Xalqımızın tarixini, qan
yaddaşını
plakatlarda yaşadan rəssam
— Lap
kiçik yaşlarımdan məni işıq və kölgənin,
sonralar musiqi ilə rənglərin sirli vəhdəti
tez-tez
düşündürürdü.
Bağçamızdakı balaca hovuzun divarlarında əks
olunan işıqla kölgənin
qəribə “rəqsi” məndə əsrarəngiz
duyğular oyadırdı. Çoxlarının adi təbiət
hadisəsi kimi əhəmiyyət vermədiyi “tamaşa”ya
saatlarla baxmaqdan yorulmaz, bu “sirri” kəşf etməyə can
atardım...
Söhbətimizə bu fikirlə başlayan
tanınmış rəssam Kirman Abdin yaddaşında qalan
xatirələri yada salaraq deyir ki, uşaqlıq
yaşlarımdan təbiətin sirlərinə aludə
olmağın rəsmlər
çəkməyə məndə sonsuz maraq və coşqun
həvəs yaradıb. Bu həvəs və həyat sevgisi ilə
qəlbimdən gələnləri, düşündüklərimi cizgiləməyə başlamışam...
Kirman Abdin 1959-cu ildə təbiətin ecazkar
guşəsində — Şahbuz rayonunun Külüs kəndində dünyaya
göz açıb. Uşaqlıq
çağlarından kükrəyib axan dağ çayının sahilində, suyu bumbuz çeşmələrin, ətirli,
dadlı, ləziz meyvəli bağların,
gül-çiçəyə bürünmüş
dağların, zəhmətkeş, vətənpərvər,
yaradıcı insanların əhatəsində boy atıb. İlk təhsilini
kənd məktəbində alıb. Sonra Bakıda Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunu,
Mirzə ağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunu
bitirib. İnstitutda uğurlu diplom müdafiəsinə görə Rəssamlar
İttifaqının zəmanəti ilə gənclər
bölməsinə üzv qəbul edilib. Tələbəlik dövründən
yaradıcılığa başlayan Kirman bütün ömrünü
rəssamlıq və qrafika-plakat, karikatura əsərlərinin
yaradılmasına həsr edib. Onun çəkib yaratdığı, əsas siyasi motivi Qarabağ
mövzusu olan əsərlərindən
aydın olur ki, rəssam
zamanın və həyatın nəbzini tuta
bilir, Vətənin tarixini,
dərd-sərini, torpaq və millət təəssübünü
bu plakatlarda əks etdirir, ustalıqla
qrafik cizgilərdə bədii sənət
nümunələri yaradır.
Azərbaycan
Rəssamlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin və Karikaturaçı Rəssamlar Birliyinin üzvü olan Kirman Abdinin
əsərlərində təsviri
incəsənətin kütləvi
növü olan plakat qrafikası
bədii sənət kimi mühüm ideoloji vasitəyə çevrilmişdir. Keçən əsrin əvəllərindən
başlayaraq
sənətkarlarımız
bu sahədə bir sıra ciddi uğurlar
qazanmışlar. Bu janrın inkişaf etməsinin nəticəsidir ki, görkəmli sənətkarımız
Ömər Eldarovun rəhbərliy ilə
“Müasir Azərbaycan plakatı” adlı kitab-albom nəşr olunmuşdur. Kirman Abdinin bu sahədə
yaratdığı əsərlər bədii-estetik dəyəri
və vətəndaşlıq nöqteyi-nəzərindən
xüsusilə diqqəti cəlb
edir. Elə buna
görədir ki, Kirman
Abdin respublika üzrə
keçirilən siyasi plakat
müsabiqəsinin qalibi olub
(1984), “Azərbaycan bu gün”
devizi ilə I Respublika
plakat müsabiqəsində III yerə
(1994), ABƏŞ-in emblem müsabiqəsində
III yerə (1995), Azərbaycan İncəsənət Mərkəzi
və UNIKOL neft şirkətinin keçirdiyi plakat
müsabiqəsində I mükafata (1997) layiq görülüb.
1994-2006- cı illərdə keçirilən bədii plakat müsabiqələrində fəxri diplomlarla təltif edilib.
AİDS-ə qarşı I Respublika plakat müsabiqəsində (1999) II dərəcəli
diplom alan işi kütləvi tirajla
çap olunmuşdur. “Novruz-99" sərgi-müsabiqəsində
rəssamın plaktı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
kütləvi tirajla çap
olunmuş və şəhərin tərtibatında
istifadə edilmişdir.
O həm
də karikatura və şarj
janrında çalışan rəssam kimi
tanınır. 2000-ci ildə Türkiyədə kerçirilən
beynəlxalq karikatura yarışmasında
III yerə layiq görülmüş,
2001-ci ildə İranda dövlət səviyyəsində
keçirilən “Sivilizasiyalararası dialoq”
beynəlxalq sərgisində xüsusi mükafat almış, “Heydər Əliyev
– Müstəqil Azərbaycan” beynəlxalq ekslibris (2003) müsabiqəsinin
iştirakçısı olmuşdur.
2004- cü ildə “Molla
Nəsrəddin-100” beynəlxalq sərgi müsabiqəsində
“Uğur” mükafatını
qazanmışdır. “Teatr
plakatı”(2005), “Gömrük rəssamların
gözü ilə” plakat
müsabiqəsi (2006) və digər sərgilərdə
müxtəlif mükafatlara layiq görülmüşdür.
