Akademik Həsən Əliyev
adına Zəngəzur
Milli Parkı
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır.
Milli Parka akademik Həsən Əliyevin
adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli
Parkının ərazisi Şahbuz, Culfa, Ordubad
rayonlarının torpaqları hesabına genişləndirilərək
sahəsi 42797,4 hektara
çatdırılmışdır. Eyni sərəncamla Milli
Parkın adı dəyişdirilərək akademik Həsən
Əliyev adına Zəngəzur Milli
Parkı adlandırılmışdır. Milli
Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət
ərazisinin 27870 hektarında Ordubad Dövlət Təbiət
Yasaqlığı yerləşir. Zəngəzur Milli
Parkının yaradılmasında məqsəd ərazidə
ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin
özünəməxsus iqlimə,
relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə
malik olması, burada müxtəlif növ heyvanların, o
cümlədən, endemik növlərin qorunub saxlanması ilə
yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin
ekoloji cəhətdən maarifləndirilməsi, turizm
üçün əlverişli şərait
yaradılmasından ibarətdir. Orta
hündürlüyü 3200 metrə çatan Zəngəzur
silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən
yüksəkdir. Onun ən yüksək
zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində
olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik
Qafqazın Azərbaycan Respublikası ərazisində ən
yüksək zirvəsidir.
Zəngəzur
silsiləsinin sonuncu –
üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur
Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi
2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 kilometrlik bir məsafədə həm cənub,
həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var.
Aşınmış süxurlar çox geniş
yayılmışdır. Soyuq dağda qədim
buzlaq relyefi azalır və relyeflərin alçalması ilə
əlaqədar olaraq yox dərəcəsinə çatır.
Zəngəzur
Milli Parkının ərazisinin çox hissəsi
dağlıqdır. Yayı quraq keçən
soyuq iqlimi var. İllik yağıntı 300-800 millimetrdir.
İranla sərhəd boyu Araz çayı
axır. Ərazinin torpaq örtüyü
müxtəlifdir. Əsasən boz, çəmən-boz,
allüvial-çəmən, dağ-meşə, çimli,
dağ-çəmən torpaqları
yayılmışdır.
Zəngəzur
Milli Parkının su şəbəkəsini əsasən ərazidən
axan çaylar təşkil edir. Ordubad
rayonunun ərazisində çay şəbəkəsi bərabər
inkişaf etməmişdir. Ərazidən
axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay,
Əylisçay, Ordubadçay, Gənzəçay,
Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan,
yağış və qar sularından götürür.
Başlanğıcını Naxçıvan
MR-nın ərazisindəki Göygöldən götürən
Sağarsu çayı Gilançaya tökülür.
Naxçıvan
Muxtar Respublikası ərazisində suda-quruda yaşayanların 6
növü mövcuddur. Bunlardan 4 növə Zəngəzur
Milli Parkının ərazisində rast gəlmək
mümkündür. Bunlar Suriya
sarımsaqiyli qurbağası, yaşıl qurbağa,
kiçik ağac qurbağası, qısaayaq göl
qurbağasıdır. Suriya sarımsaqiyli
qurbağasının nəsli kəsilmək təhlükəsi
olduğundan adı Azərbaycan Respublikasının
“Qırmızı kitabı”na daxil
edilmişdir. Naxçıvan
Muxtar Respublikası ərazisində 38 növ və
yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və
yarımnöv ilanlara rast gəlmək olar. Xəzər
tısbağası, Aralıq dənizi tısbağası,
yovşanlıq girdaban kərtənkələsi, kiçik
Asiya gürzəsi, kiçik Asiya kərtənkələsi,
ox ilanı qorunduğu üçün adları
“Qırmızı kitab”a daxil edilmişdir.
Özünəməxsus
floraya və faunaya malik olan
Naxçıvan Muxtar
Respublikası həm də quşların zənginliyinə görə
Azərbaycan Respublikasında
xüsusi yer tutur. Ərazidə 217 növ və
yarımnöv quşa
rast gəlinir ki, bunlardan 15-i “Qırmızı kitab”a daxil edilmişdir. Həmin quş növləri aşağıdakılardır:
Avropa tüvüyü,
çəhrayı qutan,
qıvrımlələk qutan,
ərsindimdik, ağquyruq
dəniz qartalı, berkut, toğlugötürən,
adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək və s. misal göstərmək olar.
Naxçıvan
Muxtar Respublikasında
62-yə qədər məməli
heyvan növünə
və ya yarımnövünə təsadüf
edilir. Bunlardan 32-sinə Zəngəzur Milli
Parkının ərazisində rast gəlinir.
Bu ərazidə
məməlilərdən Blazilius və ya Aralıq dənizi nalburnu,
cənub nalburnu, adi
uzunqanadlı, oxlu kirpi
(tirəndaz), kəsəyən dağ
siçancığı, bəbir, çöl
pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon) və s. məskunlaşmışdır.
Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan
yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar,
çaqqal, adi tülkü, zolaqlı kaftar,
daşlıq dələsi, porsuq, meşə
pişiyi və s. rast gəlmək mümkündür.
Azərbaycan
sularında 100-dən artıq balıq növü
yaşayır. Bunlardan 16-sının
Naxçıvan sularında olması müəyyən edilmişdir. Kür
altağızı, Kür
qumlaqçası, Araz xramulyası, Kür şirbiti, ilişkən, çəki,
qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşcəsi və s. Göstərilən balıqlardan yalnız
qızılxallı balıq Azərbaycanın
“Qırmızı kitab”ına düşmüşdür.
Qızılxallı balıq əsasən Milli
Parkın ərazisində olan Çalğarsu, Əyriçay və Paraqaçayda yayılmışdır.
Zəngəzur Milli Parkının ərazisi ali
və nadir bitkilərə görə də
zəngindir. Belə ki, muxtar
respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü
Milli Parkın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı
zınbırtikan, Araz palıdı, zərif
süsən, Qrossheym süsəni, Gözəl
qayışləçək, Mişşenko
zümrüdçiçəyi, və s.
77 növ ali və nadir bitkilərin əksəriyyətinin
adları “Qırmızı kitab”a daxil edilmişdir.
Akademik Həsən Əliyev adına Zəngəzur
Milli Parkının ərazisi fauna və floranın zənginliyi ilə
yanaşı, həm də təbii və tarixi
abidələr diyarıdır.
Təqdim etdi:
İsaq ƏMƏNULLAYEV
Xalq qəzeti.- 2014.- 20 iyul.- S.7.