Milli dövlətçilik tariximiz:
ümummilli lider
Heydər Əliyevin inkişaf və tərəqqi
strategiyası
Ümummilli lider Heydər Əliyevin 45 il əvvəl respublika rəhbərliyinə gəlişi XX əsr tariximizin ən mühüm, taleyüklü hadisələrindən biri kimi bugünlərdə yad edilir. Çağdaş Azərbaycanın ötən yarım əsrə yaxın müddətdəki hərtərəfli inkişafı və dövlətçiliyinin bərpası yönündə səylər həmin tarixdən başlanır. Ulu öndərin siyasət Olimpinə gəlişi tarixi həm də Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri kimi müasirlərimiz üçün çox əlamətdardır.
Ötən 45 ildə
biz yaşlı nəsil Heydər
Əliyev siyasətinin cahanşümul qələbələr
qazanmasının şahidi olmuşuq. Ulu öndərin respublikamıza rəhbərliyi
dövründə əldə etdiyimiz böyük nailiyyətlərin də, onun özünün dünya miqyasında nadir
şəxsiyyət, görkəmli dövlət xadimi, siyasi lider kimi
tanınmasının və qəbul edilməsinin də əsas
mənbəyi onun yeritdiyi
düzgün, xalqımızın köklü maraqlarına cavab
verən siyasət olmuşdur. Hətta son 11 ildə də
ümummilli liderin bu siyasətini yeni formalarda davam və inkişaf etdirmək onun layiqli varisi Prezident İlham Əliyevə
də böyük müvəffəqiyyət
qazandırmışdır. Bu siyasət
ölkəmizin ildən-ilə sürətli inkişafına
səbəb olur və dünyanın inkişaf etmiş dövlətləri
arasında öz layiqli
yerini tutmasına doğru
aparır.
Milli tariximizin son 45 ilini göz
önünə gətirəndə, istər-istəməz,
qarşıya belə bir sual
çıxır: Heydər Əliyev siyasəti
hansı keyfiyyətlərə malikdir ki, o bununla
iki dəfə respublikamızı gerilikdən,
tənəzzüldən,
xalqı düşdüyü
çətin vəziyyətlərdən xilas
etmiş, böyük
inkişaf yoluna
çıxarmış, bununla da ulu öndərə və
onun siyasətinə ölməzlik, əbədi
yaşamaq hüququ qazandırmışdır.
Əlbəttə,
bu suala ətraflı
və əsaslandırılmış cavab
vermək üçün geniş
tədqiqat aparmaq
vacibdir. Əgər bu
cavabı qısa formada ifadə etmək mümkün olsa, onda mən deyərdim: öz
xalqını sevmək, onun bütün sahələrdə
inkişafına xidmət etmək arzusu,
istəyi və bu arzunun, istəyin siyasətin
bütün cəhətlərində öz ifadəsini tapması Heydər Əliyev
siyasətinə böyük uğurlar qazandıran ən mühüm
keyfiyyətlərdir.
Azərbaycan
rəhbərliyinə gəlməsinin 45 illiyini
böyük sayğı, fərəh və
minnətdarlıq hissilə qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevin insani
keyfiyyətlərinə, həyat amallarına və siyasətinə
bir vəhdət halında
yanaşdıqda onun ulu
Tanrının xalqımıza, bütün türk dünyasına bəxş etdiyi
nadir şəxsiyyət, xalqını,
dövlətini və Vətənini hədsiz dərəcədə
sevən, ömrünün mənasını
onlara sədaqətlə xidmətdə
görən və bunu öz
siyasətində həyata keçirən müdrik
bir insan, dünya miqyaslı bir
dövlət xadimi və siyasi
lider kimi böyüklüyü daha
aydın görünür.
