Heydər Əliyev və
Azərbaycan
tarixi məsələləri
Dahi
şəxsiyyət, xalqımızın ümummilli lideri səviyyəsinə
yüksəlmiş Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə gəlişinin ilk günlərindən onun
genişmiqyaslı fəaliyyətində Azərbaycan tarixi və
mədəniyyətinin öyrənilməsi, öyrədilməsi,
müxtəlif problemlərinin tədqiqi və təbliği məsələləri
ön planda durmuşdur.
Azərbaycan tarixinin bir sıra aktual məsələlərinin,
o cümlədən xalqımızın mənşəyi,
dövlətçiliyimizin təşəkkülü və
formalaşması, şanlı keçmişimizin
ümumdünya tarixində yeri və sair bu kimi mühüm
tarixi problemlərin hərtərəfli, dərindən, ən
başlıcası obyektiv tədqiqini ulu öndər ölkəmizə
rəhbərliyinin hər iki dövründə tarixçilər
qarşısında aktual və təxirəsalınmaz vəzifə
kimi qoymuşdu.
Hakimiyyətə gəlişi ilə tariximizə
və tarix-mədəniyyət abidələrinə
böyük diqqət və qayğı göstərən ulu
öndərin birbaşa rəhbərliyi ilə bir sıra tədbirlər
həyata keçirilir, ilk növbədə, ən yüksək
səviyyədə görüləcək işlərin
istiqamətlərini müəyyən edən müzakirələr
aparılır, qanunlar, qərarlar qəbul edilirdi. Bu cəhətdən
Azərbaycan SSR Ali Sovetinin 1973-cü ilin sentyabrında
keçirilən sessiyasının gündəliyinə ərazidəki
mədəniyyət abidələrinin vəziyyəti və
onların qorunması tədbirləri haqqında məsələnin
daxil edilməsi və müzakirə olunması diqqəti cəlb
edir. Bunun ardınca Azərbaycan KP Mərkəzi Komitəsinin
I katibi kimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
KP MK-nın 10 sentyabr 1976-cı ildə qəbul etdiyi “Azərbaycan
SSR-də tarix və mədəniyyət abidələrinin
mühafizəsi və bərpası işini
yaxşılaşdırmaq haqqında” qərar bu istiqamətdə
mühüm işlər aparmaq üçün geniş
üfüqlər açdı.
Məxsus olduğu xalqın tarixinə dərindən
maraq göstərən Heydər Əliyev bu sahədə
aparılan genişmiqyaslı işlərin qanun çərçivəsində
yerinə yetirilməsini təmin etmək məqsədi ilə
Azərbaycan SSR Ali Sovetinin 21 iyul 1978-ci il tarixli sessiyasında
“Tarix və mədəniyyət abidələrinin mühafizəsi
və onlardan istifadə haqqında Azərbaycan SSR Qanunu”nun qəbul
olunmasına, 27 yanvar 1982-ci ildə isə Azərbaycan Tarix və
Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin
Nizamnaməsinin Azərbaycan SSR Nazirlər Sovetində təsdiq
edilməsinə nail oldu. Beləliklə, ölkə ərazisindəki
tarix və mədəniyyət abidələrinin bərpası,
tədqiqi və qorunması məsələsi qanun və qərarlarla
rəsmiləşdirildi, bu sahədə cavabdeh təşkilatların
vəzifələri müəyyənləşdirildi, məsuliyyətləri
artırıldı.
Burada qeyd etmək yerinə düşər ki,
ulu öndər abidələrin qorunmasında hamının,
xüsusilə rəhbər işçilərin rolunu həmişə
ön plana çəkmiş və qeyd etmişdir ki, abidələrin
qorunması hamının, xüsusilə rəhbər
işçilərin diqqət mərkəzində
olmalıdır. Tariximiz
üçün müəyyən əhəmiyyət kəsb
edən və yer altından tapılmış hər bir
xırda əşya belə qızıl qədər dəyərlidir.
