Metodologiya və sənədlərin
tarixdə rolu
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin tarixi simaların, o cümlədən
Şah İsmayıl Xətainin şəxsiyyətinin qavranılması
və tarixdə roluna həsr olunmuş konseptual məqalələri
barəsində mən AMEA Rəyasət Heyətində iki dəfə
çıxış etmişəm.
Qeyd etmək istərdim ki, möhtərəm akademikin Azərbaycan
tarixinə yetirdiyi xüsusi diqqət yalnız bir elm kimi tarix üçün deyil, həm də
xalqın mədəniyyətinin mühüm bir hissəsi
olan tarix üçün də çox
böyük əhəmiyyət kəsb edir. Bu əhəmiyyət
ondan ibarətdir ki, Azərbaycanın tarix elmində, çox
hörmətli Ramiz Mehdiyevin düzgün hesab etdiyi və
tutarlı dəlillərlə sübuta yetirdiyi kimi, metodologiya və nəzəriyyənin
tarixdə roluna, şəxsiyyətin tarixdə roluna, tarixin əxlaqi-vətənpərvərlik
tərbiyəsində, etikada və s. roluna yenidən, yeni bir tərzdə
baxmaq lazımdır. Metodoloji cəhətdən
əsaslandırılmış, mənbə-sənədlərə istinadən təsdiq edilmiş tarix
olmadan tarix fəlsəfəsi,
dövlətşünaslıq
və s. ola bilməz. Hər bir tarixi tədqiqat mənbələrin
və keçmişin sənədlərinin öyrənilməsi
əsasında həyata keçirilir. Onların sistemləşdirilməsi,
təhlil və ümumiləşdirilməsi tarixi
metodologiyanın mühüm tərkib hissəsini təşkil
edir. Lakin tam dəyərli metodologiya üçün bu, kifayət
deyil. Bu metodologiyanın nəzəri
hissəsi də, yəni
keçmişin məhz o
cür olması səbəblərinin meydana gətirilməsi
də gərəkdir.
Onu da qeyd etməyi vacib hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, möhtərəm akademik Ramiz Mehdiyevin məqalələri və “Şah
İsmayıl Səfəvi: Tarixi diplomatik sənədlər
toplusu”na geniş müqəddiməsi,
Azərbaycanın tarix və hətta
siyasətlə bağlı dairələrində ciddi
müzakirəyə səbəb olub ki, bu da, fikrimizcə,
heç də az əhəmiyyətli
deyil. Tarix ilə maraqlanmağımız, təhkiyə kimi tarixdən bir elm
kimi tarixə yol açmaq, sıçrayış etmək,
topluya girişində akademikin yazdığı kimi, ideoloji
maneələrdən azad edilmiş əsrlərin varislilyini,
ölkəmizin obyektiv tarixini bərpa etmək istəyimiz
çox təqdirəlayiqdir. Tarixin narrativ (ingiliscə
“narrative” - rəvayət, təhkiyə, hekayə, povest) şərhi
ilə tez-tez rastlaşırıq: bu zaman mətn iradi, müəllif
məntiqi cəhətdən məsuliyyətsiz, bir çox
şeyləri özündən uydurmuş, sənəd və
məxəzlər qərəzlə seçilmiş olur.
Əlbəttə, tam bitərəf tarix olmur, lakin hadisələri onların həqiqətən
baş verdiyi kimi təsvir etməyə çalışmaq
lazımdır (L.Ranke).
Tərəfli tarixdən uzaqlaşmaq arzusunun indiki diskussiya iştirakçılarının
hazırlıq səviyyəsinə heç də həmişə
uyğun olmaması başqa bir məsələdir, lakin
müzakirələr nəinki
ustad, qocaman, hətta gənc alimlərin tarixə
münasibətində dəyişikliyə təkan verə
bilər. Etiraf edək ki, Şah İsmayıl Xətai
dövrü sənədlərinin nəşri də eyni məqsədə
xidmət edir. Ciddi tarixi tədqiqatlar üçün
keçmişin sənədləri çox gərəklidir.
Onları dünyanın hər
yerindən tapıb gətirmək
lazımdır. Onlar öz həcminə görə Azərbaycanın,
ön sözdə akademik Ramiz Mehdiyev yazdığı kimi, Qədim
Mannadan müasir dövrə qədər olan tarixini əhatə etməlidir. Qeyd edək
ki, bu istiqamətdə Heydər Əliyev Fondu, Milli Elmlər
Akademiyası tərəfindən xeyli işlər
görülür və bu işlər daha da genişləndirilməlidir.
