Jurnalistikamız milli varlığımızı
qoruyan mənəvi ordudur
Bu meydanda yad dəyərlərə
yer ola
bilməz
İnsanın fiziki sağlamlığı təbiətdən asılı olduğu kimi, əxlaqi-mənəvi safllığı da cəmiyyətin ümumi mənəvi atmosferində bərqərar olmuş dəyərlərdən asılıdır. İnsanları doğru-düzgün yola yönəltmək üçün nəyin pis, nəyin yaxşı olduğunu əvvəlcədən müəyyən etməliyik. İnsani dəyərlərin formalaşmasında və bu mühitin idarə olunmasında ayrı-ayrı ictimai xadimlərlə, nüfuzlu adamlarla bərabər, KİV də böyük rol oynayır.
İnsan öz
yaşadığı cəmiyyətdə baş
verən hadisələr haqqında məlumatları ilk olaraq yerli
informasiya vasitələrindən alır. Virtual mənəvi mühitdə çeşidli lokal informasiya məkanı yaratmaqla
KİV gerçək seçimə imkan verir. Xarici ölkələrdə
baş verən hadisələr nə qədər
rəngarəng olsa da,
bizi, ilk növbədə,
öz cəmiyyətimizdəki hadisələr
maraqlandırır. Xarici musiqilər nə
qədər xoş olsa
da, bizim mənəvi
ehtiyaclarımızı milli musiqi daha çox
ödəyir və s.
Əlbəttə, bəzi
telekanalların və internetin ümidinə
qalsa, hamı kosmopolit
olmalıdır. Lakin insanın milli-mənəvi
tələbatını internetlə və ya
peyk antenasının xidməti ilə doldurmaq mümkün deyil. Nəticədə, biz
öz ölkəmizin kütləvi informasiya vasitələrinin
yaratdığı mənəvi mühitlə
qarşılıqlı əlaqəyə üstünlük
veririk. Yeni nəslin mənəvi
baxımdan necə formalaşması xeyli
dərəcədə bu mühitdən
asılıdır. Televiziya verilişlərinin
məzmunu milli ideologiya
süzgəcindən keçirilməzsə, biz
bu güclü amili bazar
konyukturasının təsiri altında qoymuş
olaraq. Bu baxımdan Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin cəmiyyətdə böyük
əks-səda doğurmuş “Azərbaycanın
efir məkanı: “problemlər və vəzifələr”
məqaləsində respublikamızın efir
məkanının müasir problemləri,
üstün və uğurlu
cəhətləri açılıb göstərilmişdir.
Bu konseptual
araşdırma aktuallığı, mövzuya
obyektiv yanaşma tərzi,
dərin təhlili ilə gercək vəziyyəti ortaya qoymuş, faydalı diskussiyalara meydan
açmışdır. Akademik haqlı olaraq
vurğulayır:"Balanslaşdırılmış proqram siyasəti, yüksək efir
mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli
məlumatlandırma teleradio yayım həyata
keçirən qurumun müvəffəqiyyətinin
əsas şərtidir”.
Telekanallardan cəmiyyətə sırınan mənəvi
ucuzlaşmaya, yeknəsəkliyə, yad düşüncə və həyat tərzinə
əsl vətəndaş, ziyalı və peşəkar filosof kimi münasibətini
ifadə edən Ramiz Mehdiyev
həm də yaranmış vəziyyətdən
çıxış yollarını göstərmişdir. Akademik Milli Televiziya və Radio Şurasının (MTRŞ)
apardığı monitorinqin nəticələrinə
istinad edərək, telekanallarda
şou xarakterli
verlişlərin yüksələn xətlə
artdığını da qeyd
etmişdir. Müharibə
şəraitində yaşayan,
torpaqlarının 20 faizi işğal
altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın və
köçkün kimi
yaşayan Azərbaycanda hərbi vətənpərvərlik
verlişlərinin həcminin azlığı, doğrudan da, kifayət qədər
narahatlıq doğuran məqamdır.
