Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası
xalqlarımızın və dövlətlərimizin
maraqlarını ifadə edir
Əməkdaşlığımız
növbəti illərdə daha da möhkəm olacaqdır.
Yeni təşəbbüslər irəli sürüləcəkdir.
Hesab edirəm ki, müəyyən mərhələdə biz
birgə investisiya fondunun yaradılması haqqında da
düşünməliyik. Çünki ölkələrimizin
maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır.
Biz heç bir problem yaşamırıq. Hətta
özümüz də başqa ölkələrə kredit
verməyə başlamışıq.
Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyevin Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə
toplantısındakı çıxışından
Bodrum, 5 iyun, 2014-cü il
Artıq
tükdilli xalqları təmsil
edən siyasətçi, politoloq və ekspertlər qətiyyətlə
söyləyirlər ki, Azərbaycan türkdilli dövlətlərin
əməkdaşlığının genişləndirilməsinə xüsusi töhfələr verir. Bu
arqumenti çoxsaylı faktlar və rəqəmlərlə əsaslandıran
hər kəs, ilk növbədə, Prezident İlham
Əliyevin çıxış və nitqlərində səsləndirilən
fikirlərə istinad edir. Çünki dövlət
başçımızın istənilən
çıxış, nitq və ya müsahibəsi mütləq
özündə mühüm reallıqları əks etdirən
faktlarla zəngin olur.
Adıçəkilən şuranın ötən
ay Türkiyənin Bodrum şəhərində
keçirilmiş IV Zirvə toplantısından sonra da bu qəbildən olan ekspert rəyləri
region ölkələrinin mətbuatında uzun müddət
işıqlandırıldı. Xatırladaq ki, Türkdilli
Ölkələrin Dövlət
Başçılarının
2009-cu ildə Naxçıvan Zirvə
toplantısında təsis olunan Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası (TDƏŞ) ötən
dövrdə böyük inkişaf yolu keçmişdir.
2013-cü ildə TDƏŞ-ə sədrlik
edən (biz qurumun Qəbələ sammitində sədrliyi
Qırğızıstandan almış, Bodrumda isə
Türkiyəyə təhvil vermişik) Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev ölkəmizin
bu qurum çərçivəsindəki əməkdaşlığa
xüsusi töhfələr verdiyini qeyd edərək
demişdir ki, ötən
müddət ərzində müxtəlif istiqamətlər
üzrə əməkdaşlığımız davam
etmişdir. Belə ki, il ərzində BMT Məclisi çərçivəsində
xarici işlər nazirlərinin görüşü
keçirilmişdir. Bu, şuranın siyasi məsələlərinin
həlli üçün önəmli bir addım idi. Eyni
zamanda, iqtisadi sahədə görülən işlər də
təqdirəlayiqdir. Biznes—forum keçirilmişdir. Diaspor təşkilatlarının
fəaliyyətini təkmilləşdirmək
üçün önəmli addımlar
atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin
görüşləri keçirilmişdir. Bundan
başqa, Azərbaycanın təşəbbüsü
ilə Türk Mədəniyyəti və İrsi Fondunun
yaradılması da artıq reallaşır. Həmin
fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə,
incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri
keçirmək üçün yaxşı imkanlar
olacaqdır.
Burada bir məqamı da yada salmaq zərurəti
var. Belə ki, dövlət
başçıları şuranın fəaliyyətini daha
da səmərəliləşdirmək məqsədilə qurum çərçivəsindəki
əməkdaşlığın istiqamətlərini
artırmağa nail olurlar. Məhz
həmin məqsədlə də Qəbələdə
keçirilən sammitdə Azərbaycan tərəfi təşəbbüslə
çıxış etmişdi ki, biz beynəlxalq turizm sərgilərində
birgə stendlərlə çıxış edək. Nəticədə Bakıda keçirilmiş
beynəlxalq turizm sərgisində Əməkdaşlıq
Şurasına üzv ölkələrin birgə fotostendi də
nümayiş etdirilmişdir. Təbii ki, bu ilk addımın həm də ümumi birliyimiz
üçün önəmi vardır. Çünki
bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən
önəmli addım olacaqdır.
Ancaq Prezident İlham Əliyevin fikrincə, türkdilli
ölkələrin əməkdaşlığının
genişləndirilməsində daha önəmli rol oynayan fəaliyyət
istiqaməti bilavasitə TÜRKSOY-dur: “Mən bu
gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək
qiymətləndirmək istəyirəm. Çünki
TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət
sahəsində birləşdirən təşkilatdır.