Onun həyatı və fəaliyyəti narahatlıq,
axtarış, Vətənə, xalqa
bağlılıq, işgüzarlıq, cəsarətlilik, dözümlülük, fədakarlıq, təşəbbüskarlıq,
uzaqgörənlik, qayğıkeşlik və tələbkarlığın
bir insanda üzvi surətdə birləşməsinin parlaq nümunəsidir. Heydər Əliyevin bütün bu insani keyfiyyətləri, xalqa
bağlılığı və xalqa xidmət
etmək istəyi onun həm XX əsrin
70-80-ci illərində, həm də müstəqillik illərində
yeritdiyi siyasətdə təzahür etmişdir. Ömrünün
son çağında Heydər Əliyev üzünü bütün xalqına tutaraq demişdi: “Mənim Azərbaycan
Respublikasına bütövlükdə rəhbərliyimin 34,
müstəqil Azərbaycan dövlətinə prezident
kimi rəhbərliyimin 10 ili
tamam olur. Bu illərdə
istər bir azərbaycanlı, Azərbaycan
Respublikasının vətəndaşı, istərsə də
onun rəhbəri, prezidenti
kimi mənim həyat amalım yalnız
sizə-bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi,
mənəvi inkişafına xidmət olmuşdur.
Bu yolda bütün gücümü
və iradəmi yalnız müdrik və
qədirbilən xalqımdan almışam. Ən çətin
anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib
və bütün uğurlarımı təmin
edib”.
1969-cu il
iyul ayının 14-də– Heydər
Əliyev Azərbaycan Kommunist
Partiyasının birinci katibi
seçildiyi vaxt
respublikamız iqtisadi durğunluq,
siyasi və mənəvi tənəzzül
vəziyyətində idi. Əvvəlki
illərdə öz nefti
ilə SSRİ iqtisadiyyatında liderlik
mövqeyinə malik olmuş
respublika bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin
diqqətindən kənarda qalmışdı.
İqtisadiyyatın digər sahələrinin (qeyri-neft
sektorunun)
inkişafına keçid lazımi
səviyyədə və sürətlə təmin edilmədiyindən
onun bütün sahələrində
inkişaf sürəti kəskin surətdə
aşağı düşmüşdü. Sənayenin strukturunda
enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və
texniki bazası köhnə olduğundan səmərəliliyi
aşağı idi.
Nəticədə
Azərbaycan milli gəlirin artım
sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin
orta göstəricisindən (1960-cı ilə
nisbətən 1970-ci ildə SSRİ-də milli
gəlir 2,0 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən
2,4 dəfəyə qədər, Azərbaycanda isə 1,6 dəfə
artmışdır) geri qalır, bu göstəricilərə görə
müttəfiq respublikalar arasında
axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri
olan sənaye və kənd təsərrüfatında
bu gerilik özünü daha
qabarıq surətdə göstərirdi.
1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz
artmışdı və bu göstəriciyə
görə müttəfiq respublikalar
arasında axırıncı yeri tuturdu. 1966-1969-cu illərdə bu
gerilik daha da artmışdı (bu
müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı). Azərbaycanın
bəzi iqtisadi rayonlarında 60-cı illərin
birinci yarısında sənayenin
inkişafı demək olar ki, dayanmışdı. Misal
üçün, 1960-cı ilə nisbətən
1965-ci ildə SSRİ-də sənaye məhsulu 65 faiz, Azərbaycanda 41faiz, Naxçıvan MR-də
isə cəmi 8 faiz artmışdı.
SSRİ rəhbərliyinin o vaxt etiraf etdiyi
kimi, bu göstərici
müttəfiq və muxtar milli
dövlət qurumları arasında ən aşağı
göstərici idi.
Respublikada yaranmış sosial-iqtisadi
durum Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə hərtərəfli təhlil olundu. Respublikanın
imkanlarını və mənafeyini nəzərə almaqla geriliyin səbəbləri
aşkara çıxarıldı.
Onların aradan qaldırılması,
iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin
həyat səviyyəsinin yüksəlməsi üçün
əvvəlki dövrlərdə olduğundan
tamamilə fərqlənən, prinsip
etibarilə yeni inkişaf
strategiyası və müvafiq proqramlar işlənib hazırlandı və
onların mərhələ-mərhələ yerinə yetirilməsi
yolları müəyyənləşdirildi.
