Lənkəran: sürətlə
dəyişən, gözəlləşən diyar
Kürəyini yamyaşıl dağlara söykəyib, ayağını Xəzərin ləpələrində yuyan “cənub mirvarisi” Lənkəran indilər daha da cazibədar görünür. Yay Günəşi sularda, aynabəndlərdə bərq vurur, dağlardan əsən sərin meh havanı ətirləndirir. Lənkərana dincəlməyə, təbiətlə candaş olmağa gələnlərin sayı-hesabı bilinmir. Yüksək zövqlə yaradılmış müasir istirahət mərkəzləri turistlərlə doludur. Bu qədim diyar cənub bölgəsinin şəriksiz tarixi, mədəni, elmi mərkəzi, mayakıdır. Elə müsafirləri cəlb edən də bu amillərdir.
Son illərdə Lənkəranda abadlıq yürüşü güclü
sıçrayışlarla davam edir. Şəhər rəhbərliyi də, müvafiq qurumların işinə cavabdeh olanlar da, adi vətəndaşlar
da bu gözəlliyi qorumaq və artırmaq üçün
ciddi səylər göstərirlər. Bu günlərdə
ŞİH başçısı yanında keçirilən şura iclasında diqqət məhz tərəqqi
meyillərinə yönəldilmişdir.
İcra başçısının birinci
müavini İlqar Dadaşov gündəlikdə duran
məsələni iştirakçıların nəzərinə
çatdırdıqdan sonra “2014-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi
inkişafı sahəsində görülmüş
işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin
cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı
çıxışından irəli gələn vəzifələr
barədə” məruzə etdi.
Məruzəçi bildirdi ki, ölkə
üzrə olduğu kimi,
Lənkəran rayonunda da
sosial-iqtisadi inkişaf
artan templə davam etmişdir. Altı ay ərzində
rayonda ümumi məhsul
buraxılışı 3,8 faiz artaraq 144,7 milyon manat olmuşdur. Sənayedə
9,5 milyon manatlıq və ya
ötən ilin müvafiq
dövrünə nisbətən 8,8 faiz çox məhsul buraxılmışdır.
Qeyri-dövlət sənaye sektorunda istehsal ümumi həcmin
66,8 faizi qədərdir.
Aqrar sahədə də uğurlar davam etdirilmişdir.
29,5 milyon
manatlıq kənd təsərrüfatı
məhsulu istehsal olunmuşdur
ki, bu da əvvəlki dövrə nisbətən
6 faiz çoxdur.
Sahibkarlığın inkişafı sayəsində sənayedə
istehsalın həcminin 66,8 faizi, aqrar bölmədə
99 faizi və pullu xidmətlərin
77,4 faizi özəl bölmənin
payına düşür. Altı ay ərzində Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən iş adamlarına 964 min 500 manat güzəştli kredit verilmişdir.
Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin
giriş qapısı olan
Ürgə-Göyşaban kəndi ərazisində, beynəlxalq
hava limanı yolunda,
şəhərin Akademik Zərifə
Əliyeva, F.Məmmədov, Ş.Axundov,
P.Təhməzov, Koroğlu küçələrində
və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağlayla
üzlənmiş, səkilərə tamet
və yan daşları düzülmüş,
müasir küçə
işıqlandırıcıları
quraşdırılmışdır. Milli
Qəhrəman Əsgər Əliyev adına park
yenidən qurulmuş, burada
dekorativ ağac və
gül kolları əkilmişdir. Qəhrəmanın büstü
yenidən mərmər üzlüklə işlənmişdir.
Xocalı soyqırımı abidə-kompleksinin arxasındakı guşə yenilənmiş,
abidə ətrafına qranit döşənmişdir.
Şəhərdə bu yöndə
işlər davam edir.
Azərbaycan
Respublikası Prezidentinin müvafiq
sərəncamı ilə ayrılmış 5 milyon
602 min manat vəsaitə
uyğun olaraq 10 min nəfər əhalinin
yaşadığı üç
yaşayış məntəqəsini birləşdirən
18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolu yüksək
səviyyədə tikilərək istifadəyə verilmişdir. Lənkəran Şəhər İcra
Hakimiyyətinin müraciətinə əsasən “Azəryolservis”
ASC tərəfindən ikinci dərəcəli
Ələt-Astara magistral avtomobil
yolunun Lənkəran rayonu
ərazisindən keçən hissəsinin
abadlaşdırılması həyata keçirilir.
Bundan başqa,
altı ayda icra
hakimiyyəti tərəfindən dövlət vəsaiti
hesabına şəhərdaxili küçələrdə
25000 kvadratmetr yol əsaslı
təmir edilmiş, Darquba,
Boladi kəndlərində və Liman şəhərində, ümumilikdə,
7750 kvadratmetr yola asfalt döşənmişdir.
