Azərbaycanın düşünülmüş konseptual yanaşmaya
söykənən xarici siyasəti və diplomatik
uğurları
(əvvəli qəzetin 18 iyul 2014 - cü il tarixli sayında)
Azərbaycan xalqının XX əsrdə
yaşadığı ən
dəhşətli faciələrdən
biri olan Xocalı soyqırımının
tanıdılması və
anılması, Qarabağ
həqiqətlərinin beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırılması istiqamətində mühüm
işlər görülmüşdür.
Belə ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının
15 ştatında, eləcə
də Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində
Xocalı soyqırımı
rəsmən tanınmış,
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə dəstək
ifadə edilmiş, o cümlədən ölkəmiz
bu dövlətlər
tərəfindən etibarlı
strateji tərəfdaş
kimi qiymətləndirilmişdir.
Göründüyü kimi, artıq müstəqil dövlətimiz
bütün sahələr
üzrə inkişafını
davam etdirir, beynəlxalq aləmdə müqavilələrini
daha da möhkəmləndirir,
xüsusilə, xarici siyasət sahəsindəki
uğurlarını intensivləşdirir.
Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində dövlət
başçısı İlham Əliyevin mövqeyi dünyanın aparıcı
dövlətləri və
nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələri
tərəfindən yüksək
qiymətləndirilir və
müdafiə olunur. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə
yatıran, Avropanın
enerji təhlükəsizliyində
mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun,
qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə
olunduğu məkana çevrilmişdir.
Azərbaycanın
yüksələn iqtisadi
gücü, dünyada
artan nüfuzu bizə imkan verir ki, bundan
sonra da ölkəmiz prinsipial xarici siyasət yürütsün. Bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır və
Azərbaycanın beynəlxalq
nüfuzu, ölkəmizlə
əməkdaşlıq etmək
istəyən ölkələrin
sayı getdikcə artır. Azərbaycan
dünyada, beynəlxalq
arenada artıq özünü etibarlı
tərəfdaş və
etibarlı dost kimi təsdiq edə bilmişdir.
Bunun nəticəsidir ki, Azərbaycan 2011-ci il oktyabrın 24-də
2012-2013-cü illər üzrə
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə
keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155 – nin
dəstəyini qazanaraq
inamlı qələbə
qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul
olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük
nailiyyətlərdən biri olmaqla, ölkəmizin son
illər dünya miqyasında artan siyasi nüfuzunun
bariz sübutu kimi qəbul edilməlidir. Belə
ki, Azərbaycan, ötən on il ərzində stabil inkişaf edən,
yüksək iqtisadi göstəricilərə
nail olan və beynəlxalq
siyasətdəki əməlləri ilə dünya
ictimaiyyətinin rəğbətini qazanan
dövlət olaraq beynəlxalq səviyyədə
ən mötəbər qurumun
üzvlüyünə seçilmişdir.
Digər tərəfdən, bu
hadisə son illərdə Azərbaycanın
dünya siyasətindəki müxtəlif
qlobal
problemlərin müzakirəsinə cəlb olunması,
ölkəmizin regional siyasətlə
yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə
çevrilməsidir. Çünki beynəlxalq münasibətlər
sisteminin böyük
miqyaslı məsələlərinin müzakirəsi
prosesində ölkəmizin artan fəallığı danılmaz
faktdır. Bu, müstəqillik illərində
ölkəmizin davamlı inkişafına, dünyada
qazandığı hörmətə, qlobal
təhlükəsizliyə töhfələrinə verilən
beynəlxalq qiymət olmuşdur.
Beynəlxalq təhlükəsizliyə
töhfə verən ölkə kimi, iki il ərzində Azərbaycan
BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişdir. Belə ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasında dünyada təhlükəsizliyin
və sülhün bərqərar
olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqun inkişafına dair
beynəlxalq gündəlikdə duran ən
aktual məsələlər üzrə
müxtəlif səviyyələrdə
müzakirələr və qərarların qəbul edilməsində
bilavasitə iştirak etmişdir.
İki il ərzində
Azərbaycan iki dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin
oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli
mövzular üzrə müzakirələr,
eləcə də yüksək səviyyəli
tədbirlər təşkil etmişdir.
