Azərbaycan-İtaliya əməkdaşlığında
yeni mərhələ başlanır
Son illərdə ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır. Enerji sahəsində əməkdaşlıq həm də Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib və güclü iqtisadi potensial ölkəmizin Avropanın enerji təchizatında oynadığı rola da öz töhfəsini verir. Bu baxımdan Azərbaycan Avropanın aparıcı iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə əlaqələri də inkişaf etdirir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri böyük maraq doğurmuşdur.
İtaliyanın
nüfuzlu qəzetləri, tanınmış xəbər
agentlikləri, informasiya portalları Azərbaycan Prezidenti
İlham Əliyevin bu ölkəyə rəsmi səfəri
ilə bağlı məqalələr dərc etmiş,
dövlətimizin başçısının səfər
çərçivəsində keçirdiyi görüşlər, müzakirə
olunan məsələlər və bu səfərin ikitərəfli
əlaqələrin inkişafına töhfəsi ilə
bağlı məqamlar təhlil olunmuşdur. Məsələn,
İtaliyanın “La Repubblica” qəzetində dərc olunan məqalədə
deyilir ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət
sahəsində əməkdaşlıq növbəti mərhələyə
qədəm qoydu. Nüfuzlu “İl Messaggero” qəzetində dərc
olunan məqalədə bildirilir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi
səfəri Azərbaycan və
İtaliya arasında mövcud əlaqələrə verilən
önəmin göstəricisi sayıla bilər. Səfər
çərçivəsində Roma və Bakı arasında
bütün Avropanın enerji strategiyası üçün
mühüm rol oynayacaq sazişlər imzalanmış, iki
ölkənin iqtisadi və mədəni əməkdaşlığının
daha da genişləndirilməsi üçün
danışıqlar aparılmışdır.
Məqalədə iki
ölkə arasındakı əməkdaşlığa
yüksək önəm verilməsi ilə yanaşı, Azərbaycanın
iqtisadi qüdrətinin getdikcə artması da xüsusi
vurğulanır. Bildirilir ki, 2014-cü ilin ilk üç
ayının məlumatlarına əsaslanaraq qeyd etmək olar
ki, artıq 7 ildir İtaliya Azərbaycanın birinci iqtisadi tərəfdaşıdır:
2013-cü ildə bu ikitərəfli mübadilənin gəliri
7,4 milyard avronu keçmişdir. Karbohidrogenlərin idxalı nəticəsində
İtaliya üçün mənfi saldo təxminən 6,4
milyard avro olmuşdur. Keçmiş sovet respublikaları
arasında Azərbaycan ən yüksək inkişaf tempinə
malik olan bir ölkədir. Bu ölkədə qeyri-enerji sahələrində
9,5 faiz artıma nail olunmuş, 74 milyard dollarlıq ümumi
daxili məhsul istehsal edilmişdir. Azərbaycanın xarici
borcu qibtəediləcək rəqəmlə
ölçülür – 9,1 faiz, işsizliyin səviyyəsi
5,6 faizdir.
Qəzet yazır ki,
53 yaşlı İlham Əliyev artıq
üçüncü dəfədir ki, Prezident vəzifəsinə
seçilib. Beynəlxalq münasibətlər üzrə
professordur, artıq 33 yaşında dövlət neft şirkətinin
vitse-prezidenti vəzifəsində çalışıb, daha
sonra deputat və Yeni Azərbaycan Partiyasının lideri
seçilmişdir. Bir neçə xarici dili (rus, ingilis,
fransız və türk) mükəmməl bilən Prezident
İlham Əliyev öz siyasətində müasirləşməyə,
qonşu ölkələrlə
balanslaşdırılmış əlaqələrin
qurulmasına böyük diqqət yetirir.
Göründüyü
kimi, İtaliyanın nüfuzlu kütləvi informasiya vasitələri
Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərini
yüksək qiymətləndirmişlər. Bu səfərin
iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin
əsasını qoyacağı əminliklə ifadə
olunmuşdur.
Ümumiyyətlə,
Azərbaycan-İtaliya münasibətlərinin
keçmişinə nəzər saldıqda iki ölkə arasında əməkdaşlığın
qədim tarixə malik olduğunu görərik. İtaliya-Azərbaycan
münasibətləri qədim dövrlərdən mövcud
olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki
şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər,
Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr
saxlayıblar.
1918-1920-ci illərdə
müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə də İtaliya və Azərbaycan
arasında diplomatik münasibətlər yaradılıb. Həmin
vaxt Bakıda İtaliyanın
diplomatik təmsilçiliyi fəaliyyət göstərib.
