Prezident İlham
ƏLİYEV: Bizim dini
dəyərlərimiz milli dəyərlərimizin tərkib
hissəsidir
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaranmış anarxiya, xaos və özbaşınalıq digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də qarşıdurma yaratmışdı. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna addımlar atıldı. Yüksək dövlətçilik fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü Vətəninə və xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, dövlət-din münasibətlərinin qorunmasında, mədəniyyətimizin inkişafında, müstəsna xidmətlər göstərmişdir.
Azərbaycanda dini azadlığın və
tolerantlığın təməlinin ulu
öndər Heydər Əliyev
tərəfindən qoyulduğu şəksizdir. Din-dövlət
münasibətləri sahəsindəki bu
düzgün siyasətin daha
da inkişaf etdirilməsi
ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin
möhkəmləndirilməsində böyük
rol oynamışdır. Ümummilli
lider Heydər Əliyev demişdir:
“Avropa ilə Asiyanın
qovşağında, Böyük İpək
Yolunun üstündə yerləşən
Azərbaycanda zərdüştilik, atəşpərəstlik
kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam,
xristianlıq və yəhudi dinləri əsrlər boyu dialoq və
qarşılıqlı anlaşma
mühitində dinc, yanaşı
yaşamış və hələ də
yaşamaqdadır”.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi
zamanı Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün elan edilməsi, Novruz, Qurban bayramlarının, dini
adət-ənələrimizin yeni ruhda və dövlət səviyyəsində qeyd olunması
milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəniyyətimizin
inkişafına yönəlmiş addımlar idi.
Heydər Əliyevin milli-mənəvi dəyərlərə
münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq
ideologiyasının mühüm tərkib
hissəsidir.
Ümummilli lider Heydər
Əliyevin bütün sahələrdə
olduğu kimi, milli-mənəvi
dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin
daha da
yaxşılaşdırılması istiqamətində
ideyalarını həyata keçirən Prezident
İlham Əliyevin dinimizin
inkişafı üçün
reallaşdırdığı tədbirlər İslam dünyasında da
yüksək dəyərləndirilir. Ölkə
başçısının bu sahəyə
diqqətinin nəticəsidir ki, bu gün dövlətin din
siyasəti pozitiv dünyəvilik əsasında
qurulub. Bunun nümunəsi olaraq qeyd edək ki, Prezident İlham Əliyevin qayğısı nəticisində
son 10 il ərzində
ölkədə 216 məsciddə inşa
və əsaslı təmir və yenidənqurma işləri
aparılmış, o cümlədən
dövlət vəsaiti hesabına 10 məscid tikilmiş
və ya əsaslı bərpa olunmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında
açdığı iftar süfrəsində
çıxış edən Azərbaycan Prezidenti
İlham Əliyev demişdir ki, bu gözəl ənənənin
səbəbkarları – ulu öndər
Heydər Əliyev və şeyx həzrətləridir. Dövlətimizin
başçısı
din-dövlət münasibətlərinin qurulması və yaradılmasında ulu öndərin
müstəsna xidmətlərini diqqətə
çatdırmışdır. Bu müdrik və nəcib bir
təşəbbüsün davamı olaraq
bu gün ölkəmizdə
dövlət-din münasibətləri çox
yüksək səviyyədədir. Ölkə
başçısı çıxışında bu məsələyə də münasibət bildimişdir: “Azərbaycan öz
milli, dini dəyərlərinə
sadiqdir. Bizim dini dəyərlərimiz milli
dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini
dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan,
saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə
çox böyük
diqqət göstərilir. Bu gün qloballaşan,
çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz
bizim dövlətçiliyimizin təməlini
təşkil edir. Bizim
dövlətçiliyimizin çox
möhkəm ideoloji əsasları
vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji
dayağımızdır. Dövlətçiliyimizin möhkəm
siyasi dayaqları vardır. Müstəqil
Azərbaycan artıq dünya miqyasında
sözünü açıq deyən,
müstəqil siyasət aparan bir ölkədir və daxili
siyasət xarici siyasətlə
tamamlanır və siyasi dayaqlarımız
kifayət qədər möhkəmdir”.
Dövlətimizin
başçısı qeyd etmişdir ki, Azərbaycanda
bütün xalqların, bütün
dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar. Əsrlər
boyu bu, belə olub. Bu gün,
müstəqillik dövründə
həmin bu müsbət meyillər daha da güclənir və
bizim gücümüz
birliyimizdədir. Biz bütün
dini bayramlarımızı birlikdə qeyd edirik. Bu
gün biz bu masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan
cəmiyyətində bütün
xalqların, bütün dinlərin
nümayəndələri bərabər hüquqlara
malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib.
