Ağdam: qələbə
sorağı ilə yaşayan torpaq
Ağdamın
işğalından 21 il ötür
Üç min ilin yadigarı olan, “Soltanbud təpəsi” adı ilə tanınan böyük kurqan Qarabağda dörd rayonun – Ağdamın, Ağcabədinin, Bərdənin və Tərtərin qovşağında yerləşir. Əvvəllər Ağdama gələnlər bu yerdən xeyli aralı ötüb-keçərdilər. Rayonun böyük hissəsi və əsas girişi işğal altına düşəndən sonra təpə və ətrafı yeni giriş qapısı kimi formalaşdırılmışdır. Burada yaradılmış şəhidlər kompleksi, yamacda düzəldilmiş Azərbaycan xəritəsi və zirvədə ucalan Dövlət Bayrağı əzəməti ilə hər kəsdə qürur, yüksək milli duyğular oyadır. Üçrəngli bayrağımız 10-15 kilometrlikdən keçən cəbhə xəttində də aydın görünür, Milli Ordu bölmələrini Qələbəyə səsləyir, düşmənə isə məğlubiyyət mesajı çatdırır.
İşğal
dövründə rayon mərkəzinə çevrilmiş
4-5 kilometrlikdəki Quzanlı qəsəbəsi son illərdə
sürətlə böyüyüb bu yerə doğru irəliləyir.
Bu yolda salınan uzun xiyaban bu günlər səyyar qərargahı
xatırladır. Rayonun rəhbər heyəti və fəalları
ilə də yolüstü elə burada görüşməli
olduq.
İstər-istəməz
21 il əvvəl Ağdamın bu yerdən ovuç içi
görünən, o vaxt cəhənnəmə
çevrilmiş mənzərəsini yada saldıq. O günlərdə
erməni quldurları dağların qövsvari əhatələdiyi
düzənliyi nəhəng bir tonqal kimi
alovlandırmışdılar. Böyük bir ərazinin
üstünü tutmuş tüstü duman kimi günəşin
qabağını kəsmiş, 30-40 kilometrlik ərazinin
gündüzünü geçəyə döndərmişdi.
Ağdam dünyanın gözü qarşısında beləcə
günlərlə yanıb külə dönmüş, 170
min insan çöllərə səpələnmiş, öz
yurdunda didərginə çevrilmişdi. Hakimiyyət
davası, başıpozuqluq növbəti bir rayonun
asanlıqla düşmən tapdağına düşməsinə
gətirib çıxarmış, qonşu bölgələrin
də yolları bağlanmışdı...
İndi isə o yerlərdə
səma açıq, yer nəhəng bir tikinti
meydanıdır. O vaxt belə bir günün gələcəyinə
inanmaq mümkün deyildi. Nəhayət, ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər
düşmənin qabağına möhkəm sədd çəkmiş,
rayon əhalisinin bir hissəsi geri dönüb
sönmüş çırağını yandıra
bilmişdi. Rayonun yerdə qalan ərazisində
tədricən həyatın ahəngi bərpa olunmuşdu.
Ötən illərdə sayı artaraq 190 min nəfərə
çatmış əhalinin 90 min nəfəri hazırda
rayon ərazisində məskunlaşıb. 1 mərkəzi qəsəbə,
17 köçkün qəsəbəsi və 44 kənddə
həyat üçün zəruri şərait
yaradılmış, iqtisadiyyat qaydaya
salınmışdır.
Köhnə-
təzə tanışlarla Ağdamın
bağışlanılmaz bir xəyanətin qurbanı olması
barədə məlum mülahizələri bir daha yada
saldıqdan sonra rayonun əsas tikinti obyektlərində, iri
yaşayış məntəqələrində,
köçkün şəhərçiklərində olduq,
adamların qurub- yaratmaq sevincini bölüşdük.
Axşamtərəfi
Quzanlıya qayıdıb Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Raqub Məmmədovla
görüşdük, suallarımıza cavablar aldıq.
Biz
rayonda olarkən ilin 6 ayında sosial-iqtisadi inkişaf barədə
hesabat təzəcə yekunlaşdırılmışdı.
