Görkəmli alim, pedaqoq,
ictimai-siyasi xadim
Filosoflardan
biri yazır ki, “insan özünü təbiətin,
Tanrının yaratdığı dünyanın bir hissəsi
hesab edəndə, özünün bu dünyanın taleyinə
məsuliyyət daşıdığını başa
düşəndə şəxsiyyət olur. Ömür
günlüyünə, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinə
yaxından bələd olduğum, Azərbaycanın
ictimai-siyasi həyatında, elmi dairələrdə kifayət
qədər yaxşı tanınan, böyük nüfuz və
hörmət qazanan professor Zahid Qaralov, sözün əsl mənasında,
belə şəxsiyyətlərdəndir. Bir insan kimi
özündə xeyirxahlıq, canıyananlıq, ləyaqət,
yüksək əxlaqı keyfiyyətləri birləşdirən,
vicdanının hökmündən kənar bir hərəkətə
qərar verməyən professor Zahid Qaralov mənalı və
şərəfli bir ömür yolu keçib. Bir alim, müəllim
və pedaqoq kimi həyatını Azərbaycan elminin
inkişafına, doğma xalqının təhsilinə,
maariflənməsinə sərf edib.
Altı yüzdən artıq elmi əsərin, onlarca
sanballı monoqrafiyanın, habelə “Heydər Əliyevin elmi
irsi” ikicildliyinin müəllifi olan, yüz əlli nəfərdən
artıq elmlər namizədi və doktoru yetişdirən Zahid
Qaralov 1934-cü il iyulun 10-da Gürcüstanın
Başkeçid rayonunun Ormeşən kəndində anadan
olub. Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini
bitirib. Pedaqoji elmlər doktoru, professordur.
Respublikanın əməkdar müəllimidir, Moskvadakı
Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının
akademiki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının
və İdarə Heyətinin üzvüdür. Dövlətə, xalqa sədaqətlə xidmət
edən Zahid Qaralov 1995-2005-ci illərdə Milli Məclisin
deputatı olub.
Elmə, təhsilə maraq göstərən
Zahid müəllim ilk gündən Allahın
yaratdığı nadir varlıq kimi insanın daim təkmilləşməli,
kamilləşməli olduğunu qət edib. Amma onu da yaxşı bilib ki, bütün bunlar
üçün başlıca vəzfə mübarizədir,
insanın özü-özü ilə mübarizəsi. Nahaq demirlər ki, “Kim özünə qalib gəlsə,
o dünyaya qalib gələr.” Məhz bunun nəticəsidir
ki, Zahid Qaralovun elmi-pedaqoji fəaliyyətinin ayrı-ayrı mərhələlərində
apardığı nəzəri tədqiqatlar nəinki ali məktəb tələbələri, hətta
yetkin tədqiqatçılar üçün də zəngin
mənbə rolunu oynayır. 1976-cı ildə
Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun
direktoru təyin olunan alim bir neçə dərslik və dərs
vəsaitinin müəllifidir. Üç
cildlik “Tərbiyə”, həmçinin “İdeologiya və mənəviyyat”
fundamental əsərləri Azərbaycanın pedaqoqika tarixində
xüsusi yer tutur. Z.Qaralov həm də “Həyat
bilgisi” dərsliyinin müəllifidir. Bu fənnin
tədrisi ilə bütün təbiət, cəmiyyət,
insan təfəkkürü haqqında elmlərə inteqrasiya
edilir.
Hazırda Yeni Azərbaycan Partiyasının
Səbail rayon təşkilatının sədri kimi
üzvü olduğu partiyaya sədaqəti, Azərbaycan
dövlətçiliyinə yorulmaz xidməti professor Zahid
Qaralova böyük hörmət qazandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı
ilə respublikamızda pedaqogika elminin inkişafında xidmətlərinə
və respublikanın ictimai-siyasi həyatında səmərəli
fəaliyyətinə görə “Şərəf” ordeni ilə
təltif edilib.