1969-cu
ilin sentyabr ayında “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin,
1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) 50 illik yubileylərində Azərbaycan
dilində çıxış edən respublikanın yeni rəhbəri
Heydər Əliyev bir il sonra, Azərbaycan Pedaqoji
İnstitutunun (indiki APU) yarıməsrlik yubileyində Azərbaycan
tarixinin tədrisi məsələsindən
bəhs etmiş, bununla əlaqədar tapşırıqlar
vermişdi. Bundan sonra aparıcı ali məktəblərdə
“Azərbaycan tarixi” kafedraları yaradılmış, fənnin
tədrisinə ayrılan saatların miqdarı
artırılmışdı. Bu məqsədlə ali və
orta məktəblər üçün dərsliklər,
proqramlar hazırlanmağa başlanmışdı.
Məhz
həmin vaxtlar - ulu öndərin Azərbaycanda siyasi hakimiyyətinin
birinci dövründə müdrik rəhbərin yaxından
köməkliyi və qayğısı ilə Azərbaycan
tarixinin 3 cildliyinin nəşri başa çatdırılsa
da, bu nəşr onu qane etməmiş, Azərbaycan tarixinin
yeni və mükəmməl çoxcildliyinin hazırlanması haqqında
tapşırıqlar vermişdi. Ancaq həmin
vaxt Azərbaycan tarixinin çoxcildliyinin əsas hissəsi əlyazma
şəklində hazırlansa da, I cilddə müəyyən
məqamlar, xüsusilə Azərbaycan xalqının etnogenezi
məsələsi ümummilli liderimizi razı
salmadığı üçün onun çapı baş
tutmamışdı. Ulu öndərin 1982-ci ildə Sov.
İKP MK Siyasi Bürosuna üzv seçilməsi
və Moskvada məsul vəzifəyə irəli çəkilməsi,
1987-ci ilin oktyabrında Siyasi Büro üzvlüyündən
və SSRİ Nazirlər Soveti Sədrinin I müavini vəzifəsindən
istefa verməsi, bundan az sonra ermənilər tərəfindən
ortaya atılan Dağlıq Qarabağ problemi ilə
yaranan böhranla əlaqədar bu məsələ
unudulmuş və arxa plana keçmişdi.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev 31 yanvar 1997-ci
ildə Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi,
həqiqi və müxbir üzvləri, institut direktorları və
aparıcı alimləri ilə görüşdə bu
münasibətlə demişdi: “Xatırlaya bilərsiniz, 70-ci
illərdə mən dəfələrlə Elmlər
Akademiyasının qarşısında vəzifə
qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır.
Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz
bu vəzifəni yerinə yetirmədilər. Bizim tarixçilərimiz,
bir tərəfdən, çəkişmə ilə məşğul
oldular, hərə öz konsepsiyasını irəli
aparmağa çalışdı. Başqa respublikalarda
tarixçilər pis də, yaxşı da olsa, hər halda
öz xalqlarının tarixini yaza bildilər. Biz bunu edə
bilmədik. Ancaq indi bir tərəfdən, bəlkə
yaxşıdır ki, bunu edə bilməmişik.
Çünki etsəydik də onu yenidən yazmalıydıq.
İndi vəzifə bundan ibarətdir ki, Azərbaycanın
tarixi yazılmalıdır”.
Ulu
öndərin Azərbaycan Prezidenti kimi bu birbaşa
tapşırığı ilə çoxcildliyin düz bir il
sonra, 1998-ci ildə başlanan nəşri 2003-cü ildə
başa çatdı. Görünür, bu da taleyin bir qisməti
imiş ki, Azərbaycan tarixinin çoxcildliyinin keçən
yüzillikdə baş tutmayan nəşri Heydər
Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından sonra gerçəkləşdi. Ulu öndərin “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” 18 iyun
2001-ci il, “Azərbaycan Əlifbası və Azərbaycan Dili
Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci
il və “Azərbaycan Respublikasında Dövlət dili
haqqında” 2 yanvar 2003-cü il tarixli sərəncamlarından
sonra çoxcildlik Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığı ilə latın əlifbası ilə
2007-2008-ci illərdə yenidən işıq üzü
gördü.
Azərbaycan
xalqının zəngin tarixi keçmişi, mədəni
irsi daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində
olmuşdur. O, bu abidələrin qorunmasına, bərpasına,
təbliğinə və gələcək nəsillərə
çatdırılmasına böyük önəm verir və
diqqət yetirirdi. XX yüzilliyin 70-ci illərində
Qəbələ RLS tikilərkən erməni mühəndislərinin
hazırladıqları plana əsasən, Azərbaycanın qədim
paytaxt şəhərlərindən və mədəniyyət
mərkəzlərindən olan Qəbələ
yaşayış məskəni dağıdılmalı idi.