Müəllifin qeyd etdiyi nöqsanların
bir çoxu çox təəssüf ki,
hələ də qalmaqdadır. Telekanallarda
şou proqramları öz
işini görməkdədir. Nədənsə,
ictimai mühitimizi
formalaşdıran və milli-mənəvi dəyərlər yükünün əsas
daşıyıcıları olan
ziyalılarımız hələ də susurlar.
Görünür, öz
milli varlığımızın yad təsirlər altına düşməsinə
laqeyd münasibətdən
başımıza gələn bəlalar hələ də bizə
dərs olmamışdır.
Bu yerdə milli mətbuatımızın
banisi, görkəmli ictimai
xadim Həsən
bəy Məlikov Zərdabinin vaxtilə ortaya
qoyduğu məramı, gördüyü
tarixi işləri xatırlamamaq mümkün deyil. XIX əsrin ikinci yarısında
və XX əsrin əvvəllərində Azərbaycan
ictimai-mədəni mühitində baş
verən bir sıra mühüm
yeniliklər böyük maarifçi-demokrat
Həsən bəyin çoxcəhətli fəaliyyəti ilə
bağlıdır. Həsən bəy Azərbaycanda xəlqi
mətbuatın banisi olmuş,
soydaşlarını yorulmadan milli-mədəni
oyanışa, tərəqqiyə səsləmişdir.
Həsən
bəy Zərdabi mükəmməl təhsil almış,
qabaqcıl dünya ictimai
fikrinə yaxından bələd olan milli ziyalı olaraq dərk
edirdi ki, məmləkətimizdə
elmə, maarifə, yeni mədəniyyətə
geniş yol açmaq lazımdır. Buna görə də
indi Zərdabi irsinin
öyrənilməsinə və onun yolunun layiqincə davam
etdirilməsinə ciddi ehtiyac
duyulur. Milli mətbuatımızın
xalqımıza xidmətini artırmaq işində Həsən
bəyin timsalı bu gün
də ən yaxşı örnəkdir. Böyük
Zərdabi hər bir məsələdə
milli maraqlarımızı önə
çəkir, bəşəri nailiyyətlərdən tərəqqi
amili kimi istifadəni
zəruri bilirdi. Onun bu inkişaf və zənginləşmə
modeli bu gün də aktuallığını
saxlayır. Çağdaş
yurnalistikamız ictimai gerçəkliyə
məhz bu prizmadan nəzər
salmalıdır.
Mətbuatın səviyyəsi
də, problemləri də cəmiyyətin xarakteri
ilə, ümumi inkişaf
səviyyəsi ilə şərtlənir. İctimai-siyasi
sarsıntılar, keçidlər, inqilablar
dövründə cəmiyyət ahəngdar inkişaf
yolundan çıxır, ümumi
tarazlıq pozulur. Bu və
ya digər amilin həddindən
artıq aktivləşməsi nəticəsində cəmiyyət
daxili müvazinətini itirir,
iqtisadi, sosial və mədəni-mənəvi
disbalans yaranır. Cəmiyyətdə dəyişilmələr
təkamül yolu ilə deyil,
sıçrayışlar, çevrilişlər, inqilablar yolu ilə baş verdikdə insan ilə
ictimai mühit
arasında olduqca müxtəlif ziddiyyətlər
ortaya çıxır. Təəssüf
ki, biz belə bir mərhələni yaşamalı olduq.
Ümummilli lider Heydər
Əliyev KİV üzərində
senzuranı ləğv etdikdən və medianın
çıxışlarına nəzarət funksiyası söz adamlarının öz
daxili əqidə və məsuliyyət senzoruna həvalə edildikdən sonra mətbuat haqqında diskussiyalar,
fikir mübadiləsi səngimək bilmir. Azad fikir və demokratik düşüncə hüquqları
şəraitində mətbuatın qarşısında milli maraqlara sadiq qalmaq vəzifəsi də
qoyulmuşdur. Mətbuat bazar
iqtisadiyyatı şəraitində də öz
başlıca missiyasını – cəmiyyəti doğru-düzgün məlumatlandırmaq vəzifəsini
unutmamalıdır. Peşəkar jurnalist
mətbuata hansı yollarlasa qazanc götürmək yox,
məhz həqiqi mənəvi tələbatı ödəməklə
hamını qazanclı etmək məramı ilə gəlməlidir.