Lakin sənəd və mənbələrlə işləməyi,
müasir metodlardan faydalanmağı
və bir çox başqa
şeyləri öyrənmək lazımdır və akademik
Ramiz Mehdiyev məhz bunu tövsiyə edir.
Müxtəlif səbəblərdən, tarix
yalnız elm deyil, onun bizim üçün daha böyük mənası
vardır. Təkcə onu xatırlatmaq kifayətdir ki, tarixdən
bizə qarşı yalnız təcavüzkar
qonşularımız deyil, bir
çoxları istifadə etməyə
çalışırlar. Buna görə də yol verə
bilmərik ki, bizim tariximizi subyektiv ruhda
saxtalaşdırsınlar, parçalasınlar. Tarix konseptual,
inandırıcı, obyektiv tədqiq olunmalıdır.
Giriş məqaləsində Ramiz Mehdiyev dəqiq qeyd edir ki, hətta
sovet dövründə belə, ideoloji maneələrə rəğmən,
bizim ən böyük tarixçilərimiz Azərbaycan
tarixinin bir çox problemlərini ciddi surətdə təhlil
və dərk edirdilər, ölkədə hamı onları,
necə deyərlər, üzdən tanıyırdı, unudulmaz
ümummilli lider Heydər Əliyev onları qiymətləndirir
və onlara hörmətlə yanaşırdı.
Düzdür, o zaman ölkəmizin tarixinə aid sənədləri
əldə etmək və tam
dolğunluğu ilə araşdırmaq üçün imkan
yox idi, tarixin bütün əsas
dövr və dönüş nöqtələrini obyektivlik
ruhunda tədqiq etməyin mümkün
olmadığını hələ demirik: buna tarixi şəxsiyyətlərin,
ilk növbədə, padşahların, dövlət
başçılarının tarixdə rolunun
lazımınca dəyərləndirilməməsindən ibarət məlum
marksizm prinsipi də mane olurdu. Söhbət sovet
respublikalarının tarixindən gedən zaman bu,
özünü xüsusilə kəskin göstərirdi.
Tarix bizi ya düşünməyə vadar
edir, zehnimizi oyadır, milli özünüeyniləşdirmə, mədəni tərəqqi üzrə
səyləri fəallaşdırır və ya təsir
altına salır, inkişaf əzmindən məhrum
edir. Əlbəttə, Azərbaycanın hər bir
çağı bizim üçün vacibdir, lakin elə
xüsusi dövrlər, bifurkasiya, şaxələnmə
nöqtələri vardır ki, onlar
sonradan ölkənin, millətin hərəkətini
müəyyən edir. Şah İsmayıl hakimiyyətinin bu
cür dövrlərini hörmətli akademik son dərəcə
dəqiq müəyyən edir. Buna görə də həmin
dövrləri obyektiv surətdə, yüksək elmi-metodoloji
səviyyədə dərk etmək vacibdir, lakin
onları bu gün müasir tələb və təmayüllər
ruhunda araşdırmağı bacarmağın əhəmiyyəti
müəyyən mənada heç də bundan az deyil.
Çox vaxt bəziləri Xətaini
tariximizdən ayırmağa, özlərinin siyasi
maraqlarından asılı olaraq, bəlkə də, hətta
bəzi hansısa kənar, xarici
qüvvələrə xidmət edərək
yanlış izah etməyə çalışır və
onun dövrünü subyektiv ruhda yozurlar.
Ramiz Mehdiyevin Səfəvi dövrünə aid
konseptual tədqiqatı, fikrimizcə, tariximizin bütöv
bir proses kimi dərk olunması üçün böyük əhəmiyyət
kəsb edir, ideoloji işdə önəmli məqamları
düzgün göstərməyə imkan verir. Müəyyən
mənada, akademikin bu toplu
üçün yazdığı giriş məqaləsi onun
əvvəllər nəşr olunmuş əsərləri ilə ideoloji-fəlsəfi vəhdət
təşkil edir.
Tarixdəki qanunauyğunluqlar onu
özünün canlı proses olmasından məhrum etməməlidir.
Tədqiqatın obyektivliyi o zaman gerçəkləşdirilə
bilər ki, biz onu görə, tarixi şəxsiyyətlərin
fəaliyyət prizmasından keçirə bilək. Onlarsız
heç bir tarix yoxdur, heç bir tarix elmi də yoxdur. Elə məhz
buna görə K.Popper “historicizm”in, yəni teleologiyanın (K.