Müsahibimizdən ilk olaraq hesabatda son vaxtlarda aparılan
tikinti, abadlıq və quruculuq işlərini əks etdirən
ümumiləşdirici fakt və rəqəmləri,
uğurlu nəticələri açıqlamasını xahiş etdik. Başçı
ümumi vəziyyətlə tanış olduğumuza görə
konkret məsələlərə aydınlıq gətirdi:
–
Prezident İlham Əliyevin təşəbbüsü ilə
hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti
ilə həyata keçirilən regional inkişaf
proqramları Qarabağ müharibəsi zamanı işğal
altına düşmüş və viran qalmış cəbhəyanı
bölgələr üçün daha gərəkli
olmuşdur. Bu proqramlar
yerlərdə sosial-iqtisadi həyatı büün parametrləri
ilə canlandırmaq, güzəranı yüksəltmək,
yıxılmış hər şeyi dikəltmək
üçün zəruri əsaslar yaratmışdır. Bu
möhkəm təməl üzərində daha böyük
yeniliklər yaratmaq üçün artıq
üçüncü dövlət proqrmına srart
verilmişdir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş,
ümumi inkişafın miqyası genişlənmiş,
sürəti bir az da artmışdır. Bu baxımdan ilin
birinci yarısının göstəriciləri bizim
özümüz üçün də maraqlıdır. Bilmək
istəyirik ki, əvvəlki dövrlə müqayisədə
nələrə nail olmuşuq, işlərimizi daha
yaxşıı qurmaq üçün nələrə daha
çox diqqət yetirməliyik.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə
tutulmuşdur. İlin əvvəlindən 10 tədbir sürətlə
icra olunur, 4 tədbirin icrasına hazırlıq aparılır.
Proqramın icrası nəticəsində rayonda 2014-cü ilin
birinci yarısında daha 790 yeni iş yeri
açılmışdır. Bunun 485-i daimi, 305-i isə
mövsümüdür. Rayon üzrə 6 ay ərzində
ümumi məhsul istehsalının həcmi 52 milyon 100 min
manat olmuşdur. Bu, 2013-ci ilin müvafiq dövrü ilə
müqayisədə 7 milyon 500 min manat və ya 14,5 faiz
artım deməkdir. Sənaye məhsulunun həcmi
3 milyon 300 min manata, kənd təsərrüfatı
istehsalı 27 milyon 100 min manata, ticarət dövriyyəsi 4
milyon 500 min manata yüksəlmişdir. Əsas kapitala yönəldilən
investisiyalar da artaraq 17 milyon 200 min manata
çatmışdır.
Bu o deməkdir ki, bütün sənaye, tikinti-quruculuq
potensialını, ən münbit torpaqlarını itirmiş
Ağdam ötən 21 ildə ümummilli lider Heydər
Əliyevin müstəsna diqqəti və qayğısı ilə
dirçəlmiş, həyatın davam etdirilməsi, itirilənlərin
əvəz edilməsi imkanları qazanmışdır. Prezident İlham Əliyev cəbhəyanı
bütün rayonlar kimi, Ağdamın da qayğı və
ehtiyaclarını daim diqqətdə saxlayır. Dövlət başçısının hərtərəfli
himayəsi Ağdamın əvvəlini şöhrətini
özünə qaytarmağa yardımçı olmuşdur.
Bütün bunlara görə ağdamlılar
onlara həmişə xüsusi münasibət bəsləmiş
ümummilli lider Heydər Əliyevi sevgi ilə yad edir, indiki
uğurlarımıza görə dövlət
başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirirlər.
Prezident cəbhəyanı bölgələrin
ümumi inkişafla ayaqlaşması, itkilərin yerinin
doldurması üçün regional inkişaf proqramları ilə
kifayətlənməmiş, onların ehtiyaclarına həssaslıq
göstərərək, xüsusi bir proqram da hazırladaraq həyata
keçirmişdir. Möhtərəm İlham Əliyevin
2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq
edilmiş “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nda və
həmin proqrama 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral
tarixli sərəncamlarla təsdiq edilmiş əlavələrdə
Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə
tutulmuşdu. İndiyə kimi 17 tədbir icra
edilmiş, 5 tədbir icra olunur, 1 tədbirin icrasına təzə
başlanıb. 9 tədbir isə icra
olunacaq.
