Sürətlə yeniləşən,
gözəlləşən
Goranboy
Yevlax–Gəncə yolunun Goran stansiyası adlanan ərazisindən sola burulub Goranboy şəhərinə yön alanda gözlərinə inana bilmirsən. İllər boyu hafizəmizdə qalmış əvvəlki boz-bulanıq, ifadəsiz mənzərədən indi əsər-əlamət belə qalmayıb. Abadlıq, zövqlə yaradılmış memarlıq tərtibatları, ümumi gözəllik əvvəllər əkinqırağı arxların, alaq otlarının əhatələdiyi yolkənarı mənzərəni birdəfəlik yox etmişdir. Goran stansiyasından ayrılan yolun ətrafında aparılmış əsaslı yenidənqurmanın davamı olan bu ürəkaçan mənzərə 5 kilometrlik yoldan sonra müsafirləri Gəncəbasarın tamamilə yeniləşmiş, gözəlləşmiş bir şəhərinə gətirib çıxarır. İstər-istəməz, düşünürsən: doğrudanmı, bütün bunlar son illərdə baş vermişdir?..
Goranboy
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin
Quliyev bu sualımızın cavabında dedi ki, təkcə
şəhər deyil, bütün yaşayış məntəqələri
yeni görkəm alır, abadlıq işləri hər yeri əhatə
edir. Əvvəl gəzin, görün, ətraflı
tanış olun, sonra mən
də öz sözümü deyərəm...
İcra
hakimiyyəti başçısının müavini Elçin İsmayılovla Goranboy
şəhərində son vaxtlar istifadəyə verilmiş,
hazırda tikintisi başa çatdırılmış əksər
obyektlərdə olduq, Ağcakənddəki “Gülüstan”
turizm obyektinədək gedib çıxdıq, bir sözlə,
rayonu əriş-arğac etdik. Hər yerdə qızğın işin, geniş
quruculuq- abadlıq işlərinin, hasilə gətirilənlərin gərəkliyindən doğan
ümumi razılığın, xoş əhvalın
şahidi olduq. Adamlar bütün bunları ölkə rəhbəri
İlham Əliyevin bölgələrin inkişafına
müstəsna diqqətinin nəticəsi kimi dəyərləndirdilər.
Axşam yenidən
Rayon İcra Hakimiyyətinə döndük. Goranboy
rayonunda son vaxtlar həyata keçirilmiş quruculuq, tikinti-
abadlıq işləri, 6 ayda həyata keçirilmiş
social-iqtisadi inkişaf tədbirləri ilə əyani və ətraflı
tanışlıqdan sonra icra hakimiyyətinin
başçısı Nizaməddin Quliyevlə söhbətimiz
daha konkret və faydalı oldu. Müsahibimiz səhər
verdiyimiz “bütün bunlar qısa müddətdə necə
mümkün olmuşdur? - sualımızı indi məmnunluqla
cavablandırdı:
– Bu gün ölkədə
gedən ümumi inkişaf elə miqyaslı və sürətlidir
ki, açığı, bölgələrin belə bir tərəqqi
ilə ayaqlaşması o qədər də asan deyildir.
Aydın proqram, lazımi dövlət dəstəyi olan yerdə
isə ümumi axından geri qalmağa heç kəsin
haqqı yoxdur. Kim indi bir balaca gecikdisə, onun sonra
başqalarına çatması mümkün olmayacaq. Nazirlər Kabinetinin bu günlərdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə keçirilən
iclasında səslənən inkişaf göstəriciləri
bir daha göstərdi ki, ölkəmiz başdan-başa yeniləşir,
uğurlar davamlı olaraq artır. Ümumi tərəqqidə
regionlar da öz sözünü deyir.
Artıq Goranboy kimi aqrar rayonlara
ölkənin xammal əlavəsi kimi deyil, ümumi orqanizmin
bir hissəsi kimi baxılır. Paytaxt, sənaye mərkəzləri
hansı standartlarla tikilib- qurulursa, kənd rayonları da həmin
meyarlarla inkişaf etdirilir. Bu, dövlət
başçısı İlham Əliyevin 11 il əvvəl
prezident seçkiləri zamanı regionların sürətli
inkişafına nail olmaqla bağlı bəyan etdiyi
proqramın ardıcıl, artan sürətlə həyata
keçirilməsinin parlaq göstəricisidir. Deməli,
yüksək sürətin təminatı yuxarıdan,
icrası isə aşağıdan gerçəkləşdirilir.
