Azərbaycan həqiqətlərinin

yorulmaz təbliğatçısı

 

Onu əvvəllər kitabları vasitəsilə tanıyırdım.Bundan başqa Rusiyada fəaliyyət göstərən diaspor cəmiyyətlərimizin işinə, perspektivlərinə, fəallarına və azərbaycançılığın təbliğinə dair “Vışka”, “Kredo”, “Qarabağa aparan yol”, “Mübariz keşikdə” və digər qəzetlərdə təqdim olunmuş silsilə yazıları və bu mövzuya həsr olunmuş müxtəlif teleradio verilişlərindəki çıxışları da diqqətimi cəlb etmişdi.

 

Söhbət Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəal üzvü, yazıçı — jurnalist Ramin Məmmədovdan gedir. Bu vətənpərvər ziyalı həyatının böyük hissəsini şam kimi əridərək, ailəsindən, evindən-eşiyindən aylarla ayrı düşüb Rusiya kimi nəhəng bir ölkəni şəhər-şəhər, kənd-kənd gəzib maraqlı məlumatlar toplayır, sonra da yuxusuz gecələr keçirərək bir-birinin ardınca araya-ərsəyə gətirdiyi əsərləri çap etdirir. Geniş oxucu kütləsi bir  daha agah olur ki, qonşu ölkənin Moskva, Sankt-Peterburq, Arxangelsk, Murmansk , Anapa, Rostov, Krasnodar,  Barnaul, Biysk, İrkutsk, Krasnoyarsk, Ulan-Ude, Tomsk, Novokuznetsk, Kemerovo, Tümen, Nijnevartovsk, Surqut, Radujnı, Dərbənd, Volqoqrad, Belqorod, Kursk, Oryol, Voloqda, Petrozavodsk, Saratov, Voronej, Ryazan, Tver, Perm... bir sözlə R.Məmmədovun yaradıcılıq səfərləri etdiyi yüzlərlə şəhər və yaşayış məntəqələrində Odlar Yurdunun övladları şərəfli sahələrdə ən məsul vəzifələrdə ləyaqətlə çalışır, bu bölgələrdə Azərbaycan diaspor icmaları quru fəaliyyətlə kifayətlənmir, qəzetlər, kitablar nəşr etdirərək ölkələrimiz arasında əlaqələri möhkəmləndirir, xalqımızın adət və ənənələrini, qəhrəmanlarını, ləyaqətlilərini qürbətdə tanıtdırır.

O, ulu öndər Heydər Əliyevin dediyi bu sözləri öz fəaliyyəti üçün əsas götürmüşdür: “Tarixi araşdırıb bu gün üçün əhəmiyyətli, dəyərli olan səhifələrini indiki və gələcək nəsillərə çatdırmağın özü xalq, millət, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir”.

Onun 1994-2000-ci illərdə işıq üzü görmüş “Vətən həsrətilə keçdiyim yollar”, “Yaddaşımın izilə”, “Qəbələ: insanlar, talelər, ziyalılar”(üç kitabda), “Bakıdan Moskvaya”, “Neftin işığında-Lökbatanda”, “Bakıdan Moskvaya və uzaqlara...” kitabları ilə əlaqədar əvvəllər bir məqaləmdə söhbət açmışdım. Ona görə də bugünkü açıqlamalarımı sonrakı illərdə çıxmış toplularına həsr edirəm.

2001-ci ildə “Şirvannəşr” nəşriyyatında Ramin Məmmədovun “Səfərnamə-Puteşestviye” adlı növbəti kitabı buraxıldı. Müəllif uzun illər ərzində topladığı materialları zənginləşdirmək üçün 1998-2000-ci illərdə Moskva, Surqut, Nijnevartovsk, Kaluqa, Yekaterinburq, Meqion, Pıt-Yax, Nyaqan şəhərlərinə yaradıcılıq səfərləri etmiş, ziyalılarla görüşmüş, başqa maraqlı məlumatlar toplamış və həmin nəşrdə istifadə etmişdir.

