Prezident İlham
ƏLİYEV:
Əsas məqsədimiz Azərbaycanı
güclü sənaye ölkəsinə çevirmək
üçün
bütün imkanlardan istifadə etməkdir
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında bildirilir ki, 2020-ci ildə ölkəmizin beynəlxalq
iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli
iştirakçı statusuna yüksəlməsi
reallaşdırılacaqdır. Bu məqsədlə Azərbaycanın
əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə
alınaraq, respublikamızın regionun ticarət mərkəzinə
çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına
düşən ixrac həcminin 1000 ABŞ dollarına
çatdırılması planlaşdırılır.
Qarşıya qoyulan vəzifəni həyata
keçirmək üçün yüksək əlavə dəyər
yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və
sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma
prinsipləri əsas tutulacaqdır. Bu dövrdə
inflyasiyanın məqbul səviyyədə saxlanılması,
daha çevik məzənnə rejiminə tədrici
keçid nəzərdə tutulur. Eyni zamanda, məqsədyönlü
şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz
sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi,
qeyri-neft sənayesinin şaxələndirilməsi və
inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə imkanlarının genişləndirilməsi, aqrar
sektorun inkişafı və ərzaq təhlükəsizliyinin
gücləndirilməsi, xarici ticarətin və
investisiyaların strukturunun təkmilləşdirilməsi
prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft
sektoru üzrə ÜDM-in
orta illik real artım tempinin 7 faizdən
yüksək olması nəzərdə tutulur.
Hazırkı
mərhələdə qarşıda duran
əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, neft gəlirlərinin
səviyyəsindən asılı olmayaraq
qeyri-neft sektorunun
yüksək inkişaf tempini
gələcək illərdə də qoruyub
saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. Konsepsiyada ixracyönümlü iqtisadi
model əsas götürülmüşdür
və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin
yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi
qeyri-neft ixracının artımına səbəb
olacaqdır. Qeyri-neft sənayesinin sürətli
inkişafı ilə yanaşı, innovasiya
fəaliyyətinin təşviqi və genişləndirilməsi
ölkədə biliyə əsaslanan iqtisadiyyatın
formalaşması üçün əlverişli
zəmin yaradacaqdır.
Ad
çəkilən konsepsiyada həmçinin
vurğulanır ki, qarşıda duran məqsədlərə çatmaq
üçün ölkənin bütün imkanlarından dolğun
istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq
və ölkənin potensialının gücləndirilməsinə
şərait yaratmaq vacib
şərtdir. Bu baxımdan
enerji, nəqliyyat, tranzit
və logistika infrastrukturunun
genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət
üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin
yaradılması, şəhər və kənd yerlərində
infrastrukturun və sosial
xidmətlərin inkişaf etdirilməsi,
nəticədə, bölgələr üzrə əhalinin
yaşayış səviyyəsinin
tarazlaşdırılmasına nail
olunması nəzərdə tutulur.
“Şahdəniz-2”
layihəsinin gerçəkləşdirilməsi, Trans-Anadolu
(TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin çəkilişi yaxın gələcəkdə
Avropanın qazla təminatında Azərbaycanın
statusunu daha da yüksəldəcəkdir.
İqtisadiyyatın klasterlər əsasında inkişafı
çərçivəsində neft, qaz emalı və neftkimya
zavodlarından ibarət kompleksin inşası da
planlaşdırılır. Konsepsiyada bütün bunlarla
yanaşı, diqqətə çatdırılır ki, kompleksin təşkili
zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına,
son məhsulun istehsalına qədər olan texnoloji zəncirin
qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin
yüksəldilməsinə, bu sahədə
ixracın həcminin və çeşidinin
genişlənməsinə imkan
yaradacaqdır.
Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin investisiya
fəallığı daha da
artırılacaq, onun şaxələndirilməsi
istiqamətində zəruri addımlar atılacaq, o cümlədən xarici
ölkələrdə sərmayə qoyuluşlarına mühüm yer ayrılacaqdır. Bu isə ölkənin
enerji siyasətində etibarlılıq amilinin rolunun
artırılmasına və dünya enerji bazarları ilə inteqrasiya
əlaqələrinin gücləndirilməsinə xidmət
edəcəkdir. Eyni zamanda, qeyri-neft
sənayesinin inkişaf etdirilməsi məqsədi
ilə ölkənin malik olduğu
təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək
və onlardan istifadənin səmərəliliyi
yüksəldiləcəkdir.