Bizim birliyimizin təməlində, əlbəttə
ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır
və bu gün biz bu möhkəm təməl üzərində
gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə
də fəaliyyətini gücləndirmək
üçün əlimizdən gələni edəcəyik.
Əlbəttə, siyasi məsələlərin
həllinə gəldikdə, beynəlxalq təşkilatlarda
qarşılıqlı dəstəyə böyük ehtiyac
vardır. Mən çox şadam ki, biz
üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik,
xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı,
ECO təşkilatı çərçivəsində
bir-birimizin dəstəyini hiss edirik, görürük".
Prezident İlham Əliyev türkdilli ölkələrin
mühüm beynəlxalq təşkilatlar çərçivəsində
bir-birinin mövqelərini müdafiə etməsini də
yüksək qiymətləndirib: “ Eyni zamanda, ölkələrimizin
üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq
Şurasına üzv ölkələrin fəaliyyəti də
böyük önəm daşıyır. Mən bu gün
xüsusilə hörmətli Nursultan Nazarbayevin
addımını qeyd etmək istəyirəm. O, bu
yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis
toplantısında Ermənistanın bu təşkilata
üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin
narahatlığını ifadə etmişdir. Biz
buna görə hörmətli Nursultan Abişeviçə
minnətdarlığımızı bildirmək istəyirik.
Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bu, əsl dostluq, qardaşlıq addımı
idi. Eyni zamanda, bu addım ədalətə
və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik,
BMT tərəfindən tanınan sərhədləri
toxunulmazdır. Ölkələrin ərazi
bütövlüyü toxunulmazdır. Ərazi
bütövlüyü hər bir ölkənin suverenliyini əks
etdirən əsas məsələdir”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bütün beynəlxalq
tribunalardan olduğu kimi, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının tribunasından da ölkəmizin yeganə
problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş
qalmasından dəfələrlə
narahatlığını ifadə etmişdir. Bunun
isə bir neçə mühüm əhəmiyyəti
vardır. Birinci əhəmiyyət ondan
ibarətdir ki, istənilən beynəlxalq təşkilatın
toplantısı dünya mətbuatının diqqət mərkəzində
olur. İkinci səbəb ermənilərə
himayədarlıq edən qüvvələrin türk
dünyasında qeydə alınan istənilən tədbirdə
səsləndirilən fikirləri sözbəsöz təhlil
edib nəticə çıxarmasıdır. Üçüncü səbəb isə lazım
olan mesajların bilavasitə Ermənistana göndərilməsidir.
İlham Əliyev həmişə olduğu kimi, Bodrumda da həmin
mesajı ən incə detallarına qədər yada
salmışdır: “ Bildiyiniz kimi, Azərbaycanın ərazi
bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana qarşı
işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz
torpağımız işğal altındadır, bir milyondan
artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti
aparılmışdır, Xocalı soyqırımı törədilmişdir.
Bu gün dünyanın 10 ölkəsi
Xocalı soyqırımını rəsmən
soyqırımı kimi tanıyır.
Beynəlxalq təşkilatların bu məsələ
ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan
işğalçı qüvvələrinin Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılmasına
dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə
qədər icra edilməyib. Qoşulmama Hərəkatı,
Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatı—bütün bu mötəbər təşkilatlar
öz qərar və qətnamələrində ədaləti,
beynəlxalq hüququ və əslində, Azərbaycanın
mövqeyini dəstəkləmişlər. Ancaq əfsuslar olsun ki, işğalçı
ölkə buna məhəl qoymur və işğal davam edir.
Bu məsələnin həlli yalnız beynəlxalq hüququn
norma və prinsipləri üzərində
mümkündür. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi qeyd-şərtsiz
icra edilməlidir. Ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir və
soydaşlarımız öz dədə-baba torpaqlarına
qayıtmalıdırlar. Baxmayaraq ki, orada
artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları
işğal edilmiş torpaqlara iki dəfə səfər
etmişlər və onların məruzələrində orada
bütün dağıntılar öz əksini
tapıbdır. O cümlədən, bizim tarixi, dini abidələrimiz
ermənilər tərəfindən vəhşicəsinə
dağıdılıbdır".