Ancaq, eyni zamanda, real həyatda da bu belədir. Deyə bilərəm ki, bu gün bu
əlamətə görə Azərbaycan dünyada
böyük dərəcədə fərqlənir,
seçilir. Ölkəmizə gələn
qonaqlar bir çox hallarda təəccüb
hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz,
sizdə dini, milli zəmində
nəinki heç bir
qarşıdurma, heç
anlaşılmazlıq da yoxdur.
Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din
xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə
müsbət ab-havanın mövcudluğu
və əlbəttə ki, ölkəmizin
sürətli dinamik inkişafı burada əsas rol
oynayır.
Bu
gün dinlərarası, millətlərarası
dialoqdan söhbət açılanda ilk növbədə
Azərbaycan göz önünə gəlir.
Ölkəmizdə bu sahədə
keçirilən beynəlxalq miqyaslı tədbirlər də
bunu təsdiqləyir. Ölkəmizdə dinlərarası dialoq
çoxdan təmin olunub. Məhz bunun nəticəsidir
ki, dinlərarası,
millətlərarası dostluq,
qardaşlıq meyilləri
getdikcə güclənir.
Bunun nəticəsidir ki, dinlərarası dialoq
üzrə beynəlxalq forumlar məhz Azərbaycanda
keçirilir. Bu
forumların təşəbbüskarı da
bizim ölkəmiz olub.
Hazırkı mərhələdə
dünyanın dini liderləri arasında daha çox əməkdaşlığa
ehtiyac vardır. Dövlətimizin diqqət
və qayğısı nəticəsində
bizdə dini azadlıqlar sahəsində heç bir problem yoxdur. Danılmaz
faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün
tolerantlıq və dözümlülük
ənənələri zəngin olan
ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu
baxımdan bir çox
millətlərin və dini
konfessiyaların dinc-yanaşı yaşamasının unikal nümunəsidir. Respublikamızda müxtəlif konfessiyalar arasındakı münasibətlər
həmişə yüksək səviyədə fərqlənmişdir. Dini mərasimlərdə və bu
istiqamətdə keçirilən bütün tədbirlərdə, həm Qafqaz Müsəlmanları İdarəsinin sədri,
həm Rus Pravoslav kilsəsinin
rəhbəri, həm də ölkədəki yəhudi
icmasının rəhbərinin
yanaşı dayanmaları və hər zaman bir mövqedən çıxış
etmələri də bunun nəticəsidir.
İki il əvvəl
keçirilən dünya dini
liderlərinin ikigünlük Bakı sammiti də ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə
olmasından xəbər verir. Azərbaycan
Prezidenti İlham
Əliyev və xanımı Mehriban
Əliyeva da
həmin sammitin açılış mərasimində
iştirak etmişdilər. Sammitdə
dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən
çox yüksək səviyyəli
nümayəndə iştirak etmişdir. Həmçinin bu
mötəbər tədbirə 14 nüfuzlu
beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin
dini rəhbərləri və nümayəndələri
də qatılmışdılar.
Dinlərarası dialoqa dair mühüm
əhəmiyyətli tədbirin Bakıda baş
tutması, dünya dini
liderlərinin respublikamızda bir araya gəlmələri, şübhəsiz ki,
Azərbaycanın müstəqillik tarixində olduqca
dəyərli və unudulmaz bir hadisədir. Belə bir
mühüm tədbirin Bakıda
keçirilməsi Azərbaycan xalqına və dövlətimizin
başçısına beynəlxalq aləmdə hörmət
və etimadın ifadəsidir.
Dünya dini liderlərinin sammitinin məhz Bakıda keçirilməsini
yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev
demişdir: “Mən şübhə etmirəm
ki, bu gözəl görüşün çox
gözəl nəticələri olacaq,
dinlər, millətlər və ölkələr arasında daha da yaxşı
anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir.
Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm
ki, biz Bakının,
Azərbaycanın dinlərarası dialoqun
bir növ mərkəzinə
çevrilməsinə də çox böyük ümidlərlə baxırıq.
Bir tərəfdən, bunu
Azərbaycanda dini və milli
zəmində vəziyyətin çox
yaxşı olmasının təzahürü kimi
qiymətləndiririk. Bu, bizim
üçün böyük
şərəfdir. Digər tərəfdən, dinlərarası
dialoqun praktiki
nöqteyi-nəzərdən gücləndirilməsi işinə
Azərbaycan öz töhfəsini verə
bilər, verir və verməyə davam edəcəkdir.
