Azərbaycanda ekoloji siyasət
sistemli şəkildə həyata keçirilir
Bəşər tarixində insanların təhlükəsiz və sağlam mühitdə yaşamaları düşünən beyinləri həmişə narahat edib. Lakin buna baxmayaraq, əsrlər boyu bu məsələlərə lazimi diqqət yetirilməyib, ekologiyanın qorunmasına biganə münasibət bəslənilib. Totalitar rejim zamanı daha çox qarşıya qoyulan plan və tapşırıqların icrası, istehsalın artırılması önə çəkilib. Hər hansı bir yeni müəssisə yaradılanda, təzə yaşayış məskəni salınanda ekoloji problemlərə axırıncı məsələ kimi baxılırdı, insan amili, demək olar ki, unudulurdu.
Sovet rejiminə xas olan
bütün bu meyillərə
baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi 1969-1982-ci illərdə
respublikamızda ekoloji məsələlərin
həllinə böyük diqqət və
qayğı göstərilirdi. 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçilmiş Heydər Əliyev sənaye və kənd təsərrüfatının
dirçəldilməsi, elm və mədəniyyətin
inkişaf etdirilməsi sahəsində böyük işlər görməklə
yanaşı, ətraf mühitin
mühafizəsi, ekoloji problemlərin
vaxtında həll olunması, yaşayış məskənlərinin
abadlaşdırılması və
yaşıllaşdırılması məsələlərinə
də daim diqqətlə
yanaşırdı.
Unudulmaz rəhbər qarşıda duran digər
mühüm vəzifələrlə
yanaşı, iri sənaye şəhəri
olan Bakıda əhalinin
sağlamlığının qorunması üçün
vacib olan
yaşıllıqların salınması, Dənizkənarı
bulvarda isə Milli Park yaradılması ideyasını irəli sürdü. Onun təşəbbüsü
və gərgin əməyi
nəticəsində Bakıda və Abşeron
yarımadasında yaşıllaşdırma işləri geniş vüsət aldı. O zamanlar
“Bakını yaşıllaşdırmaq ümumxalq
işidir!” şüarı altında tez-tez iməciliklər keçirilirdi.
Ulu öndərin Azərbaycana rəhbərliyinin
birinci dövründə Bakıda
yaşıllıqların sahəsi 3,4 dəfə genişləndirilərək
9,6 min hektara
çatdırılmışdı.
O illərdə
Bakının içməli su ilə təminatı,
kanalizasiya problemlərinin həlli istiqamətində
də vacib addımlar atılırdı. Lakin Azərbaycan müstəqil dövlət
olmadığı üçün bu sahələrdə sərbəst siyasət
yürütmək çətin olurdu. Təsadüfi deyil ki, 1991-ci ildə Azərbaycan
müstəqilliyini bərpa edəndən sonra
ətraf mühitin və ekologiyanın
mühafizəsi sahəsində dövlət siyasətinin əsası
məhz ümummilli lider
Heydər Əliyevin hakimiyyəti dövründə formalaşmağa başladı. 1993-cü ilin ikinci yarısından
etibarən Bakı və Abşeronun
yaşıllaşdırılmasına, pozulmuş
ekoloji tarazlığın bərpasına,
təbiətə vurulmuş yaraların
sağalmasına yenidən, bu dəfə
müstəqillik şəraitində, daha
böyük əzmkarlıqla başlamaq mümkün oldu. Heydər Əliyevin bu
sahədə həyata keçirdiyi tədbirlər
sırasında Abadlaşdırma və Park-Bağ
Təsərrüfatının İnkişafı Departamentinin yaradılması mühüm
yer tutur.
Ekoloji siyasətə dair ilk
rəsmi sənəd olan “Azərbaycan
Respublikasının Ekoloji
Konsepsiyası”nda ölkəmiz üçün
ətraf mühitin mühafizəsi
baxımından mühüm əhəmiyyət
kəsb edən problemlərin həlli üzrə əsas
prinsiplər öz əksini tapdı.
Sağlamlıq və ətraf mühitin mühafizəsi
baxımından hüquqi-normativ
aktların hazırlanması və qəbul edilməsi sahəsində
bir çox işlər
görüldü. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi
“Ekoloji təhlükəsizlik haqqında” Qanun ulu öndər tərəfindən
təsdiq olundu. 2000-ci ildə bu istiqamətdə daha iki hüquqi
sənəd – “Ətraf mühitin
mühafizəsi haqqında” və “Xüsusi
mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” qanunlar qəbul
edildi.
