Cəlilabad:
uğurların təməlində
dövlət
qayğısı dayanır
Ölkəmizin sürətlə inkişaf edən, gözəlləşən rayonlarından biri də Cəlilabaddır. Dövlət qayğısı sayəsində burada sosial-iqtisadi tərəqqi dinamikası artmış, əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Rayon icra hakimiyyətinin başçısı yanında şuranın geniş tərkibdə iclasında bu məsələ ətraflı müzakirə olunmuş və yaxın perspektivdə görüləsi işlər nəzərdən keçirilmişdir.
İcra başçısı Əziz Əzizov “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin
cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı
çıxışından irəli gələn vəzifələr
barədə” geniş məruzə etdi və diqqəti Cəlilabadda görülən
işlərə yönəltdi.
Məruzəçi bildirdi ki, 2014-cü ilin birinci
yarımilində ölkəmizin sosial-iqtisadi
inkişafı uğurla davam etmiş, nəzərdə
tutulmuş bütün
proqram və layihələrin təqvim
planına uyğun icrası təmin edilmişdir. Hökumətin fəaliyyətində
həmişə olduğu kimi,
sosial siyasət yenə də öndə olmuşdur. Birinci yarımildə rayonun iqtisadiyyatında
da müsbət meyllər müşahidə
edilmişdir. İcra
hakimiyyəti “Azərbaycan Respubliksı regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının
inkişaf etdirilməsi, tikinti-abadlıq
işlərinin genişləndirilməsi, elektrik enerjisi, qaz və su təchizatının
yaxşılaşdırılması, meliorasiya
tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə,
mədəniyyət və idman müəssisələrinin
əsaslı təmiri və tikintisinin davam etdirilməsi məsələlərini daim diqqət mərkəzində
saxlamışdır. Birinci yarımildə
də əvvəlki illərin müsbət ənənələri davam etdirilərək
tikinti-abadlıq və quruculuq
işlərinə xüsusi diqqət yetirilmişdir.
Hazırda Cəlilabad
şəhərində yeni Heydər Əliyev Mərkəzi,
Göytəpə şəhərində ulu öndərin abidəsinin
ucaldılacağı Heydər Əliyev parkı, mədəniyyət
mərkəzi, 220 şagird yerlik Məmmədrzalı və
180 şagird yerlik Cəfərli kənd məktəbləri, Muğan kəndində 2 min tonluq
soyuducu kamera, Cəlilabad şəhər məscidində mərasim
evi tikilir, Cəlilabad Tibb Kollecinin binası əsaslı təmir
olunur. Bundan başqa, Ələt-Astara magistral yolunun Göytəpə
şəhər, Alar və Qarazəncir kəndlərinin ərazisindən
keçən hissəsində uzunluğu 15 kilometr olan 34 min
kvadratmetrlik hasarlar yenidən qurulur, vətəndaşlara məxsus
400-dən çox darvaza müasir görkəmdə olanlarla əvəz
edilir. Cəlilabad şəhərində
3 körpələr evi-uşaq
bağçasının, Kövüzbulaq
kəndində 360, İncilli kəndində
isə 100 şagird yerlik məktəblərin tikintisinə
başlanılmışdır. Bundan başqa, Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üzrə 4
istiqamətdə iş aparılır.
Altı ay ərzində 50 kilometr
kanalizasiya, 34,5 kilometr
su xətti, o cümlədən 1,5 kilometr magistral su xətti çəkilmişdir. Kənd
yollarının abadlaşdırılmasına da
ciddi diqqət yetirilir.
Hazırda 23 yaşayış məntəqəsini əhatə edən 21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd,
6 iri yaşayış məntəqəsini
əhatə edən 22,4 kilometrlik Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı
avtomobil yollarının tikintisi
davam etdirilir. Yaxın
günlərdə Alar-Günəşli avtomobil
yolunun yenidən qurulmasına
başlanılacaq. Bundan başqa,
əhalini ən çox narahat
edən Kazımabad-Göytəpə-Komanlı-Həziabad,
Muğan-Maşlıq-Söyüdlü, Xanəgah-Mikayıllı
və Təklə-Bayxanlı avtomobil
yollarının tikintisi də nəzərdə
tutulmuşdur.