Rayonda müvəqqəti məckunlaşmış
70 məcburi köçkün ailəsinin
sosial problemlərinin həlli istiqamətində
müntəzəm iş aparılır,
onların müraciətlərinə həssaslıqla
yanaşılır.
Birinci yarımildə rayonda
1325 yeni iş yeri açılmışdır ki, onların da böyük əksəriyyəti daimi xarakterlidir.
Əhalinin elektrik enerjisi və təbii
qazla normal təchiz
olunması, şəhərin içməli su
və kanalizasiya sisteminin
yenidən qurulması, digər kommunal xidmətlərin
həcminin və keyfiyyətinin yüksəldilməsi üzrə
də zəruri tədbirlər həyata keçirilmişdir.
Abonentlərin sayı
3103 nəfər olan 6 kənd
yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir.
Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 54
yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir. Rayonun Tükəvilə-Diryan-Gəgiran, Hirkan-Daşdatük-Biləsər
avtomobil yollarında və Daşdatük
kəndi ərazisində Bəşəruçayın üzərində
yeni körpülər
salınmışdır.
İlqar Dadaşov hesabat məruzəsində rayonun
təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin
işləri barədə də məlumat verdi,
nailiyyətləri göstərməklə bərabər, bəzi
nöqsanları da diqqətə
çatdırdı.
Turizmin inkişafı ilə əlaqədar
şəhərdə 11 mərtəbəli beşulduzlu
otel-kottec kompleksinin tikintisi davam etdirilir.
Məruzəçi
qeyd etdi ki, müasirliyi ilə
seçilən Lənkəran Gənclər Mərkəzinə
gələnlərin burada təkcə asudə
vaxtları xoş keçmir,
onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün
hər cür şərait
yaradılmışdır.
Mərkəzdə idman dərnəkləri
fəaliyyət göstərir və milli intellektual oyunlar keçirilir. Rayon gənclərinin
hərbi xidmətə yola salınması
da Lənkəranda bir
qayda kimi təntənəli
şəkildə təşkil olunur.
Birinci
yarımildə şəhər icra hakimiyyəti başçısı yanında
şuranın 12 iclası keçirilmişdir.
İclaslarda 15 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.
Altı ayda şəhər icra hakimiyyəti başçısının
24 qəbulu təşkil olunmuş və
709 vətəndaş dinlənilmişdir. Həmin dövrdə icra
başçısı ayrı-ayrı yaşayış yerlərində
22 səyyar qəbul-görüş keçirmişdir.
Görüşlərdə 8060 nəfər iştirak
etmişdir. Hər kəsin
danışması, fikirlərini açıq söyləməsi
üçün hərtərəfli
şəraitin yaradıldığı birbaşa
ünsiyyət tədbirlərində vətəndaşlar tərəfindən
235 məsələ qaldırılmışdır. Yerindəcə
həlli mümkün olan
məsələlər dərhal çözülmüş,
qalan məsələlər tədbir
görülməsi üçün nəzarətə
götürülmüşdür.
Məlum olduğu kimi, 2014-cü il cənab Prezident İlham Əliyev tərəfindən “Sənaye
ili” elan edilmişdir. Bununla əlaqədar
Lənkəran sahibkarları və iş
adamlarına rayonun iqtisadi
tələbatına uyğun istehsal və emal müəssisələrinin
yaradılması tövsiyə edilmişdir. Artıq şəhərdə
1 çörək zavodu, yem
fabriki tikilib istifadəyə
verilmiş, digər çörək zavodunun və “Lənkəran mexanikləşdirmə”
MMC-də yeni istehsalat
sexlərinin tikilməsinə başlanılmışdır. İstehsal müəssisələri fəaliyyətə
başladıqdan sonra burada
380 nəfərin işlə təmin olunması nəzərdə
tutulmuşdur.
Məruzə
ətrafında müzakirələrdə Lənkəran şəhəri
üzrə maliyyə şöbəsinin rəisi İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı
İstismarı İdarəsinin rəisi Allahyar
Salayev, ŞİH
başçısının
şəhər 1 nömrəli sahə inzibati
ərazi dairəsi üzrə nümayəndəsi Nail Əbilov və çörək zavodunun direktoru Fikrət Xəlifəli iştirak etdilər. Onlar ilin 6 ayında öz sahələrində
görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat
verdilər.
Şura iclasının yekununda
növbəti yarımildə qarşıda duran
vəzifələri uğurla icra etməkdən, mövcud
nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və
təşkilat rəhbərlərinə konkret
tapşırıqlar verildi.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar
qəbul edildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 27 iyul.- S.4.