Ömrünün 80-ci ilini yenicə geridə
qoyan Zahid Qaralovun mənalı, zəngin həyat yolunu,
elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətini bütün
dolğunluğu ilə gözlərimiz önündə
canlandıranda önəmli bir məqam xüsusi maraq
doğurur. Ulu öndər Heydər Əliyev hələ
1999-cu il iyulun 10-da Zahid Qaralovun 65 illiyi
münasibəti ilə yubilyara ünvanladığı təbrik
məktubunda yazırdı: “Mən Naxçıvanda olarkən
yanıma gəlməyini, bir sıra məsələlər
barəsində söhbət apardığımızı
yaxşı xatırlayıram. O zaman – 1992-ci ildə mənimlə
əlaqədar mətbuatda çıxan yazıların da
yaxşı xatirimdədir. Mən bunları
yüksək qiymətləndirirəm. Biz
həmişə bir yerdə olmuşuq. Bu
gün də bir yerdəyik, gələcəkdə də bir
yerdə olacağıq. Görüləcək
işlərimiz çoxdur”.
Bu, dahi şəxsiyyətin Zahid müəllimin
səmərəli fəaliyyətinə və sədaqətinə
verdiyi böyük qiymət idi. Yeri gəlmişkən,
XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan
özünün çox həssas dövrünü
yaşayarkən Zahid Qaralov ulu öndər Heydər Əliyev
ideyalarının müdafəsinə qalxan, onun
yayılmasına töhfə verən şəxslərdən,
ziyalılardan biri olub. Onun bu sahədə
müstəsna xidmətləri danılmazdır.
Cəmiyyətin ağrılarına heç zaman biganə
qalmağı bacarmayan Zahid müəllim həmişə belə
bir həyat fəlsəfəsinə söykənir: “Nə qədər
ki, insan ağrı hiss edir, o, yaşayır. Nə
qədər ki, insan başqalarının
ağrılarını hiss edir, o, insandır.” Ötən əsrin 90-cı illərində Zahid
Qaralov da ölkəsinin bir çox vətənpərvər,
ləyaqətli və cəfakeş ictimai-siyasi xadimi kimi
bütün Azərbaycanın ağrısını hiss
edirdi, qəlbən yaşayırdı. Elə
bu ağrılar onu siyasi mübarizəyə, yenicə
müstəqillik qazanmış Vətəninin demokratik
quruculuq prosesinə qoşulmağa məcbur etdi. Təhdidlər, yüksək vəzifə vədləri,
təqiblər Zahid müəllimin Azərbaycanın
ağrısını sağaldacaq ümummilli lider Heydər
Əliyev şəxsiyyətinə olan inamını qıra
bilmədi, əksinə, onun mübarizə əzmini daha da
gücləndirdi. O Yeni Azərbaycan Partiyasının
yaradılması və Heydər Əliyevin hakimiyyətə gəlməsi
üçün məşhur 91-lərdən biri kimi ona
müraciət edərkən də, dəfələrlə
Naxçıvana gedərək Heydər Əliyevin yanında
olarkən də Azərbaycanın gələcək taleyini
düşünüb, Vətənimizə dərin sədaqət
nümayiş etdirib.
Məlum hadisələr baş verdikdən sonra Azərbaycanda
gedən ağır və mürəkkəb prosesləri əks
etdirən “Hər dövrün öz kitabı var” və
“Əbədiyyətə gedən yollar” kitabları müstəqil
dövlətimizin ilk dövrünün salnaməsi kimi ölkəmizin
tarixinə düşüb.
Xatırladım ki, Heydər Əliyev
ideyalarına sədaqət, etibar, inam bu gün də davam
edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyev tərəfindən
ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun
uğurla reallaşdırılmasında Zahid Qaralov da səyini
əsirgəmir.
Görkəmli alimin keçdiyi şərəfli,
mənalı ömür yolu barədə “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında “Ön söz”ün müəllifi
olan yubilyar yazır: “Mən çox sadə, adi həyat
yaşamışam. Alimlərdən,
ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən
dərs almışam və bu dərsləri özümdən
sonra gələnlərə doğru-düzgün ötürməyə
çalışmışam. Keçmişimizlə
gələcəyimiz arasında möhkəm körpü
yaratmışam. Heç kəsi incitməmişəm.
Kimə nə etmişəmsə, bunu
özümə borc bilib etmişəm. Heç
kəs mənə borclu deyil. Təmtəraqlı
məclisləri sevməmişəm. Heç
vaxt var-dövlət toplamağa meyl göstərməmişəm.
Ulu öndər Heydər Əliyevin dediyi kimi, həyatda
nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz
zəhmətimə minnətdaram. Mənim ən
böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı,
ağıllı övladlarım, qədirbilən alim tələbələrim,
müxtəlif kollektivlərdə birgə
çalışdığım gözəl insanlar,
dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.
