Vətənin dilbər
guşəsi – İsmayıllı...
...İsmayıllıya
gedirdim. Qələm dostum, həyatdan vaxtsız
köçmüş, əzizim Aydın Səlimzadənin
anım gününə. Tək mən yox, Aydınsevənlərin
çoxu bu tədbirə dəvət almışdı. Yol
boyu istedadlı jurnalist Qorxmaz Şıxəliyevlə Aydınla
bağlı xatirələri çözələyə-çözələyə
unudulmaz Səməd Vurğunun misralarını
xatırlayırdım: “Bizdən ayrı düşənlərə
borcumuzdur bu ehtiram”.
Fikirləşirdim ki, görəsən, bu borc
həmişə qaytarılırmı? Yaxşısı
budur, cavabını da özüm verim: “Yox!” Qoy bəziləri məndən inciməsinlər.
Həqiqət budur. Axı, biz bu yurdu, bu milləti, bu Vətəni
sevən, gözlərinin nurunu, ziyasını şam kimi əridən
ziyalılarımızı niyə yaddan
çıxarmalıyıq? Onların xatirəsini niyə yad
etməməliyik? Axı Peyğəmbərimiz (s.) alim qələminin
mürəkkəbini şəhid qanından üstün
tutmuşdur.
Deyəsən, mətləbdən aralı
düşdüm. Həmin tədbirə çox adam gəlmişdi.
Böyük ekranda foto-şəkillər nümayiş
etdirilirdi. Tədbirin aparıcısı Aydın Səlimzadənin
keçdiyi şərəfli yol haqqında
danışırdı. Şəxsən mənim
üçün bu kövrək sözləri eşitmək
çətin idi. Aydın Səlimzadə ilə bağlı
xatirələr, onunla bağlı xatirələr gözlərimin
qabağından getmirdi ki, getmirdi...
Rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov
çıxış etdi. Aydınla bağlı
yaddaşına ilişib qalan anları xatırladı. “Bu
gün biz Aydın Səlimzadənin ad gününə
yığışmışıq, — dedi. — İnsan
dünyaya gələndə bütün yaxınları,
doğmaları, el-oba sevinir. Odur ki, biz
çıxışlarımızı kədərli notlar
üzərində qurmamalıyıq. Aydınla bağlı
xoş xatirələrimizi danışmalı, onun keçdiyi
şərəfli ömür yoluna işıq
salmalıyıq. Aydının yazılarının leytmotivi
bu milləti, bu dövləti azad, xoşbəxt, firavan
görmək idi. Bu gün onun ruhu şaddır. Çünki
qüdrətli Azərbaycan dövləti yaranıb.
Dünyanın hər yerində adı iftixarla çəkilən
bir Azərbaycan var. Bizim əziz dostumuz bütün söhbətlərində,
bütün yazılarında bunu arzulayırdı...
Çıxışımın sonunda bunu deməyi
özümə borc bilirəm. Biz ziyalılarımızı
həmişə uca tutmalıyıq, onların hörmətini
saxlamalıyıq. Mənim bura toplaşanlara, ümumiyyətlə
bütün ismayıllılara arzum budur".
Yazdım ki, siz də biləsiniz. Bu sözləri
iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov deyirdi...
O, icra hakimiyyətinin başçısı təyin
olunandan sonra da ilk görüşünü məhz rayonun
ziyalıları ilə keçirdi. Həmin tədbirdə mən
də iştirak edirdim. Yaxından, uzaqdan bütün
ziyalıları, İsmayıllının təəssübünü
çəkən insanları həmin tədbirə dəvət
etmişdi. Məqsəd bir idi: “İsmayıllıda fəaliyyətə
nədən başlamalı, hansı işlər həyata
keçirilməlidir”. Və bir də konkret sual:
“İsmayıllını necə görmək istəyirsiniz”.
Müxtəlif çıxışlar oldu, fərqli
təkliflər verildi. Hərə öz sözünü dedi.
Həmin tədbirdə yanımda oturan ağsaqqal, nurani bir
insanın dediyi söz indi də yadımdan çıxmır
ki, çıxmır: “Oğul, bax bu tədbirlə də
İsmayıllıda sağlam, mənəvi psixoloji mühitin
əsası qoyuldu”.
İndi aradan xeyli vaxt keçib. Bu müddət ərzində çox işlər
görülüb. İsmayıllı
aybaay yox, günbəgün dəyişir. Küçələrə asfalt döşənir,
işıq dirəkləri yenisi ilə əvəz olunur,
yaşıllıqlar salınır. Rayon
başdan-başa simasını dəyişir. Heydər Əliyev prospektində böyük işlərə
başlanılıb. Akademik Zərifə
xanım Əliyevanın adını daşıyan park
ismayıllıların ən sevimli yeri olacaq. Mən bunları söz xatirinə yazmıram. Gəlin özünüz baxın, görün.
Görün ki, İsmayıllı haqqında elə
məhəbbətlə danışmağım təsadüfi
deyil. Bu gün rayonun hər yerində iş gedir. Yeni müəssisələr tikilir, yollara asfalt
döşənir, kəndlərdə sosial obyektlər
inşa edilir. Bunlar haqqında çox
yazmışam, çox söhbət etmişəm. İsmayıllıda gedən tikinti- quruculuq işləri
gələcək yazılarımızda hələ çox əksini
tapacaq.