Başçı hazırda həyata keçirilən
işlərdən söhbət açaraq bildirdi ki, hesabat
dövründə Birinci Baharlı kənd 160 şagird yerlik
tam orta məktəbinin binası, Quzanlı qəsəbəsində
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 54 mənzilli 6 mərtəbəli
yaşayış binası, Telekommunikasiya
Qovşağının yeni binası istifadəyə
verilmişdir. Hazırda
“Dördyol–Mamırlı” ərazisində işğaldan sonra
çiy kərpicdən və qamışdan tikilmiş
daxmalarda, yeraltı qazmalarda məskunlaşmış
ağdamlı məcburi köçkünlər
üçün İmamqulubəylidə tikilən 632 ailəlik
qəsəbədə son tamamlanma işləri
aparılır.
Əfətli kəndində 360 yerlik, Hacıməmmədli
və Həsənxanlı kəndlərində 120 şagirdlik
tam orta məktəblərin, Xındırıstan kəndində
uşaq musiqi məktəbinin, Evoğlu kəndində 100
yerlik uşaq bağçasının, Fövqəladə
Hallar Nazirliyinin köməkliyi ilə Quzanlı qəsəbəsində
360 şagird yerlik məktəb-liseyin, yeni
avtovağzalın tikintisi sürətlə davam etdirilir.
Raqub Məmmədov son aylarda rayonda tikinti, abadlıq və
quruculuq sahəsində aparılan işlərin daha da
genişləndirildiyini vurğulayaraq, hazırda ümumrayon
tikintisinə çevrilmiş, hamının xüsusi həvəslə
çalışdığı yeni xiyabandakı işlərin
məğzini belə açıqladı:
– Ağdam Qarabağın dağı ilə
aranı arasında tarixən formalaşmış gözəl,
bənzərsiz bir şəhər idi. Onun ötən əsrin 70-80-ci illərində ulu
öndər Heydər Əliyevin sürətli inkişaf
resurslarını hərəkətə gətirdiyi dövrdə
daha da böyüməsi, gözəlləşməsi, bu
strateji nöqtədə möhkəmlənməsi erməni
millətçi- separatçılarını həddindən
artıq narahat edirdi. O illərdə şəhərdə
yaradılmış nadir Çörək Muzeyinin, çin
üslubunda tikilmiş orijinal Çay Evinin Ağdamı
dünyaca tanıtmasının, keçmiş SSRİ-də
məşhurlaşdırmasının erməniləri necə
qıcıqlandırmasını, yerli gənclər təşkilatı
rəhbəri kimi, onlarla tez-tez təmasda olduğumdan dəfələrlə
müşahidə etmişdim. Bu, sadəcə,
həsəd, qonşu paxıllığı deyildi. Ermənilər
Qarabağın onlara məxsus olduğunu sübut etmək
üçün burada Şuşa,
Ağdam kimi mədəni mərkəzlərin yüksəlişini
istəmirdilər. Ulu öndər Heydər
Əliyev isə onların bu niyyətlərini gözlərində
qoyaraq Qarabağı qədim türk yurdu kimi inkişaf
etdirir, dünyada şöhrətləndirirdi.
Bütün bunlara görə
Qarabağın dağlıq hissəsindəki azərbaycanlı
yaşayış məntəqələrini yer üzündən
silən erməni faşistləri Ağdamı da oda
qaladılar, talan etdilər, xarabalığa çevirdilər. Çörək Müzeyini və Çay Evini isə
xüsusi qəddarlıqla məhv edib bizə yanıq vermək
istədilər. Lakin düşünmədilər
ki, sivil dünya bunları vandallıq sayacaq, biz isə daha
yaxşılarını yaradacağıq. Ermənilər bu vəhşilikləri ilə
Qarabağı özlərinə məzara çevirmişlər.