Popperə görə,
istorisizm cəmiyyətlərin
inkişafında onların gələcək tərəqqisini
qabaqcadan deməyə imkan verən universal
qanunauyğunluqların axtarışı deməkdir) yoxsulluğundan
yazırdı. Söhbət şəxsiyyətlərdən
gedən zaman, aydındır ki, həm də böyük
şahlar, rəhbərlər, hökmdarlar nəzərdə
tutulur. Nəzərə almaq lazımdır ki, çox
vaxt xalqlar arasında onları özlərinin həmtayfaları
sırasına daxil etmək hüququ qazanmaq üçün
mübarizə gedir. Lakin bir başçı
kimi onların arxasınca izdiham, adamların əksəriyyəti
gedir. Əgər insanlar onların, onlardan ən
yaxşılarının arxasınca gedirsə, onlar xalq olur,
onlarsız isə kütləyə çevrilirlər.
Tarixin obyektiv başa düşülməsi problemi elmdə ən
çətin, fənlərarası
tədqiqatlar, metodoloji əsaslar, mənbə-sənədlər
bazası, mötəbərlilik
sınağının keçirilməsini və s. tələb
edən problemlərdən biridir. Bəzən
multifənlilik ayrı-ayrı elmlər arasında əlaqələr
kimi şərh edilir. Amma özlüyündə fənlərarası olan elmlər
vardır və tarix də
onlardan biridir. Onun inkişaf etdirilməsi riyaziyyat və fəlsəfəni,
siyasi və psixoloji qanunları bilməyi tələb edir.
Əlbəttə, ki, dünya elmində böyük tarix öncəsi
olan bütün bu məsələləri bir məqalə
çərçivəsində şərh etmək
mümkün deyil, elə buna
görə də onların bəzi xüsusiyyətləri
üzərində dayanmaq istərdim. Tarixin
bütövlüyünü, tamlığını görmək,
anlamaq alim üçün ən çətin işdir. Akademik
Ramiz Mehdiyev Azərbaycan və dünya ictimai elmində
yalnız özünə xas olan bir məharətlə
tarixin bütövlüyünü görməyi
bacarmışdır. Buna görə də onun əsərləri
nəinki gənc, hətta daha yaşlı
ictimaiyyatşünas alimləri üçün mühüm əhəmiyyət
kəsb edir.
Tarix onun
inkişafı üçün tədqiqatçının
ayrı-ayrı hadisələrin şərhindən nəzəri
tarixə, onun vahid proses kimi dərkinə keçməyə
imkan verən nəzəri-metodoloji yanaşmalarının
böyük əhəmiyyət kəsb etdiyi bir elmdir. Akademik
Ramiz Mehdiyevin əsərlərini təhlil edərkən biz
onun metodologiyasını təşkil edən
üç belə əhəmiyyətli məqamı ayıra
bilərik: araşdırma, tənqid, məxəz və sənədlərin şərhi. Etiraf edək ki,
postsovet məkanında
bir çoxları tarixi hələ də yalnız
kiminsə xeyrinə nəql edilə bilən bir hekayə kimi
izah edirlər. Belə yanaşma müxtəlif
ölkələrin tarixində zidiyyətli məqamlar
yaradır.
Tarixçi alim iddia və mülahizələri
tənqidi surətdə araşdırmalı, tarixi həqiqəti
ortaya çıxarmalıdır. O, bunu vaqifanə,
bilik və bacarıqla, yoxlanıla bilən və yalnız
yerli olmayan məlumatlardan faydalanaraq edən zaman həqiqi tarix
yazılır. Qeyd edək ki, belə tarixçilər
XX əsrin ortalarında İngiltərə və Fransada fəaliyyət
göstərirdilər. Söhbət R.Kollinqvud, M.Blok və
onların ardıclılarından gedir. Akademik Ramiz Mehdiyevin tarixi əsərləri
də eyni ruhda ərsəyə gətirilib. Bu gün o, ölkəmizdə
və ondan kənarda tarixə multifənli yanaşma həyata
keçirən, sənəd və mənbələrin, nəzəri
yanaşmaların mötəbərliliyini tənqidi surətdə yoxlayan
nadir ictimaiyyətşünas alimlərdən biridir.