Zahid müəllimin pedaqoji
yaradıcılığının, bu sahədə bir alim
kimi səmərəli fəaliyyətinin nəticəsi kimi
onun yeni, müasir təlim yaratması da diqqət çəkir. Xatırladım ki, professor, əsasında ideologiya,
mənəviyyat və tərbiyə məsələləri
dayanan bu təlimin milli-mənəvi dəyərlərimizə
uyğun təhlilini aparıb. Bu zaman
klassik və hazırki tərbiyə üsullarının vəhdətini
nəzərdən keçirib, İslam dininin yüksək əxlaqi
keyfiyyətlərinin tətbiqi yollarını göstərib.
Zahid Qaralov yazır: “Ulu öndər Heydər
Əliyevin dediyi kimi, gərək ömrünü xalqa
bağışlayasan. Gərək
gördüyün işlərlə, əməllərinlə
doğma xalqına xidmət edəsən. Mən
60 ildir sərbəst yaradıcılıqla məşğulam.
Bir çox alimlər yetişdirmişəm.
Mən öz rəhbərlərimdən, alimlərdən,
siyasi xadimlərdən öyrənmişəm, həyatda təcrübə
qazanmışam. Öyrəndiklərimi, əldə
etdiyim təcrübəni gələcək nəsillərə
ötürürəm”. Bu səmimi ifadələr
alimin keçmişinə, müəllimlərinə böyük
ehtiramından, böyük ürək sahibinin yüksək əxlaqından
xəbər verir.Professor bu gün də doğma Vətənin
tərəqqisinə yorulmaz işi ilə öz töhfəsini
verir. İstimai-siyasi həyatda fəallığı
ilə fərqlənir, elmi-pedaqoji sahədə uğurlu tədqiqatlarını
davam etdirir.
Zahid müəllim bir sıra beynəlxalq
konqreslərdə sanballı elmi məruzələrlə
çıxış etmişdir. Onun təhsil
quruculuğu sahəsində 60 il fasiləsiz
iş təcrübəsi və 100-dən çox dövlətin
təhsil sistemlərinin, eləcə də dünya təhsil
sistemləri quruculuğu tarixinin öyrənilməsi və təhlili
əsasında gəldiyi elmi nəticə təkcə Azərbaycanda
deyil, bir sıra xarici ölkələrdə də
böyük maraq doğurub. Bu ilin fevral
ayında Türkiyənin İstanbul şəhərində
dünyəvi təhsil problemlərinə həsr olunmuş
beynəlxalq konfransda “Təhsil sistemi quruculuğunun elmi əsasları”
mövzusunda məruzəsi də həmin aktual məsələyə
həsr edilib. Yeri gəlmişkən,
hörmətli profesorun sözügedən konfransda səsləndirdiyi
təkliflər dünyanın müxtəlif ölkələrindən
İstanbula gələn alimlərin diqqətini çəkib.
Görkəmli alim dövri mətbuatdakı
çoxsaylı çıxışlarında Azərbaycanın
ictimai-siyasi, elmi həyatı ilə bağlı ən aktual məsələlərdən,
problemlərdən bəhs edir, vətəndaş və
ziyalı mövqeyini əks etdirir. Məsələn,
Zahid müəllim yazır ki, təhsil
anlayışının meydana gəldiyi ilk illərdən
günümüzə qədər yaradılmış
çoxsaylı təhsil quruculuğu nəzəriyyələrinin
və sistemlərinin heç birini mükəmməl
ölçü vahidi kimi qəbul etmək mümkün deyil.
Çünki bunlar qloballaşma və inteqrasiya
proseslərinin tələblərinə cavab vermir. Bütün nəzəriyyələr və sistemlər
dünyanın inkişafından geridə qalır; təbiətdə,
cəmiyyətdə və insan təfəkküründə
baş verən hadisələrin bütöv halda və
düzgün dərk olunmasına apara bilmir.
Professora görə, vəziyyətdən
çıxmağın, dünya xalqlarının inkişaf
dinamikasını sürətləndirməyin,
insanlığı maddi və mənəvi böhranlardan
qorumağın, hər şeyi insan inkişafının istəyinə
yönəltməyin iki yolu var: Birinci yol mövcud sistemləri
və nəzəriyyələri əsaslı şəkildə
təkmilləşdirməkdir. İkinci yol isə
dünyanın hər bir ölkəsində yüksək səviyyəli
müasir milli təhsil sistemi quruculuğu nəzəriyyəsi
hazırlamaq üçün xüsusi beyin mərkəzi
yaratmaq və onun səmərəli işləyə bilməsinə
hərtərəfli imkan və şərait yaratmaqdır.