Yazıçı-jurnalist gəzdiyi şəhərlərin hər birində Azərbaycanımıza dair maraq doğuran məlumat tapa bilmiş, dəyərli adamlarla ünsiyyət yaratmışdır. Məsələn, Kaluqada əslən Lənkəran rayonunun Boladı kəndindən olan, hərəkətləri, davranışı və cinayətlərin açılmasında göstərdiyi cəsarətləri ilə əfsanəvi Mehdi Hüseynzadəni xatırladan, Kaluqa Daxili İşlər İdarəsinin Xüsusi Təhlükəsizlik Şöbəsinin rəisi Müqəddəs Mikayılovla görüşüb. İdarənin rəhbərliyi M.Mikayılovun yüksək peşəkarlığından, geniş erudisiyasından söhbət açaraq onun daha iki vacib keyfiyyətini — analitik zəkasını və ən çətin situasiyadan düzgün çıxış yolu tapa bilmək qabiliyyətini xüsusi vurğulayır.

Kaluqada olarkən R.Məmmədovun diqqətini milis idarəsinin qarşısında ucaldılmış abidədə həkk olunmuş adlar arasında Hacı Səfərovun familyası cəlb edir. İqor Korotkovun köməyilə araşdıraraq müəyyən edir ki, o, Dərbənddə doğulub, milliyyətcə azərbaycanlıdır, vətəndaşları cinayətkar ünsürlərdən qoruyarkən faciəli surətdə həlak olub.

2002-ci ildə R.Məmmədovun rusca “Səfərnamə” və “Moskva: onlar əslən Azərbaycandandır”, 2003-cü ildə “Moskva, Sankt-Peterburq: onlar Azərbaycandandır” topluları nəşr edilir. 2004-cü ildə “Rusiya şəhərlərinə səfərlərim”, “Doğmalarımın axtarışında”, 2005-ci ildə “Azərbaycan-qədim ölkədir”, “Azərbaycanlılar Vətən uğrunda döyüşüblər”, 2006-cı ildə “Dostluq telləri”, 2007-2010-cu illərdə “Həmvətənlərimiz Tümen vilayətində” və “Həmvətənlərimiz” adlı kitablarının hər birinin üç nəşri yeni əlavələrlə çapdan buraxılır, “Bir torpağın adamları”, “Rusiyanın ürəyində”, “Alim ömrü”, “Müharibə yox, sülh olsun!”, azərbaycanca “Rusiya: ziyalılarımız, mətbuatımız, münasibətlərimiz”, “Sibir dəftərindən”, “50-ci bahardan boylananda” topluları oxucu ixtiyarına verilmişdir.

“Səfərnamə”dən bizə məlum olur ki, müəllif Yekaterinburq şəhər Jeleznodorojnı Rayon İcra Hakimiyyətinin başçısı Anatoli Zaxaroviç Klimenko ilə görüşür. A.Klimenko bildirir ki, biz bunu yaxşı dərk edirikimkan vermirik ki, regionumuzda milli zəmində konflikt baş versin. “Biz heç zaman unutmamalıyıq ki, əsrlərlə çiyin-çiyinə bir ölkədə, qonşuluqda yaşamışıq. Bir dövlətin tərkibində yaşayan ata-babalarımız milyonlarla soydaşımızın qanı bahasına faşizmə qalib gəliblər, indi ölkələrimiz dostluq ənənələrini davam etdirirlər” — deyir.

Həmin kitabda getmış başqa bir yazıda oxuyruq ki, Ulyanovsk şəhərində “Qolos Azerbaydjana” qəzeti vasitəsilə Azərbaycan—Qarabağ həqiqətləri lazımınca təbliğ edilir.