Prezident
İlham Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə hazırlanıb uğurla həyata keçirilmiş
regionların sosial-iqtisadi inkişafına dair birinci və
ikinci dövlət proqramları respublikanın hər yerində
olduğu kimi, rayonumuzda da davamlı inkişafı təmin
etmişdir. Ötən müddətdə bir sıra infrastruktur layihələr
icra edilmiş, xeyli sayda müasir sosial obyekt istifadəyə
verilmişdir. Bunlar Goranboy şəhərinin,
bütövlükdə, rayonumuzun simasını əsaslı
surətdə dəyişmiş, müstəqillik
dövrünün Goranboyunu formalaşdırmışdır.
Bu ildən icrasına başlanılmış
üçüncü dövlət proqramı növbəti 5
ildə bütün rayonlar kimi, Goranboyun da bu yeni əsas üzərində hərtərəfli
inkişafı davam edirməsinə imkan verəcəkdir.
İndi isə nümunə üçün bir neçə
obyektdəki işimizdən danışım.
Bu günlər
bütün qüvvə və ehtiyatlar proqramda nəzərdə
tutulmuş tədbirlərin, layihələrin dəqiq icra
edilməsinə səfərbər olunmuşdur. Havaların əvvəl yağıntılı, son həftələrdə
isə isti keçməsinə baxmayaraq, tikinti
meydançalarında fasiləsiz iş gedir, kənd
adamları məhsul bolluğu yaratmaq üçün əlini
torpaqdan, sudan çəkmirlər. İlin əvvəlindən
götürülmüş yüksək sürət Heydər
Əliyev Parkında yaradılan müasir memarlıq
nümunəsi olan üçmərtəbəli, 4000
kvadratmetrlik Heydər Əliyev Mərkəzinin tikintisini
qısa müddətdə başa çatdırmağa imkan vermişdir.
Gördüyünüz
kimi, ulu öndərin adına, ölməz ideyalarına layiq
olan bu bina Goranboy şəhərinin mərkəzinə
böyük və gözəl şəhərlərə məxsus
bir görkəm gətirmişdir. Mərkəzin həyətinə
2000 kvadratmetr beton plitə döşənmişdir. Mədəniyyət və istirahət parkı
bütövlükdə, yenidən qurulur. Əraziyə
xüsusi yaraşıq verən 2 fəvvarənin və təntənəli
giriş qapısının tikintisi başa çatmaq üzrədir.
Ətrafa müasir divar çəkilir, aqlay daşı ilə
üzlənilir.
Qeyd etmək yerinə
düşər ki, respublikada bənzəri olmayan bu mərkəzdə
rayon və respublika əhəmiyyətli tədbirlərin
keçirilməsi üçün hər cür şərait
vardır. Burada ulu öndərin irsinin öyrənilməsi ilə
yanaşı, gənclərin və yeniyetmələrin
yaradıcılıq potensialının inkişaf etdirilməsi
üçün dərnəklər də fəaliyyət
göstərəcəkdir.
Rayonumuz
üçün önəmli digər bir obyektdə – Prezident İlham Əliyevin
tapşırığı ilə tikilntisinə
başlanılan Olimpiya idman kompleksində də işlər
sürətlə aparılır. Nizami Gəncəvi
Parkının 4 hektarlıq ikinci hissəsinin isə tikintisi başa
çatmışdır. “Goranboy” otelinin yanında parka
memarlıq üslubunda giriş qapısı tikilmişdir.
Burada əhalinin istirahəti üçün əyləncə
guşələri, “Şəlalə” kompleksi inşa
edilmiş, dekorativ ağaclar və gül kolları əkilmiş,
4000 kvadratmetr sahədə yaşıllıq zolağı
salınmış, 600 metr suvarma xətti çəkilmişdir.
Xüsusi gecə görüntüsü yaratmaq
üçün işıqlandırma sistemi
quraşdırlmışdır. Şəhərin Goran istiqamətindən
giriş qapısının ətrafında yenidənqurma
işləri başa çatmış, ikitərəfli yol
çəkilmiş, işıqlandırma sistemi
qoyulmuşdur. 2500 kvadratmetr yaşıllıq zolağı
salınmış, avtomatik suvarma sistemi
quraşdırılmışdır.
Bundan əlavə,
Avtobaza dairəsindən “Goranboy” otelinə qədər olan məsafədə,
C.Cabbarlı, R.Mustafayev küçələrində,
Ağcakənd istiqamətindən girişdə yol genişləndirilmişdir.
