkdaşlığın böyük əhəmiyyəti
vardır. Gözləmək olar ki,
Aİ-Azərbaycan əlaqələri Cənubi Qafqaz
üçün nümunəvi olsun, regionun digər ölkələrinə
də məhz bu model təklif edilsin. J.M.Barrozunun
Bakıda qarşılıqlı əlaqələrin
perspektivləri haqqında söylədiyi fikirlər bu cür
düşünməyə əsas verir.
Burada vacib olan məqamlardan biri
qarşılıqlı əlaqələrdə yeniləşmə
təşəbbüsünün məhz Azərbaycandan gəlməsidir. Bunun təsadüfi olmadığını dərk
etmək lazımdır. Çünki Cənubi
Qafqazda tam müstəqil siyasət aparan ölkə Azərbaycandır.
Başqaları bu və ya digər dərəcədə
kənar dairələrdən asılı vəziyyətdədirlər
və həmin səbəbdən deyilənlərə əməl
edirlər. Ermənistan bu mənada
çox ağır vəziyyətdədir. Bu ölkə sözdə müstəqilliyini elan edəndən
bəri heç bir təşəbbüs göstərməyib.
İrəvan həmişə kənardan olan
göstərişləri yerinə yetirib. Onun
üçün SMT kimi proqramlar əlçatmazdır.
Göründüyü kimi, Azərbaycan
bir tərəfdən cəmiyyətin bütün sahələri
üzrə modernləşməni yeni səviyyəyə
qaldırır, digər tərəfdən də qlobal geosiyasətin
sürətlə dəyişən dinamikasına uyğun
xarici siyasət yeridir. Bu prosesi rəsmi Bakı
tam müstəqil aparır. Hesab edirik ki,
indiki mərhələdə Azərbaycanın Aİ siyasətinin
əsasını bu prinsip təşkil edir.
Bu aspektdə aşağıdakı fikirlə
razılaşmaq olar: “...Azərbaycan üçün əlverişli
imkanlar vəd edən, amma eyni zamanda, ciddi təhlükə mənbəyi
olan “coğrafiya, neft və geosiyasət” amilləri
böyük məharətlə əlaqələndirilərək
biri digərini tamamlayacaq formada vahid strategiya əsasında həyata
keçirilmiş, uzunmüddətli dövr və perspektiv gələcək
üçün hazırlanmışdır ki, zaman
keçdikcə onun bəhrələri daha aydın şəkildə
ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi
uğurlarında və sürətli inkişafında
özünü göstərməkdədir”.
Qlobal geosiyasi dinamika müstəvisində
Bakının Aİ ilə strateji modernləşmə
kontekstində əməkdaşlıq modelinə
üstünlük verməsinin ciddi əhəmiyyəti
vardır. Bunu yuxarıda təhlil etdiyimiz
dünya geosiyasi trendlərinin məzmunu kontekstində
aydın görmək mümkündür. Kifayət
qədər mürəkkəb və ziddiyyətlərlə zəngin
olan geosiyasi mühitdə hansısa təşkilatın təsiri
altına düşmək xeyli dərəcədə risklidir.
Digər tərəfdən, böyük güclərin
bir-biri ilə amansız mübarizə apardığı
şəraitdə bu cür seçim səmərəli nəticələr
verməz. Lakin məsələ bundadır
ki, müstəqilliyini əldə etmiş ölkənin kənar
təsirlərə məruz qalmaması üçün
uğurlu xarici siyasət kursu qurmaq lazımdır. Cənubi Qafqazda bunun öhdəsindən yalnız Azərbaycan
gələ bilib.
Tərəfdaşlığın strateji
modernləşmə müstəvisinə keçirilməsi
müstəqilliyi və suverenliyi təmin etmək aspektində
olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda, burada qlobal geosiyasət kontekstində
xüsusi məna kəsb edən bir məqam mövcuddur.
Biz, son illər dünya miqyasında
müşahidə edilən ikili yanaşmanı nəzərdə
tuturuq. Çoxlu sayda ölkələrin
hüquqları pozulur. Onlar öz ədalətli
mövqelərini müdafiə edə bilmir və bundan
çox əziyyət çəkirlər. Azərbaycanın təklifi bu istiqamətdə ciddi
addım hesab edilə bilər. Bakı
konkret nümunədə göstərir ki, müasir mərhələdə
bütün tərəflərin hüquqlarını gözləməklə
səmərəli əməkdaşlıq modeli yaratmaq
mümkündür.
Həmin model birdəfəlik müəyyən
edilmiş struktur və funksional keyfiyyətlərə deyil,
dinamik dəyişə bilən prinsiplərə əsaslanır. Özü də burada əməkdaşlıq edən
tərəflərin strateji maraqlarını nəzərə
almaq imkanı vardır. SMT hər yeni mərhələ
üçün müvafiq əməkdaşlıq prinsiplərini
işləyib hazırlamaq şansı verir. Beləliklə, Azərbaycan faktiki olaraq “Şərq
tərəfdaşlığı” proqramına yeni məzmun gətirəcək
ideya irəli sürüb. Andiçmə
mərasimində Prezident İlham Əliyevin söylədiyi
bir fikir öz təsdiqini SMT kimi ideyaların irəli
sürülməsində tapır. Dövlət
başçısı demişdir: “Azərbaycan dünyada
öz prinsipial mövqeyi ilə seçilir”.
Strateji müasirləşmə modeli bütün bunlara
görə Azərbaycan-Aİ münasibətlərində
növbəti mərhələ ola bilər.
Həmin kontekstdə aşağıdakı fikirlə
razılaşmaq lazım gəlir: “SMT sazişinin
imzalanması və onun reallaşdırılması nəticəsində
Azərbaycan öz beynəlxalq nüfuzunu və reytinqini yeni
keyfiyyət səviyyəsinə qaldıracaq, milli dövlət
maraqlarına heç bir zərər gətirmədən əlavə
üstünlüklər, preferensiyalar və dividendlər verən
unikal əməkdaşlıq modelini əldə edərək
Yeni Ölkə Statusunu qazanacaqdır”.
Yuxarıda vurğuladığımız
kimi, bu modelin nümunə kimi digər ölkələr tərəfindən
də qəbul edilməsi mümkündür. Çünki müasir dünyanın geosiyasi
mühitində müşahidə edilən trendlərin məzmunu
təsdiq edir ki, əməkdaşlıqda iqtisadi, energetik, nəqliyyat,
mədəni sahələrdə təhlükəsizliyin təmin
edilməsinin optimal modeli vacib məsələlərdəndir.
Bu istiqamətdə Azərbaycanın fəaliyyəti tamamilə
təqdirəlayiqdir.
Kamal
ADIGÖZƏLOV
Xalq qəzeti.- 2014.- 17 iyul.- S.5.