XX əsrin
sonlarına yaxın ətraf mühitin
mühafizəsi ümumbəşəri səviyyədə
narahatlıq doğurduğu üçün bu sahədə
fəaliyyət göstərən beynəlxalq təşkilatların
qarşılıqlı əlaqələrini genişləndirmək
xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan Respublikası 1997-2000-ci illərdə
Türkiyə, Norveç, Gürcüstan,
Qazaxıstan, Moldova, Rusiya
Federasiyasının Dağıstan Respublikası ilə ətraf
mühitin mühafizəsi sahəsində
hökumətlərarası birgə əməkdaşlıq
sazişləri imzaladı, bir sıra beynəlxalq
konvensiyalara qoşuldu.
Azərbaycan Respublikası Avropa
Energetika Xartiyasının Protokolunu
imzaladı. 1997-2000-ci illər ərzində “Tükənməkdə
olan vəhşi heyvan
və bitki növlərinin beynəlxalq
ticarəti üzrə”, “Səhralaşmaya qarşı
mübarizə üzrə”, “Atmosferin ozon qatının mühafizəsi üzrə”,
“Ətraf mühitə təsirin transqranik
kontekstdə qiymətləndirilməsi üzrə” və
“Ətraf mühitlə bağlı informasiya
əldə etmək üzrə” konvensiyalar
Azərbaycanın Milli Məclisi tərəfindən
ratifikasiya edildi.
1998-ci
ildə Azərbaycan Respublikası hökuməti tərəfindən
“Ətraf mühitin mühafizəsi
üzrə Milli Fəaliyyət Proqramı”
qəbul edildi. 1999-cu ilin
əvvəllərində Xəzər dənizi üzrə
beynəlxalq ekoloji proqramı həyata
keçirmək üçün Bakı
şəhərində Xəzər Ekoloji
Mərkəzi fəaliyyətə başladı. 2003-cü ildə ulu öndər bir sərəncamla
iki milli proqramı –
“Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair “Milli Proqram” və “Azərbaycan
Respublikasında meşələrin bərpa edilməsi və
artırılmasına dair Milli
Proqram” təsdiq etdi.
Müstəqilliyimizin
o ağır illərində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin
yaşıllaşdırma, abadlaşdırma, ekologiya
və ətraf mühütin qorunması
sahəsində gördüyü böyük işlərlə yalnız fəxr
etmək olar. Dövlətin ətraf mühitin
və ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi hər bir
işdə Heydər Əliyevin Azərbaycan təbiətinə
vurğunluğu, əhalinin
gümrahlığına və gələcək nəsillərin
sağlam mühitdə böyümələrinə
qayğısı vardı.
Ümummilli lider Heydər
Əliyevin ətraf mühitin mühafizəsi
istiqamətində əsasını qoyduğu
ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın mövcud
sosial-iqtisadi inkişafı bu sahəyə daha çox diqqət yetirməyə, böyük vəsait ayırmağa,
irimiqyaslı layihələr həyata keçirməyə imkan verir. Son
illər respublikamızda sosial-iqtisadi
proseslər sürətlə inkişaf
etdiyinə görə ekoloji siyasətdə
yeni prinsiplərin işlənməsini, strateji siyasətin yürüdülməsini zəruri
edir. Artıq ekoloji
siyasət dövlət proqramlarının qəbul edilib yerinə yetirilməsi şəklində
həyata keçirilir. Bu
proqramlarda nəzərdə tutulan işlər üçün
konkret vaxtın və maliyyə vəsaitinin
əks olunması ekoloji siyasətin sistemli və mükəmməl şəkildə
həyata keçirilməsinə imkan
yaradır.
Prezident İlham Əliyevin 2004-cü ildə
təsdiq etdiyi “Azərbaycan
Respublikasında yay-qış otlaqlarının, biçənəklərin
səmərəli istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair
Dövlət Proqramı”nda torpaqların eroziyaya
uğramasının və şoranlaşmasının
qarşısını almaq, mühafizəsini gücləndirmək,
ondan istifadənin səmərəsini
artırmaq və biomüxtəlifliyin qorunub
saxlanılmasını təmin etmək məqsədilə bir sıra tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub.
