Naxçıvan:
strateji inkişaf hədəflərinə doğru
Naxçıvan Muxtar
Respublikası - 90
Birinci Dünya müharibəsinin yaratdığı qlobal proseslər nəticəsində Qafqaz regionunun siyasi xəritəsində də dəyişikliklərin əsası qoyulmuş və çar Rusiyasının regiondakı mövqeyi xeyli zəifləmişdi. Lakin Rusiya imperiyası bu məğlubiyyətlə barışmaq istəmirdi. 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin iki il sonra hərbi işğala məruz qalması imperiya siyasətini davam etdirən sovet Rusiyasının təcavüzkar niyyətinin nəticəsi idi.
Çar
Rusiyası kimi, Sovet
İttifaqı da erməni millətçilərindən
istifadə etməklə, Azərbaycana qarşı hərbi-siyasi
təzyiqləri artırırdı. Ermənilər gah “əzilən
irq” adı altında silahlandırılır, gah da rusların
müttəfiqi kimi təqdim olunurdu. Bütün bu proseslər
Naxçıvan bölgəsində də ictimai-siyasi sabitliyi
pozurdu. Belə olan şəraitdə
Naxçıvanın
ziyalıları, siyasi və dövlət xadimləri
yaranmış təhlükələri dəf etmək
üçün çıxış yolları
axtarırdılar. 1918-ci ildə paytaxtı Naxçıvan
şəhəri olmaqla, Araz-Türk Dövlətinin
yaranması da məhz bu istiqamətdə atılmış
mühüm tarixi addımlardan idi. Tarixi
araşdırmalar təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
hökuməti ilə Araz-Türk Respublikası rəhbərliyi
arasında Azərbaycan torpaqlarının birləşdirilməsi
və təhlükələrin qarşısının
alınması məsələlərinə dair heç bir
fikir ayrılığı olmamışdır. Araz-Türk Respublikasının
yaradılmasında yeganə məqsəd
Naxçıvanın üzləşdiyi təhlükələri
aradan qaldırmaq idi.
Tanınmamış
Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin
tərkibinə daxil edilməsi ilə regiondakı təhlükələr tədricən aradan
qaldırılırdı. Lakin 1920-ci il aprelin 28-də sovet
Rusiyasının hərbi təcavüzü nəticəsində
Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi Naxçıvan üçün yeni
işğal təhlükəsi yaratdı. Bundan üç il
sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası təsis
edildi.
SSRİ-nin yaranmasından sonra erməni
millətçiləri və təcavüzkar Ermənistan
dövlətinin rəhbərləri Sovetlər Birliyində
daim dəyişən ictimai-siyasi proseslərdən yararlanaraq
Naxçıvana qarşı əsassız ərazi
iddialarını gerçəkləşdirməyə cəhdlər
etmişlər. Ötən əsrin 60-cı illərində
SSRİ-yə rəhbərlik etmiş N.S.Xruşşovun siyasi
hakimiyyəti dövründə bu təhlükələr daha
da şiddətlənmişdi. Lakin 1969-cu
ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan KP
MK-nın birinci katibi seçilməsi ermənilərin
Naxçıvanla bağlı mənfur planlarını pozdu.
SSRİ-nin süqutu ərəfəsində
ermənilərin Naxçıvana qarşı əsassız
iddiaları yenidən siyasi gündəmə gətirildi. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet
qoşunlarının Bakıda törətdiyi qanlı cinayətdən
daha təhlükəlisi Naxçıvanın
işğalına hesablanmış planlar idi. Həmin
gecə erməni basqınçıları Ermənistandakı
sovet ordusunun hərbi hissələrinin birbaşa köməyi
ilə bütün imkanlardan istifadə edərək
Naxçıvanın ən strateji yüksəkliklərindən
sayılan Sədərək məntəqəsinə hücum
etdilər.
Məqsəd, ilk növbədə, Türkiyə ilə
Azərbaycan arasında
yeganə quru əlaqəsi olan həmin ərazini ələ
keçirmək idi. Bunun üçün Sədərəkin
müdafiəsinə cəmlənmiş muxtar respublikanın
qüvvələrini yayındırmaq üçün
düşmənin Şada, Buzqov, Axura, Havuş, Günnüt
və digər kəndlər istiqamətində
hücumları daha da intensivləşdi. Sədərək
kəndinin yüksəklikləri isə bir neçə
saatlığa erməni daşnaklarının əlinə
keçsə də, sonradan düşmən geri oturduldu.
Qeyd etmək lazımdır ki, 1990-cı il
yanvarın 15-də Şərur rayonunun Kərki kəndi
SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə
ermənilər tərəfindən işğal olunmuşdur.