Azərbaycan Avropa ilə Asiya
arasında təbii bir körpüdür.
Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin
nümayəndələri bir ailə kimi yaşamışlar. Bu
gün Azərbaycanın müasir
həyatında da bu iki vacib amil
özünü göstərir. İyirmi ilə yaxındır ki,
Azərbaycan İslam Konfransı Təşkilatının
üzvüdür. On
ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür.
İslam bizim müqəddəs
dinimizdir. Biz öz dini və milli ənənələrimizə çox sadiqik.
Çalışırıq ki, gənc nəsil
də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə
alsın. Eyni zamanda,
Azərbaycan bütün dünyaya
açıq olan, bütün
ölkələrlə əməkdaşlığa meyilli ölkədir".
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür
Paşazadə də mərasimdə
çıxış edərkən
dünyanın dini liderlərinin Azərbaycanda
bir araya gəlmələrini
ölkəmizdə din-dövlət münasibətlərinin
yüksək səviyyədə qurlması ilə əlaqələndirmişdir. O demişdir: “Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar, din-dövlət
məsələləri, millətlərarası, dinlərarası
dialoqlar, dünya dini liderlərinin Azərbaycanda görüşü, patriarxların, İslam dini liderlərinin
tez-tez Azərbaycana gəlməsi və
zati-aliləri ilə görüşməsi bizim
üçün fəxarətdir. Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişaf
Fondunun yaradılması bir
daha göstərir ki,
Azərbaycanda hərtərəfli inkişaf
gedir”.
Şeyxülislam ölkəmizdə
dini məbədlərin və məscidlərin əsaslı təmirinə,
əvvəlki görkəmini saxlamaqla
yenidən qurulmasına
münasibət bildirərkən bunu
dövlət başçımızın milli-mənəvi dəyərlərimizi
daim diqqət mərkəzində
saxlaması ilə əlaqələndirmişdir: “Heydər Əliyev həzrətlərinin
Təzəpirdən, Bibiheybətdən
başladığı mənəviyyat yolu
bu gün uğurla davam edir. Bakıda Əjdər bəy,
Şamaxıda ən qədim Cümə məscidlərinin
yenidən inşa olunması, Gəncədə
İmamzadə kompleksinin əsaslı
şəkildə yenidən qurulması, ən mühümü
isə Binəqədi rayonunda yeni, gözəl, ən böyük
bir məscidin tikilməsi ilə bərabər,
həm də sinaqoqların, kilsələrin, katolik və udin kilsələrinin
bərpa edilib və tikilib
dindarların istifadəsinə verilməsi bunun
əyani təsdiqidir”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri sivilizasiyalarası dialoqların
yüksək səviyyədə təşkil olunmasında və
keçirilməsində, millərlərarası və
din-dövlət münasibətlərinin daha
da
yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun,
şəxsən fondun prezidenti
Mehriban xanım Əliyevanın da fəaliyyətini
yüksək qiymətləndirmişdir: “Əlbəttə, burada Heydər Əliyev Fondunun
da gördüyü çox böyük
işlər vardır. Fondun prezidenti Mehriban xanım
Əliyeva öz zərif çiynində
Azərbaycan qədər böyük
milli-mənəvi dəyərlərimizə əvvəl həyat
verdi, yaşatdı, onu
dünya miqyasına qaldırdı və bütün dünyada təbliğ
etdi. Bu gün Azərbaycanı yalnız nefti, qazı, qaz kəmərləri
ilə deyil, həm də mədəniyyəti,
dünyagörüşü, mənəviyyatı,
tolerantlığı ilə tanıyırlar. Ona
görə də biz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma, fondun vitse-prezidenti Leyla
xanıma və bütün işçilərinə
Allah-Təaladan xeyir dualar
diləyirik".
İftar süfrəsində iştirak
edən Rus Pravoslav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri
Aleksandr və Bakı Dağ
Yəhudiləri Dini İcmasının sədri
Milix Yevdayev
çıxış edərək ayrı-ayrı xalqların
dini icmalarının Azərbaycanda mehriban yaşamalarına görə minnətdarlıqlarını bildirmişlər. Bakı Dağ Yəhudiləri Dini
İcmasının sədri Milix Yevdayev demişdir ki, biz – əsrlər boyu bu torpaqda
yaşamış dağ yəhudiləri bu xalq ilə
doğmalaşıb, qardaşlaşmışıq. O demişdir: “Allah-Təala bizə qismət etsin ki, yaxın zamanlarda Azərbaycanın dövlət
bayrağı gözəl Qarabağımızda
dalğalansın”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 20 iyul.- S.3.