Bundan xəbər tutan ümummilli liderimiz məsələyə
dərhal reaksiya vermiş, Kreml səviyyəsində
danışıqlar apararaq Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən olan Qəbələ şəhər
yerinin dağıdılmasının qarşısını almışdı.
Azərbaycanın
tarixi coğrafiyasının öyrənilməsini yüksək
qiymətləndirən Heydər Əliyevin hakimiyyətinin ilk
illərində bilavasitə onun tapşırığı ilə
Azərbaycan və rus dillərində “Azərbaycan SSR xəritələri”
adlı atlas nəşr edildi. Həmin vaxt əleyhdarlarımız
tərəfindən böyük səs-küylə
qarşılanan atlas “Azərbaycan SSR xəritələri”
adlansa da, orada Azərbaycan tarixinin qədim dövrlərindən
başlayaraq 70-ci illərədək olan zaman çərçivəsinin
xəritələri əks olunmuşdu.
Sovet
hakimiyyəti illərində orta əsr şəhəri, həmin
dövrün şəhərsalma prinsiplərini və ənənələrini
çox gözəl şəkildə qoruyub saxlamış
Ordubad şəhərində tikinti işləri aparılarkən
şəhərin memarlıq üslubu pozulur, görkəminə
xələl gətirilir, hətta bəzi tarix-mədəniyyət abidələri
dağıntıya məruz qalırdı. Beləliklə, ulu
öndər tərəfindən “Azərbaycanın incisi” kimi
dəyərləndirilən Ordubad şəhəri
müasirlik adı altında inşa edilən tikintilər
hesabına öz əvvəlki görkəmini itirirdi.
Bundan xəbər tutan Heydər Əliyev 1977-ci ildə
Ordubadı “qoruq-şəhər” elan etmişdi. Bununla da şəhərin
toxunulmazlığı təmin edilmişdi.
Azərbaycan
arxeoloji irsinə və maddi-mədəniyyət nümunələrinə
böyük maraq göstərən, onlara hörmət və
ehtiramla yanaşan, diqqət və qayğısını əsirgəməyən
ümummilli lider Heydər Əliyev Moskvada, SSRİ-nin ali rəhbərliyində
işlədiyi zaman doğma yerlərə - Azərbaycana gələndə
vaxtının məhdud olmasına baxmayaraq, ölkə ərazisində
indiyədək qalan tarix-mədəniyyət abidələrini
də ziyarət edirdi. 1983-cü ilin sentyabrında Azərbaycanda
olarkən qədim mədəniyyət, elm, təhsil, ticarət
və sənətkarlıq mərkəzlərindən biri olan
Şabran şəhərinə getmiş, orada arxeoloji tədqiqatlarla
tanış olmuş və bu işin genişləndirilməsini
tövsiyə etmişdi. Bundan sonra, Şabranda bir neçə
arxeoloji ekspedisiya fəaliyyətə başlamışdı.
Həmçinin, həmin vaxt respublika rəhbərliyinə Azərbaycanın
orta əsr şəhərlərinin tarixinin hərtərəfli
öyrənilməsinin gücləndirilməsi haqqında
tapşırıqlar verilmişdi. Tapşırıqlara
uyğun olaraq, bir sıra Azərbaycan şəhərlərinin
(Gəncə, Bərdə, Naxçıvan, Qəbələ
və s.) qədim və orta əsrlər dövrü tarixinin
sistemli şəkildə öyrənilməsi
üçün arxeoloji ekspedisiyalar işə
başlamış, aparılan tədqiqatların nəticəsi
olaraq monoqrafiya və məqalələr
yazılmışdı.