Moskva, Sankt-Peterburq... onlar Azərbaycandandır” toplusu bizə yeni-yeni sevindirici, dəyərli məlumatlar açıqlayır. ToplununSaratov” başlıqlı bölməsində oxuyuruq ki, Saratov şəhərində “Vətən” adlı Azərbaycan İctimai Mədəni Birliyi fəaliyyət göstərir və onun prezidenti Vladimir Nəriman oğlu Muradov eyniadlı qəzet də təsis edib.

Azərbaycanımızı tanıtmaqda, əsl azərbaycanlı obrazı yaradan doğmalarımız haqqında xeyli məlumatlar 184 səhifəlik “Rusiya şəhərlərinə səfərlərim” kitabında da yer almışdır. Müəllif yazır ki, bu gün Moskva ali məktəblərində yüzlərlə həmvətənlərimiz – alimlərimiz çalışır. Onlardan birifizika-riyaziyyat elmləri doktoru, professor Valeh Cəfər oğlu Quliyevdir. Valeh müəllim 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-rizyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda o, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri və tətbiqi riyaziyyat fakültəsinin dekanı, Beynəlxalq Mineral Ehtiyatları Akademiyasının akademikidir.

Sankt-Peterburqda da alimlərimizin, DİO-da, başqa dövlər qurumlarında çalışan Azərbaycan övladlarının sayı yüzlərlədir. Onların sırasında çox görüb az tanınanlar da var. Məsələn, bu topluda təqdim olunan ziyalılardan biri də Köçəri Baxış oğlu Həsənovdur. O, Sankt-Peterburq şəhərində “Biznes-Link” və AOZT “Xoldinq-Ekskluziv” firmalarının baş direktoru, “Sozdatel Peterburqaordeni laureatıdır. Bu quru təqdimat arxasında Köçəri müəllimin həyatı boyu çəkdiyi böyük zəhmət yer alır. K.Həsənov 1984-cü ildə Leninqradda Elektrotexnika İnstitutunu bitirib. Təhsilini Moskvada G.V.Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda davam etdirib və 1992-ci ildə oranı, 2002-ci ildə isə Dövlət Xidməti Akademiyasını müvəffəqiyyətlə başa vurub.

Kitablarında oxunaqlı, eləcə də yığcam təqdim etdiyi məlumatlardan nəzərə çarpır ki, Ramin Məmmədovun çalışqanlığı, azərbaycançılığa dair bir-birinin ardınca çıxardığı kitabların əks-sədası Rusiya regionlarında kifayət  qədər yayılıb.

R.Məmmədov 2005-ci il oktyabrın 19-da İttifaqlar evinin Sütunlu salonunda keçirilmiş Ümumrusiya Azərbaycan Konqresinin II qurultayının iştirakçısı olmuşdur. “Azərbaycan — qədim diyar” kitabında qurultayda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin nitq söyləmələri barədə də söhbət açır.

Topluda təqdim olunmuş şəkillərdən və qeydlərdən göründüyü kimi, müəllif qurultayda öz qəhramanları-Fərman Salmanov, Əhməd İsgəndərov, Əfrand Daşdəmirov, Tahir Salahov, Çingiz Hüseynov, Tamilla Mahmudova, Yusif Əmiraslanov, İlham Bədəlbəyli, Rüstəm Arifcanovbaşqa görkəmli alimlərlə, mədəniyyət xadimləri və yazıçılarla, jurnalistlərlə görüşüb xatirə şəkilləri çəkdirmişdir.

İki hissədən ibarət bu kitabda müəllif mötəbər tarixi qaynaqlara əsaslanaraq Azərbaycanımızın keçdiyi çətin və şərəfli tale yolu, mədəniyyətimiz, mənəvi dəyərlərimiz barədə qədim dövrlərdən günümüzə kimi tarixi dövrü yığcam formada oxucu mühakiməsinə ünvanlayır. Bu da təsadüfi deyil. Müəllif yaxşı dərk edir ki, ermənilər Moskvada həmişə, xüsusilə də son 25 il ərzində əleyhimizə çoxsaylı kitablar, jurnallar, qəzetlər buraxır, nüfuzlu ensiklopediyalarda haqqımızda getmiş məqalələrə əl qatmaqla məmləkətimizin tarixini saxtalaşdırmağa cəhd edir, insanları çaşdırmağa çalışırlar.