Sənaye
müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi
stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri
yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi
infrastrukturunun
formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf
etdirilməsi ilə bağlı dövlət investisiya
siyasətində əsas
istiqamət olacaqdır. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı
nəzərə alınmaqla, xüsusi iqtisadi zonaların yaradılması və sənaye
şəhərciklərinin (o cümlədən, Sumqayıtda neft-kimya
məhsullarının emalı, Balaxanıda məişət
tullantılarının emalı və Gəncədə metal məmulatların istehsalı üzrə
sənaye şəhərcikləri) qurulması mühüm addımlardır.
Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya
sənayesi, metallurgiya,
maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye,
yeyinti sənayesi və s.)
inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə
yanaşı, rəqabətqabiliyyətli yeni
istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici
investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi
məqsədi ilə stimullaşdırıcı mexanizmlər
tətbiq ediləcək, ixracyönümlü
qeyri-neft sektorunun
inkişafı məqsədilə dövlət və özəl
sektorun investisiya əməkdaşlığı
inkişaf etdiriləcəkdir.
“Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının qəbulundan ötən müddətdə
sənəddə nəzərdə tutulan
tədbirlər arasında sənayenin inkişafı məsələlərinə
xüsusi önəm verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Avropanın “Neurope.eu” informasiya
portalına verdiyi müsahibədə vurğulamışdır ki, Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci illərdə sənayenin
inkişafı üçün ciddi addımlar atıldı, yüzlərlə
yeni sənaye müəssisəsi
yaradıldı. Amma SSRİ-nin
süqutu keçmiş
sovet respublikaları arasında əlaqələrin
itirilməsinə səbəb oldu.
Ümumilikdə, planlı iqtisadiyyat uğursuzluqla nəticələndi. Eyni zamanda, Ermənistanın Azərbaycana
qarşı təcavüzü, həmin dövrdə ölkədə
baş alıb gedən anarxiya,
istehsal müəssisələrinin
köhnəlməsi, texnoloji cəhətdən
gerilik iqtisadi tənəzzülə
və istehsal prosesinin
dayanmasına gətirib çıxardı. Yalnız ümummilli lider Heydər
Əliyevin səyləri nəticəsində 2000-ci illərin
əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün oldu.
Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin
müəyyən qismi xüsusi
proqramlar çərçivəsində milli iqtisadiyyatın şaxələndirilməsinə,
qeyri-neft sektorunun
inkişafına, yüksək texnologiyalı sənayenin
formalaşdırılmasına yönəldilmişdir. Elə bunun nəticəsidir
ki, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır. Bundan əlavə,
sahibkarlığın inkişafına göstərilən hərtərəfli
dəstək, iri sərmayə
proqramlarının həyata keçirilməsi, sosial-iqtisadi infrastrukturun
yenidən qurulması və qabaqcıl texnologiyalara
əsaslanan rəqabətədavamlı müəssisələrin
yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə
artmasına səbəb olmuşdur.
Prezident İlham Əliyev demişdir:” Hazırda əsas məqsədimiz
Azərbaycanı güclü sənaye
ölkəsinə çevirmək üçün
bütün imkanlardan
istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi
və modernləşdirilməsi istiqamətində müəyyən
işlər görülmüşdür.
Biz mövcud təbii
və iqtisadi resursları istehsal
dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri
və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini
sürətləndiririk. Buna görə də
2014-cü il “Sənaye ili”
elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin
ümumi planı hazırlanmış və
təsdiq edilmişdir. Eyni
zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”nın hazırlanması nəzərdə
tutulur. İnanırıq ki,
topladığımız təcrübə və Azərbaycanın
iqtisadi potensialı bizə məqsədlərimizə
çatmaq imkanı verəcəkdir”.
Göründüyü kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sənayeləşmə
siyasətinə uyğun olaraq,
ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın
formalaşdırılması, sənayenin
inkişafının sürətləndirilməsi, mütərəqqi
təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin
yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən
2014-cü ilin “Sənaye ili”
elan olunması aparılan işləri daha da genişləndirmiş
və sənayeləşməni sürətləndirmişdir.
Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli
və ixracyönümlü məhsullar istehsal edən çoxsaylı sənaye müəssisələri
fəaliyyət göstərir.
Sənayenin
dinamik inkişafını Sumqayıt
şəhərinin timsalında daha
aydın görmək olar. Ölkə Prezidenti cənab İlham
Əliyev son illərdə bir
neçə dəfə Sumqayıt şəhərində olmuş, burada sənaye
potensialının möhkəmləndirilməsinin, yeni iş yerlərinin
açılmasının vacibliyi ilə
bağlı dəyərli
fikirlər söyləmişdir. Cənab İlham
Əliyev Sumqayıtın müasir sənaye
mərkəzinə çevrilməsi üçün
konkret planların olduğunu
bildirmişdir: “Biz
Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk.
Sumqayıtı müasir sənaye mərkəzinə
çevirmək üçün konkret planlar vardır.
Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır,
yaradılmışdır. İndi isə
Sumqayıt müasir sənaye şəhəri
kimi inkişaf edir. Burada yaradılan və
tikilməkdə olan, tikiləcək sənaye
müəssisələri Azərbaycanda sənayeləşmə
proqramının icrası üçün
çox vacib rol oynayacaqdır. Artıq bu
proqramın icrasının birinci mərhələsindəyik.
Burada böyük
Sumqayıt Texnologiya Parkı
yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət
göstərir. Bu müəssisələrdə
istehsal olunan məhsullar
xaricə də ixrac edilir,
ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən
ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq
göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük
müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait
yaradılacaqdır”.
Dövlətimizin
başçısı sənayeləşmə siyasətinə
mühüm önəm verilməsi ilə
bağlı iyulun 21-də Bakının Qaradağ
rayonunun ərazisində yerləşən
“Norm” sement zavodunun açılışında isə demişdir: “Sement
zavodunun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində
bütün dövlət siyasəti öz əksini tapır. Çünki
bizim siyasətimiz ondan
ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin,
idxalı əvəzləyən istehsal
yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim
prioritetimizdir. Bildiyiniz
kimi, bu il Azərbaycanda “Sənaye ili”
elan edilib və sənaye
istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir. Yəni,
dövlət siyasətimizin bütün
istiqamətləri bu zavodda
demək olar ki, öz əksini tapıb”.
Heç şübhəsiz, Azərbaycanda son illərdə yaradılan sənaye müəssisələri,
infrastruktur layihələrinin icrası, sənayeləşmə
ilə bağlı atılan addımlar gələcəkdə
daha da gözəl nəticələrə
gətirib çıxaracaqdır. Bu gün
ölkəmizdə gedən iqtisadi proseslər
düzgün
istiqamətləndirilir və burada əsas
məsələ təhlükəsizliyi tam
şəkildə təmin etməkdir. İlk
növbədə, enerji təhlükəsizliyidir
ki, Azərbaycanda bu,
artıq tam
təmin edilib. Hazırda biz başqa ölkələrin
enerji təhlükəsizliyinə öz töhfəmizi veririk.
Azərbaycan
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin
2014-cü ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun
nitqində də iqtisadiyyatın ən mühüm
sahələrindən biri olan
sənayenin inkişafı istiqamətində görülən işlərdən ətraflı
danışmışdır: “Sənayenin inkişafı diqqət
mərkəzindədir. Texnoparklar yaradılır, dövlət burada
da öz üzərinə
böyük məsuliyyət götürür, böyük
maliyyə töhfəsini verir. Çünki texnoparkların
yaradılması, orada təmizlik işlərinin
aparılması, infrastrukturun qurulması,
yollar, xətlər və sair
- bütün bunlar
dövlət hesabına olan məsələlərdir.
Biz bunu dövlət
büdcəsi hesabına özəl sektorun
fəaliyyəti üçün edirik. Yəni, biz özəl
sektora qayğı göstəririk, real praktik addımlar
atırıq”.
Hazırda Azərrbaycanda
dövlət texnoparklar yaradır. Şirkətləri
cəlb etmək üçün lazım
gəldikdə kreditlər ayırır və bu
istiqamətdə təşviqedici addımlar atır. Dövlətimizin
başçısı ölkədə texnologiya
parkları ilə yanaşı, sənaye klasterlərinin
yaradılmasının vacibliyinə də diqqət çəkərək
demişdir: “Bu da dünyada uğur gətirən bir təcrübədir.
İnkişaf etmiş
ölkələrdə bu, vardır. Bütün
məhsulun tsikli bir
yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində
poladtökmə, metallurgiya
kombinatının, alüminium sənayesinin
inkişafı sahəsində biz bütün bu zənciri -
istehsal, emal, kiçik və orta sahibkarlığın
inkişafını təmin etməliyik ki,
Azərbaycanda son məhsul
buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə
tədbirlər də görülməlidir”.
Azərbaycanın
sənayeləşdirmə siyasətində innovativ
texnologiyaların tətbiqi də diqqət mərkəzində
saxlanılır. İqtisadiyyatın dinamik
inkişafını asanlaşdırmaq və rəqabətliliyi
artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə
əsaslanan İKT sahələrini inkişaf
etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək,
ixtisaslı mütəxəssis bazası yaratmaq
istiqamətində xüsusi addımlar atılır. Elə buna görə də Yüksək Texnologiyalar Parkı və İnformasiya
Texnologiyalarının İnkişafı Fondu
təsis edilmişdir. Hazırkı mərhələdə
innovasiyaya əsaslanan güclü
iqtisadiyyatın yaradılması əsas vəzifələrdən
biridir.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2014.- 27 iyul.- S.1.