2012-ci ilin
20 yanvarı. Bakı metrosunun “20 Yanvar”
stansiyasının içərisində
tanınmış rəssam Kirman Abdinin plakatları ilə faciənin 22-ci ildönümünə həsr olunmuş sərgi açılmış və
anım mərasimi geniş formada qeyd olunmuşdur.
Xalqımızın qan yaddaşına
yazılmış həmin gecənin
dəhşətlərini anlaşılqı şəkildə əks etdirən plakatlar və fotomontajlar qərənfillərin əhatəsində
tamaşaçı və sərnişinlərə təqdim olunurdu.
2012-ci ilin may ayında Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Rəsamlar
İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar
Birliyinin təşkilatçılığı
ilə Bakıda – Vəcihə Səmədova adına sərgi
salonunda Kirman Abdinin “Əsrlərin yaddaşı-nəsillərin
yaddaşı” bədii plakat sərgisi keçirilmişdir. Sərginin
açılış mərasimində Azərbaycan Rəssamlar
İttfaqının sədri Fərhad Xəlilov, Azərbaycan
Karikaturaçı Rəssamlar Birliyinin sədri
Bayram Hacızadə, Mədəniyyət
və Turizm Nazirliyinin
aparıcı məsləhətçisi Əsəd Quliyev və başqaları
çıxış edərək sərginin əhəmiyyətindən
danışmış və plakat
janrında uğurlu işlərinə
görə rəssamı təbrik etmişlər.
Sərgiyə gələnlər
qrafikanın plakat janrında rəssamın yaratdığı əsərlər
ilə tanış oldular.“Bakı, 20 Yanvar 1990” plakatı o müdhiş gecəni bütün
görüntüləri ilə göz
önünə gətirir. Boz rəngin fonunda işlənmiş plakat
ermənipərəst Kremlin Azərbaycana “boz” üzünü göstərməsinə
işarədir. Qərənfillərə tuşlanan
və üzərlərində “oraq-çəkic” aydın
görünən güllələr sovet
imperiyasının iç üzünü
göstərir. Rəssam qara fonda bu sözləri
yazmışdır: “Əsrlərin yaddaşı nəsillərin
yaddaşından çıxmasın gərək”.
“31 mart
1918. Azərbaycanlıların soyqırımı”
plakatına müəllif “Soyqırımı üzərində
qurulan işğalçı Ermənistan”
epiqrafını vermişdir. Narıncı rəngin fonunda dəhşətli hadisələrin,
faciələrin ümumiləşdirilmiş kompozisiyada əks etdirilməsi işğalçı
daşnakların “dənizdən-dənizə böyük
Ermənistan” yaratmaq xülyasını, təcavüzkar
dövlətin azərbaycanlılara qarşı törətdiyi
soyqrımı, erməni vəhşiliklərini göstərir.
Novruz bayramına həsr edilmiş
“Elimizə bahar gəlir”, “Yaz
bayramı, saz bayramı, söz
bayramı”, “Yurdumuza bahar
gəlir”əsərlərində rəssam daşlaşan,
qayalaşan və əbədiləşən
Qobustan və Gəmiqaya qayaüstü
rəsmlərinin qəhrəmanlıq rəmzi olduğunu,
xalqımızın ən qədim dövrlərindən
başlamış bu günümüzədək
keçdiyi şərəfli tarix yolunu, yurdumuza
azadlıq baharının gəldiyini, müstəqil Azərbaycanımızın
üçrəngli bayrağının səmada əbədi
dalğalandığını
işıqlı, əlvan rənglərlə təsvir edir.
“Yetər parçalanmaq” plakatı gözlərimiz
önündə itirilmiş torpaqları
canlandırır."Dünənimdən bu
günümə gələn yol" əsərində
isə şərəfli tarixi yolumuzda bayrağımız təsvir olunur. “Qan
yaddaşı”,"Əsrin müqaviləsi","Daş
olsaydım əriyərdim, torpaq idim dayandım" ,"Erməni terrorizmi. Zamansız və amansız
ölümlər" və digər plakatlar
müstəqillik dövrünün unudulmaz
hadisələri barədə zəngin
təəssürat yaradır.
K. Abdin
deyir: – Mənim bu sahəyə
marağım uzun müddət mətbuatda
informasiya bolluğu
içərisində fəaliyyət göstərməyimdən
irəli gəlir. Bütün bunlara rəğmən hər gün
içərisində olduğum siyasi hadisələri
izləyir, praktik cəhətdən təhlil
edir, ideyaları tapdıqca bədii plakat yaratmaq əsas işimə çevrilir.
K. Abdin
son illər həyatımızın həqiqətlərinə
aid müxtəlif
mövzuda silsilə qrafik
əsərlər yaratmışdır. Onun kompyuter
qrafikasında işlədiyi əsərlər mövzu
zənginliyi baxımından daha
maraqlıdır. Böyük həvəslə çalışan sənətkarı qarşıda yeni sərgilər
və müsabiqələr gözləyir. Ölkəmizi
yaratdığı əsərləri ilə dünyada
tanıdan rəssam Kirman Abdinin 55 yaşı olmasına baxmayaraq, bu gün də gənclik eşqi,
gənclik həvəsi ilə çalışır və
yeni-yeni əsərlər yaradır.
Qayğıkeş ailə başçısıdır. Böyük qardaşı Telman
əməkdar rəssamdır, qızı Nigar
da ata yolunu
davam etdirir, ali təhsilli rəssamdır. Səmimi dost, gözəl insan,
istedadlı rəssam Kirman müəllimə yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Afət SADIQOĞLU
Xalq qəzeti.- 2014.- 20 iyul.- S.7.