Azərbaycan dövləti
azad, demokratik
jurnalistikanın inkişafını hərtərəfli
himayə edir
22
İyul Milli Mətbuat Günüdür
Xalqımız milli-mədəni inkişaf tariximizin ən önəmli səhifələrindən olan ilk anadilli qəzetimiz “Əkinçi”nin ilk nömrəsinin işıq üzü gördüyü 1875-ci ilin 22 iyul gününü həmişə sonsuz qürur və bu öyünclü başlanğıcı millətə bəxş etmiş böyük maarifçi-demokrat, ictimai xadim Həsən bəy Zərdabinin xatirəsinə dərin ehtiram duyğuları ilə qeyd etmişdir. İlk milli qəzetin banisinin açdığı yolla gedən sonrakı nəsil yazarlar istisnasız olaraq Həsən bəyi amal və əməl qəhrəmanı, mənəvi ata sayaraq onun layiqli davamçıları olmağa çalışmış, milli iradə ilə 22 iyulu ölkə mətbuatının yaranması günü kimi mədəni tariximizə daxil etmişlər.
Dövlət müstəqilliyimizin
bərpasından sonra isə digər ictimai-siyasi
başlanğıclar kimi, milli
mətbuatımızın yarandığı günün
ildönümləri və yubileyləri də rəsmən əlamətdar
tarixi gün olaraq ümumxalq təntənələri ilə qeyd edilir. Artıq 24 ildir ki,
22 iyulda
xalqımız qələm və söz
adamları ilə birlikdə milli
jurnalistikamızın şanlı tarixinə iri
planda nəzər salır, ölkəmizdə
azad, demokratik medianın
uğurlarını dəyərləndirir, kütləvi informasiya vasitələrinin yeni
tarixi şəraitdə missiyasına bir daha diqqət yetirir.
Milli mətbuatımızın tarixi ilə
bağlı ən önəmli cəhət ondan
ibarətdir ki, bu sivil fəaliyyət sahəsini, xoşbəxtlikdən,
hakim rus müstəmləkəçiliyi
siyasətinin tələbatı baxımdan yaratmaq
cəhdləri uğursuz olmuş,
ilk və sonrakı anadilli
dövri nəşrlərimiz milli
oyanış və məfkurəvi toparlanma
ehtiyacından qaynaqlanaraq ərsəyə
gəlmişdir. “Zəmanə ilə saziş”i gerçəkləşdirmək
yolunda milli məktəb,
teatr və mətbuat
üçbucağının zəruriliyini ortaya
qoyan Həsən bəy Zərdabi
xalqın oxuyub-anlaya biləcəyi qəzetin
yaradılmasına daha böyük
ümid bəsləyərək bu sahədə misilsiz bir fədakarlıq göstərmiş,
“Əkinçi”qəzetini tarixi
qaranlığa işıq salan mayaka çevirə bilmişdi.
Həsən
bəy “Heç
olmaz ki, doğru söz yerdə
qalsın” inamı ilə
zamanın “Hər bir vilayətin qəzeti
gərək onun aynası olsun”, “Qələm əhlinin müqəddəs
vəzifəsi həqiqəti yazmaq
olmalıdır” çağırışlarını Azərbaycanın
milli-məfkurəvi, ictimai-siyasi fəaliyyət sahəsinə gətirmişdi.
Haqlı olaraq deyildiyi kimi, ötən
139 ildə “Əkinçi”nin səpdiyi toxumlardan
“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”
dövri nəşrləri cücərmişdi,
rusdilli “Kaspi”qəzetində milli düşüncə pöhrələmişdi,
milli problemlər zəmisini şumlayan “Şərqi-Rus” göyərmişdi.
XX əsrin əvvəllərində
azadlıq havası əsdirən I Rus
inqilabı Həsən bəy Zərdabinin
yetirmələri və davamçıları olan
Əlimərdan bəy Topçubaşov,
Məhəmməd ağa Şahtaxtlı,
Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir və Ceyhun Hacıbəylilər, Haşım
bəy Vəzirov kimi qələm
adamlarının, məfkurə və əməl sahiblərinin
gözlərini və qulaqlarını söz
deyib-eşitmək aləminə bir az da geniş
açmışdı.