Fəxrlə demək olar ki, inamı
özlərinə qayıtmış ismayıllılar rayon
icra hakimiyyətinin qapısını bax belə, ürəklə
döyürlər. Qəbullara gələn
insanlar yaxşı bilirlər ki, onların sözü yerdə
qalmayacaq, diqqət göstəriləcək, problem həll
olunacaq. Yəqin ki, bu yerlərə bələd
olanlar əvvəllər Göytəpəyə,
Qalıncağa, Ruşana gedəndə yol sarıdan nə qədər
əziyyət çəkdiklərini yaxşı
xatırlayırlar. Gəlin indi baxın.
Ölkə Prezidenti cənab İlham Əliyev Göytəpə
- Qalıncaq - Ruşan yolunun çəkilməsinə 5,4 milyon manat vəsait ayırıb. Yolun yarısından çoxunda artıq işlər
başa çatıb. Rayon rəhbəri,
demək olar ki, hər gün buraya baş çəkir, vəziyyətlə
maraqlanır. Az məsafə deyil. On səkkiz kilometrdir. Qurtarmağa lap az qalıb. Ulu öndərin sözü
yadıma düşdü: “Yol iqtisadiyyat, mədəniyyət,
bir sözlə, həyat deməkdir”.
Qalıncaq demişkən, bir dəfə
yazmışam. Yenə də yazıram.
Çünki bu hadisə mənim
yaddaşımda özünə xüsusi yer tutub. Tək mənim yox, bəlkə də,
çoxlarının gözlərini yaşardan həmin əhvalatı
insani hisslərin bir nümunəsi kimi mən hələ
çox yerdə danışacağam. Mirdaməd müəllim görəndə
ki, ona yaxınlaşan bir qadın nəsə demək istəyir:
“Anam, nə sözün var?”, – deyə
soruşdu.
Qadın əvvəlcə dinmədi. Gözlərindən
axan yaş damlaları sifətinin qırışları
arasında düyünləndi: “Oğul, mən şəhid
balamın adına
öz şəxsi vəsaitimlə bir bulaq
tikdirmişəm. İndi həmin bulağa yol
çəkilməsini sizdən xahiş edirəm”.
Hamı susub dayanmışdı. Bir çoxları kimi rayon rəhbəri
də kövrəlmişdi:
— Ana, sən nə danışırsan, — dedi. — Nəinki
həmin bulağa yol çəkərik, hətta, bulağın
yanında mərmərdən
xatirə daşı qoyub üstünə şəhid
olmuş oğlunuzun şəklini də vurarıq. Bu da olar
torpaq, Vətən uğrunda canını əsirgəməmiş,
həyatını qurban vermiş bir insanın xatirəsinə
bizim ehtiramımız.
Bu sözləri xatırlatmağm qətiyyən
təsadüfi deyil. Həm də onu yada salmaq
istəyirəm ki, Mirdaməd müəllim rayon sakinləri ilə
görüşlərində verdiyi bütün vədlər
kimi bu vədinin də yüksək səviyyədə
reallaşdırılmasına nail olub. Mən
də söz vermişdim ki, bu faktı çox yerdə
danışacağam.
Səyyar görüş-qəbuldan
söz düşmüşkən qeyd edim ki,
İsmayıllının elə bir yaşayış məntəqəsi
yoxdur ki, rayon icra hakimiyyətinin başçısı orada təkrar
qəbul-görüşlər keçirməsin. Bu görüşlərdən biri bu günlərdə
Gəndo kəndində olub. Rayon ərazisində
görülən işlərin, həyata keçirilən
yeni-yeni layihələrin şahidi olan gəndolular Mirdaməd
müəllimin qəbuluna böyük inam və ümidlə
gəlmişdilər. Arzu, təklif və şikayətlərdən
öncə kənd sakinləri bugünkü firavan həyatlarının təmin
olunduğuna görə, sosial-iqtisadi inkişafda daim
İsmayıllıya diqqət göstərdiyi
üçün cənab Prezident İlham Əliyevə minnətdarlıq
etdilər. Onlar bildirdilər ki, Gəndoda yaşasalar da,
ölkədə, İsmayıllıda gedən proseslərdən
məlumatlıdırlar, bir vətəndaş olaraq
görülən işlərə çox böyük qiymət
verirlər. Yaxşını, yaxşı
işləri görüb, dəyərləndirməyi
bacarırlar.