Heydər Əliyevin həyatının
Naxçıvan dövrü də qeyd olunan istiqamətdə
aparılan işlərlə zəngin olmuşdur. Məhz onun təşəbbüsü və sədrliyi
ilə Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı ildə
keçirilən sessiyasında Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adından “Sovet” və “Sosialist”
sözləri çıxarılmış, muxtar respublikanın
ali hakimiyyət orqanı olan “Ali Sovet” “Ali Məclis”
adlandırılmışdı. Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağı isə
Naxçıvan MR-nın dövlət bayrağı kimi qəbul
edilmişdi. Sessiyada, həmçinin sıravi
xalq deputatı Heydər Əliyevin işləyib
hazırladığı “1990-cı ilin yanvar ayında törədilmiş
Bakı hadisələrinə siyasi qiymət verilməsi
haqqında” qərar layihəsi əsasında 20 Yanvar faciəsinə
ilk dəfə siyasi qiymət verilmişdi.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci ildə Heydər
Əliyevin sədrliyi ilə keçirilən sessiyasında
1989-cu ilin dekabrında baş verən “Sərhəd hərəkatı”nın
baş verdiyi gün – 31 dekabr “Dünya Azərbaycanlılarının
Həmrəylik Günü” elan olunmuşdu. Naxçıvanda işlədiyi
dövrdə Heydər Əliyev Naxçıvanın
muxtariyyat statusuna qarşı yönəlmiş
hücumları dəf etmiş, onu qoruyub saxlamışdı.
1992-ci ilin martında Türkiyədə olarkən ulu öndər
1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələrinə
əsasən “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır”
fikrinin bir daha vurğulanmasına nail olmaqla, həm ölkə
daxilində Naxçıvanın muxtariyyat statusunun ləğv
olunmasına çalışanlara, həm bu işdə
marağı olan xarici dövlətlərə, həm də
düşmən Ermənistana sərt mesaj göndərmişdi.
Beləliklə, həyata keçirilən bu tədbirlər
nəticəsində Naxçıvanın muxtariyyat statusu
qorunub saxlanmışdı. Ümummilli liderin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi
vaxt, həmçinin Azərbaycanda siyasi hakimiyyətinin II
dövründə də Naxçıvanın tarixinə,
tarix-mədəniyyət abidələrinə
böyük diqqət və qayğı göstərmiş,
genişmiqyaslı abadlıq və quruculuq işləri
aparılmışdır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
1993-1998-ci illərdə Naxçıvanda aparılan
abadlıq və quruculuq işlərini ümumiləşdirərək
qeyd etmişdir ki, Heydər Əliyev siyasi hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanın hər yerində
olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da quruculuq və bərpa işləri genişlənmişdir.
Bu dövrlərdə muxtar respublikada 20 məktəb
binası, uzunluğu 240 olan 30 körpü tikilərək
istifadəyə verilmişdir. Yusif Məmmədəliyevin,
M.S.Ordubadinin və Cəmşid Naxçıvanskinin ev muzeylərinin,
Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər
poliklinikasının, Naxçıvan Dövlət Dram
Teatrının, Respublika Mədəniyyət Sarayının,
tarixi Əshabi-Kəhf ziyarətgahının və İmamzadə
kompleksinin binalarının əsaslı
şəkildə bərpa olunaraq yenidən istifadəyə
verilməsi, Hüseyn Cavidin monumental abidəsinin tikintisi,
C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan
filialının fəaliyyətə başlaması və onun
üçün müasir tələblərə cavab verən
yeni binanın istifadəyə verilməsi 70-ci illərdən
başlanan quruculuq tədbirlərinin məntiqi
davamıdır.
Nəzərə
alsaq ki, sadalanan bu işlər müstəqil Azərbaycan
dövlətinin yenicə qurulduğu, hələ möhkəmlənmədiyi,
iqtisadi çətinliklər içərisində olduğu
bir zamanda yerinə yetirilmişdir, onda bu işlərin
miqyası və böyük çətinliklərin dəf
olunması hesabına həyata keçirilməsi haqqında aydın təsəvvür
yaranar.
Qeyd etmək
lazımdır ki, Naxçıvanın tarixi məsələləri,
Naxçıvanın maddi-mədəniyyət abidələri
müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi də
daim ulu öndərin diqqət mərkəzində olmuşdur.