Aparılan təhlil
göstərir ki, 1970-1985-ci illərdə
qarşıya qoyulan vəzifələrin xarakteri baxımından iki
mərhələ bir-birindən xeyli fərqlənir:
1970-1975-ci
illəri əhatə edən birinci mərhələdə
iqtisadiyyatın bütün sahələrində
mövcud potensialı hərəkətə
gətirmək və ondan səmərəli
istifadə etməklə məhsul istehsalının artım
sürətindəki geriliyi aradan qaldırmaq və bütövlükdə
sosial-iqtisadi inkişafı sürətləndirmək vəzifəsi
qarşıya qoyuldu.
1976-1985-ci
illəri əhatə edən ikinci mərhələdə
iqtisadiyyatın bütün sahələrini
səmərəli və kompleks inkişaf etdirmək, strukturunda
Azərbaycanın ittifaq əmək
bölgüsündə geniş
iştirakını təmin edəcək sahələrin və
ya bütövlükdə iqtisadiyyatın inkişafına müsbət
təsir edən mütərəqqi sahələrin üstün inkişafı istiqamətində
dəyişikliklər edilməsi, neft
maşınqayırması və neft
emalının yeni texniki
baza üzərinə keçirilməsi və
istehsal olunan məhsulun
keyfiyyətinin yüksəlməsi strateji
vəzifə kimi qarşıya qoyuldu.
Neft sənayesində yenidənqurma işləri
və sənayedə struktur dəyişiklikləri
etmək böyük kapital
qoyuluşu tələb edirdi.
Odur ki, strategiyada neft sənayesinə kapital
qoyuluşunu azaltmadan respublika iqtisadiyyatına ümumi
kapital qoyuluşunun
artmasına nail olmaq, bu yolla qeyri-neft
sektoruna kapital qoyuluşunu artırmaq və onun
sürətli inkişafını və strukturunun
mütərəqqi istıqamətdə təkmilləşməsi
üçün maliyyə təminatı
yaratmaq mühüm vəzifə
kimi müəyyənləşdirilmişdi.
Bu məqsəd üçün
Heydər Əliyevin təşəbbüsü və böyük məqsədyönlü fəaliyyəti
nəticəsində Sov. İKP MK “1976-1980-ci illərdə və sonrakı
dövrdə respublikada sənayenin
ayrı-ayrı sahələrinin inkişaf
etdirilməsinə dair Azərbaycan KP
MK-nın təkliflərinin nəzərdən keçirilməsi
nəticəsi barəsində” qərarında Azərbaycan sənayesinin
inkişafı üçün ayrılan
əsaslı vəsait qoyuluşu və
maddi-texniki təchizatın miqdarı onuncu beşillikdə planda
nəzərdə tutulduğuna nisbətən
böyük məbləğdə
artırılmışdı.
Həm də ilk dəfə olaraq neftlə
əlaqədar sahələrə qoyulması nəzərdə
tutulan vəsait ayrıca göstərilmişdi.
Məsələn, neft avadanlıqları
istehsalına əsaslı vəsait qoyuluşu
əlavə olaraq 83 milyon
rubl artırıldı. Ümumiyyətlə,
1976-1980-ci illərdə 36 milyon rubl, sonrakı beşillikdə 121 milyon rubl dəyərində
olan qurğuların işə
salınması nəzərdə tutulurdu.
Neftayırma sənayesinin inkişafı üçün
əvvəl nəzərdə tutulmuş
162,3 milyon rubla əlavə
olaraq 85 milyon rubl vəsait ayrılmışdır və i.a. Ümumiyyətlə, neft
sənayesinə ayrılan əsaslı vəsait 2,0 milyard rubla
çatdırılmışdı.
Neft sənayesinə qoyulan vəsaitin
artırılması və dövlət planında
ayrılıqda göstərilməsi bir tərəfdən
qeyri-neft sektoruna
yönəldilən vəsaiti artırmağa və onu daha sürətlə inkişaf etdirməyə, digər tərəfdən
neft sənayesinin özündə respublika
iqtisadiyyatının mənafeyini nəzərə almaqla əsaslı tədbirlər həyata
keçirməyə imkan verirdi.