Marksizmin tam hökmranlığı
dövründən sonra bəzi alimlər metodologiya
anlayışının özündən belə qorxurlar. K. Popper
marksist istorisizmini (teleologiyasını) amansızcasına tənqid
edirdi. Amma iş bundadır ki, metodologiya və fəlsəfə,
tədqiqatçı tərəfindən bu və ya digər
dövrə yanaşma xüsusiyyətlərinin dərki, mənbə
və sənədlərə müraciət olmadan tarix
yazıla bilməz. Özünə xas yanaşma naminə məxəzləri
qiymətdən salmağın, onları
saxtalaşdırmağın yolverilməz olduğu isə
artıq başqa bir
məsələdir. Ən başlıcası odur
ki, tarix bütöv bir proses kimi başa
düşülmürsə, inkişaf etmiş ictimai elmin mövcudluğu
mümkün deyil. Polifunksional və çoxsahəli
əhəmiyyət və rola malik tarix olmadan keyfiyyətli
tarix fəlsəfəsi, ictimai qanunauyğunluqların
dərki və hətta yüksək məziyyətlərə
malik ziyalılar da ola bilməz.
Ölkəmizin tarixində belə dövrlər
çox olub və bu, başadüşüləndir,
çünki o,
tez-tez müxtəlif maraqlar, imperiyalar, dəyərlər,
mədəniyyətlər və dinlərin toqquşma
meydanı olmuşdur. Səfəvilər
imperiyası dövrünün xüsusiyyətlərinin
izahı hamımız üçün, milli ideologiya və vətənpərvərlik
tərbiyəsi sistemi üçün çox əhəmiyyətlidir.
Onlara əhəmiyyət verilmədikdə və ya başqa
ölkələrin tarixçilərinin şərhlərindən
istifadə edildikdə, ideoloji rəqiblərimizə tarix
elmimizin bu və ya digər sənədlərə, mənbələrə
malik olmamasından və buna görə bu və ya digər
dövrün mürəkkəbliyini dərk edə bilməməsindən
istifadə edərək, yetişməkdə olan gənc nəsillərimizə
təsir etmək imkanı verir.
Çox hörmətli akademikimizin qənaətinə
görə, tarix
tarixi şəxsiyyətlərin hərəkətlərinin, fəaliyyətinin
izahına xüsusi önəm verir. Bu cür şəxsiyyətlər
bizim tariximizdə olmuşdur. Onların fəaliyyəti
bəzən başqa ölkələrin tarixinin bir hissəsinə
çevrilirdi (digər ölkə liderlərinin fəaliyyəti
azərbaycanlıların həyatına birbaşa təsir göstərdiyi
kimi). Bu fəaliyyəti biz həmin topluda nəşr
olunmuş sənədlər əsasında
müəyyən mənada yenidən bərpa edə bilərik.
Elə məhz bu səbəbdən də Səfəvilər və
Böyük Moğolların
Osmanlı sultanları və başqaları ilə
yazışmaları bu qədər böyük əhəmiyyət
kəsb edir. Əlbəttə ki, bu məxəzlərin
elmi dövriyyəyə daxil edilməsi, sadələşdirmələrdən
imtinaya məcbur edərək, tarixçilərin işini
müəyyən dərəcədə çətinləşdirir.
Bu, nə qədər çətindirsə, bizim tariximiz, həmçinin
təhsil və təlim sistemlərimiz üçün bir o qədər
vacib, gərəkli və faydalıdır. Axı sənədlərin
sayı nə qədər çox olarsa, yalnız
tarixçilərin deyil, həm də ideoloqların, müəllimlərin
də işi bir qədər
mürəkkəb olar. Buna müqabil olaraq, əgər
onlar tarixi bütün unikallığı ilə tədris edərlərsə,
tələbələrin vətənpərvərliyi ruhən
daha gücü, daha da dərin olar.
Bismark deyirdi ki, biz böyük tarixi hadisə törədə bilmərik,
lakin şeylərin təbii gedişinə uyğunlaşmalı və özümüzü artıq
yetkinləşmiş şeylərlə təmin etməklə
kifayətlənməliyik. Bunu Almaniyanı islahatlar yolu ilə
dəyişdirməyə və birləşdirməyə mane
olan Avstriya və
Fransanı məğlub edə bilmiş böyük siyasət
və dövlət xadimi deyir.
Azərbaycançılıq
məfkurəsinin, böyük şəxsiyyətlərin –
Şah İsmayılın, müasir şəraitdə isə
ümummilli lider Heydər Əliyev və Prezidentimiz cənab
İlham Əliyevin yaşadıqları dövrün və fəaliyyətlərinin
təhlili, şübhəsiz, tariximizin şərəfli səhifələrini
daha da zənginləşdirəcəkdir.
İlham
MƏMMƏDZADƏ,
fəlsəfə elmləri doktoru
Xalq
qəzeti.- 2014.- 20 iyul.- S.5.