Bu münaqişənin
böyük regional təhlükə olduğunu , eyni
zamanda, bütün türk dünyası üçün iqtisadi cəhətdən
də böyük problemlər yaratdığını qeyd edən
Prezident xatırlatmışdır ki, buna baxmayaraq, Azərbaycan
iqtisadiyyatı son illərdə uğurlu inkişaf
dövrünü yaşayır: “Hesab edirəm ki, biz şura
çərçivəsində iqtisadi əməkdaşlığı
daha da dərinləşdirməliyik. Bu sahədə
investisiya layihələrinin icrası xüsusi önəm
daşıyır. Deyə bilərəm
ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə
investisiya qoymağa başlamışdır. Növbəti
5-6 il ərzində bu investisiyaların həcmi
ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm
ki, qarşılıqlı investisiyaların qoyuluşu həm
bizim maraqlarımızı təmin edəcək, eyni zamanda,
birliyimizi daha da möhkəmləndirəcəkdir”.
Prezident İlham Əliyevin fikrincə, biznes
forumların keçirilməsi, investisiya imkanlarının
araşdırılması, üçüncü ölkələrə
birgə investisiya layihələri ilə
çıxmağımız türkdilli ölkələrin gələcək
əməkdaşlığı üçün diqqətəlayiq
məsələlərdən biridir. Çünki bu əməkdaşlığın
ildən-ilə deyil, aydan -aya genişləndirilməsi
üçün böyük potensial, xüsusən,
mühüm yol-nəqliyyat imkanları mövcuddur: “Eyni
zamanda, bizim birliyimizi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək
üçün Azərbaycan öz səylərini qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir.
Əminəm ki, gələn ildən
başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir.
Bu layihənin həyata keçirilməsi
şuranın bütün üzvləri üçün əlavə
fayda gətirəcəkdir. Çox
şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm
Türkmənistanda mövcud olan limanlar genişləndirilir.
Eyni zamanda, Xəzərdə yeni ticarət
limanları tikilir ki, gələcəkdə biz yük
daşımalarının artırılmasına tam şəkildə
hazır olaq. Limanların,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin
artırılması, əlavə yüklərin və
mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı
artıracaqdır, eyni zamanda, işimizi konkret tədbirlərlə
zənginləşdirəcəkdir”.
Bu gün bütün dünyanın, xüsusən,
Avropanın Azərbaycanla hərtərəfli əməkdaşlıq
etməsinin əsas səbəblərindən biri də
ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına və enerji
mənbələrinə malik olmasıdır. Dövlət
başçımızın fikrincə, qardaş türk
xalqlarının Azərbaycanın bu imkanlarından daha çox bəhrələnməsi
bizim hamımızı maraqlandırmalıdır: “Enerji sahəsində əməkdaşlıq
uğurludur. Bu gün Azərbaycan Xəzərin
şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının,
neftin nəqlini təmin edir, yəni, tranzit rolunu oynayır.
Bakı-Tbilisi-Qars dəmir yolu işə
düşəndən sonra bu rol daha da artacaqdır. Biz enerji sahəsində əməkdaşlığı
daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün
imkanlar vardır. Bizi birləşdirən
coğrafiya geniş coğrafiyadır. Bizim
ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir.
Bu resurslar artıq müxtəlif yollarla
dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm
Qazaxıstanın, həm Azərbaycanın müstəqil və
çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı
heç bir problem yaşamır. Ancaq
maraqlarımızı daha da dolğun şəkildə təmin
etmək, birliyimizi möhkəmləndirmək
üçün biz bu sahədə birgə tədbirləri
görməliyik və əminəm ki, görəcəyik”.
Bir sözlə, Azərbaycanın
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasındakı fəaliyyətini ölkəmizin bu məkandakı
dostluq və qardaşlıq münasibətlərinin
inkişafına verdiyi töhfə kimi qiymətləndirənlər
tamamilə haqlıdırlar. Həm Bakıda, həm də
qardaş ölkələrin hamısında bütün rəsmilər
inanırlar ki, bizim əməkdaşlığımız
növbəti illərdə daha da möhkəm
olacaqdır. Təbii ki, birgə fəaliyyət
nəticəsində yeni təşəbbüslər
irəli sürüləcəkdir.
Ən başlıcası, Azərbaycan şuradakı fəaliyyətinə
çox böyük əhəmiyyət verir. İnanırıq
ki, xalqımız və dövlətimiz bu əməkdaşlığın
böyük səmərəsini görəcəkdir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 27 iyul.- S.3.