Burada söhbəti saxlayıb, bir
haşiyə çıxmaq istəyirəm. Ümumiyyətlə, İsmayıllı barədə
qələmə aldığım materiallarda mən şahidi
olduğum faktlarla yanaşı, həm də rayonun
tanınmış ağsaqqal və ziyalılarının
fikirlərinə də istinad etmişəm. Uzun illər rayon təhsilinə rəhbərlik
etmiş Fərman Bəşirovla söhbətlərimizdə
İsmayıllının indiki rəhbərlik dövründə
əldə etdiyi tərəqqi barədə çox məqamlardan
söz açmışıq. Amma bu ilin əvvəllərində
qəzetimizdə verilmiş “İsmayıllı: İl boyu
yaşanan sevinc” adlı yazıda toxunduğumuz bir məqamı
bu gün də təkrar etmək istəyirəm. Hansısa ağzıgöyçəklərin qəzetlərdə
İsmayıllı barədə qətiyyən həqiqətə
uyğun olmayan cızma-qaralarını görəndə istər-istəməz
düşünürəm. Görəsən,
bu qədər qarayaxma, həqiqətə uyğun olmayan
şeylər yazmaqla bəzi adamlar nə qazanırlar? Buna nə ad verməyi mən bilmirəm. Özlərini “qəzetçi” adlandıran bu
insanlar, görəsən, vicdan anlayışının nə
olmasından xəbərdardırlarmı? Təəssüf,
çox təəssüf.
Qayıdaq yenə Gəndodakı
görüşə. Görüşdə daşınmaz əmlakın qeydiyyatı,
ünvanlı sosial yardım, enerji təchizatı və məktəb
tikintisi ilə bağlı suallara
cavabdeh təşkilat rəhbərlərinin
iştirakı ilə obyektiv cavablar verilməsindən sonra
müvafiq tədbirlər müəyyənləşdirildi. Amma əsas məsələ bu olmadı. İcra hakimiyyətinin başçısı
müvafiq qurum rəhbərlərinə tapşırdı ki,
bir aydan sonra qəbul zamanı qaldırılan məsələlərin
həlli nəticələri barədə kənd sakinlərinə
məlumat verilsin. Gəndolular bir daha yəqin etdilər
ki, həqiqətən,
dövlət onlar üçündür. Qəbuldan
sonra icra hakimiyyəti başçısının
dindarların təşkil etdiyi iftar süfrəsində
iştirak etmək üçün Lahıca getməsi isə
bir növ mənim ötən yazılarda qeyd etdiyim “o, ilin və
ayın bütün günlərini sadə insanların arasında
keçirməklə həm Heydər Əliyev siyasi idarəetmə
məktəbinə sədaqətini nümayiş etdirir, həm
də rayonda sağlam mənəvi-psixoloji mühitin daha da
möhkəmləndirilməsini təmin edir” ifadəsinin
sübutu, təsdiqi kimi maraqlı idi.
Xüsusilə qeyd edilməli cəhətlərindən
biri də odur ki, həm xaricdə, həm də ölkə
daxilində mütərəqqi ideya kimi qəbul olunan
bütün təcrübələr İsmayıllıya gətirilir.
Bakının Binəqədi rayonunda reallaşdırılan “Təmiz Binəqədi” layihəsinə
qoşulmaq təşəbbüslü toplantının
keçirilməsi də həmin mərama xidmət edirdi.
Bununla bağlı keçirilən toplantıda
çıxış edən
rayon rəhbəri layihə barədə ətraflı məlumat
verəndən və günümüz üçün aktual
olan təmizlik və sanitariya məsələləri barədə
danışandan sonra “Təmiz
İsmayıllı” layihəsinə ilkin hazırlıq işləri
və layihənin icra mexanizmi barədə
tapşırıqlar verdi.
O qeyd etdi ki, bu gün şəhərimizdə sanitariya-gigiyena məsələləri
heç də ürəkaçan deyil, problemlər olduqca
çoxdur. Biz layihəni reallaşdırmaqla həyat
tərzimizi sanitariya tələblərinə
uyğunlaşdırmalıyıq. İsmayıllı
təmiz və sanitar tələblərə cavab verən bir məkana
çevrilməlidir. Təbliğat və təşviqat
işləri,
geniş maarifləndirmə tədbirləri
aparmalıyıq. Bələdiyyə sədri,
icra nümayəndəsi bu işdə daha fəal
olmalıdır. “İsmayıllı xəbərləri”
təbliğat işlərini gücləndirməlidir. Məktəblərimizdə,
mədəni-maarif müəssisələrimizdə gənclər
arasında geniş iş aparılmalıdır.
...Yazını elə təmizlik məfhumu
üstündə yekunlaşdırırıq. Haqqında
söz açdığımız rayonun indiki rəhbəri
öncə cəmiyyətdə təmizlik, sağlam mühit yaradılmasını
əsas məqsəd kimi ortaya qoydu və yetərincə
uğur qazandı. Sonra ekoloji mühitə, yəni
rayonun təbiətinə təmizlik gətirilməsi
üçün layihələr reallaşdırıldı.
İndi isə, növbə məişətdəki
təmizlikdi. “Təmiz İsmayıllı”
layihəsi bu məqsədə çatmaq üçün
atılan ilk addımlardan biridir. Bir sözlə,
“İsmayıllı başdan-başa yenidən qurulur” - deyənlərın
qənaətinə biz də qoşuluruq. Elə bu
müasirləşmənin, təmizliyin nəticəsidir ki, İsmayıllı
bu gün qonaq-qaralıdır. Həmişə belə olasan,
İsmayıllı...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 20 iyul.- S.6.