Onlar özləri-özlərini blokadaya salmaqla,
millətçi və işğalçı kimi
başqalarından təcrid etməklə ümumi
inkişafdan da kənarda qalır, süqut edirlər. Belə bir şəraitdə Azərbaycanın
sürətli tərəqqisi, cəbhə bölgələrindəki
irimiqyaslı, davamlı quruculuq işləri xarabalıq
bayquşlarını sarsıdır, gücdən salır.
Bax buna görə də biz daha çox
tikib-qurmağa həvəsliyik. Ağdamdakı
bütün rahatlıqları müvəqqəti rayon mərkəzinə
çevirdiyimiz Quzanlı qəsəbəsində də
yaratmaqla ermənilərə göstəririk ki, getdikləri
yol onların şəhərlərini kəndə, bizim kəndləri
isə qəsəbələrə, şəhərlərə
çevirir. İndi qoy özləri nəticə
çıxarsınlar ki, millətçilik,
işğalçılıq siyasəti, özgələr əlində
oyuncaq olan rəhbərlərin əməlləri onları
hara gətirib çıxarıb. Prezident İlham
Əliyev daim bu həqiqəti ən yüksək
kürsülərdən səsləndirsə də, Azəraycanın
öz torpaqlarını, hansı yolla olur-olsun, geri
qaytacağını bəyan etsə də ermənilər kor
və kar inadın girovluğundan xilas ola
bilmirlər.
Ağdam şəhəri ğözəl
və iri parkları, yaraşıqlı istirahət guşələri
ilə seçilirdi. Quzanlı qəsəbəsində Heydər
Əliyev prospektini böyüdüb abadlaşdırmaqla
yanaşı, Bərdə səmtə çıxışda
1500 metr məsafədə yaraşıqlı bir xiyaban da
salırıq, müasir bir istirahət zonası
yaradırıq. Bu həm Ağdamda itirdiklərimizi
əvəzləməyə, daha yaxşılarını
yaratmağa qadir olduğumuzu sübut etmək, həm də
adamlar üçün zəruri rahatlığa nail olmaq məqsədi
daşıyır. Parkda müasir
memarlığın bir çox elementlərindən istifadə
olunmaqla iri fəvvarələr də tikilir.
Məşhur Çay Evinin oxşarı
Ağdamın ölməzlik, mübarizə və qələbə
rəmzi kimi xiyabanda əzəmətlə ucalacaq. Çörək Muzeyini isə, inşallah, tezliklə
Ağdamın özündə bərpa edəcəyik. Hələlik, bayaq gördüyünüz kimi,
uşaqlı-böyüklü hamı bu xiyabanın
salınmasında iştirak edir, hər kollektiv bu işə
öz töhfəsini vevir. Bundan əvvəl
isə Heydər Əliyev prospektinin Zərifə Əliyeva
küçəsindən Hindarx istiqamətindəki hissəsində
əsaslı abadlıq işləri aparılmış, yol
boyunca divarlar üzlənmiş, müasir
işıqlandırma sistemi quraşdırılmış,
illüstrativ tərtibat təzələnmişdir. Qəsəbənin digər yerlərində, rayonun
bütün yaşayış məntəqələrində
tikinti-abadlıq işləri sürətlə davam etdirilir.
Bu əzm, şövq, hünər onu göstərir
ki, biz Ağdamı işğaldan azad edib sürətlə bərpa
edəcəyik, böyüdəcəyik, daha gözəl edəcəyik.
Quzanlı qəsəbəsi isə abad bir şəhərə
çevrilib və ötənlərin
ağrı-acılarını bizə unutduracaq.
Rayon rəhbərinin diqqətə
çatdırdığı əsas məsələlərdən
sonra hesabatla ətraflı tanışlıqdan məlum oldu
ki, ilin birinci yarısında əhalinin həyat şəraitinin,
fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının
yaxşılaşdırılması təmin edilmişdir.