Neft sənayesinin
qeyri-neft sektorunun
inkişafı ilə qarşılıqlı əlaqəsinin
genişlənməsi, neft emalı və
neft-maşınqayırma sənayesinin qeyri-neft
sektorunun tələbatının ödənməsinə
daha çox xidmət
göstərməsi, qeyri-neft sektorunun tələbatını ödəyən
məhsullar istehsal etməsi xətti həyata
keçirilirdi.
Heydər Əliyev Azərbaycan KP MK-nın
1976-cı il oktyabr plenumunda özünəməxsus qətiyyətlə
bir daha qeyd etmişdir ki, hər bir müəssisə,
baş idarə və nazirlik
əslində texniki tərəqqinin mübariz qərargahına çevrilməli,
istehsalın texniki səviyyəsi və məhsulun
keyfiyyəti üçün tam məsuliyyət
daşımalıdır. Bütün
regionlarımızdan xarici bazarlara
daha çox və rəqabət
qabiliyyətli məhsul çıxarmaq istədiyimiz müasir dövrdə bu
göstərişlər yenə də öz
aktuallığı ilə diqqəti cəlb edir.
Heydər
Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü
fəaliyyəti, həyata keçirdiyi tədbirlər,
onun təşəbbüsü və təkidi
ilə mərkəzi hökumət tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində
1970-1985-ci illər cəmiyyət həyatının bütün sahələrində
(iqtisadi, mədəni, sosial,
siyasi) yüksəliş və tərəqqi
illəri oldu. Azərbaycan iqtisadiyyatı bütün öz
varlığı tarixində ən yüksək inkişaf səviyyəsinə çatdı.
Başlıcası isə Azərbaycan ittifaq
əmək bölgüsündə öz
layiqli yerini tutdu. Elektrik enerjisi, neft-mədən
avadanlıqları, kimya sənayesinin bir çox məhsulları,
üzüm şərabı, meyvə-tərəvəz
konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay, xalça və xalça
məmulatları, mineral sular,
fermentləşmiş tütün və s. istehsalına görə keçmiş
ittifaq əmək bölgüsündə
mühüm yer tuturdu. Respublikada
iqtisadiyyatın bütün sahələri
sürətlə inkişaf etdirildi, artım sürətinə görə
o, SSRİ respublikaları arasında
qabaqcıl mövqeyə çıxdı.
1970-1982-ci illərdə
respublikamızın iqtisadiyyatının inkişaf
etməsinə əvvəlki 50 ildə olduğundan
1,4 dəfə çox əsaslı vəsait
qoyulmuşdu, o
cümlədən 213 yeni sənaye müəssisəsi istismara verilmişdi. Bakı Məişət Kondisionerləri Zavodu, “Ozon” Elmi-İstehsalat Birliyi, Elektron Hesablama
Maşınları Zavodu, Dərin
Özüllər Zavodu, tikiş
və ayaqqabı fabrikləri, Şirvanda
(Əli Bayramlıda) Məişət Cihazları Zavodu, Sumqayıt Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Gəncə
Əlvan Metal Emalı Zavodu,
Naxçıvan Şüşə Qablar Zavodu, Mingəçevirdə Azərbaycan DRES,
Yevlaxda yunun ilkin emalı
fabriki və digər şəhərlərdə
tikilən onlarla iri sənaye
müəssisələri, elektrotexnika,
cihazqayırma, radiotexnika zavodları,
pambıqtəmizləmə, çay
emalı müəssisələri, şərabçılıq
və meyvə-tərəvəz konserv
istehsalı zavodları məhz Heydər Əliyevin müntəzəm
apardığı təşkilatçılıq işinin nəticəsi idi.
Məhz
görülmüş əsaslı tədbirlərin,
əmək intizamının möhkəmlənməsi,
dövlət plan
tapşırıqlarının yerinə yetirilməsi üçün məsuliyyət hissinin artırılması nəticəsi olaraq respublikamızda Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi
illərdə iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etmişdir. Artıq 1970-75-ci illərdə Azərbaycan iqtisadiyyatın bütün sahələrinin inkişaf
sürətinə görə İttifaq
respublikaları arasında ən qabaqcıl mövqeyə
çıxmışdı. 1970-75-ci illərdə respublikamızda məcmu məhsul
44 faiz, milli gəlir
39 faiz, sənaye məhsulu 50 faiz, kənd təsərrüfatı məhsulu
34 faiz artmışdı.