“Azərbaycanlılar vətən uğrunda döyüşüblər” kitabı Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 60-cı ildönümünə təsadüf edir. Nəşrdə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının döyüş yoluna dair Moskvada işıq üzü görmüşQeroi Sovetskoqo Soyuzaensiklopedik toplusunda getmiş məqalələr verilmişdir.

Dostluq telləri” adlı kitabındakı açıqlamalar göstərir ki, R.Məmmədov doğmalarımızı soraqlaşa-soraqlaşa uzaq diyarlara gedib çıxıb. Dərbənddən sonra İrkutska, Ulan-Udeyə üz tutub. Yazıları oxuduqca həmyerlilərimizin ən ucqar yaşayış məntəqələrində belə Odlar Yurdunu ucaldan əməllərinə, şərəfli vəzifələrə layiq görüldüyünə, ali amallar ünvanına çevrildiklərinə görə qürur hissi keçirirsən.

R.Məmmədovun 2007-ci ildə çıxmış “50-ci bahardan boylananda” adlı kitabı onun yarıməsrlik yubileyi ilində oxucularına qismən də olsa az-çox məhsuldar keçirilmiş ötən dövrün hesabatıdır. Müəllif ənənəsinə burda da sadiqlik göstərir-xalqlar dostluğuna, məmləkətimizin təbliğinə və nəhayət Rusiyada ölkəmizə olan diqqət və marağa dair xeyli yazılar cəmləşdirmişdir. Bu kitabda “Azərbaycan Rusiya nəşrlərində”, “Ürəklər Vətənə bağlı”, “Bizdən uzaqlarda...”, “Bu gün ermənilər bizə qarşı böyük saxtakarlıq edirlər”, “Azərbaycanın mövqeləri möhkəmlənir” və s. kimi yazılar getmişdir. Materialların adlarından göründüyü kimi əsas məqsəd ölkələrimiz arasında inkişaf edən əlaqələri və diaspor icmalarımızın işini göstərməkdir.

“Həmvətənlərimiz Tümen vilayətində” adlı toplunun birinci nəşrində Zaqafqaziyada ən böyük sayılan Azərbaycan Rus İcmasının fəaliyyətindən, onun keçirdiyi, yaxşı mənada, əks-səda doğuran qurultaylardan, başqa tədbirlərdən bəhs edən ayrıca yazı da bu nəşrdə təqdim olunmuşdur. Belə açıqlamalar həm də, “Bakıda bir nəfər də olsun rus məktəbi qalmayıb, rusları qovublar” deyən Jirinovski kimi danışığına, hərəkətlərinə nəzarəti itirmişbaşqa bizə məlum olanolmayan böhtançılara, millətlərarası münaqişələri qızışdıranlara müəllifin mesajıdır.

Beləliklə, oxuculara bildirilir ki, təkcə son on ildə Moskvadabaşqa şəhərlərdə işıq üzü görmüş “Heydər Əliyev”, “Sabit Orucov”, “Əziz Əliyev”, Fərman Salmanovun “Kəşf kimi həyat”, Çingiz HüseynovunDoktor N”, Stanislav Çernyavskinin “Azərbaycanın yeni yolu” və “Azərbaycan: istiqamət seçimi”, Yaqut Nemətovun “Təhsil XXI əsrdə”, Valeri TatarintsevinKişi”, Əbdül Hüseynovun “XX əsrin 100 məşhur azərbaycanlısı”, Bakıda İvan Tretyakovun “Qadın Allahı”, Aidə Feyzullayevanın “Azərbaycan yazıçıları Rusiyada”, Yelizaveta Qasımovanın “Öz torpağım (Azərbaycanın rus oğulları)”, A.Qritçenkonun “Həlak olmuşlara əbədi xatirə” adlı kitablar rusdilli vətəndaşlar üçün nəzərdə tutulmuşdur.