Mavi qazla fasiləsiz təminat
üçün tədbirlər davam etdirilmişdir. Hazırda 16151 fərdi və 47 obyekt təbii qazdan
istifadə edir. İlin əvvəlindən
rayon icra hakimiyyətinin daxili imkanları hesabına 102 məcburi
köçkün ailəsinin evi təmir edilmişdir. Cəbhə xəttində yaşayan əhalinin
ehtiyaclarının ödənilməsi, müharibədən
zərər çəkmiş evlərin bərpa və təmir
olunması üçün Ərazilərin Bərpası və
Yenidən Qurulması Agentliyinin mütəxəssislərinin
iştirakı ilə siyahılar dəqiqləşdirilmişdir.
Qərvənd ərazisində 15 yeni ev
tikilmiş, 89 ev əsaslı təmir olunmuşdur. Çəmənli, Sarıcalı və
Şükürağalı kəndlərində 56 evin bərpasına
başlanılmışdır, daha 102 evin təmiri nəzərdə
tutulur.
Rayon ərazisində respublika əhəmiyyətli 34
kilometr və yerli 97 kilometr avtomobil yolunda ilin birinci
yarısında 99 min manatlıq cari təmir və 216 min
manatlıq bərpa işləri aparılmış, Birinci
Dördyol və İkinci Dördyol qəsəbələrində
daxili yollar təmir edilmişdir.
Telekommunikasiya Qovşağı ilin birinci
yarısında İkinci Dördyol qəsəbəsində
EATS-i 30 nömrə, interneti 24 port, Qaradağlı EATS-i 16
nömrə, Mahrızlı EATS-i 48 nömrə, Quzanlı
köçkün qəsəbəsində EATS-i 48 nömrə,
Rzalar və Əfətli kəndlərində interneti 24 port
artırmışdır. Hazırda rayonda əhali
781 port yüksək sürətli internetdən istifadə
edir.
Əhalinin içməli və suvarma suyuna olan tələbatının
ödənilməsi üçün ilin əvvəlindən
Sukanal İdarəsi məcburi köçkün qəsəbələrində
78 su nasosunu, 9 transformatoru təmir etmiş, 4 təzə
transformator quraşdırmış, 3014 metr su xəttinin əsaslı
təmir etmişdir. Ərazilərin Bərpası və Yenidən
Qurulması Agentliyi Çəmənli, Sarıcalı, Əfətli,
Qaradağlı, Evoğlu, Zəngişalı, Mahrızlı,
Təzəkənd kəndlərində və Ergi qəsəbəsində
içməli su üçün 9 subartezian quyusu
qazmış, 10 kilometr xətt çəkmiş, 61 bulaq
tikmişdir. Fövqəladə Hallar Nazirliyi isə
Quzanlı qəsəbəsində içməli su
üçün 1 subartezian quyusu qazmış və 1000 tonluq
su anbarı tikmişdir.
Rayon əhalisinin suvarma suyuna olan təlabatını
ödəmək üçün hazırda 764 subartezian
quyusundan və 3 nasos stansiyasından istifadə olunur, 30158
hektar sahənin suvarılması təmin edilir. Bu
mövsümdə 148 milyon kubmetr su
çıxarılmışdır. İlin əvvəlindən
subartezian quyularında 34 təzə nasos, 132 avadanlıq, 2800
metr kabel, 240 metr suqaldırıcı boru
quraşdırılmış, 205 nasos əsaslı təmir
olunmuşdur. Yeni 11 subartezian quyusu qazılaraq
istifadəyə verilmiş, daha 21 quyunun qazılmasına
başlanılmışdır.
Rayonda sahibkarlığın inkişaf
etdirilməsinə xüsusi fikir verilir. 2014-cü
ilin 6 ayı ərzində “Kapital Bank”ın Ağdam filialı
700 nəfərə 800 min manat, “Qafqaz kredit” təşkilatı
452 nəfərə 435,1 min manat, “Kaspian-İnvest” kredit təşkilatı
218 nəfərə 265 min manat və “Azərkredit” 1528 nəfərə
1555,2 min manat kredit vermişdir. İqtisadiyyat və Sənaye
Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu rayonda 23 layihə
həyata keçirmiş, 38 yeni iş yeri açmış,
242 min manat kredit vermişdir.