2012-ci ilin mayında Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun
iştirakı ilə Təhlükəsizlik
Şurasının “Terror aktlarının
beynəlxalq sülh və təhlükəsizliyə
törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə
üzrə öhdəliklərin yerinə yetirilməsində
beynəlxalq əməkdaşlığın gücləndirilməsi”
mövzusunda yüksək səviyyəli
iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik
Şurası sədrinin bəyanatı qəbul edilmişdir.
2013-cü
ilin oktyabrından etibarən BMT Təhlükəsizlik
Şurasında başlayan ikinci
sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın
təşəbbüsü ilə qurumun
“Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı
arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli
iclası təşkil edilmişdir. Azərbaycanın
Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində
dörd qətnamə, o
cümlədən Afrika və Yaxın
Şərqlə bağlı bir sıra sənədlər
qəbul olunmuşdur. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil edilmiş və Afrika Birliyinin BMT Təhlükəsizlik
Şurası ilə birgə tədbirləri həyata keçirilmişdir.
BMT Təhlükəsizlik
Şurası ilə yanaşı, Azərbaycan BMT-nin
digər strukturları, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı,
ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi
Əməkdaşlıq Təşkilatı, Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası,
GUAM, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı,
Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri
Liqası və digər beynəlxalq və regional
təşkilatlarla fəal əməkdaşlığını
davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın
irəli sürdüyü təkliflər
və təşəbbüslər bu təşkilatlar
çərçivəsində əməkdaşlığın
yeni formalarının müəyyən
edilməsində və səmərəliliyinin
artırılmasında mühüm rol oynamışdır.
Son iki il
ərzində ölkəmizin İsveçrə
Konfederasiyasında, Avstraliya
İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni
səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə
təmsilçilik ofisləri açılmışdır. Azərbaycanda isə Əfqanıstan İslam
Respublikasının, Sudan
Respublikasının, Kolumbiya
Respublikasının, İsveç
Krallığının, İspaniya
Krallığının və Malayziyanın səfirlikləri,
habelə bir sıra digər dövlətlərin
fəxri konsulluq və nümayəndəlikləri
fəaliyyətə başlamışdır. Hazırda
Azərbaycan Respublikasının xarici
ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat
yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik
ofisi və 7 fəxri konsulluğu
fəaliyyət göstərir. Respublikamızda isə 58
dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq
və 20 beynəlxalq təşkilatın nümayəndəliyi
mövcuddur.
Bununla yanaşı, ölkəmizin dünyada
artan imicinin nəticəsi
kimi, MDB ölkələrindən yeganə
olaraq Azərbaycan Meksikada
keçirilən “Böyük iyirmilik”in (G-20) üzvü olan ölkələrin
xarici işlər nazirlərinin işçi toplantısına dəvət
aldı. Seulda keçirilən nüvə
təhlükəsizliyinə
qarşı mübarizəyə həsr olunmuş
Sammitdə, NATO-nun Çikaqo
zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli
çıxışı çox maraqla qarşılanmışdır.
Azərbaycan
artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir.
2011 və 2013-cü illərdə Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil
olunmuş və bu sahədə Azərbaycan tərəfindən
reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə
qaldırılmışdır. Dövlət və hökumət
başçılarının, Nobel
mükafatı laureatlarının, dünyada
tanınmış ictimai-siyasi xadimlərin
iştirakı ilə Bakı Beynəlxalq Humanitar
Forumu artıq ənənə
halını almışdır.
Bununla yanaşı, “Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun
toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament
Assambleyasının Avropadan kənarda ilk iclasına, Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının VII Baş
Assamleyasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm
beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir
daha göstərdi ki,
ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə
olunduğu geosiyasi əhəmiyyətli
məkandır və Bakı
artıq dünyanın qlobal səciyyəli
tədbirlərinin keçirildiyi mərkəzlərdən
biri kimi qəbul olunur.
