Xaçmaz: yekunlar, vəzifələr
Xaçmaz Rayon İcra
Hakimiyyəti əvvəlki dövrdə olduğu
kimi, 2014-cü ilin I
yarısında da Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
tövsiyə və göstərişlərini rəhbər tutaraq rayonda iqtisadi inkişafı sürətləndirmək,
ictimai-siyasi sabitliyi qorumaq, qanunların icrasını təmin
etmək istiqamətində məqsədyönlü fəaliyyət
həyata keçirmişdir. İyulun 16-da rayonda
keçirilən hesabat
yığıncağında bütün
bunlar barədə ətraflı bəhs olunmuşdur.
Hesabat yığıncağını giriş
sözü ilə açan
rayon icra hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayev
son illər bütün
sahələrdə əldə olunan
müvəffəqiyyətləri ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə ardıcıllıqla həyata keçirilməkdə
olan uğurlu daxili və xarici siyasət
xəttinin bəhrəsi kimi dəyərləndirmişdir.
Hesabat yığıncağında rayon icra hakimiyyəti
başçısının birinci müavini Yetkin Mehmanov 2014-cü ilin I
yarısının sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə
ilə çıxış etmişdir. Məruzədə
qeyd olunduğu kimi, 2009-2013-cü illəri əhatə edən
regionların inkişafı üzrə Dövlət
Proqramının icrası Xaçmaz rayonunda da uğurla
başa çatmışdır. Proqram çərçivəsində
sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi, yol
təsərrüfatı, təbii qaz təminatı,
təhsil, səhiyyə, mədəniyyət, idman
obyektlərinin tikintisi və sair istiqamətlərdə kifayət qədər
böyük həcmli işlər görülmüşdür. Xatırladaq ki, 2014-2018-ci illəri əhatə edən
Dövlət Proqramında da
Xaçmazın gələcək inkişafına yönəlik
çox mühüm əhəmiyyətli
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Müsbət haldır ki, ikinci Dövlət
Proqramının qəbulundan keçən müddət ərzində
rayonda 7992 yeni iş yeri
açılıb, bunlardan da 4902-si daimi iş yerləridir. Təkcə hesabat dövründə 941 yeni
iş yeri
açılmışdır ki, bunun da 915-i daimidir. 2014-cü ilin I
yarısında rayon üzrə ümumi məhsul buraxılışı 126,5
milyon manat, sənaye məhsulu
13,4 milyon manat, kənd
təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 44,5 milyon
manat, əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 30,7 milyon manat, pərakəndə
əmtəə dövriyyəsi 125,4 milyon
manat, adambaşına düşən pul gəlirləri 746,4 manat
təşkil etmişdir.
Altı ay ərzində rayonda ümumi sahəsi 5373 kvadratmetr
olan mənzil tikilib
istifadəyə verilmişdir. Orta aylıq əməkhaqqı
ötən ilin müvafiq
dövrü ilə müqayisədə
9,3 faiz artaraq 302 manat təşkil etmişdir.
Əsaslı kapitala qoyulan
investisiyaların həcmi 13,3 milyon manat olmuşdur ki, bunun da
94 faizi tikinti-quraşdırma işlərinin
payına düşür.
Əvvəlki illərdə
olduğu kimi,
2014-cü ilin I yarısında da rayonda abadlıq-quruculuq
işləri planlı şəkildə davam
etdirilmişdir. Belə ki,
“Heydər Əliyev seyrangahı” və “Çənlibel”
parkında yeni fəvvarələr, bulaqlar və digər memarlıq elementləri tikilmiş, uşaqlar üçün müxtəlif attraksionlar
quraşdırılmışdır. Xaçmaz Elektrik
Stansiyasının qarşısında, magistral
yolun kənarında qədim və müasir işıq mənbələrinin rəmzlərini
özündə birləşdirən 2 ədəd qədim
lampanın tikintisi başa
çatdırılmış, “Çənlibel” və “Fəvvarələr”
parklarında isə daha 2 ədəd qədim
üslubda lampa qoyulmuş, “Çənlibel” parkında 19 metr hündürlükdə süni
dağ kompleksinin tikintisi isə başa çatmaq üzrədir.
