Azərbaycanın
düşünülmüş konseptual yanaşmaya
söykənən xarici siyasəti və diplomatik
uğurları
Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1993-cü ilin ortalarında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu siyasi xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Demokratik dövlət
quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın
müstəqillik əldə etdikdən sonra üzləşdiyi
sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə
həll olunması ölkəmizin beynəlxalq aləmdəki
mövqeyi və ayrı-ayrı ölkələrlə milli
dövlət maraqlarına cavab verən
qarşılıqlı faydalı əlaqələri, eləcə
də, dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə
sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq
münasibətlər sistemində layiqli yer tutması
üçün dünya siyasətinin formalaşmasında
aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq
təşkilatlarla qarşılıqlı münasibətlərin
tənzimlənməsi və inkişaf etdirilməsi
mühüm əhəmiyyət kəsb edirdi.
Məhz buna görə
də dünya birliyinə bərabərhüquqlu üzv kimi
daxil olmağa çalışan və müstəqilliyinin
ilk addımlarını atan, eləcə də Ermənistanın
hərbi təcavüzü nəticəsində ərazi
bütövlüyü pozulmuş Azərbaycan
Respublikasının xarici siyasətində dünya birliyinə
inteqrasiya, ikitərəfli və çoxtərəfli
münasibətlər, o cümlədən, beynəlxalq və
regional təşkilatlarla əlaqələrin
yaradılması və inkişaf etdirilməsi ümummilli
lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən
birini təşkil etmişdir.
Ümummilli lider çox bacarıqlı, son dərəcə
təcrübəli dövlət başçısı və
siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı
nümayiş etdirdi. Ölkəmizin
sistemli şəkildə dünya birliyinə inteqrasiya
olunmasında ikitərəfli və
çoxtərəfli siyasi
münasibətlərin genişlənməsi istiqamətində
atılan addımlar mühüm əhəmiyyət kəsb
edir. Bu baxımdan Xəzər dənizinin
Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin
müqaviləsi” ölkəmizin dünya dövlətləri
ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi
və beynəlxalq mövqelərinin
möhkəmləndirilməsinə güclü təkan verdi.
“Əsrin müqaviləsi” və sonrakı illərdə
imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın
dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
1993-2003-cü illər
ölkəmiz üçün həlledici illər olmuş, məhz
həmin illərdə dövlətçiliyimizin möhkəm
təməli qoyulmuşdur. O illərdə Azərbaycanın
istər daxili, istərsə də xarici siyasətlə
bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan
dünya birliyinə qovuşmuşdur. Respublikamız beynəlxalq
təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində
müntəzəm, eləcə də fəal surətdə iştirak etmişdir. Bu səmərəli
əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə
çatdırmaq
üçün mühüm əhəmiyyət kəsb
etmişdir.
Əsası ümummilli lider tərəfindən
qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən xarici siyasət
strategiyası dövlətlərarası, regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb
dəyərlərinin sintezindən yaranmış cəhətləri
özündə də əxz edərək, dünya birliyinə
sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu
seçimi reallaşdırmaq üçün Azərbaycan
dövləti bir tərəfdən dünya təcrübəsini
öyrənərək, özünün iqtisadi və
siyasi inkişaf modelini müəyyənləşdirir,
digər tərəfdən isə beynəlxalq aləmdə qəbul
edilmiş prinsiplərə uyğun olaraq öz milli
maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə
girir.
Ümummilli lider Heydər
Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik
şəkildə davam etdirən cənab İlham Əliyevin
yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin
dünyanın siyasi-iqtisadi mənzərəsini
müəyyən edən aparıcı dövlətlərlə
və beynəlxalq təşkilatlarla münasibətləri
keyfiyyətcə yeni müstəvidə daha da inkişaf
etdirilmişdir. Nəticədə, Azərbaycan yalnız
regionda gedən proseselərdə deyil, eyni zamanda beynəlxalq
aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı
qazanmışdır.
Dövlət
başçısı İlham Əliyev Azərbaycanın
diplomatik xidmət orqanları rəhbərlərinin beşinci
müşavirəsində bildirmişdir: “Xarici siyasətimiz
daxili siyasətimizin davamıdır.