Naxçıvanın
muxtariyyat statusuna böyük əhəmiyyət verən Heydər
Əliyev 4 fevral 1999-cu ildə “Naxçıvan Muxtar
Respublikasının 75 illiyinin keçirilməsi haqqında”
xüsusi sərəncam imzalamışdı. 11-14 oktyabr
1999-cu ildə Naxçıvan Muxtar Respublikasının təşkil
olunmasının 75 illiyində iştirak etmək üçün
Naxçıvana gələn ulu öndər muxtar respublikada
bu münasibətlə keçirilən tədbirlər
çərçivəsində milli
memarlığımızın möhtəşəm abidəsi,
XII əsrdə görkəmli memar Əcəmi Əbubəkr
oğlu Naxçıvaninin yaratdığı Möminə
xatın türbəsini ziyarəti zamanı
çıxış edərkən tarix-mədəniyyət
abidələrimizə Naxçıvan Muxtar Respublikasında
göstərilən diqqət və qayğı məsələsinə
də toxunmuş və demişdi: “Hesab edirəm ki, son illərdə
gördüyünüz iş yüksək qiymətə
layiqdir. Mən bunu çox yüksək qiymətləndirirəm,
çox məmnun olduğumu bildirmək istəyirəm. Bu
işi davam etdirmək lazımdır. Bu işi
davam etdirmək üçün nə qədər vəsait
lazım olsa – Naxçıvanın başçısına,
Ali Məclisin sədrinə deyirəm – mən bunu əsirgəməyəcəyəm.
Çünki bu, bizim müstəqil dövlətimiz
üçün, gələcək nəsillər
üçün çox lazımdır”.
Ulu
öndərin tapşırığı ilə bundan az sonra
2003-cü ildə Möminə xatın türbəsi və
Qarabağlar memarlıq kompleksində xaricdən dəvət
olunmuş mütəxəssislərin iştirakı ilə əsaslı
şəkildə bərpa və təmir işləri
aparılmışdı. Naxçıvanın maddi-mədəniyyətinin,
xüsusən Gəmiqaya abidəsinin ümumbəşəri dəyərini
və xalqımızın tarixinin öyrənilməsində
elmi əhəmiyyətini yüksək qiymətləndirən
Heydər Əliyev 2001-ci ildə muxtar respublikanın ərazisində
geniş arxeoloji tədqiqatlar aparılmasını bir vəzifə
kimi qarşıya qoymuşdu.
Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbov 26 aprel 2001-ci ildə
“Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi
haqqında” sərəncam imzaladı. 2001-ci ilin avqustunda AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA REM, NDU əməkdaşlarının
iştirakı ilə Gəmiqayaya elmi ekspedisiya təşkil
edildi, abidənin əsaslı şəkildə
yenidən öyrənilməsinə başlandı. Ulu öndərin
təşəbbüsü, tövsiyə və
tapşırıqları əsasında Ordubad rayonunun ucqar ərazidə
yerləşən Nəsirvaz kəndi
yaxınlığındakı dəniz səviyyəsindən
3906 m yüksəklikdə yerləşən Gəmiqaya abidəsinin
sonrakı illərdə də tədqiqinin sistemli şəkildə
həyata keçirilməsi dahi şəxsiyyətin
Naxçıvanın maddi-mədəniyyət abidələrinin
dərindən, ətraflı və hərtərəfli şəkildə
öyrənilməsinə diqqət və
qayğısının parlaq ifadəsidir.
Tariximizə,
mədəniyyət abidələrimizə diqqət və
qayğı ulu öndərin Azərbaycanda siyasi hakimiyyətinin
ikinci dövründə özünü daha qabarıq şəkildə
büruzə vermişdir. İlk növbədə, tarix və
mədəniyyət abidələrinin tədqiqi, təbliği
və qorunması məsələlərinin qanuniləşdirilməsi, bu məsələnin
qanunla tənzim olunması məqsədi ilə Azərbaycan
Respublikasının Konstitusiyasını hazırlayan
komissiyanın sədri kimi dahi şəxsiyyətin tövsiyəsi
əsasında 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilmiş Azərbaycan
Respublikası Konstitusiyasının 40-cı maddəsi ilə
tarixi, mədəni və mənəvi irsə hörmətlə
yanaşılması, ona qayğı göstərilməsi,
tarix və mədəniyyət abidələrinin qorunması hər
bir vətəndaşın konstitusiya vəzifəsi kimi təsbit
olundu. Ulu öndər Azərbaycan Respublikası Milli Məclisinin
qəbul etdiyi “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” və “Arxeoloji irsin qorunması
haqqında Avropa Konvensiyasına Azərbaycan
Respublikasının qoşulması barədə” qanunları
təsdiq etmişdi.