Sovet hakimiyyəti dövründə, 1972-ci ildə Azərbaycanın
paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri
qardaşlaşmış şəhərlər
elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni
əlaqələr həmin vaxtdan daha da sürətlənib.
Azərbaycanın
dövlət müstəqilliyi bərpa olunduqdan sonra
İtaliya ölkəmizlə diplomatik əlaqələrini
yenidən qurub. 1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanın müstəqilliyini
tanıdığını rəsmən bəyan edib. İki
dövlət arasında diplomatik münasibətlər isə 1992-ci il mayın 8-dən
etibarən yaradılıb.
İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarında
ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb.
İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən
fəaliyyət göstərir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli üçün 1992-ci ilin martında
yaradılmış ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri
İtaliya olub. O zaman İtaliya nümayəndəsi Mario
Rafaelli münaqişənin dayandırılması
üçün bir sıra diplomatik addımlar atıb.
Ulu öndər Heydər
Əliyevin müstəqil Azərbaycana
rəhbərliyindən sonra digər ölkələr kimi,
İtaliya ilə də əməkdaşlığa
xüsusi önəm verilmişdir. Heydər Əliyevin
İtaliyaya ilk rəsmi səfəri 1997-ci il 25-28 sentyabrda
reallaşmışdır. Bu səfər iki dövlət
arasında bütün sahələrdə
münasibətlərin inkişaf etdirilməsi
baxımından əhəmiyyətli addım olmuşdur. Həmin
səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti
Oskar Luici Skalfaro, Baş nazir Romano Prodi, Senat sədri
N.Mançio, Deputatlar Palatasının sədri L.Violante ilə
görüşmüşdür. İtaliya rəhbərləri
Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
ədalətli həllinə və Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasına tərəfdar
olduqlarını bildiriblər.
Heydər Əliyev səfər
zamanı həmçinin çoxsaylı görüşlər
keçirmiş, yerli qəzetlərə və informasiya
agentliklərinə müsahibələr vermişdi. Səfər
zamanı siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı
daha da inkişaf etdirmək məqsədilə sazişlər
imzalanmışdı. Ulu öndər Heydər Əliyevin səfərindən
sonra əməkdaşlığı daha da inkişaf etdirmək
məqsədilə İtaliya hökuməti nümayəndələrinin
Azərbaycana səfərləri ardıcıl xarakter alıb.
1998-2003-cü illərdə İtaliya Xarici İşlər
Nazirliyinin yüksək rütbəli şəxsləri səviyyəsinə
qədər ölkənin müxtəlif dövlət
orqanlarının təmsilçiləri Azərbaycana səfər
ediblər. Tərəflər arasında aparılan
danışıqlar və müzakirələr nəticəsində
bir çox sahələrdə tərəfdaşlıq məqsədilə
növbəti müqavilələr bağlanıb.
1999-cu ilin aprelində
Bakıda İtaliya səfirliyinin yeni binasının
açılışı mərasimində
qarşılıqlı münasibətləri daha da yüksək
səviyyəyə qaldırmaq niyyətinin ifadəsi olaraq Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev və
İtaliya xarici işlər nazirinin müavini də iştirak
edib. Heydər Əliyev açılış mərasimində
çıxış edərək İtaliya və Azərbaycan
arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi üçün Azərbaycan tərəfinin
bütün lazımi tədbirlər görəcəyini
bildirib.
2000-ci ilin mayında
İtaliyanın milli bayramı münasibətilə nitq
söyləyərkən Azərbaycan Prezidenti Heydər
Əliyev İtaliyanın Azərbaycanın Avropa
Şurasına qəbul edilməsi üçün konstruktiv
addımlar atmasından razı qaldığını bildirib.
Sonrakı illərdə də
İtaliya və Azərbaycanın xarici işlər, əmək və sosial müdafiə
nazirlikləri arasında əməkdaşlığın
genişləndirilməsi haqqında razılıqlar əldə
edilib.
Azərbaycan Prezidenti
İlham Əliyevin 2005-ci il
fevralın 24-də İtaliyaya
iki günlük rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının
daha da genişləndirilməsinə təkan vermişdir.
İtaliyanın dövlət rəhbərliyi ilə
görüşən Prezident
İlham Əliyev ölkənin mətbuat orqanlarına
müsahibə vermiş və İtaliya Xarici Ticarət
İnstitutu tərəfindən təşkil olunan “Azərbaycanın
təqdimatı” adlı biznes forumda iştirak etmişdir.
Bütün bu görüşlərdə tərəflər
arasında münasibətlərin sıx inkişaf imkanları, ticarət, iqtisadiyyat
sahələrində birgə fəaliyyət məsələlərindən
danışılıb. Dövlətimizin
başçısının səfəri
zamanı İtaliya və Azərbaycan arasında
gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət,
bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla
bağlı yeni sazişlər imzalanmışdır.