İkitərəfli yolun tikintisi başa çatmaq üzrədir
və həmin ərazilərə 195 müasir
işıqlandırma dayaqları qoyulmuşdur. Ümumilikdə, küçələrə 12600
metr bardür düzülmüş, 2200 kvadratmetr piyada yolu
tikilmişdir. Gördüyünüz kimi bütün bunlar
Goranboy rayonunun pərakəndə, primitiv görkəminin
yerində müasir bir şəhərin yeni mənzərəsini
bərqərar etmişdir.
Başçının
bütün quruculuq tədbirləri barədə məlumat
verməyə macalı olmasa da rayonda olarkən
gördüyümüz və topladığımız
materiallar əsasında ilin 6 ayının ən mühüm
yenilik və uğurlarını oxucuların nəzərinə
çatdırırıq.
İlin əvvəlindən İrəvanlı
kəndi ərazisində avtomobil yolu boyu 580 metr divar,
H.Əliyev prospektində və Nizami adına parkda 3100
kvadratmetr məhəccər inşa edilmişdir. H.Əliyev
prospektində 850 kvadratmetr, R.Mustafayev küçəsində
isə 800 kvadratmetr hasar bərpa edilmişdir. Ümumilikdə,
680 kvadratmetr divar aqlay daşı ilə üzlənmiş,
820 kvadratmetr divara suvaq çəkilmiş, 3600 kvadratmetri rənglənmişdir.
Goranboy şəhərinin
58-ci kvartal adlanan yeni yaşayış massivində
küçələrə 3600 kvadratmetr, V.Bayramov və
C.Cabbarlı küçələrinə isə 42000
kvadratmetr asfalt örtük salınmışdır. S.Civəzadə
küçəsində 5, 9 və 11 saylı 2 mərtəbəli
yaşayış binalarının dam örtüyü
müasir formada yenidən qurulur. H.Əliyev prospektində 2 mərtəbəli
yaşayış binasının həyətində sakinlərin
istirahəti üçün əyləncə yeri
tikilmişdir. C.Cabbarlı küçəsində 4 saylı
binada daxili su xətləri çəkilmişdir.
Ağcakənd istiqamətindən
şəhərə yeni giriş qapısı tikilmiş, 300
Eldar şamı əkilmişdir. Şəhərin 2 yerində
ulu öndər Heydər Əliyevin iri portreti
üçün panno inşa
edilmişdir. Böyük Vətən müharibəsində və
Qarabağ müharibəsində həlak olanların xatirəsinə
ucaldılmış kompleksdə yenidənqurma işləri
davam etdirilir. Burada 160 kvadratmetr hasar
hörülmüş, 1000 kvadratmetr tamet döşənmiş,
500 kubmetr torpaq tökülmüş, 60 dekorativ ağac əkilmiş,
fontan tikilmişdir. İşlər başa çatmaq üzrədir.
Şəhərin ərazisində salınmış
yaşıllıq zolaqlarında və digər
yaşayış məntəqələrində 34 mindən
çox ağac və gül kolları əkilmişdir.
Yeni obyektlərin sayı son vaxtlar xeyli
artmışdır. Rayon Təhsil Şöbəsinin
qarşısındakı yol dairəsində saat qülləsi
inşa edilmişdir. Şəhər
Avtovağzalının inzibati binasının tikintisi başa
çatmış, istifadəyə hazır vəziyyətdədir.
Rayon Paylayıcı Elektrik şəbəkəsinin
inzibati binasında son tamamlama işləri aparılır.
Müasir ticarət
mərkəzi və yeni çörək zavodu
inşa edilmişdir. Əlillər və şəhid
ailələri üçün 6 mərtəbəli 54 mənzilli
yaşayış binası da istifadəyə verilmək ərəfəsindədir.
İmtiyazlı şəxslərin mənzillə
təmin olunması üçün əlavə 2 ədəd
6 mərtəbəli 54 mənzilli yaşayış
binasının tikintisi ilə bağlı müraciət
edilmişdir. Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti Goranboy şöbəsi üçün müasir
üslubda yeni inzibati binanın tikintisinə
başlanmışdır.
İlin birinci yarısında rayon mərkəzi
ilə yanaşı, digər yaşayış məntəqələrində
də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Tatarlı və Qarqucaq kəndlərində giriş
qapısı inşa edilmişdir. Əzizbəyov
kəndində 22 ton tutumu olan meyvə-tərəvəz
saxlamaq üçün soyuducu anbar tikilir.