Heydər Əliyevin
bilavasitə Azərbaycana rəhbərlik etdiyi
7 ildə də iqtisadiyyatın bütün
sahələrinin sürətli inkişafı davam
etmişdi. 1970-1982-ci illərdə Azərbaycan
hər il müttəfiq respublikalar
arasında sosializm yarışının
qalibi olmuşdur. Sənayedə
əmək məhsuldarlığının yüksəlməsi,
istehsalın səmərəliliyinin artması üçün
onun texniki tərəqqinin
istiqamətlərini müəyyən edən
maşınqayırma, elektrotexnika, kimya, elektroenergetika kimi sahələri daha
sürətlə inkişaf etdirilirdi. Digər tərəfdən, sənayedə
yeni texnika və
texnologiyanın tətbiqinə dövlət tərəfindən
xüsusi qayğı göstərilirdi.
Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə sənayedə 581 adda yeni tipli
maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış,
310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və
s. yaradılmışdır. Sənaye məhsulu 2,7 dəfə, sənayedə əmək
məhsuldarlığı 2,1 dəfə
artmışdı.1970-ci ildən başlayaraq
Azərbaycan sənaye məhsulunun artım sürətinə
görə müttəfiq respublikalar
arasında ən qabaqcıl mövqeyə
çıxmışdı. Belə ki,
1970-ci ilə nisbətən 1985-ci ildə respublikanın
sənaye məhsulu 2,9 dəfə artmışdı ki, bu da Belarusiya qismən
istisna olmaqla (3,0 dəfə)
bütün digər respublikaların
göstəricilərindən yüksək idi. Respublikada kənd təsərrüfatı və onun xammalını emal edən
sahələr böyük sürətlə
inkişaf edirdi.
1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu
2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə
artmışdı. Pambıq, meyvə, tərəvəz
istehsalı iki dəfədən çox, üzüm,
tütün, barama,
yaşıl çay yarpağı
istehsalı 2-5 dəfə artmışdı. Üzüm
istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1481 (1984-cü ildə 2126 min tona), pambıq
istehsalı müvafiq olaraq
299 min tondan 831,2 min tona, tərəvəz
410 min tondan 850 min tona
çatmışdı.
Bu
kənd təsərrüfatı məhsulları istehsalı
sahəsində Azərbaycan müttəfiq respublikalar
arasında qabaqcıl mövqeyə malik oldu, o cümlədən üzüm və müxtəlif növ şərab istehsalına görə
respublikamız müttəfiq respublikalar
arasında birinci yeri tuturdu. Bütün bunlar inkişafın ümumiləşdirilmiş
göstərıcisi olan milli
gəlirin sürətlə artmasına səbəb oldu. 1970-1982-ci illərdə milli
gəlir 2,5 dəfə, adambaşına isə 2 dəfə
artmışdı. Bu göstəriciyə
görə Azərbaycan müttəfiq respublikalar
arasında qabaqcıl mövqe tuturdu. Bütün bunların nəticəsi idi ki, Rusiya
ilə yanaşı, Azərbaycan da ittifaq büdcəsindən dotasiya
almadan öz
iqtisadiyyatını sürətlə və mənfəətlə
inkişaf etdirirdi. Bütün bunlar xalqın yaddaşında öz
həqiqi liderinin rəhbərliyi ilə tarixi yüksəliş, milli
intibah illəri kimi
qalmışdı. Elə buna görə
də dövlət müstəqilliyinin ilk
illərində Azərbaycan məhv olmaq təhlükəsi
ilə üzləşəndə xalq ümummilli lider Heydər
Əliyevə üz tutdu.
Ulu öndər Heydər Əliyevin tarixi sınaqlardan qələbələrlə
çıxmış qüdrətli siyasəti müstəqil
dövlətimizi də inkişaf və tərəqqi
yoluna çıxardı.
Əli NURİYEV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru,
AMEA- nın müxbir
üzvü
Xalq qəzeti.- 2014.- 17 iyul.- S.4.