İlk gündəlik milli qəzet “Həyat”,
ilk məfkurə jurnalı “Füyuzat”, ilk satira jurnalı və xalq
tribunası “Molla Nəsrəddin”, ilk uşaq jurnalı “Dəbistan”,
ilk qadın jurnalı “İşıq” mətbuatı
xalqımızın ictimai-siyasi həyatı
ilə möhkəm və birdəfəlik
bağlamışdı. Bir-birinin
ardınca işıq üzü görən “İrşad”, “Tazə həyat”, “Tərəqqi”,
“Həqiqət”, “Açıq söz”, “Səda”,
“Məktəb”, “Rəhbər” kimi dövri nəşrlər, adlarından da göründüyü kimi, milli haqlarına doğru addım-addım irəliləyən
xalqımızın görən gözü,
danışan dili, həqiqəti anladan məfkurə məktəbi olmuşdu.
1917-ci ilin fevralında II Rus inqilabının
dağıtdığı imperiyanın ucqarında Azərbaycan
dövlətçiliyini bərpa etməkdə həlledici rol oynamış nəslin
formalaşmasında, toparlanmasında, istiqlal
məfkurəsinin gerçəkləşdirilməsində milli mətbuatımız misilsiz
rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyətini yaradan xadimlərin əksəriyyəti milli mətbu fəaliyyətdə yetkinləşmiş,
məramlarını dövrün kütləvi
nəşrlərində tirajlamışdılar. Bu prosesin yekununda 1918-ci ilin sentyabrında milli mətbuatımızın
daha bir ilki — birinci dövlət qəzeti
“Azərbaycan” eyniadlı dövlətin atributlarından biri, söz və fikir azadlığının ilk
nümunəsi, timsalı kimi işıq üzü görmüşdü.
AXC hökumətinin təsdiq etdiyi mətbuat
nizamnaməsi Şərqdə ilk dəfə
söz azadlığını bəyan və
təmin edən rəsmi sənəd olmuşdu.
AXC-nin süqutu ilə söz
azadlığını itirən, demokratik
nəşrlərinin fəaliyyəti 71 il
dayandırılan Azərbaycan jurnalistikası kommunist
ideoloji əlahiddəliyi şəraitində
belə elmi-mədəni yüksəlişə, sosial-iqtisadi quruculuğa, milli düşüncənin inkişafına
xidməti ilə xalqa gərəkli olmuşdu.
Bu dövrün milli
varlığa bağlılığını qoruyub
saxlayan, peşəkarlığını
yüksəldən, maddi-texniki
bazasını təkmilləşdirən, radio
və televiziyanın yaranması ilə daha
böyük auditoriya əldə
edən Azərbaycan jurnalistikası sovet
epoxasının süqutu ərəfəsində
artıq öz demokratik
ənənələrinə, milli
platformasına qayıda bilmişdi.
Milli jurnalistikamızın 139 illik mövcudluğunun çar
Rusiyası dövründəki 42, AXC zamanındakı 3 və
kommunist epoxasındakı 71 illik tarixinin
işıqlı- öyünclü,
tutqun-ağrılı səhifələrinə ötəri nəzər
salandan sonra dövlət
müstəqilliyimizin ötən 23 ilində ölkəmizdə
azad, demokratik
jurnalistikanın
formalaşması ilə bağlı prosesin
fəal iştirakçısı olmuş
media qurumunun rəhbərinə
üz tutduq, Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşovla müsahib olduq. Onun
qazanılmış uğurlar və
qarşıda duran işlər barədə
mülahizələrini oxuculara
çatdırırıq:
– Azərbaycanın
dövlət müstəqilliyi bütün
maddi sərvətlərimiz kimi, milli-mənəvi dəyərlərimizi,
məfkurə irsimizi də
xalqımıza qaytardı. Milli
jurnalistikamızın ideoloji buxovları
qıraraq öz demokratik
ənənələrini bərpa etməsi sovet
dövrünün son
illərində gerçəkliyə
çevrilsə də, yeni azad media dövlət
müstəqilliyinin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblərdən çətinliklərlə
üzləşdi. Bir tərəfdən, üsyançı nağıl
qəhrəmanlarına bənzər idealist
demokratlar əvvəlki dövrün
jurnalistikasını süpürüb atmaq istəyirdilərsə, digər tərəfdən,
xalqa verilmiş söz azadlığından məhəlli məqsədlərlə
istifadə etməyə çalışanların, təcrübəsiz həvəskarların açdıqları
yüzlərlə dövri nəşr cəmiyyətdə
informasiya bolluğu yaratmaq, doğru-düzgün
ictimai rəy formalaşdırmaq əvəzinə,
fikir qarşıdurmasına, məlumat
dolaşıqlığına aparır,
dağıdıcı prosesləri körükləyirdi.