Son illər rayonda yol tikintisi sahəsində xeyli iş
görülmüşdür. 22,5 kilometr Dəliməmmədli-Həmənli,
7,5 kilometr Səmədabad-Əhmədabad, 5 kilometr Dəliməmmədli-Fəxralı,
7 kilometr uzunluğunda
Goran-Goranboy yolu, magistral yoldan Nadirkənd kəndindən
keçməklə 3,3 kilometr dövrələmə yol
asfalt-beton örtüklə yenidən tikilmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov
fevralın 28-də Goranboy rayonunda vətəndaşları qəbul
edərkən Sarov kəndinin bir qrup sakini Dəliməmmədli-Sarov
avtomobil yolunun təmiri ilə bağlı müraciət
etmişdir. Nazirin
tapşırığı əsasında 3 kilometr
uzunluğunda yol qısa müddətdə asfalt-beton
örtüklə yenidən tikilərək sakinlərin istifadəsinə
verilmişdir. Hazırda ölkə Prezidentinn müvafiq
sərəncamı ilə 35 min nəfər əhalinin
yaşadığı 18 yaşayış məntəqəsini
birləşdirən 38 kilometr uzunluğunda Goranboy-Yuxarı
Ağcakənd avtomobil yolunun tikintisi aparılır. Yol
tikintisinin davam etdirilməsi üçün 7,2
milyon manat vəsait ayrılmışdır. Artıq
Qaraçinar kəndinədək 25 kilometr yola asfalt-beton
örtük salınmışdır.
Ötən il olduğu kimi, bu il də
kənddaxili yolların təmiri işləri davam
etdirilmişdir. AzKİL təşkilatı ilə birlikdə
2014-cü ilin 6 ayı ərzində Zeyvə, Qarqucaq,
Hacallı, Şəfibəyli kəndlərində 22,5 km kənddaxili yollar təmir edilmişdir.
Bütün kəndlərdə nümunəvi
sosial obyektlər yaradılması, zəruri ehtiyacların
aradan qaldırılması işi ardıcıl davam etdirilir. Nadirkənd kəndində klub binasının
tikintisi başa çatmaq üzrədir. Yaxın
vaxtlarda yeni dəyirmanın tikintisinə başlanacaqdır.
Aşağı Ağcakənd qəsəbəsində, Rəhimli,
Gürzallar, Yenikənd, Xəsədərli, Quşçular,
Muzdurlar, Yolpaq və İrəvanlı kəndlərində
6950 metr içməli su xətləri çəkilmiş,
350-dən çox ev içməli su ilə təmin edilmişdir.
Hazırda Xınalı kəndində
küçələrə su xətti çəkilir. Yaxın vaxtlarda Qazanbulaq qəsəbəsində,
Nadirkənd kəndində və Veyisli kəndi
yaxınlığındakı qəsəbədə yeni
içməli su xəttinin çəkilişi layihəsinin
icrasına başlanacaqdır.
Ölkə Prezidentinin tapşırığı
ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu
və Tap kəndlərinin problemlərinin həlli istiqamətində
işlər davam etdirilmişdir. Murov-Goranboy
su kəmərindən kəndə su xətti çəkilmiş,
o cümlədən evlərə su xəttinin çəkilişi
başa çatmış, sayğaclar
quraşdırılır. 500 metr
mühafizə divarı tikilmişdir. Xeyir-şər
evinin tikintisi davam etdirilir. Yaxın aylarda kənd
qəbiristanlığının ətrafının
hasarlanmasına, 45 evin yenidən tikintisinə və 267 evin bərpasına
başlanılacaqdır.
Öyrəndik ki, son 5 ildə rayonda 3880 yerlik 20 məktəb
və 2 əlavə tədris korpusu tikilmiş, 1920 yerlik 8 məktəb
əsaslı təmir edilmişdir. Hazırda hər
biri 180 şagird yerlik Xınalı, Qarasuçu, Yenikənd kənd
və Goran qəsəbə məktəblərinin tikintisi
aparılır. Növbəti dərs ilinədək
bu məktəblər istifadəyə veriləcəkdir.
Hazırda Qaradağlı kənd tam orta məktəbinin
istilik sisteminin qurulması üçün iş
aparılır. Bu il Qaradağlı kənd
və Qızılhacılı qəsəbə 2 saylı
uşaq bağçaları əsaslı təmir edilmiş,
Xınalı kəndində yeni uşaq bağçası
açılmışdır.