Rayon üzrə 70591 hektar
taxıl sahəsinin biçini qısa
müddətdə və minimal itki ilə başa
çatdırılmış, 95,7 min ton taxıl istehsal olunmuşdur. Rayon qərargahı
kombaynların optimal dislokasiyasını və
taxılın yetişmə vaxtına uyğun
olaraq kəndlərarası hərəkətini
operativ şəkildə təşkil etmişdir. Biçin
kampaniyası dövründə heç bir yanğın hadisəsinə yol verilməmişdir. Bundan başqa,
kənd əməkçiləri tərəfindən 68,5 min ton kartof, 1,4 min ton tərəvəz, 343 ton bostan məhsulları,
423 ton meyvə,
9,2 ton ət, 51,1 ton süd və 15 milyon 314 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da
keçən ilin müvafiq
dövründəkindən xeyli çoxdur. Birinci
yarımildə kənd təsərrüfatı məhsullarının
artırılması üçün
istehsalçılara güzəştli şərtlərlə
1321 ton azot, 6 ton amofos və 60 ton kalium gübrəsi
satılmışdır. Rayon üzrə
10310 hektar suvarılan sahələrin 13,6 faizini əkin torpaqları təşkil edir. Birinci yarımildə
248,6 min kubmetr kanal lildən təmizlənmiş, 14073 hektar əkin
sahəsi suvarılmışdır.
İlin birinci
yarısında tikinti-quruculuq işlərinin
genişləndirilməsi, sənaye və kənd təsərrüfatının
inkişaf etdirilməsi yeni
iş yerlərinin açılmasına stimul olmuşdur. Bunun nəticəsidir
ki, 466 yeni, o cümlədən 145 daimi
iş yeri açılmışdır. İlin ötən dövründə rayonda fəaliyyət göstərən bank filialları və kredit
təşkilatları tərəfindən 9192 nəfərə
22 milyon 527 min manat,
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 27 nəfərə
305 min manat kredit verilmişdir. Hesabat dövründə büdcənin yerli gəlirləri 102,8 faiz
icra olunmuş,
büdcədən 13 milyon 592 min manat vəsait xərclənmişdir.
Rayon maliyyə idarəsi maliyyə vəsaitlərinin təyinatına
uyğun və səmərəli istifadəsinə
nəzarəti gücləndirmiş, alınan bütün
növ mal-materialların keyfiyyətini və
qiymətini diqqət mərkəzində saxlamışdır. DSMF rayon şöbəsi məcburi dövlət sosial sığorta haqlarından yayınma
hallarının aradan
qaldırılması, sığortaolunanların
sığorta stajlarının fərdi şəxsi
hesablarına işlənməsi üçün
davamlı tədbirlər həyata keçirmişdir.
Bütün bunların nəticəsində pensiyaçılara
22,5 milyon manat və ya ötən
ilin eyni dövrünə
nisbətən 3,2 milyon manat
çox vəsait ödənilmişdir.
İşləyən sığortaolunanlara məcburi dövlət
sığorta haqları hesabına 35,9 min
manat müavinət ödənilmişdir ki, bu da
keçən ilin birinci
yarısındakından 3,1 min manat çoxdur. Aztəminatlı
əhalinin sosial-iqtisadi problemlərinin həlli,
onların yaşayış səviyyəsinin yüksəldilməsi
və sosial yardımların
ünvanlılığının təmin edilməsi 2014-cü ilin birinci yarısında da davam etdirilmişdir. Rayon əhalinin sosial müdafiəsi
mərkəzi tərəfindən 985 ailəyə və ya 4537 nəfərə ünvanlı sosial yardım təyin edilmiş,
onlara 125 min 491 manat ünvanlı sosial
yardım ödənilmişdir.
İlin əvvəlindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin
edilməsi üçün 10/4 kv-luq 25 yarımstansiya əsaslı təmir olunmuş, yararsız naqillər və dayaqlar dəyişdirilmiş, 6 transformator yenisi ilə əvəz
edilmiş, Uzuntəpə kəndində TM-160/10 kva-lıq transformator
yarımstansiyası qurulmuşdur. Rayon qaz istismarı sahəsi tərəfindən
yeni qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılmış,
Cəlilabad şəhəri ilə Uzuntəpə kəndi
arasındakı orta təzyiqli yeraltı qaz kəmərinin 3700 paqonmetri
polietilen borularla əvəz
edilmiş,
Cəlilabad şəhərində 2700 metr yeni küçə xətti çəkilmiş,
110 ev təbii qazla
təmin edilmiş, 241 abonentə yeni qaz sayğacı qoyulmuşdur.
Sadalanan rəqəmlər ilk baxışda quru və sxolastik təsir bağışlasa da, rayonda həyatın gözəlləşməsindən, əhalinin dolanacağının get-gedə daha da yaxşılaşmasından soraq verir. Başlıcası isə möhkəm inam yaranır ki, cəlilabadlılar cari ili bütövlükdə uğurla başa çatdırmaq üçün möhkəm zəmin yaratmışlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 26 iyul.- S.6.