Cəmiyyətdə hökm sürən siyasi və iqtisadi böhran isə vəziyyəti daha da ağırlaşdırırdı.
Belə
bir dövrdə — 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi
ilə hakimiyyətə qayıdıb ölkəni sabitlik, inkişaf yoluna çıxaran ümummilli
lider Heydər Əliyev demokratik
dövlətdə azad medianın
inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında
həyata keçirdi. Qısa müddətdə
kütləvi informasiya vasitələrinin
demokratik cəmiyyətdə fəaliyyətini
təmin edən hüquqi baza
yaradıldı. 1998-ci ilin avqustunda
Prezident Heydər Əliyevin ölkəmizdə
senzuranı ləğv etməsi milli jurnalistika tariximizdə yeni
bir dövr
açdı.
Sahənin
maddi-texniki bazasını yeniləşdirmək,
maliyyə-sosial problemlərini aradan qaldırmaq üçün
real təminatlar da
işə salındı. Həmişə KİV-in
himayədarı olmuş Heydər
Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə
götürüldü, müvafiq
tədbirlərlə digər
nəşrlərin də bazar şəraitində
fəaliyyətinə əlverişli şərait
yaradıldı. Qəzetlərin borclarının
dondurulması və silinməsi onların dirçəlməsinə
kömək etdi.
Dövlətin
medianın fəaliyyətini tənzimləməkdən imtina edərək, demokratik
mexanizmlərə meydan açması ilə
MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat
Şurasının yaranması ölkəmizdə qəzet-jurnal
redaksiyalarının həyatında sivil
prinsiplərin bərqərar olmasını təmin etdi. Bizdə
yaranmış MŞ keçmiş sovet məkanı üçün
model forma kimi qəbul edildi. Bütün bunları dəyərləndirən
KİV kollektivləri ulu öndər Heydər
Əliyevi “Jurnalistlərin dostu” elan etdilər.
Zəmanəmizdə
medianın gücündən bəhrələnməklə böyük əməli nəticələr əldə
etməyin nadir örnəyini
yaratmış dünya miqyaslı siyasətçi
və dövlət xadimi Heydər
Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev
isə son illərdə KİV-ə
dövlət dəstəyinin
demokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Onun
xoş məramı ilə gerçəkləşdirilən
KİV-ə dövlət dəstəyi konsepsiyası və Prezident yanında KİVDF-nin
uğurlu fəaliyyəti dünyada
böyük maraq doğurur. Azərbaycan jurnalistlərin üzərinə
heç bir öhdəlik
qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir.
Jurnalistlər bu təmənnasız xidmətlərə
görə Prezident İlham
Əliyevi də özlərinin dostu elan etmişlər.
Artıq Azərbaycan
jurnalistikası, bütövlükdə, demoktatik
əsaslar üzərində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq
problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən
formalaşmış, cəmiyyətdə mövqeyini
və nüfuzunu möhkəmləndirmiş
azad medianın ən mühüm
nailiyyətlərindən biri odur ki, ölkədə informasiyanın
maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin edilmiş, hamının öz
sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmişdir.
Azərbaycanın hərtərəfli
yüksəlişi prosesinə KİV-in
köməyi getdikcə artmaqdadır. Bütün
bunlar dünyanın demokratik
dairələrində yüksək dəyərləndirilir.
AMŞ sədri Əflatun
Amaşov sonda bilrirdi:
– Ölkənin jurnalist qurumları və kollektivləri
problemlərin həllində təşəbbüskarlığı
artırmağa, dövlət qurumları ilə fəal əməkdaşlığa
böyük önəm verirlər. Bu xətt çağdaş
jurnalistikamızın növbəti uğurlarına möhkəm təminat yaradır.
Sonda Milli Jurnalistika və Mətbuat
Günü münasibətilə ölkənin
bütün jurnalistlərini təbrik edir, həmkarlarımızı azad sözün
xalqımıza faydasını artırmağa
çağırır, onlara bu yolda yeni
uğurlar arzulayıram.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2014.- 22 iyul.- S.5.