Təhsilin maddi-texniki bazasının
möhkəmləndrilməsi üçün bir sıra məktəb
binaları tikilmiş və əsaslı təmir olunmuş,
avadanlıqlarla təchiz edilmişdir. Rayon
icra hakimiyyətinin tabeliyində 35 körpələr
evi-uşaq bağçası fəaliyyət göstərir.
Həmin bağçalardan 20-si ərzaqla təmin
olunur. Qalan 15 bağçanın ərzaqla
təmin olunması istiqamətində tədbirlər
görülür. Mədəniyyət və
Turizm Şöbəsi tabeliyində olan təşkilatların
və uşaq musiqi məktəblərinin işlərinin
yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini
xeyli artırmışdır.
Son 6 ayda Mərkəzi Xəstəxana sistemində 229
Qarabağ müharibəsi əlilinə, 72 Böyük Vətən
müharibəsi əlilinə, 82 Çernobl əlilinə,
357 vərəmli xəstəyə, 5 hemaofiliyalı, 10
talassemiyalı xəstəyə, 2305 şəkərli diabet xəstələrinə
pulsuz tibbi xidmət göstərilmişdir. 2305
nəfər şəkərli diabet xəstəsi davamlı
olaraq dərman preparatları ilə təmin olunur.
Aqrar sahənin inkişafı xüsusilə
diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə
öz pay torpaqlarından səmərəli istifadə etmələri
üçün rayonun daxili imkanları hesabına kömək
göstərilmişdir. “Aqroservis” müəssisəsinin
vasitəsilə güzəştli qiymətlə gübrələrin
alınıb torpaq mülkiyyətçilərinə verilməsi
təmin edilmişdir. Rayonda
taxılçılığın inkişafına diqqət
artırılmış, 14560 hektar sahədə buğda, 2622
hektar sahədə arpa əkilib becərilmiş, biçin
yüksək mütəşəkkilliklə və qısa
müddətə başa
çatdırılmışdır. 6 ayda 10590 ton tərəvəz,
6665 ton kartof istehsal edilmiş, 310 ton meyvə
yığılmışdır.
İri
malın sayı 38453 başa
çatdırılmışdır ki, bu da keçən ilin
müvafiq dövrü ilə müqayisədə 2459 baş
çoxdur. Qoyunların sayı 1325 baş artaraq 104750
başa, ət istehsalı 58 ton artaraq 2000 tona, süd
istehsalı 1064 ton artaraq 16302 tona
çatdırılmışdır.
Kəndarası yolların tikintisi və təmiri
daim diqqət mərkəzində saxlanılır. 29000 nəfər əhalisi
olan 1 qəsəbəni, 10 kəndi, 3 məcburi
köçkün qəsəbəsini birləşdirən
Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan,
21000 nəfər əhalisi olan 1 qəsəbəni, 9 kəndi,
4 məcburi köçkün qəsəbəsini birləşdirən
Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli,
6000 nəfər əhalisi olan 8 kəndi birləşdirən
Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil
yollarının yenidən qurulması nəzərdə
tutulur. Hazırda rayonda sürətlə inşa olunan nəhəng
və müasir asfalt zavodu bu işləri uğurla həyata
keçirməyə imkan verəcək, qonşu rayonların
tələbatını da ödəyəcək.
Ağdama
işğalın növbəti ildönümündən
doğan acı xatirələr, dərin təəssüf, rayon
ərazisinin üçdə ikisinin itirilməsinə bais
olanlara nifrət duyğuları ilə gəlsək də,
görülən işlərdən, adamların sabaha
inamından doğan nikbinliklə ayrıldıq.
Ağdam düşmənə
gözdağı kimi dikəlir, dostlara sevinc gətirir.
Ağdamdan tezliklə ağdamlı günlər arzusu ilə
ayrıldıq. Tarixlər şahidi Soltanbud təpəsinin
zirvəsindəki üçrəngli bayrağımız,
sanki, düşmənə güc və əzəmətimizi
nümayiş etdirir, soydaşlarımızın yurd sevgisini və böyük
ümidlərini dalğa-dalğa ətrafa yayırdı...
Tahir
AYDINOĞLU,
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 23 iyul.- S.7.