Həmin mərkəzin əsas vəzifəsi
ayrı-ayrı ölkələrin beyin mərkəzlərində
hazırlanmış nəzəri konsepsiyaları dərindən
təhlil edərək qiymətləndirmək, bəşəriyyəti
daha yaxşı inkişaf etdirməyə yararlı olan
mükəmməl nəzəriyyələri seçmək,
kütləvi tətbiqinə əsaslandırılmış
zəmanət və elmi tövsiyələr verməkdir.
Zahid müəllimin başqa bir
maraqlı, diqqətçəkən fikrinə də nəzər
salmaq istərdim. Professorun fikrincə,
mehriban birgəyaşayış mühiti yaratmaq
üçün dünyanın hər yerində eyni vaxtda bir
sıra əməli tədbirlər keçirilməli və
bunlar insanların, millətlərin, icmaların həyat
normasına çevrilməlidir.
Zahid Qaralov deyir ki, birgəyaşayış
mühitinin əsas prinsipi bərabərlikdir. Bərabərlik insan haqlarini qorumaq, mikro və
makromühitdə sülh yaratmaq prinsipidir. Bu gün (həmişə) insanlar, ailə üzvləri,
etniklər, millətlər, müxtəlif insan qrupları,
icmalar, dövlətlər arasındakı
narazılıqların, münaqişələrin, müharibələrin,
üz-üzə dayanmağın, düşmənçiliyin
əsas səbəbi bərabərlik prinsipinin bu və ya digər
dərəcədə pozulmasıdır. Müəyyən
hallarda cinayətlər də bərabərlik prinsipinin
pozulmasından yaranır...
Zahid müəllimin İslama düşmənçilik
mövqeyində duran mürtəce ideologiyalar barədə
fikirləri də böyük maraq doğurur. Professor yazır ki, son illərdə İslama, bu dinə
etiqad edənlərə qarşı ayrı-seçkilik
halları güclənməkdədir. Ayrı-seçkiliyin
mənbəyi dözümsüzlük və diskriminasiyadır.
Bunların hər ikisi etik normaların ziddinə
olduğuna görə aradan qaldırılmalıdır.
Etik prinsiplərin pozulmasına bu gün hər yerdə –
Avropada, Mərkəzi Asıyada, Şimali Amerikada, xüsusilə
Müstəqil Dövlətlər Birlıyində daha
çox rast gəlmək olur. Dözümsüzlüyün
və diskriminasiyanın daşıyıcısı, təkanvericisi
İslama düşmənçilik mövqeyində duran
mürtəce ideologiyalardır. Belə ideologiyalarda eynilə antisemitizm siyasəti
üstünlük təşkil edir...
Professora
görə, dünyanın təhsil müəssisələrində
tərbiyənin əsas məzmunu mürtəce
ideologiyaların, onlardan törəyən siyasi sistemlərin,
mənfi əxlaqın cəmiyyət həyatındakı
ziyanlarının açıqlanmasına, onları həyatdan
silib atmaq üçün mübarizlik ruhunun
formalaşmasına, insanların sülh şəraitində birgə
yaşamasının qarantı olan tolerantlığı,
dözümlülüyü, həmrəyliyi,
qarşılıqlı hörmət və yardımın təşkilini,
bütün dinlərə və həmin dinlərə inanan
insanlara, mədəniyyətlərə, eyni ölçülərlə
yanaşmağı öyrədən dəyərlərdən
ibarət olmalıdır.
Bizim hər birimiz ətrafımızda
və öz içimizdə nə əkiriksə, nəticədə,
onu da toplayırıq. Professor Zahid Qaralov ətrafına
da, içinə də bütün mənalı həyatı
boyu xeyirxahlıq, səmimiyyət, ləyaqət, Vətən
sevgisi, yüksək əxlaq və vicdan toxumları səpib.
Əminik ki, bunlardan ancaq “bərəkətli və sağlam məhsul”
yetişəcək.
Arzuman MURADLI,
politoloq
Xalq qəzeti.- 2014.- 27 iyul.- S.6.