Prezident İlham
ƏLİYEV: Azərbaycan
məhz görülən işlərə görə
dünya
miqyasında diqqət mərkəzinə çevrilib
Regionlardakı mövcud əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafını və aqrar sektorda islahatları sürətləndirmək,
əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun
səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli
investisiya şəraiti, müasir müəssisələr,
yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsi vəzifəsini irəli sürən
birinci və ikinci dövlət
proqramları ümummilli lider Heydər Əliyevin neft
strategiyasının hədəflərini-neft gəlirlərindən
səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli
inkişaf konsepsiyasını
reallaşdırmışdır.
Həmin regional
proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin
başlanğıcını qoymuş, regionların
inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən
biri səviyyəsinə qaldırmışdır.
Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş
bu strategiyanın düzgünlüyü son illərdə
öz bariz təsdiqini tapmış, respublikamızın şəhər
və kəndlərinin siması köklü şəkildə
dəyişmiş, əhalinin paytaxta axını səngiyərək
əks proses başlanmış, rayonlarda işləməyə
və yaşamağa üstünlük verənlərin
sayı isə artmışdır. Hazırda hər bir ailə, hər
bir vətəndaş sözügedən
dövlət proqramlarının real nəticələrini
öz gündəlik həyatında hiss etməkdədir.
Haqqında
danışdığımız iki
proqramın icrası nəticəsində ümumi
daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə,
kənd təsərrüfatı istehsalı 3,3 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri
6,5 dəfə artmışdır. Bütün
bunlarla yanaşı, ölkədə 1 milyon 240 min yeni iş yeri
yaradılmışdır ki, bunun da 71 faizi,
yəni 882 mini regionların payına düşür.
Həyata
keçirilən aqrar siyasəti və ərzaq
təhlükəsizliyi proqramı nəticəsində də
hazırda regionlarda iri
quşçuluq, heyvandarlıq,
taxılçılıq, üzümçülük
təsərrüfatları, kənd təsərrüfatı məhsullarının
istehsalı, tədarükü, saxlanması, emalı və
satışı kompleksləri yaradılmış, bir
sıra ərzaq məhsulları üzrə daxili
istehsal artmışdır.
Son illərdə regionlarda inşa edilmiş və ya əsaslı təmir olunmuş
yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın
inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb
edilməsinə, içməli su və enerji təchizatının daha da
yaxşılaşdırılmasına imkan
yaratmışdır.
Regionlarının
sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramlarının uğurlu
icrası həm də əhalinin işgüzar
fəallığının artmasına, yerlərdə sahibkarlıq
fəaliyyətinin daha da
genişlənməsinə, infrastruktur
layihələrinin həyata keçirilməsinə, beynəlxalq
tələblərə cavab verən rəqabətqabiliyyətli
və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə
və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət
proqramlarının məntiqi davamı olan
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” da ölkə
iqtisadiyyatının, xüsusilə regionların
inkişafında mühüm əhəmiyyətə
malikdir. Bu proqramda müəyyənləşdirilmiş
vəzifələr hazırda uğurla icra olunur. Belə ki, cari ilin
6 ayında ümumi daxili
məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir.
Qeyri-neft sektorunun ümumi daxili məhsulda
payı 56,3 faizə çatmışdır. Dövlət
büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş,
xərcləri isə 8,7 milyard manat olmuşdur.
Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində
saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça,
12 səhiyyə, 6 gənclər və idman,
20 mədəniyyət və digər sosial
obyekt tikilmiş və
ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox
sosial obyektin təmir-tikintisi
davam etdirilir.
Dövlət
başçısının tapşırığına uyğun olaraq, bu gün ümumilikdə
12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq
subyektinə məxsus 19 iri fermer təsərrüfatının
yaradılması və zəruri infrastrukturla
təmin olunması istiqamətində işlər davam etdirilir.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin
daha da gücləndirilməsi
məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
2600-dən çox sahibkara
129 milyon manat güzəştli
kredit verilmiş və
bu kreditlər hesabına 6 minədək yeni iş yerinin
yaradılması nəzərdə tutulur. Bu ilin
birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş
layihələrin sayı 27,4 faiz
artmışdır ki, onların da 98 faizi kiçik
kreditlərin payına düşür.