Ümummilli
liderin Azərbaycanda hakimiyyətə
qayıdışından sonra da onun fəaliyyətində Azərbaycan
tarixinin bir sıra problemlərinin yaranmış şəraitdən
istifadə edərək yenidən işlənməsi, sovet
hakimiyyəti illərində yasaq olunmuş mövzuların tədqiqi
diqqət mərkəzində olmuşdur. Bu cəhətdən Heydər
Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı
“1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” sərəncamları
xüsusilə qeyd etmək lazımdır. Məhz bu sərəncamlardan sonra XX yüzillikdə
tədqiqinə yasaq qoyulmuş, üstündən sükutla
keçilmiş ermənilərin XX əsr boyu
başımıza gətirdiyi müsibətlər,
xalqımıza qarşı həyata keçirdiyi
soyqırımları və s. sistemli tədqiqat obyektinə
çevrildi, bu məsələ ilə əlaqədar
dissertasiyalar müdafiə olundu, çoxlu monoqrafiya, kitab və
məqalələr nəşr edildi. Bu iş indi də davam
etdirilməkdədir.
Həmçinin,
ulu öndərin səyləri nəticəsində Azərbaycan
tarixində böyük xidmətləri olan bir sıra
görkəmli şəxsiyyətlərin (Fətəli xan
Xoyski, Nəriman Nərimanov və s.) üzərindən yasaq
götürüldü. Bəzi şəxsiyyətlərin həddindən
artıq
ideallaşdırılması, bəzilərinin isə kölgədə
qalması ilə barışmayan ümummilli lider hər bir
şəxsiyyətin layiq olduğu qiyməti alması
üçün bir sıra tədbirlər həyata
keçirdi. O, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı
sahəsində xidməti olan şəxsiyyətlərin xalqa
tanıdılması, adlarının əbədiləşdirilməsi
məqsədi ilə onların heykəllərini qoydurdu. O illərdə
müasirlərinin əməyi yüksək səviyyədə
qiymətləndirildi, hətta Sovet İttifaqının ən
yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı
adı və digər orden-medallarla təltif olundu. Orta əsrlərdən üzü bəri görkəmli
şair və yazıçılarımızın, tarixi və
ədəbi abidələrimizin yubileyləri keçirildi, gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynayan kinofilmlər çəkildi, bədii əsərlər
yazıldı.
Dahi şəxsiyyət
bu dövrdə XIX-XX əsrlər tarixinin öyrənilməsinə
xüsusi diqqət yetirir və qeyd edirdi ki, başqa dövrlərdən
fərqli olaraq XIX-XX əsr tariximiz daha çox təhrif
edilmişdir. Ona görə də o, 1997-ci il
yanvarın 31-də EA-nın həqiqi və müxbir üzvləri
ilə görüşündə tarixçilərin
qarşısında Azərbaycanın XIX-XX əsrlər
tarixinin obyektiv, olduğu kimi yazılmasını təxirəsalınmaz
vəzifə kimi qoymuş və demişdir: “İndi
akademiyanın qarşısında duran vəzifələrdən
biri də Azərbaycan xalqının XIX-XX əsrlər
tarixinin yazılmasıdır”.
XX
yüzilliyin əvvəllərində Şərqdə ilk
demokratik dövlət quruluşunu yaratmış Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətinə çox yüksək
qiymət verən ulu öndər onu yaradan şəxsiyyətlərə
də çox rəğbətlə yanaşırdı. Məhz
buna görə də dahi şəxsiyyət 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam
imzaladı. Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti kimi 29 dekabr 2000-ci ildə “Yeni il,
yeni əsr və üçüncü minillik” münasibəti
ilə Azərbaycan xalqına müraciət etmişdir.
Bu müraciətdə Azərbaycan tarixinə, Azərbaycan
xalqının keçdiyi tarixi yola ulu öndər səriştəli
bir tarixçi kimi nəzər salmış, XIX-XX
yüzilliyin tarixinə xüsusi diqqət yetirmişdi.
