Lerikdə birinci yarımilə
yekun vurulmuşdur
Dağlar diyarı Lerik son illərdə özünün vüsətli inkişaf mərhələsindədir. Rayonun təbii gözəllikləri insan əllərinin qüdrətilə daha da cilalanır, əhalinin həyat şəraiti, güzəranı yaxşılaşır.
Buraya gəzməyə, dincəlməyə
gələn qonaqlar da,
xarici turistlər də Lerikin
büsatını görüb heyran qalır, ən xoş
təəssüratlarla geri
qayıdırlar. İlk yarımildə sosial-iqtisadi inkişafın yekunları və
qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat
yığıncağında bu barədə ətraflı
danışılmış, nailiyyətlərlə
arxayınlaşmamaq əzmi ifadə olunmuşdur.
Yığıncağı
rayon icra hakimiyyəti
başçısının I müavini
Cəlil Baxşıyev açmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş
iclasından bəhs edən natiq bildirmişdir ki,
uğurlarımızın təməlində sosialyönümlü iqtisadi
siyasət, möhkəm ictimai sabitlik dayanır. İqtisadi
sahədə aparılan islahatlarla Azərbaycanın
dayanıqlı inkişafına nail olunmuşdur. Dövlətimizin
başçısı bu tərəqqini düşünülmüş siyasətin nəticəsi kimi xarakterizə
etmiş və bizim
islahatlarımızın mötəbər beynəlxalq maliyyə
qurumları tərəfindən də yüksək qiymətləndirildiyini
vurğulamışdır.
Azərbaycanın inkişaf etmiş ölkəyə
çevrilməsi, hər bir vətəndaşın
layiqli həyat tərzinin təmin edilməsi
keyfiyyətcə yeni mərhələdə
milli ideyanın mahiyyətində qərarlaşmış
praktik məqsədlərdir. Prezident İlham Əliyev ulu
öndərin müdrikliklə irəli sürdüyü
inkişaf strategiyasını inamla həyata keçirməklə
yanaşı, yeni dövrün
tələblərinə uyğun zənginləşdirmiş,
sosial-iqtisadi islahatlarla
demokratikləşmə proseslərinin paralel
şəkildə aparılmasına, birinin
digərini tamamlamasına çalışmışdır.
Rayon icra hakimiyyəti
başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun ilk yarımildə sosial-iqtisadi
inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzəsi
maraqla dinlənilmişdir. O, demişdir ki, bu il
regional inkişafa dair üçüncü
Dövlət Proqramı qəbul edilmişdir.
Ölçülüb-biçilmiş fəaliyyət
planları olan
həmin sənədlərin uğurlu
icrası sayəsində ölkədə işsizlik
tam aradan qalxmaq üzrədir. Prezident
İlham Əliyev tərəfindən 2014-cü
il “Sənaye ili” elan edilib. Məqsəd ölkə
iqtisadiyyatında sənayeləşmənin keyfiyyətini
yüksəltmək, onun miqyasını və
rəqabət qabiliyyətli məhsul istehsalını
artırmaqdır.
Sonra məruzəçi dağlar
diyarının nailiyyətləri fonunda son altı ayın yekunları barədə məlumat
vermiş, uğurların təməlində
duran amilləri nəzərə
çatdırmışdır.
O bildirmişdir ki,
rayonda yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin
sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər
həyata keçirilmişdir. Son illər rayonun
siması tanınmaz dərəcədə dəyişmiş,
bütün ərazilərdə, ən ucqar yaşayış məntəqələrində
belə zəruri quruculuq-abadlıq işləri vüsət almışdır.
Keçən 10 il ərzində Azərbaycan
Respublikası Prezidenti tərəfindən
imzalanan , tərəqqi hədəfli sərəncamlar
rayonun uzunmüddətli inkişafı üçün əsas stimul
olmuşdur.
Hesabat
dövründə Azərbaycan Prezidentinin
2013-cü il 14 sentyabr
tarixli sərəncamı ilə
ayrılan vəsait hesabına 30 min nəfər
əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini
birləşdirən 36 kilometrlik
Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə
başlanılmışdır. Yolun 20 kilometrlik hissəsi asfalt örtüyünün çəkilməsinə
tam hazırlanıb, 13 kilometri
asfaltlanıb. Dünya Bankının
ayırdığı vəsait hesabına Lerik
şəhərinin içməli su təchizatının
yaxşılaşdırılması və kanalizasiya
sisteminin yaradılması ilə
bağlı tədbirlər həyata keçirilir.
Həmçinin 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili
su və kanalizasiya xətlərinin
bir hissəsi tamamlanıb, bir
neçə yerdə su tutarları inşa edilib. Suya ehtiyacı olan kəndlərin
içməli su təminatını
yaxşılaşdırmaq məqsədilə
yaşayış məntəqələrinə su xətləri çəkilib, artezian quyuları qazılıb.
Diqqətə
çatdırılmışdır ki, Lerik şəhərində 17 meqavatlıq “Modul” tipli elektrik
stansiyasının tikintisi ilə əlaqədar
Lerik-Telavar-Yardımlı 35 kilovoltluq
yüksək gərginlikli elektrik hava xətti yenidən inşa
olunub. Piran-Hamarat-Vijaker
avtomobil yolu
qayaların partladılması ilə genişləndirilib, burada əsaslı təmiri işləri
aparılıb. Nücü, Pirasora, Vizəzəmin, Boykəndil kənd tam orta məktəblərinin
tikintisi, Mastayıl kənd tam orta məktəbinin, Lerik şəhəri uşaq
bağçasının əsaslı təmiri sürətlə
davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Lerik şəhərində 100 yerlik uşaq
bağçasının tikintisinə başlanılıb. Şəhər məscidində təmir
işləri aparılıb, yeni minarələr
ucaldılıb, ərazidə 400 yerlik
xeyir-şər evi inşa
edilib. Hazırda Gürdəsər kəndində
300 yerlik xeyir-şər evinin
tikintisində son tamamlama
işləri aparılır.
Yığıncaqda
qeyd olunmuşdur ki, bu ilin birinci
yarısında rayonda kənd təsərrüfatı
məhsullarının istehsalı 2,5, sənaye məhsulları
6,9, rabitə xidmətinin həcmi 3,3, sərnişin və
yükdaşıma xidmətlərinin həcmi 2,7, əhaliyə
göstərilən ticarət xidmətinin həcmi 3,7, pərakəndə əmtəə
dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi
5,1 dəfə artıb. Bu dövrdə
354 sakin işlə təmin edilib ki, bunun 185-i daimidir.
Daha sonra rayon icra hakimiyyəti başçısının aqrar
məsələlr üzrə
müavini Saday Qurbanov, rayon üzrə maliyyə idarəsinin rəisi Elman Abbasov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Mirzəyev altı ay ərzində görülmüş işlər
barədə çıxışlar etmişlər. Qeyd olunmuşdur ki, dövlət tərəfindən
qarşıya qoyulan bütün məsələlərin
həlli istiqamətində
səylər inamla davam etdiriləcək, mövcud
çatışmazlıqların aradan qaldırılması
üçün kollektivlər
daha böyük əzmlə çalışacaqlar.
Hesabat yığıncağında
rayon ağsaqqallar şurasının
üzvləri - Musa Bədəlov,
Vəliağa Şahpələngov
işgüzar təkliflər
səsləndirmişlər. Ümumiyyətlə, belə
bir qətiyyət ifadə olunmuşdur ki, leriklilər bütövlükdə ili yüksək göstəricilərlə başa
çatdıracaqlar.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 22 iyul.- S.6.