2006-cı ildə Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün
Kompleks Tədbirlər Planı”nı təsdiq
etməsi ilə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsi
dövlət siyasətinin əsas istiqamətlərindən
birinə çevrildi.
Bu
kompleks tədbirlər planında ətraf
mühitin mövcud vəziyyətinin
bərpasına yönəldilmiş bütün
əsas fəaliyyət istiqamətləri öz
əksini tapdı. Belə ki, tədbirlər
planında Bakı buxtasının, Bibiheybət
zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron
yarımadasının göllərinin, neftlə çirklənmiş
torpaqların, lay suları altında
qalmış sahələrin və digər istehsal
tullantıları ilə çirklənmiş ərazilərin
ekoloji vəziyyətinin
yaxşılaşdırılması, bərk məişət
tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində
formalaşan tullantıların idarə
olunmasının təkmilləşdirilməsi və s. məsələlərin həlli mexanizmləri
dəqiqliklə göstərildi.
Bakı
şəhərinin və Abşeron
yarımadasındakı yaşayış massivlərinə kanalizasiya xəttinin çəkilməsi, mövcüd təmizləyici qurğuların
müasirləşdirilməsi və yeni təmizləyici
qurğuların tikilməsi istiqamətində tədbirlər
görüldü. 2009-cu ilin
sonunda Hövsan aerasiya stansiyasının istifadəyə verilməsi və Xəzərə
axıdılan kanalizasiya sularının
qarşısı alınaraq aerasiya
stansiyasına yönəldilməsi Bakı buxtasının tədricən
təmizlənməsinə müsbət təsir edəcəkdir.
Xəzərin
ekoloji vəziyyətinin
yaxşılaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin “Xəzər dənizinin
çirklənmədən qorunması üzrə bəzi tədbirlər
haqqında” sərəncamından irəli gələn məsələlərin
həlli istiqamətində beynəlxalq standartlara
cavab verən
modul tipli lokal çirkabtəmizləyici qurğular quraşdırıldı. Bu istiqamətdə təkcə 2008-2009-cu illər
ərzində gündə 6140 kubmetr
çirkabtəmizləmə gücünə malik
16 stansiya istismara verildi. Nəticədə,
aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin xeyli aşağı düşdüyünü
göstərdi. Çirkli suları təmizləyən
modul tipli qurğulardan yaradılmış “Xəzər
dənizinin ekoloji mühitinin
mühafizəsi sistemi”nin
fəaliyyəti nəticəsində Abşeron yarımadasının şimal hissəsini əhatə edən Bilgəh,
Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıtın sahilboyu 86 kilometrlik ərazilərində
bataqlıqlaşmış sahələrin və çirkab gölməçələrin 80 faizi qurudularaq ekoloji tarazlıq bərpa olundu.
Bu görülən işlərin nəticəsidir
ki, hazırda vətəndaşlarımız
çimərliklərdən daha səmərəli
istifadə edirlər.
Azərbaycan
Respublikası Xəzəryanı dövlətlər
arasında yeganə ölkədir ki, dənizin
və onun akvatoriyasının çirklənmədən
təmizlənməsi üzrə kompleks tədbirləri
həyata keçirir. Bu tədbirlərin növbəti
illərdə də davam etdirilməsi Xəzər
akvatoriyasının daha da
təmizlənməsi ilə nəticələnəcək və
Abşeron yarımadasının Xəzər
dənizini çirkləndirən mənbələrin
sıradan çıxarılmasına nail
olunacaq.
Bundan əlavə, 24 mart 2006-cı ildə
Prezident İlham
Əliyev “Azərbaycan Respublikasında bioloji
müxtəlifliyin qorunması və davamlı istifadəsinə
dair Milli Strategiya və Fəaliyyət Planı”nın
təsdiq edilməsi haqqında sərəncam imzaladı. Beləliklə,
təbii sərvətlərimizin mühüm
tərkib hissəsi olan bioloji
müxtəlifliyin,
yəni bütün yaşayış
mühitlərində, o cümlədən
quruda, dənizdə və digər su ekosistemlərində və s.
ekoloji komplekslərdə mövcud
olan canlı orqanizmlərin qorunması üçün tarixi bir addım atıldı. Qeyd
edək ki, hökumət tərəfindən
2010-2014-cü illəri əhatə edən ekoloji sahədə tədbirlər planı da artıq yekunlaşmaq
üzrədir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bu istiqamətdə
çox vacib işlər
aparılır və ciddi yanaşmalar
var.
