Prezident İlham
ƏLİYEV:
Azərbaycanın çox möhtəşəm
inkişafı hələ qabaqdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir ki, bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur... Vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.
Ölkə Prezidenti
daha sonra demişdir: “Bizim islahatlarımız mötəbər
beynəlxalq maliyyə qurumları tərəfindən də
yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq
maliyyə qurumları öz proqnozlarını müəyyənləşdirərkən,
Azərbaycanın bundan sonra da uzun illər ərzində
uğurlu inkişafını qeyd edirlər. Bizim
islahatlarımız, eyni zamanda, müxtəlif qurumların
reytinqlərində də özünü göstərir.
Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit
reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə
bazarlarından kredit resurslarının cəlb edilməsi
üçün bizdə heç bir problem yoxdur. Əksinə,
biz bu məsələyə bir qədər təmkinlə
yanaşırıq. Çünki hesab edirik ki, daha çox
daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi
Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək
qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir.
Hesab edirəm ki, gənc müstəqil ölkə
üçün bu, çox böyük göstəricidir...”.
Bu günlərdə
isə Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) yaydığı hesabatda bildirilir ki, Avropada iqtisadi
böhrandan növbəti dəfə yayına biləcək
ölkə ancaq Azərbaycan olacaqdır.
AYİB-in
hesabatına görə, bu il Azərbaycanda iqtisadiyyatın
artımı 3,5 faizdən, 2015-ci ildə isə 3 faizdən az
olmayacaqdır. Bankın hesablamalarına əsasən,
2014-cü ilin sonuna Ukrayna iqtisadiyyatı 7 faiz azalacaq, gələn
il isə bu ölkənin iqtisadiyyatında artım ən
yaxşı halda sıfıra bərabər olacaqdır.
Xatırladaq ki, Ukrayna Avropa qitəsində yeganə ölkədir
ki, 20 il ərzində iqtisadi artımı sıfıra bərabər
olmuşdur.
Avropa Yenidənqurma və
İnkişaf Bankının hesabatında həmçinin
bildirilir ki, bu il Rusiya iqtisadiyyatının artımı da
sıfıra bərabər olacaqdır. Yalnız gələn
il Rusiyanın iqtisadiyyatında 0,8 faizlik artım baş verə
bilər.
Bir müddət bundan
əvvəl isə Dünya Bankı (DB) dünyanın 191
ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə
görə reytinqini açıqlamışdır. DB-nin
hesabatına əsasən, Azərbaycan öz
iqtisadiyyatının həcminə görə, keçmiş
SSRİ-nin 6 ölkəsinin cəmini qabaqlayır və
keçmiş sovet məkanında iri iqtisadiyyata malik ölkələr
arasındadır. Həmin hesabatda deyilir ki, keçmiş
SSRİ respublikaları arasında iqtisadiyyatının həcminə
görə Rusiya liderdir. Rusiyanın ÜDM-nin həcmi 2,1 trilyon
dollardır. Rusiyadan sonra ən iri iqtisadiyyata malik
keçmiş sovet respublikası Qazaxıstandır - 224,4
milyard dollar. Bu göstərici ilə Qazaxıstan
adambaşına düşən ÜDM-in həcminə
görə orta səviyyəli ölkələri
qabaqlamışdır. Qazaxıstan hesabata daxil edilən
dünya ölkələri arasında 45-ci yerdədir. Azərbaycan
isə 73,6 milyard dollarlıq ÜDM-lə dünya ölkələri
arasında 67-ci sırada yer alır. MDB respublikalarından
Belarus 73,6 milyard dollarlıq ÜDM-lə
Azərbaycandan sonra gəlir. Özbəkistan 56,8
milyard dollarlıq ÜDM-lə Belarusdan bir pillə
aşağıdadır. MDB-yə daxil olmayan keçmiş
sovet respublikalarından Litvanın 42,3 milyard dollar,
Latviyanın 28,4 milyard dollar, Estoniyanın isə 24,5 milyard
dollarlıq ÜDM-i var. Ermənistan 10,4 milyard dollarlıq
iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən
aşağı yerlərdən (135) birindədir.