2005-ci ilin iyununda
İtaliya senatının Xarici və Miqrasiya Məsələləri
üzrə Komitəsinin rəhbəri Azərbaycanda səfərdə
olarkən dövlət başçısı İlham
Əliyevlə görüşündə İtaliyanın
Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın
ədalətli mövqeyini müdafiə edəcəyini
bildirmişdir. Sonrakı illərdə də ölkəmizdə
səfərdə olmuş İtaliyanın dövlət rəsmiləri
Prezident İlham Əliyevlə görüşmüşlər.
Dövlətimizin
başçısı Azərbaycanla İtaliya
arasında ikitərəfli münasibətlərin
bütün sahələrdə uğurla inkişaf etdiyini
bildirmiş, iki ölkə arasında ticarət dövriyyəsinin
ildən-ilə artdığını müsbət hal kimi dəyərləndirmişdir.
İtaliya nümayəndə
heyətinin başçısı Umberto Ranyeri də Azərbaycan
– İtaliya münasibətlərinin uğurla inkişaf
etdiyini vurğulayaraq İtaliyanın ticarət sahəsində
Azərbaycanın bir nömrəli tərəfdaşı
olduğunu qeyd etmişdir. 2008-ci il 25-26 noyabrda Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri
reallaşmışdır. Azərbaycan
Prezidenti səfər çərçivəsində bu ölkənin “Rai İnternational”
telekanalının “Foks neks” proqramına müsahibə
vermiş və demişdir ki, ölkələrimiz arasında əlaqələr
çox uğurla inkişaf edir. Müstəqilliyi əldə
etdiyimiz ilk illərdən İtaliya ilə əlaqələrimiz
çox sürətlə inkişaf edir, siyasi əlaqələrimiz
də çox yaxındır. Bu, mənim son üç il ərzində
ölkənizə ikinci rəsmi səfərimdir. Bu, əlaqələrimizin
səviyyəsinin mühüm göstəricisidir. İtaliya
şirkətləri Azərbaycanda uğurla
çalışır, enerji sektoruna və digər sahələrə
böyük sərmayələr yatırırlar. Azərbaycanda
bəzi İtaliya şirkətləri müxtəlif sənaye
layihələrində podratçı qismində
çalışır və eyni zamanda, kənd təsərrüfatı
sahəsində təmsil olunurlar. Ölkələrimiz
arasında humanitar sahədə güclü mədəni əlaqələrimiz,
geniş fəaliyyət var. Ümumiyyətlə, bunlar
çox tarazlaşdırılmış əlaqələrdir,
yaxşı gələcəyi var. Çünki siyasi və
iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək
üçün yaxşı imkanlar var.
Bütün bunlar bir
daha təsdiqləyir ki, Azərbaycan-İtaliya münasibətləri
artıq yeni mərhələyə qədəm qoyub. Onu da
qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında İtaliya Azərbaycanın
mövqeyini dəstəkləyir. 2013-cü il avqustun 11-də İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti, sabiq Baş nazir Enriko Letta Azərbaycanda səfərdə
olarkən verdiyi bəyanatda
bildirmişdir: “Biz hesab edirik ki, bu məsələdə
status-kvo qəbuledilməzdir. Uzun sürən münaqişənin
həlli regionda sülh və təhlükəsizliyin təmin
edilməsinə tarixi töhfə olacaqdır. İtaliya bu
münaqişənin beynəlxalq praktikaya uyğun həlli
istiqamətində səylərini əsirgəməyəcəkdir.
Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən
bir həll olmalıdır. Ənənəvi olaraq biz bu
münaqişəyə böyük diqqət yetirmişik.
Sizi əmin etmək istərdim ki, biz bu münaqişənin
beynəlxalq səviyyədə həllinə nail olmaq
üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycan
Prezidentinin İtaliyaya sonuncu səfərinin böyük əhəmiyyət
kəsb etdiyi gözlənilən idi. Bunu keçirilən rəsmi
görüşlər və əməkdaşlığın
daha da genişləndirilməsi məqsədilə
imzalanmış sənədlər də təsdiqlədi.
Dövlətimizin başçısının İtaliyada
yüksək səviyyədə qarşılanması cənab
İlham Əliyevin beynəlxalq
aləmdə yüksək reytinq qazanmasının və Azərbaycanın
dünya birliyində nüfuzunun
getdikcə artmasının
göstəricisidir. İtaliya kimi inkişaf etmiş bir
ölkədə dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəviyə abidə ucaldılması da Azərbaycan
mədəniyyətinə verilən yüksək qiymət
kimi dəyərləndirilməlidir.