Ümummilli
lider Heydər Əliyevin həmin müraciətini “Azərbaycanın
tarixi salnaməsi” kimi səciyyələndirən akademik
İ.Hacıyev yazır ki, burada yaxın tarixə
yığcam şəkildə və müdrikcəsinə
baxılmış, baş verənlərə düzgün və
obyektiv qiymət verilmişdir. Bu mühüm siyasi sənəddə Azərbaycan
gerçəkliyi dünyada gedən proseslərin fonunda və
onun bir hissəsi kimi məharətlə təhlil olunur. Keçmişimizin və müasir tariximizin elmi-nəzəri
proqnozlarını verən bu müraciətdə
xalqımızın keçdiyi tarixi yola dərindən nəzər
salınır, mühüm tarixi proseslərə, hadisələrə,
tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir,
prinsipial münasibət bildirilir. Ulu
öndər müraciətdə kamil tarixçi səriştəsi
ilə dərin elmi-nəzəri təhlil aparmış, XX
yüzillikdəki tariximizi dövrləşdirmiş və onu
dörd mərhələyə (1. Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması üçün münbit zəminin
yaranması mərhələsi; 2. Çar Rusiyası
dağılandan sonra ölkəmizin ilk dəfə müstəqilliyi
əldə etdiyi dövr - Azərbaycan Xalq Cümhuriyyəti mərhələsi;
3. 1920-ci ilin aprelindən 18 oktyabr 1991-ci ilə qədər
olan mərhələ; 4. 18 oktyabr 1991-ci ildə “Müstəqillik
haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə
başlanan mərhələ) ayırmışdır.
Heydər Əliyev xalqımızın XX yüzillikdəki
tarixini elə dövrləşdirmişdir ki, bu tarixi başqa
cür etmək, ümumiyyətlə, mümkün deyil.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
“Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və
nəşr olunması barədə” 6 avqust 2012-ci ildə
imzaladığı sərəncama uyğun olaraq 2013-cü
ilin sonlarında Əcəmi nəşriyyatında
Naxçıvan tarixinin I cildi çapdan çıxdı.
Ümummilli liderin 90 illik yubileyinə, eyni zamanda, Azərbaycan tarixşünaslıq
elminə böyük töhfə olan bu əsər ulu öndərin
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvanın tarixinin obyektiv, dərindən və hərtərəfli
öyrənilməsi ilə əlaqədar tövsiyə və
tapşırıqlarının yerinə yetirilməsi istiqamətində
atılan növbəti nəhəng bir addım oldu.
Xalqımızın
ümummilli lideri, ulu öndər Heydər Əliyevin tariximizə,
mədəniyyətimizə, maddi-mədəniyyət abidələrimizə
hörmət, ehtiram, diqqət və qayğısı sahəsində
müəyyənləşdirdiyi siyasi kursu Prezident İlham
Əliyev uğurla davam etdirir. Dövlət
büdcəsində elmə ayrılan vəsaitin, alimlərin,
o cümlədən tarixçilərin əmək
haqlarının, elmi dərəcələrə görə
verilən maaşların artırılması, AMEA-nın
Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına Prezidentin Ehtiyat
Fondundan böyük məbləğdə vəsaitlərin
ayrılması və sair tədbirlər bu diqqət və
qayğının təzahürü kimi diqqəti cəlb
edir. Bu qayğının nəticəsidir ki, Azərbaycan ərazisində
40-dan artıq arxeoloji ekspedisiya tədqiqatla məşğul
olur, tarix və mədəniyyətimizin müxtəlif problemlərinə
aid geniş tədqiqatlar aparılır, fundamental əsərlər
yazılır.
İnanırıq ki,
Azərbaycan tarixçiləri yüksək dövlət
qayğısına cavab olaraq öz qüvvələrini səfərbər
edəcək, xalqımızın ümummilli lideri Heydər
Əliyevin tarixçilər qarşısında qoyduğu vəzifələrin,
həmçinin Prezident İlham Əliyevin tövsiyə
və tapşırıqlarının uğurla yerinə
yetirilməsi, Azərbaycanın tarix və mədəniyyətinin
tədqiqini gözləyən problemlərinin öyrənilməsi
üçün səylə çalışacaqlar.
Fəxrəddin SƏFƏRLİ,
AMEA Naxçıvan bölməsi Tarix,
Etnoqrafiya
və Arxeologiya İnstitutunun direktoru,
tarix
elmləri doktoru, professor,
Naxçıvan
MR Ali Məclisinin deputatı
Xalq qəzeti.- 2014.- 25 iyul.- S.9.