Gürcüstan iqtisadiyyatının həcmi 16,1
milyard dollar, Tacikistan iqtisadiyyatının həcmi cəmi 8,5
milyard dollardır. Qırğızıstanda isə ÜDM
daha azdır - 7,2 milyard dollar.
Hesabatdan göründüyü kimi, Azərbaycan
iqtisadiyyatı təxminən keçmiş SSRİ
respublikalarından Moldova, Gürcüstan, Ermənistan,
Tacikistan, Qırğızıstan və Estoniyanın
iqtisadiyyatlarının cəminə bərabərdir.
Azərbaycan həm də onun
torpaqlarının bir hissəsini işğal altında saxlayan
Ermənistandan iqtisadi baxımdan təqribən 7 dəfə
qüdrətlidir. Ötən 10 il ərzində
Azərbaycan öz iqtisadiyyatını 20 dəfədən
çox artırmış və adambaşına düşən
ÜDM-in həcminə görə orta gəlirli ölkələrin
sırasına daxil olmuşdur.
Mötəbər beynəlxalq maliyyə
qurumlarının hesabatlarında Azərbaycanın
sosial-iqtisadi həyatının digər sahələri də
müsbət göstəricilərlə diqqət çəkir. Məsələn,
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə
“Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycan qlobal rəqabət
qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyərək
MDB məkanında öz liderliyini qorumuşdur.
Həmin hesabata əsasən, Azərbaycan
rəqabətlilik reytinqinə görə, 148 dövlət
arasında 39-cu yerdə qərarlaşmışdır. Xatırladaq
ki, 2012-2013-cü illər hesabatında isə ölkəmiz
144 ölkə arasında 46-cı, 2011-2012-ci illər
hesabatında isə 142 ölkə arasında 55-ci yeri
tutmuşdu.
Sözügedən hesabatda ölkəmizin
həm də makroiqtisadi mühit göstəricisinə görə
8-ci yeri tutması qeyd edilmişdir. Bu, təsadüfi
deyil. Belə ki, hazırda Azərbaycan əksər
xarici dövlətlərdən fərqli olaraq investisiya
yatırılması baxımından dünyanın ən cəlbedici
ölkələrindən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, respublikamız
adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə MDB məkanında birinci yerdədir.
Xatırladaq ki, Azərbaycanda mövcud
qanunvericilik çərçivəsində investorların sərmayələri
lazımi səviyyədə qorunur. Vergi və
gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi
bazanın yaradılması da xarici investorların ölkəmizə
cəlb olunması baxımından əhəmiyyətli rol
oynayır. Azərbaycanın enerji sektoru ilə
yanaşı, digər sahələr də xarici investorlar
üçün cəlbedici olaraq qalır. Potensial
investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə
də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı,
alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s.
sektorlara böyük maraq göstərirlər.
Dünyanın aparıcı investisiya
şirkətləri, maliyyə qurumları ölkəmizə
irihəcmli sərmayə yatırır, kreditlər
ayırırlar. Xarici ölkələr və
beynəlxalq təşkilatlar tərəfindən əsas
kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi
Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç,
Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli
infrastruktur layihələrin icrasında türk şirkətləri
daha fəal iştirak edirlər. Ölkəmizə
qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin
genişlənməsi, sahibkarlığın inkişafına
ayrılan vəsait, kredit, subsidiyaların
artırılması xarici investorların fəaliyyətinə
əlverişli şərait yaratmaqla güclü infrastruktur
layihələrinin tətbiqini də genişləndirir.
Azərbaycanda neft strategiyasının uğurla davam
etdirilməsi, ölkənin xarici sərmayələr
üçün cəlbediciliyinin qorunması, milli
iqtisadiyyatın müxtəlif sferalarına yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların
inkişafına doğru istiqamətləndirilməsi, “qara
qızıl”dan əldə olunan gəlirlərin respublikada
güclü insan kapitalının
formalaşdırılmasına yönəldilməsi iqtisadi
siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, son illərdə müstəqil
Azərbaycan dövləti iqtisadi cəhətdən möhkəmlənərək
qüdrətlənmiş və sosial-iqtisadi sahədə əldə
edilmiş uğurlar, ilk növbədə, insanların
gündəlik həyatında özünü daha qabarıq
şəkildə büruzə vermişdir. Məhz elə bunun nəticəsidir ki, BMT-nin
İnkişaf Proqramının “İnsan inkişafı
indeksi”nə əsasən, Azərbaycan yüksək insan
inkişafı ölkələri qrupuna daxil edilmişdir.
Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrinə
diqqət yetirərkən “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək
lazımdır. Azərbaycan bu istiqamətdə
siyasətinə görə bir çox dövlətlərdən
fərqlənir. Ölkənin mövcud
bölmədəki siyasəti müxtəlif sahələrə
aid islahat paketlərinin sinxronlaşdırılması ilə
seçilir. Belə ki, Azərbaycan
dövləti istənilən iqtisadi qanunvericiliyin həyata
keçirilməsi zamanı yerli mentaliteti, milli dəyərləri
və xarici dövlətlərin təcrübəsini nəzərə
alır ki, bu da ölkəmizin siyasi modelinin mühüm
xüsusiyyətlərindən biridir.
Yuxarıda qeyd edilən məsələ
ilə bağlı bir fakta da nəzər salaq. ABŞ-ın
“Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə
hazırladığı “İqtisadi Azadlıq İndeksi -
2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3
xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci
yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr
sırasına daxil olmuşdur. 2013-cü illə müqayisədə
Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi
azadlıq indeksini 1,6 xal
yaxşılaşdırmışdır. Buna səbəb
kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ
məsələlərində ciddi irəliləyişlərin
əldə olunduğu göstərilir.
Bütün bu uğurlar liberal iqtisadi
islahatların, düşünülmüş, elmi əsaslara
malik inkişaf konsepsiyasının həyata keçirilməsi,
siyasi iradə nəticəsində mümkün olmuşdur və
Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş
ölkələri səviyyəsinə çatmaq əzmindən
xəbər verir. Ölkə Prezidenti cənab İlham
Əliyev demişdir:"Azərbaycanın çox möhtəşəm
inkişafı hələ qabaqdadır. Azərbaycan
bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq
müstəvidə öz yerini möhkəmləndirəcək
və bütün beynəlxalq təşəbbüslər
xalqının maraqlarını müdafiə edəcəkdir".
“Güclü dövlət, yüksək
rifah” prinsipinə əsaslanan, uğurları dünyada
yüksək qiymətləndirilən Azərbaycan dövlətinin
düşünülmüş və uzaqgörən siyasəti
gələcəkdə də ölkəmizin davamlı
inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə
olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın
həyat səviyyəsinin daha da yüksəldilməsi
olacaqdır. Bütün bunlar isə
ölkənin gələcək sosial-iqtisadi inkişafına
yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın
perspektiv inkişafının hədəf və istiqamətlərini
müəyyənləşdirən “Azərbaycan-2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət
kəsb edir.
Konsepsiyada nəzərdə tutulmuş hədəflər
bir daha göstərir ki, bütün sahələri əhatə
edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi
bundan sonra da ölkəmizin davamlı inkişafını,
onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və
xalqımızın rifahının
yaxşılaşmasını təmin edəcəkdir.
Göründüyü kimi, müxtəlif
amillərin-iqtisadi siyasətin prioritet istiqamətləri olan
makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi, sənaye
potensialının gücləndirilməsi, regionların
tarazlı inkişafı, əlverişli biznes və investisiya
mühitinin formalaşdırılması nəticəsində
ölkəmizin uğurlu inkişafı mümkün
olmuşdur. Respublikamızda çox gözəl
investisiya şəraiti yaradılmışdır. Bu gün xarici və daxili investorlar Azərbaycana
inamla yanaşırlar. Daxili sabitlik, xalqla
iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin
gələcəyi ilə bağlı nikbin fikirlərin
üstünlük təşkil etməsi, əlbəttə,
dinamik iqtisadi inkişafımıza təkan verir.
Bu davamlı inkişaf ümummilli lider
Heydər Əliyevin sosial-iqtisadi inkişaf
strategiyasının 10 ildən artıq bir müddət ərzində
ölkə Prezidenti İlham Əliyev tərəfindən
inamla davam etdirilməsi sayəsində mümkün
olmuşdur.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 20 iyul.- S.1.