Azərbaycan Prezidenti
İlham Əliyevin İtaliyaya rəsmi səfərinin
gündəliyi zəngin
olmuşdur. Dövlətimizin başçısı bu səfər
çərçivəsində İtaliya Prezidenti Corco
Napolitano və İtaliya
Senatının sədri Pietro Qrasso ilə
görüşmüşdür. Bu
görüşlərdə
Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni
və digər sahələrdə əməkdaşlığın
uğurlu inkişafından məmnunluq ifadə edilmişdir.
Ölkələrimiz arasında əlaqələrin Avropa
İttifaqı-Azərbaycan əməkdaşlığı
baxımından önəmi vurğulanmış, Azərbaycanın
Avropa Şurasının Nazirlər Kabinetində,
İtaliyanın Avropa İttifaqında sədrliyi
dövründə səylərin əlaqələndirilməsinin
vacibliyi qeyd edilmişdir. Söhbət zamanı energetika sahəsində
əməkdaşlığın uğurlu inkişafı
vurğulanmış, ölkələrimizin beynəlxalq təşkilatlarda
bir-birinə qarşılıqlı dəstək verdiyi
bildirilmişdir.
Görüşlərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli
münasibətlərinin müxtəlif aspektləri və
qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı ətraflı fikir mübadiləsi
aparılmışdır . Dövlətimizin
başçısı
Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada
şəhərin meri İqnatsio Marino ilə
görüşmüş və İtaliya jurnalistlərinə
müsahibə vermişdir.
Roma şəhərinin
meri İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında
siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin
genişləndiyini bildirmiş və
ölkəmizdə gedən inkişaf proseslərinin məmnunluq
doğurduğunu diqqətə
çatdırmışdır. O, Azərbaycan ilə mədəniyyət
sahəsində əlaqələrin inkişafında
maraqlı olduqlarını bildirmiş, bu əlaqələrin
xalqlarımızın bir-birini daha yaxından tanımaları
üçün yaxşı imkan yaratdığını
diqqətə çatdırmışdır. Roma şəhərinin
meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq
əlaqələrinə də
toxunaraq fondun dünyada ümumbəşəri dəyər
olan bir çox mədəni və humanitar layihələri
uğurla həyata keçirdiyi barədə məlumatı
olduğunu bildirmişdir. İqnatsio Marino Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən
görüşünü xatırlatmış, Heydər
Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin
əhəmiyyətini qeyd etmişdir. “Mercati di Traiano” muzeyinin ərazisində
arxeoloji qazıntı işlərinin aparılmasında Heydər
Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən
mer buna görə təşəkkürünü
bildirmişdir.
Prezident İlham
Əliyev bu memarlıq və mədəniyyət nümunəsinin
təkcə Romaya deyil, bütün bəşəriyyətə
aid olduğunu demiş, arxeoloji qazıntı işlərində
Azərbaycanın da iştirak etməsindən fərəh
hissi keçirdiyini vurğulamışdır. “Düşünürəm
ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib
elementidir”, – deyən dövlətimizin başçısı
mədəniyyət sahəsində əlaqələrin
inkişafının xüsusi əhəmiyyət
daşıdığını diqqətə
çatdırmışdır.
Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin
Azərbaycanda yaxşı tanındığını,
ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin
mühüm əhəmiyyətə malik olduğunu qeyd
etmişdir.
Görüşdən
sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar
kitabına ürək sözlərini yazmışdır.
Dövlətimizin başçısı Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə Roma şəhər meriyası
arasında sazişin imzalanması mərasimində iştirak
etmişdir. Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi
ərazidə arxeoloji qazıntı işlərinin
aparılmasına maliyyə vəsaitinin ayrılmasını
nəzərdə tutur.
Azərbaycan Prezidenti
İlham Əliyev və İtaliyanın Baş naziri Matteo
Renzi tərəfindən “Azərbaycan Respublikası ilə
İtaliya Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə” qəbul olunmuş, ikitərəfli
əməkdaşlığın daha da genişləndirilməsi
məqsədilə bir sıra sənədlər
imzalanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev
İtaliyaya rəsmi səfəri çərçivəsində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da
Silva ilə də
görüşmüşdür. Görüşdə
Azərbaycan ilə FAO arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi qeyd edilmiş, ölkəmizdə
iqtisadi sahədə qazanılan nailiyyətlərdən
danışılmışdır. Həmçinin Azərbaycan
ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
arasında əməkdaşlığın perspektivlərinə
dair fikir mübadiləsi aparılmışdır.
Bu səfər Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə
xüsusi töhfələr verəcəkdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 17 iyul.- S.3.