Mədəniyyət müəssisələrinin
maddi bazasının yaxşılaşdırılması
istiqamətində işlər də uğurla davam etdirilir. Mərkəzləşmiş kitabxana sistemində bərpa
işləri aparılmışdır. Hazırəhmədli
kənd mədəniyyət evinin əsaslı təmiri
başa çatmaq üzrədir. Tarix-Diyarşünaslıq
Muzeyinin köçürülməsi məqsədi ilə
Heydər Əliyev Mərkəzinin köhnə binasında 105
kvadratmetr sahəsi olan yardımçı otaqların tikintisi
aparılır.
Prezident İlham Əliyevin tapşırığına
əsasən, rayonda fevral ayının 17-dən may
ayının 1-dək olan dövrdə əhalinin kütləvi
profilaktik tibbi müayinəsi keçirilmişdir. Tibbi
müayinəyə 65,578 nəfər cəlb olunmuş, 9329 nəfər
xəstə aşkarlanmış, 406 nəfər rayon mərkəzi
və Dəliməmmədli şəhər xəstəxanalarına
stasionar müalicəyə cəlb olunmuş, 102 nəfər
Bakı şəhərinin klinikalarına göndərilmişdir.
Müayinə zamanı 88 yataq xəstəsi
aşkar olunmuş, onlara tibbi yardım göstərilmişdir.
Rayonda rabitə xidmətinin istifadəçiləri
artmaqdadır. 2014-cü ilin birinci
yarımilində 325 nəfərə yeni telefon çəkilmiş,
Nərimanlı kəndində 208 nömrəlik EATS istifadəyə
verilmişdir. Todan elektron ATS-i istisna olmaqla
34 ATS-də genişzolaqlı internet avadanlıqları
quraşdırılmış, 3500 abunəçi bu xidmətdən
istifadə edir. Son illər əhaliyə
göstərilən poçt xidmətləri də xeyli
genişlənmişdir. Borsunlu poçt
şöbəsi üçün yeni bina inşa edilmiş,
poçt filiallarında müasir avadanlıqlar
quraşdırılmışdır. Rayon
Poçtamtı artıq daxili və beynəlxalq pul
köçürmələrinin qəbulunu və göndərilməsini
də həyata keçirir.
Əhalinin güzəranı, sosial
ehtiyacları daim nəzarətdə saxlanılır, problemlər
ardıcıl həllini tapır. 6 ay ərzində
rayonda 795 iş yeri açılmışdır ki, bunun 505-i
daimidir. Əhalinin enerji
daşıyıcıları ilə təminatı daim diqqətdə
saxlanılmış, həyata keçirilmiş tədbirlər
nəticəsində ciddi problem yaranmamışdır.
Ötən il Qaraçinar, Yolqullar, Dəyirmanlar,
Azad və Baxçakürd kəndlərinin
qazlaşdırılmasına başlanmışdır.
“Goranboy şəhərinin içməli
su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi
başa çatmışdır. 45,2
kilometr Murov-Goranboy su kəməri,
109,6 kilometr şəhərdaxili su və 81,7 kilometr kanalizasiya
xətti çəkilmişdir. Səfikürd kəndində
hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı, Yuxarı
Ballıqaya kəndində 9000 tonluq
2 sutəmizləyici qurğu tikilmişdir. Kanalizasiya təmizləyici qurğusu inşa
edilmiş, burada xaricdən gətirilən avadanlıqlar
quraşdırılmışdır. Evlərə
smart-kart tipli sayğacların qoyulması başa çatmaq
üzrədir. Artıq şəhər əhalisinin 90
faizi və Murov-Goranboy su kəməri boyunca yerləşən
17 kəndin 18 min 500 nəfərdən çox əhalisi ekoloji cəhətdən təmiz
içməli su ilə təmin olunmuşdur.
Goranboy rayonunda ilin birinci yarısında
sosial- iqtisadi inkisafın yekunları təsdiq edir ki, Azərbaycanın
qazandığı uğurlarda bu bölgənin də öz
payı var. Ən əsası
odur ki, rayonun inkişafı davamlıdır, Goranboy da öndə
gedən bölgələr sırasındadır. Goranboy rayonunun ölkəmizin ümumi
inkişafına verdiyi töhfələr isə ildən-ilə
artır.
Goranboylular bildirdilər
ki, bu inkişaf və quruculuq bundan sonra da davam etdiriləcək,
işlərin miqyası daha da genişləndiriləcək,
ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr
layiqincə yerinə yetiriləcəkdir.
Tahir
AYDINOĞLU,
Ziyəddin
SULTANOV,
Xalq qəzeti.- 2014.- 18 iyul.- S.6.