Təqdirəlayiq haldır ki, onun kitablarının hər birində Azərbaycan-Qarabağ həqiqətlərinə dair, erməni  terrorizmini, saxtakarlığını ifşa edən, eləcə də Rusiya-Azərbaycan münasibətlərinə, qonşu ölkədə millətçilərin törətdiyi cinayətlərə, ermənilərin Moskva ensiklopedik nəşrlərində törətdiyi saxtakarlıqları təkzib edən ayrı-ayrı nüfuzlu mənbələrə istinadən hazırlanmış yazılar öz əksini tapmışdır.

15 səhifəlik “Həmvətənlərim, unutmayın!” yazısında qədim zamanlardan bu günə kimi ermənilərin üzünü, çirkin əməllərini açıqlayan kitablardan konkret faktlar gətirilir, onların Xocalıda törətdikləri dəhşətli cinayətlər-soyqırımı açıqlanır. İşğal etdikləri rayonlarımızın hər birində qanı su yerinə axıdan erməni cinayətləri oxucu diqqətinə çatdırılır. Müəllif insanlara müraciətlə yazır ki, Qarabağsız Azərbaycan yoxdur... Qarabağın Ermənistanla sərhədi belə yoxdur.

AMEA-nın akademiki Teymur BünyadovOdlar Yurdunun övladları Rusiya tarixində” toplusunun üçüncü nəşrinə yazdığı “Kitablar xalqlar dostluğunun salnaməsidir” adlı yazısında Ramin Məmmədovun kitablarının ölkələrimiz arasında isti münasibətlərin inkişafına kömək edəcəyinə əmin olduğunu vurğulayır. Filologiya elmləri doktoru Abid Tahirli 2013-cü ildə işıq üzü görmüş “Məktəb: tariximiz, taleyimiz” adlı 450 səhifəlik monoqrafiyasının qəbələli alimlərə, yazarlara, başqa öncullərə həsr etdiyi fəslində Ramin Məmmədovun yaradıcılığına dair qeydlərində yazır: “...Ramin ziya aşiqidir, ziyalı vurğunudur. Əvvəlcə, Qəbələ ziyalılarını aradı, axtardı, onlar haqqında kitablar yazdı. Sonra Rusiya Federasiyasının saymaqla bitməyən şəhərlərinə üz tutdu: həmyerlilərini soraqladı, onlarla tanış oldu, Vətənə və millətə baş ucalığı gətirənləri vəsf etdi. Onlar barədə nə az, nə çox - 20-dən çox kitab yazıb nəşr etdirdi. Ramin qəlbinin səsi ilə, könüllü şəkildə bu missiyanı - taleyin hökmü ilə qərib diyarlara səpələnmiş azərbaycanlılar barədə yazmağı öz üzərinə götürmüş və əslində bir böyük təşkilatın görə biləcəyi və yaxud görməyə borclu olduğu işin, vəzifənin öhdəsindən təkbaşına gəlmişdir. O, yenə başında, səfərdədir, görüşlərdədir. Yenə qələminə, məsləyinə sadiqdir. Yazır, yaradır.”

Mən isə deyilənlərə ancaq onu əlavə edə bilərəm ki, Ramin bu qiymətli missiyasını davam etdirməklə yanaşı, hazırda “Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı və mətbuatı” adlı və başqa elmi əsərlər üzərində çalışır. Bu yolda ona uğurlar diləyirik.

 

Əlihüseyn ŞÜKÜROV,

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK)

və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)

Murmansk regional şöbəsinin mətbuat katibi,

Azərbaycan Jurnalistlər Birliyi Rusiya Jurnalistlər İttifaqının üzvü

 

Xalq qəzeti.- 2014.- 20 iyul.- S.5.