Bu gün Azərbaycanın xarici siyasəti
prinsipiallığı və müstəqilliyi ilə
seçilir. Bunun əsas səbəbi, əlbəttə ki,
güclü siyasi iradənin mövcudluğudur. Çünki
güclü siyasi iradə olmasa, heç bir ölkə
müstəqil siyasət apara bilməz. Bu siyasi iradə
vardır. Bu siyasi iradə özünü həm daxili, həm
xarici siyasət məsələlərində göstərmişdir”.
Eyni zamanda, Prezident
qeyd etmişdir ki, ölkəmizin uğurlu inkişafı və
son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə
təmin olunması bizə imkan verir ki, xarici arenada da öz
sözümüzü deyək, öz maraqlarımızı
müdafiə edək. Ona görə, son illərdə həm
siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin
çox böyük inkişafına səbəb olmuşdur:
“Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini
özü müəyyən edir, tam şəkildə müstəqil
siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam
təmin edilibdir. Azərbaycan özünü təmin edən
ölkədir”.
Azərbaycan artıq
Cənubi Qafqaz regionunda əsas
söz sahibi olan dövlət kimi çətin və mürəkkəb
geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata
keçirir. Hazırda bu istiqamətdə
əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə
bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin
gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik
strukturlara inteqrasiya və s. məsələlərə
yönəldilmişdir.
Hazırda
mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin
təmin olunması üçün dayaq nöqtəsi, ən
perspektivli tərəfdaş
hesab edilir. Artıq ölkəmiz
bütün regional məsələlərdə əsas
iştirakçıdır və dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi
regiondakı strateji əhəmiyyətli heç bir layihə
Azərbaycanın razılığı olmadan reallaşa bilməz.
Neft sektorunun inkişafı artıq
ölkəmizin iqtisadi yüksəlişinə töhfə
vermiş, regional və qlobal əməkdaşlıq
üçün əlavə imkanlar yaratmışdır.
Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi Cənubi
Qafqazda regional layihələr regionun əhəmiyyətini
artırmış, Avropa üçün yeni və həyati əhəmiyyətli
enerji mənbələrinin əsasını qoymuşdur.
Yalnız enerji istahsalçısı və
ixracatçısı kimi Azərbaycanın regionun əsas
iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli
aktor olaraq imkanları getdikcə artmaqdadır.
Cənubi Qafqaz regionu
üzərindən beynəlxalq
nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi
və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi
ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun
inkişafının vacib elementidir. Bununla yanaşı, Azərbaycan
Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət
kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
çəkilməsi istiqamətində əməkdaşlıq
edir.
Müasir geosiyasi
şəraitdə Azərbaycan Avropa İttifaqı ilə
münasibətlərində
öz xarici prioritetlərinə uyğun olaraq, daha
çox ikitərəfli əlaqələrə
üstünlük verir. Avropa İttifaqının regional layihələrində
iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı
ümumi iqtisadi tərəqqidəki payına görə lider
dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində
müəyyən mövqe tutmağa çalışır.
Odur ki, Azərbaycan dövləti
Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin
yeni formatlarını yaradır, onunla yaxınlaşmaq
üçün zəruri olan bütün təsisatları
inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi,
siyasi və təhlükəsizlik məkanına inteqrasiya
olunmaq istəyini nümayiş etdirir.
Belə ki, hazırda
ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı
kimi qitənin enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan
2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin
siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə
yaxınlaşmasını sürətləndirməkdən
ibarət olan “Avropa Qonşuluq Siyasətinə”
qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə
Avropa İttifaqı arasında
enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə
İttifaqın “Şərq tərəfdaşlığı”
proqramına qoşulmaqla bu
siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş
və keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuşdur. 2011-ci ilin yanvar ayında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri
Jose Manuel Barrozu tərəfindən “Cənub qaz dəhlizi
haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli
əməkdaşlığın genişləndirilməsi
istiqamətində atılan mühüm addım oldu.
Bununla yanaşı, dövlətimiz
qlobal və regional məsələlərin həllində İslam Əməkdaşlıq Təşkilatı
(İƏT) ilə də sıx əməkdaşlığı
inkişaf etdirərək, təşkilatın
struktur və funksiyalarının daha da genişləndirilməsi,
Avropa təşkilatları ilə əməkdaşlıq
mexanizmlərinin yaradılması istiqamətində səylər
göstərməklə qurumun siyasi rolunun
artırılması və beynəlxalq problemlərin həllində təsir
imkanlarının gücləndirilməsi
istiqamətində fəal siyasətini davam etdirir.