Açılışı
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata
keçirilən Tarix-Diyarşünaslıq Muzeyi
ilə yanaşı, Şəxsiyyətlər Muzeyi
də tamamilə yenidən qurulmuşdur. Hesabat dövründə Tarix-
Diyarşünaslıq Muzeyinin birinci mərtəbəsində 1050 kvadratmetr sahəyə malik
rəsm qalereyası fəaliyyətə
başlamışdır. Qalereyada, hətta
beynəlxalq səviyyəli sərgilərin təşkili üçün bütün
imkanlar yaradılmışdır. Hələlik,
sahəsinə görə respublikamızda ən böyük qalereya hesab edilən bu mədəniyyət
ocağı daxili tərtibatı və ekspozisiya zənginliyi etibarı ilə də
diqqəti cəlb edir. Deyilənlərə
onu da əlavə edək
ki, Şəxsiyyətlər Muzeyində daha 2 görkəmli aktyorun
— Azərbaycan kino və teatr
tarixində özünəməxsus və təkrarsız yeri olan Səyavuş Aslan və Yaşar Nurinin abidələri də qoyulmuşdur.
Bununla da muzeydəki
abidə və büstlərin sayı 52-yə
çatdırılmışdır.
Hesabat dövründə rayondakı Heydər Əliyev adına
Mədəniyyət Mərkəzi də əsaslı təmir
olunaraq, yenidən qurulmuş,
H.Z.Tağıyev küçəsindən Mədəniyyət
Mərkəzinədək olan yerə geniş səki salınmış, həm mərkəz,
həm də ətraf ərazi işıqlandırılmışdır. Mədəniyyət
Mərkəzinin qarşısındakı xiyabanda
Azərbaycanın 12 məşhur teatr və
kino aktyorunun, bəstəkar
və müğənnilərin abidələri
ucaldılmışdır.
Bu günlərdə Xaçmaz
şəhərinin girəcəyində 1 hektardan
artıq ərazidə Dövlət Bayrağı
meydanının tikintisinə başlanmışdır. Meydanın mərkəzində artıq 85 metr hündürlükdə olan
bayraq dirəyi
quraşdırılmışdır. Ərazidə
planlaşdırma işləri də artıq
tamamlanmış, su və elektrik
xətləri çəkilmiş, mərmər və daş plitələrin döşənməsinə
başlanmışdır. “Çənlibel” parkı ilə Bayraq meydanı arasında olan və ərazini 2 yerə ayıran avtomobil yolu meydanın kənarına
keçirilmişdir. Nəticədə Bayraq meydanı “Çənlibel” parkı ilə
birləşərək, ümumi ərazisi
8 hektar olan geniş, həm də nümunəvi bir mədəniyyət və istirahət
guşəsinə çevrilmişdir.
Prezident İlham Əliyevin
sərəncamı ilə ayrılmış vəsait
hesabına tikintisinə başlanmış 3,5 kilometr
uzunluğunda Yalama – Xanoba avtomobil yolunun tikintisi də hesabat dövründə başa
çatdırılmışdır. Xaçmaz şəhərinin
şimal istiqamətindən giriş qapısı tikilmiş,
ətraf ərazidə geniş miqyaslı
abadlıq işləri aparılmış, Heydər Əliyev
və Bakı prospektlərinin qovuşduğu
yerdə görkəmli dövlət xadimi
və sərkərdə Cavanşirin at üzərində abidəsi
ucaldılmış, Xaçmaz şəhərində
daha bir uşaq müəssisəsinin – 60 yerlik körpələr evi
– uşaq bağçasının tikintisi başa
çatdırılmışdır.
Hazırda
N.Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişdiyi ərazidə rayon mədəniyyət və turizm
şöbəsi üçün yeni, ikimərtəbəli inzibati
binanın, həmçinin Əliağa Şıxlinski
küçəsində 60 yerlik yeni uşaq
bağçasının tikintisi davam etdirilir. Rayon icra
hakimiyyətinin sifarişi ilə tikintisi davam etdirilməkdə
olan Arzu,
Qıraqlı, Qaraçı, Qaradağ-buduq
kənd məktəblərinin tikintisi,
Hacılar kənd məktəbində isə bərpa-gücləndirmə
işləri artıq başa çatmaq üzrədir.