Belə bir vaxtda Naxçıvan MSSR Ali
Soveti SSRİ-nin tərkibindən çıxmaq barədə
qərar qəbul etdi. Naxçıvanın muxtar statusu ilə
bağlı 1921-cu ildə imzalanmış “Qars müqaviləsi”nin
şərtləri Naxçıvanın SSRİ-nin tərkibindən
çıxması
barədə Naxçıvan MSSR Ali Sovetinin bu qərarına
hüquqi əsaslar verirdi. Qeyd etmək yerinə düşər
ki,
Naxçıvanın erməni yaraqlılarından
təmizlənməsində Osmanlı ordusunun sərkərdəsi
Kazım Qarabəkir paşanın, “Qars müqaviləsi”nin
hazırlanmasında dövrünün nüfuzlu siyasi və
dövlət xadimi Behbud ağa Şahtaxtinskinin misilsiz tarixi
xidmətləri olmuşdur. Naxçıvana muxtar status
alınmasının “Qars müqaviləsi”nə daxil edilməsi
istiqamətində B.Şahtaxtinskinin apardığı
bütün danışıqlarda bölgənin qədim Azərbaycan
torpağı olması, əhalinin mütləq əksəriyyətini
müsəlman azərbaycanlıların təşkil etməsi
və əhalinin heç bir halda Azərbaycan dövlətindən
ayrı yaşamağa razılaşmayacağı kimi ciddi həqiqətləri
önə çəkilmiş və bütün bunlar öz
bəhrəsini vermişdi.
1988-1993-cü illərdə Azərbaycanda yaranmış hərbi-siyasi
gərginlik, hərtərəfli böhran həddi
Naxçıvanda da normal həyat tərzini pozmuşdu. Ermənistan tərəfi muxtar respublikanı işğal
etmək üçün bütün imkanlarını işə
salmışdı. Ulu öndər Heydər
Əliyev məhz belə bir ağır vəziyyətdə
özünü Naxçıvanın harayına
çatdırdı.
Prezident İlham Əliyev bu barədə danışarkən
demişdir: “...O vaxt naxçıvanlılar Heydər
Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq
və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən
bütün hücumlara çox layiqli cavab verilmişdi və
düşmən yerinə oturdulmuşdu. O anlarda, o
aylarda, o illərdə Naxçıvanın taleyi həll
olunurdu və bir daha o tarixə nəzər salaraq
görürük ki, əgər Heydər Əliyev o vaxt
Naxçıvanda olmasaydı, yəqin ki,
Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.
1991-ci il sentyabrın 3-də Heydər
Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri seçilməsi dünyanın nəzərini
Naxçıvana yönəltdi. Ulu öndərimizin siyasi fəaliyyətinin
çoxşaxəliyi və dəqiq strategiyası
Naxçıvanın gələcək işıqlı həyatını
təmin etdi, işğal təhlükəsi arxada qaldı.
Heydər Əliyev 1992-ci il
yanvarın 19-da qardaş Türkiyənin, aprelin 1-də
ATƏT-in, mayın 27-də Birləşmiş Millətlər
Təşkilatının Naxçıvana göndərdiyi
xüsusi nümayəndə heyətlərini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı
müvəqqəti işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya Prezidentinin
xüsusi tapşırıqlar üzrə səfiri,
Dağlıq Qarabağ
münaqişəsinin dinc yolla aradan qaldırılması
üzrə rusiyalı vasitəçi nümayəndəliyinin
rəhbəri Vladimir
Kazimirovu, 1993-cü il martın
5-də Böyük Britaniyanın Azərbaycandakı daimi
nümayəndəsi Harold Fomstoku,
yenə həmin gün Fransanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Jan
Perreni qəbul etdi.
Heydər Əliyev Naxçıvana rəhbərlik
etdiyi dövrdə özünün uzaqgörən siyasəti ilə muxtar
respublikanın başı üstünü almış
işğal təhlükəsini tədricən aradan
qaldırır, əhalinin minimum tələbatını təmin
edirdi. Ermənistan silahlı qüvvələrinin
Naxçıvana basqınlarının ciddiliyini nəzərə
alaraq 1992-ci il mayın 22 və 23-də Heydər Əliyev
yaranmış vəziyyətlə bağlı yerli televiziya ilə muxtar
respublika əhalisinə müraciət etdi. Məlum
oldu ki, görülən diplomatik tədbirlər nəticəsində
57 dövlət Ermənistanın Naxçıvana
qarşı təcavüz cəhdlərini rəsmi şəkildə
pisləmişdir. Ulu öndərimizin 1993-cü il iyunun
15-də Azərbaycanda siyasi hakimiyyətə
qayıdışı isə ölkəmizin hər yerində
olduğu kimi, Naxçıvanda da yeni inkişaf mərhələsinin
əsasını qoydu.