Verilmiş kreditlərin 84 faizi
regionlarda kənd təsərrüfatının,
16 faizi isə sənaye və digər sahələrin
inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş
20 istehsal, emal və infrastruktur müəssisələri artıq
istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin
işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara
ümumilikdə 280 milyon manat
güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Azərbaycan
Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da
regionların inkişafı məsələsi önə
çəkilmişdir. İclasda dövlət
başçısı demişdir: “Bu il
üçüncü regional
inkişaf proqramı qəbul edilmişdir. Bu
proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min
yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş
yeridir. Regionlarda demək
olar ki, işsizlik böyük dərəcədə
aradan qaldırılmışdır, çox aşağı səviyyədədir.
Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu
iqtisadi və siyasi
addımlar nəticəsində Azərbaycanda, - bu da çox
sevindirici bir
haldır, - əhali sürətlə artır. İldən-ilə
artan əhali hökuməti də, əlbəttə
ki, daha da fəal olmağa
çağırmalıdır. Eyni zamanda, bu, onu
deməyə əsas verir ki,
yeni iş yerlərinin
açılması daimi proses
olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş
yeri açılıbdır, gəlin, indi bu məsələyə
diqqət yetirməyək. Yox, bu, daimi proses
olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı,
yüksək texnologiyalar, digər sahələr
sürətlə inkişaf etməlidir ki, biz
insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.
Regionların
sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramı bütün
bölgələrin hərtərəfli və tarazlı
inkişafı sahəsində 2004-cü ildən
başlanılmış məqsədyönlü siyasətin
davamı olmaqla, yeni
müəssisələrin və iş
yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin
həyata keçirilməsində
mühüm rol
oynayır.
İyulun 22-də Prezident İlham Əliyevin Xızı rayonuna
səfəri Azərbaycanda regionların inkişafına xüsusi önəm verilməsinin bir daha bariz
ifadəsidir. Dövlət
başçısı rayonda Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün
suburaxıcı qurğunun təməlinin
qoyulması mərasimində bildirilmişdir
ki, başlanğıcını Azərbaycan
ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron
kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini,
habelə Abşeron yarımadasını
içməli, suvarma və texniki su ilə təmin edən
irimiqyaslı su təsərrüfatı obyektidir.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə
daxil olan Vəlvələçay-Taxtakörpü
və Taxtakörpü-Ceyranbatan
kanallarının, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintilərinin
beynəlxalq maliyyə qurumlarının krediti
və Dövlət Neft Fondunun
vəsaiti hesabına 2013-cü ildə başa
çatdırılması
respublikamızın şimal
bölgəsi rayonlarında və Abşeron
yarımadasında 150 min hektara
yaxın mövcud əkin sahələrinin
su təminatının
yaxşılaşdırılmasına və 30 min hektar yeni
torpaq sahələrini suvarma
suyu ilə təmin etməklə
onların kənd təsərrüfatı dövriyyəsinə
cəlb olunmasına şərait yaratmışdır. Prezident İlham
Əliyevin tapşırığına əsasən
hazırda həmin layihənin icrası davam
etdirilir.
Mərasimdə Prezident İlham Əliyev demişdir: “Biz bu işləri ardıcıllıqla görürük. Hər bir
istiqamət üzrə bu işlər konkret proqram əsasında
aparılır, o cümlədən
regionların inkişafı və Xızı rayonunun
gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə
yoxdur. Daha da böyük işlər
görüləcəkdir, insanlar daha da yaxşı yaşayacaqlar”.
Bu gün regionlarda yol tikintisi də diqqət mərkəzində
saxlanılır. Məhz bunun nəticəsidir
ki,
hazırda ölkə əhəmiyyətli avtomobil yollarının yenidən qurulması,
yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi
üzrə layihələr uğurla həyata
keçirilir.
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli
fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf
Konsepsiyasında bildirilir ki,
2020-ci ildə ölkəmizin beynəlxalq iqtisadi
münasibətlər sistemində nüfuzlu
iştirakçı statusuna yüksəlməsi
reallaşdırılacaqdır. Bu məqsədlə Azərbaycanın əlverişli
coğrafi mövqeyi, geniş potensialı nəzərə
alınaraq, respublikamızın regionun
ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə
adambaşına düşən ixrac həcminin
1000 ABŞ dollarına çatdırılması
planlaşdırılır. Qarşıya qoyulan vəzifəni həyata keçirmək
üçün regionların dinamik inkişafı, yüksək əlavə
dəyər yaradan ixrac
yönümlü iqtisadiyyata
transformasiya və sosial-iqtisadi
sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 24 iyul.- S.1.