Bu yerdə
Həsən bəy deyirdi ki
, hər bir qələm əhlinin vəzifəsi
həqiqəti söyləmək olmalıdır, heç ola bilməz ki, doğru söz yerdə qalsın. İctimai
rəyin düzgün yönləndilməsi,
hadisələrə ədalətli qiymət verilməsi
hər bir məsələdə uğura gedən yola
işıq salır.
Lakin bəzən “söz
azadlığı” şüarının parıltısı fonunda meyarlar itir. Sözün
daşıdığı həqiqət yükü,
məsuliyyət arxa plana
keçir və fikir özü gerçəklikdən ayrılaraq neqativ amilə çevrilir.
Məsuliyyət itdikdə, meyar unudulduqda söz
meydanında hər cür zərərli fikir səslənir. Sözü
haqlının da, haqsızın da eyni imkanla
yayması çaşğınlıq və ədalətsizlik
yaradır. Düzgün seçim
etmək məsuliyyəti oxucunun,
haqlını müəyyən etmək qanun və əxlaq normalarının
öhdəsinə düşür.
Burada ənənəvi paradoksallıq yenə
də özünü göstərir. Bir tərəfdən, ictimai
şüurun real səviyyəsi
və cəmiyyətin mənəvi durumu
mətbuat üçün meyar olur. Digər tərəfdən,
mətbuatın özünün üzərinə
ictimai şüuru inkişaf etdirmək vəzifəsi düşür. Bunun
üçünsə jurnalistin mənəvi-intellektual
səviyyəsi cəmiyyətin orta mənəviyyat
göstəricisindən yüksək olmalıdır. O, bu yüksəlişə cəmiyyət
elitasının mövqeyini kütlələrə
çatdırmaqla nail olmalıdır.
Söz azadlığı ideyası təhrif
edildikdə və mütləqləşdirildikdə mətbuatı
idarə edən yalnız konyuktur bazar prinsipləri olur. Qəzeti maliyyələşdirmək və hətta
ondan mənfəət götürmək üçün sensasiyalı məqalələr
dalınca qaçmaq, yalana,
şantaja, təhqirə, ədəbsizliyə
səxavətlə yer vermək qəzetin
satılmasını müvəqqəti yüksəldə bilər. Həqiqətən, millətin tərəqqisinə
xidmət edən qəzet, jurnal buraxmaq əsl fədakarlıq, bəzən cari maddi qazancı qurban verməyi tələb edir.
Lakin milli maraqlara xidmət də əvəzsiz
qalmır. Ümumi mənafeyə xidmət
elə bir maddi və
mənəvi zənginliyə aparır ki,
nəticədə, hamının zəhmətini
artıqlaması ilə ödəmək mümkün
olur. Həyatın universal
stimulu bu həqiqətin
pozulmazlığıdır.
Milli mətbuatımızın
yaradılmasının növbəti ildönümünün bugünlərdə ümumxalq
bayramı kimi qeyd
edilməsi bir daha
göstərdi ki, xalq cəmiyyətin
operativ, obyektiv informasiyaya, ümumi maarifləndirməyə
ehtiyacını ödəyən, hadisələrə düzgün qiymət verən, milli- mənəvi dəyərlərimizi qoruyan jurnalistikamızın tarixi
və çağdaş xidmətlərini
yüksək qiymətləndirir, bunun əksinə
olan fakt və meyilləri
isə qəbul etmir. Hamı azad sözün
işığının artmasını, kütləvi tribunada həqiqətin ucada
görünməsini istəyir. Bu yolda milli jurnalistikamıza
və onun ağır yükünü
şərəflə daşıyanlara uğurlar
arzulayırıq.
Xanhüseyn KAZIMLI,
ASRP-nin sədri, Milli Məclisin deputatı,
iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 24 iyul.- S.3.