Məlumdur ki, 1988-ci ildən başlayaraq Azərbaycanda hərtərəfli
tənəzzül prosesi baş vermişdir. Dövlət
müstəqilliyimizin bərpası ərəfəsində
Naxçıvan Muxtar Respublikasında mövcud olan hərtərəfli
vəziyyət və Heydər
Əliyevin müəyyən etdiyi uzaqgörən strategiya nəticəsində
sonrakı illərdə muxtar respublikada baş vermiş
inkişaf dinamikası haqqında aydın təsəvvür
yaratmaq məqsədi ilə ötən 20 ilin (1991-2011)
statistikasından bəzi məqamlara nəzər yetirək. Naxçıvanın iqtisadi inkişafının
xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki,
iqtisadiyyata investisiya qoyuluşlarının
davamlılığı və proporsional bölgüsü təmin
olunmuşdur. Tikinti sektorunda iş həcminin
artmasının nəticəsidir ki, əgər
keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən
hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda bir ay ərzində
2535 ton beton istifadə olunurdusa, hazırda bu göstərici
bir gün ərzində inşaat işlərinə sərf
olunan betonun ümumi həcminə bərabərdir.
Təhsilə göstərilən yüksək
qayğı hazırda Azərbaycanın dövlət siyasətinin
başlıca prioritetlərindəndir. Bu qayğı
Naxçıvan Muxtar Respublikasında da açıq-aydın
hiss olunur. Belə ki, ötən 20 ildə muxtar
respublikada 189 məktəb tikilərək və ya yenidən
qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi
dövründə bu qədər məktəbi inşa etmək
üçün
44 il vaxt lazım gəlmişdi.
Naxçıvanın qızıl dövrü kimi xarakterizə
olunan son 20 il ərzində muxtar respublikada 188 səhiyyə ocağı tikilərək
və ya yenidən qurularaq istifadəyə verilmişdir. Qeyd
edək ki, muxtar respublika ərazisində bu sayda tikilini təhvil
vermək üçün keçmiş Sovetlər Birliyində
50 il vaxt sərf olunmuşdu.
Artıq muxtar respublikada il ərzində
istehsal olunan sənaye məhsulu kənd təsərrüfatı
məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir.
Əgər 20 il əvvəl muxtar
respublikada istehsal olunan ümumi daxili məhsulda aparıcı
yeri kənd təsərrüfatı və ticarət tuturdusa,
hazırda üstünlük sənaye və tikinti sahələrinə
məxsusdur. Bu da muxtar
respublika iqtisadiyyatının sənaye təmayüllü
baza üzərində inkişafını təsdiqləməkdədir.
Ötən 20 ildə muxtar respublika ərazisində
təkcə dövlət strukturlarının dəstəyi ilə
10462 hektar sahədə yaşıllıqlar - meşə
massivləri, meyvə bağları və s.
salınmışdır. Hazırda
muxtar respublikanın ümumi ərazisinin 8 faizini
yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində
isə bu göstərici 0,6 faiz həddində
olmuşdur.
Naxçıvanda 2993 kilometr uzunluğunda
yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal
kompleksi inşa olunmuş, 125 körpü tikilərək və
ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı
işinin yaxşılaşdırılması istiqamətində
tədbirlərə uyğun olaraq 142 ədəd yeni müasir
tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və
istismara buraxılmışdır.
Türkdilli ölkələrin dövlət
başçılarının Zirvə
görüşünün 2009-cu ilin oktyabrında
Naxçıvan şəhərində keçirilməsi,
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun
2010-cu il aprelin 26-dan 29-dək Türkiyə səfərinə
qardaş ölkənin yüksək rəhbərliyi tərəfindən
xüsusi diqqət göstərilməsi, İran tərəfi
ilə ali rəhbərlik səviyyəsində
qarşılıqlı səfərlərin təşkili və
birgə iqtisadi layihələrin davam etdirilməsi, beynəlxalq
missiyalı müşahidəçilərin və səfirlərin
Naxçıvana ardıcıl səfərləri, İqtisadi
Əməkdaşlıq Təşkilatının “İpək
Yolu yük avtomobilləri karvanı” layihəsi əsasında
2010-cu il sentyabrın 22-də
Tehran şəhərindən yola salınan maşın karvanının
oktyabrın 20-də Sədərək sərhəd-buraxılış
məntəqəsindən Türkiyə ərazisinə daxil
olması kimi mühüm məqamlar Naxçıvan Muxtar
Respublikasının hərtərəfli inkişafına,
müasir həyatına ayna tutan xarakterik faktlardır.
Ruslan MƏMMƏDOV,
AMEA Naxçıvan bölməsinin əməkdaşı
Xalq qəzeti.- 2014.- 18 iyul.- S.5.