Azərbaycan MDB və
Avropa Şurası ölkələrinin ətraf
mühitin mühafizəsinə dair ekoloji təhlükəsizliyin
təmin olunmasında və qanunvericiliyin
uyğunlaşdırılmasında, təbii resursların səmərəli
istifadəsində, ekoloji sistemin
qorunmasında maraqlıdır. Son illər
ölkəmizdə ekologiyaya dair 25-dən çox qanun qəbul olunub. Azərbaycan
ətraf mühit və təbiətdən
istifadə ilə bağlı 20-dən çox
beynəlxalq konvensiyaya, razılaşmaya qoşulub. Zəngin təbii ehtiyatlara
malik Azərbaycan xüsusi
qorunan ərazilər şəbəkəsinin
yaradılmasına böyük diqqət yetirir. Qısa müddətdə xüsusi qorunan təbii ərazilərin
sahəsi ölkənin ümumi ərazisinin
10 faizinə çatdırılıb.
Azərbaycan
dövlətinin ekoloji siyasətində iqtisadi inkişafın ekoloji
tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk
növbədə həll olunması, gələcək nəsillərin
imkanları məhdudlaşdırılmadan çağdaş
nəsillərin
rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir.
Göründüyü kimi, Azərbaycan dövlətinin
ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası ekoloji
problemlərin operativ həll edilməsinə,
ətraf mühitin mühafizəsi istiqamətində
ardıcıl və səmərəli tədbirlərin
görülməsinə əlverişli şərait
yaradıb. Ulu öndər
Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə
sayğısız münasibət göstərilməsinə
qarşı barışmazlığı və qətiyyəti
bu gün Azərbaycan
Prezidenti İlham
Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilib.
Dövlət başçısının təşəbbüsü
və dəstəyi ilə reallaşdırılan layihələr
Azərbaycanda ekoloji problemlərin tezliklə
yoluna qoyulacağına inam
yaradır.
On
bir ildir ki, dövlətimizin rəhbəri İlham Əliyev Azərbaycanın ekoloji problemlərini planlı surətdə,
ardıcıllıqla həll etmək üçün
bir-birindən rəngarəng, möhtəşəm layihələrin
həyata keçirilməsi istiqamətində mühüm
işlər görür. 2014-cü ilin altı
ayının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş
müşavirədəki yekun nitqində Prezident İlham Əliyev ekolji məsələlərin həlli sahəsində
görülən işləri qiymətləndirərkən demişdir: “...Ekologiya məsələlərinə daim diqqət göstərilir. Altı ayda həm Bakıda, həm də bölgələrdə
iki milyondan çox ağac əkilibdir.
Mən həmişə deyirəm ki, bu daimi proses
olmalıdır. Biz nə qədər çox ağac əksək,
xüsusilə Abşeron
yarımadasında, o qədər də
insanların sağlamlığına xidmət etmiş oluruq”.
Lakin ekologiyanın qorunması tək dövlətin
işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər
böyük rol
oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizin ekoloji problemlərinin kəskinləşdiyi indiki zamanda hər birimiz təbiətin qorunmasında öz məsuliyyətimizi dərk etməliyik.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi,
qısa müddətdə
Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə
irəli sürülən təşəbbüs, sadəcə,
zərurətdən doğan bir ideya deyil,
ölkə başçısının əhalinin sağlam mühitdə yaşamasına
göstərdiyi böyük
qayğıdır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin bu addımı beynəlxalq təşkilatlar tərəfindən
maraqla qarşılanmış və
yüksək qiymətləndirilmişdir.
Doğma Vətənimiz Azərbaycanın təbiətinin,
havasının, suyunun bizə və gələcək
nəsillərimizə nə dərəcədə vacib olduğunu bir daha dərindən dərk
etməliyik və hər birimiz ekologiyanın, ana təbiətin
qorunmasına can yandırmalıyıq. Bununla da biz unudulmaz
rəhbərimiz Heydər Əliyevin ruhunu
şad etmiş
olarıq.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2014.- 27 iyul.- S.4.