Hesabat dövründə rayon
əhalisinin təbii qaz və elektrik enerjisi ilə təchizatı
istiqamətində də bir sıra əsaslı
və cari işlər həyata keçirilmişdir. Bununla
belə, yığıncaqda çıxış edən
natiqlər hər iki sahədə hələ
də müəyyən problemlər olduğunu
da diqqətə
çatdırmışlar.
Xaçmaz respublikanın ən iri
kənd təsərrüfatı rayonlarından biridir. Təbiidir ki, rayon iqtisadiyyatının əsasını da məhz kənd təsərrüfatı məhsullarının
istehsalı təşkil edir. Hesabat dövründə aqrar
sahədə görülən tədbirlər sayəsində
31750 hektar sahədən 72708 ton taxıl məhsulu toplanmış, hər hektardan orta hesabla 22,9 sentner məhsul əldə
edilmişdir. Hesabat
dövründə rayonun təsərrüfatlarında
11127 ton tərəvəz, 15064 ton meyvə, 3354 ton kartof istehsal olunmuşdur. 818 hektar yeni meyvə bağı, 1 hektar
sahədə isə üzümlük
salınmışdır.
Təhsil sahəsi həmişə
olduğu kimi, bu gün də bilavasitə
ölkə rəhbərliyinin diqqətində olan
prioritet sahələrdən biridir. Odur ki,
Xaçmaz rayonunda da təhsilin maddi-texniki
bazasının gücləndirilməsi sahəsində çox mühüm
işlər görülmüş və hesabat yığıncağında bu məsələ barəsində ətraflı
bəhs olunmuşdur.
2014-cü ilin I yarısı rayonun səhiyyə
işçiləri üçün də
çox əlamətdar olmuşdur.
Belə ki, cari il fevral ayının 17-dən
may ayının 1-dək möhtərəm
Prezidentimiz cənab İlham
Əliyevin göstərişinə əsasən, böyük bir sosial layihə – əhalinin dispanserizasiya
proqramı həyata keçirilmişdir. Bu proqram çərçivəsində
rayon əhalisinin 131616 nəfəri və
ya 77,8 faizi tibbi müayinədən keçmişdir.
Ölkə rəhbərliyinin
həyata keçirdiyi məqsədyönlü
siyasət yerlərdə, o cümlədən
Xaçmaz rayonunda ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını və daha da möhkəmləndirilməsini
təmin etmişdir. Yerli idarəetmə və
hüquq-mühafizə orqanlarının birgə işi və səmərəli fəaliyyəti
nəticəsində hesabat dövrü ərzində rayonda
kriminogen vəziyyət sabit
saxlanılmış, qanunçuluğun
möhkəmləndirilməsi sahəsində ardıcıl
işlər həyata keçirilmişdir.
Bu gün Xaçmaz rayonunda 14 siyasi partiya, 27 ictimai təşkilat və cəmiyyət fəaliyyət
göstərir. Rayonda aparıcı siyasi qüvvə Yeni Azərbaycan
Partiyasıdır ki, hazırda onun sıralarında 8000 nəfərdən
artıq üzv birləşir. Bütün partiya və ictimai təşkilatlara fəaliyyəti üçün lazımi şərait
yaradılmışdır.
Rayon icra hakimiyyəti
başçısı Şəmsəddin Xanbabayev
hesabat yığıncağındakı yekun nitqində əldə olunmuş
bütün uğurları ölkə Prezidenti möhtərəm İlham
Əliyevin Azərbaycanın tərəqqisi və
inkişafı naminə yorulmaz fəaliyyətinin,
şəxsən onun Xaçmaz
rayonuna olan xüsusi diqqət və
qayğısının nəticəsi
kimi xarakterizə etmiş
və buna görə də
xaçmazlıların möhtərəm Prezidentimiz
cənab İlham Əliyevə qəlbən
minnətdar olduqlarını bildirmişdir.
Q. CƏFƏROĞLU
Xalq qəzeti.- 2014.- 19 iyul.- S.6.