Azərbaycanın
İƏT ilə apardığı səmərəli və
faydalı əməkdaşlığı bütövlükdə İslam aləmində qazandığı nüfuzun mühüm göstəricisi
olmuşdur. Ölkəmiz bu yüksək etimadı doğrultmağa çalışaraq, mədəniyyətlər
və dinlərarası dialoqun təşviqi,
müxtəlif millətlər və dinlər arasında
dözümlülüyün və
qarşılıqlı anlaşmanın, eləcə də tolerantlığın
inkişafına xidmət edən
səmərəli meyarların hazırlanması, beynəlxalq
ictimaiyyətdə, ilk növbədə
Avropada İslamın, onun mədəniyyət, dəyər və
fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə
fəal səylər göstərmiş, genişmiqyaslı
bir sıra beynəlxalq təşəbbüslər
həyata keçirmişdir.
Bununla yanaşı,
Azərbaycanla İKT-nin müxtəlif strukturları
arasında münasibətlərin
inkişaf edib möhkəmləndirilməsində
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Mehriban
xanımın təşəbbüsü ilə xarici ölkələrdə
dövlət siyasətini, milli maraqlarımızı ifadə
edən layihələr həyata keçirilir. Onu da qeyd etmək
lazımdır ki, beynəlxalq səviyyədə
tanınmış elmi tədqiqatçıların və
mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası
dialoqa dair möhtəşəm
tədbirlərin keçirilməsi,
eləcə də, 2009-cu ildə Bakının İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə
bağlı qərar da, İKT ilə əməkdaşlığın
yüksək səviyyədə olması da Azərbaycanın
birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
Azərbaycan müasir
dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş
şəkildə qarşısının alınması, eləcə
də aradan
qaldırılması üçün beynəlxalq birliyin səylərini
səfərbər etmək məqsədilə qlobal və
regional təşkilatların işində fəal
iştirak edir. Ölkəmiz
sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq
təşkilat kimi BMT-nin mərkəzi
rolunun daha da
artırılması istiqamətində göstərilən
səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və
ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini
daha da artırmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev dövlətimizin xarici siyasətinin əsas
prioritetlərindən biri olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi şərti ilə nizama salınmasının
vacibliyini bildirmiş və beynəlxalq təşkilatların
bu sahədə səylərini gücləndirməsinin zəruriliyini
bəyan etmişdir. Bununla yanaşı, 2004-cü il oktyabrın
29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə
heyətinin təşəbbüsü ilə “Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət”
adlı məsələ iclasın gündəliyinə
salınmış, daha sonra BMT Baş Məclisinin 2006-cı
il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının
98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci
sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət”
adlı qətnamələr qəbul edilmişdir.
Həmin sənədlərdə
Azərbaycanın işğal olunmuş ərazilərində
ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə
yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik
Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə
erməni silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə
və qeyd-şərtsiz çıxarılması tələb
olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın
suverenliyi, ərazi bütövlüyünə hörmət
ifadə olunur, eləcə də öz torpaqlarından
qovulmuş azərbaycanlıların doğma yurdlarına
qayıtmaq hüququ bir daha təsdiqlənirdi.
Ümumiyyətlə,
münaqişənin dinc vasitələrlə nizama salınması
istiqamətində bütün beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlər Azərbaycanın
mövqeyinin bir daha gücləndirilməsi və məsələnin
beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi
deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT,
Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatının
qərarları da əhəmiyyətlidir və ölkəmizin
ədalətli mövqeyinin beynəlxalq səviyyədə
müdafiəsi üçün hüquqi əsasdır. Son
zamanlar isə, Avropa Parlamenti və NATO-nun zirvə
toplantılarında qəbul olunan qərarlarda birmənalı
şəkildə Azərbaycanın ərazi
bütövlüyü dəstəklənir və
işğala son qoyulmasının vacibliyi bildirilir.
(ardı var)
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının “Beynəlxalq münasibətlər və
xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin
müdiri
Xalq qəzeti.- 2014.- 18 iyul.- S.4.