2014-cü ilin iyun ayında Azərbaycan
Avropa Şurasının Nazirlər Komitəsində
sədrliyə başlamışdır. Dövlət
başçımız Avropa
Şurasının Parlament
Assambleyasında nitqində dinamik şəkildə inkişaf
edən ölkəmizin
prioritetlərini çox məntiqlə və
lakonik şəkildə Avropa
parlamentarilərinin diqqətinə çatdırması mühüm əhəmiyyət kəsb edir və artıq dünyanın bir sıra aparıcı KİV-lərində
geniş təhlil olunur.
Eləcə də İlham
Əliyevin Bakıda ATƏT Parlament
Assambleyasının iyirmi üçüncü
illik sessiyasının plenar
iclasının açılışı zamanı
çıxışında Azərbaycanın sürətli iqtisadi inkişafını nümayiş
etdirdiyini vurğulamaqla
yanaşı, əsas diqqəti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltmiş
və qeyd etmişdir ki, bu münaqişə region üçün əsas
təhlükə mənbəyidir. Gərginliyin
azaldılması, etimad doğuran
mexanizmlərin yaradılması tədbirlərin gücləndirilməsi
üçün ən münasib
yol erməni qoşunlarının Azərbaycan
ərazilərindən çıxarılmasının
başlanması ola bilər. Dövlət
başçısı Azərbaycanın ayrı-seçkiliyə əsaslanan
yanaşmanın şahidi olduğunu
bildirərək demişdir: “...Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların
qərarlarının həyata keçirilməsi mexanizmlərinin
işlənib hazırlanması Avropa
Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o
cümlədən beynəlxalq ictimaiyyət üçün
prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların
qərarları kağız üzərində qalacaqdır. Həmin
təşkilatlara olan etimad
da azalacaqdır.
“ Eyni zamanda, cənab Prezident beynəlxalq hüquq
normalarının qlobal səviyyədə
bərqərar olunması üçün
mexanizmlərin işlənib hazırlanması və beynəlxalq
təşkilatların qərar və qətnamələrinin icra mexanizmləri vacibliyini
diqqətə çatdıtmışdır.
Göründüyü kimi, ümummili
lider Heydər Əliyevin siyasi
kursunu layiqincə və çox
uğurla davam etdirən
Azərbaycan Prezidenti İlham
Əliyev bu məsələdə
yalnız respublikamızın milli və
dövlətçilik maraqlarını daim
üstün tutduğunu
nümayiş etdirir. Ümummilli lider tərəfindən
müəyyənləşdirilmiş prinsiplərə sadiq
qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti
olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində,
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi şərti ilə nizama
salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların
bu sahədə səylərini gücləndirməsinin
zəruriliyini bəyan etmişdir.
Aparılan
danışıqlar prosesində dövlət
başçısı cənab İlham
Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil,
olmayıbdır və olmayacaqdır”—fikrini irəli sürməsi
ölkəmizin milli mənafelərinin
qorunması şərtilə
münaqişənin ədalətli şəkildə həll olunacağı ilə
bağlı ümidləri daha
artırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti
İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağa
heç vaxt müstəqillik verilməyəcək,
dünya birliyi heç vaxt Dağlıq
Qarabağın müstəqilliyini tanımayacaqdır.
Prezident İlham Əliyev Azərbaycan
xalqı və dövlətinin və torpaqlarımızı azad etmək üçün
əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə
təsdiq edildiyini vurğulamışdır. Ona görə
də, ancaq Azərbaycan
xalqının iradəsinə,
gücünə arxalanmağın vacibliyini
bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı
və ordumuzu gücləndirməyin zəruriliyini
də qeyd etmişdir:
“Biz danışıqlar aparırıq, ancaq bununla bərabər,
hər an torpaqlarımızı
işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.
Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir
ki, bu gün Azərbaycanın düşünülmüş
konseptual yanaşmaya
söykənən xarici siyasət
strategiyasının çox uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu
xeyli
yüksəltmiş, ölkəmizin Cənubi Qafqaz
regionunda lider dövlətə
çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının dinamik şəkildə inkişaf
etdirilməsi, müstəqil
dövlətimizin artan gücü
və nüfuzu hesabına dünya
birliyində mövqelərinin möhkəmlənəcəyinə
olan ümidləri daha
da artırmışdır.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin
Qarabağ Araşdırmalar Mərkəzinin müdiri
Xalq qəzeti.- 2014.- 20 iyul.- S.4.