Təbiət vurğunu, tədqiqatçı alim
Azərbaycan
xalqı dünya sivilizasiyasına görkəmli simalar,
tanınmış elm xadimləri
bəxş etmişdir. Onlardan biri də bütün mənalı
ömrünü elmin inkişafına həsr etmiş Azərbaycanın
ilk qadın akademiki Validə Xaspolad qızı Tutayuq
olmuşdur.
O,
1914-cü il sentyabrın 23-də
Qarabağın dilbər guşəsi olan Şuşa
şəhərində anadan olmuşdur. 1930-cu ildə Şuşa
şəhər 9 illik orta
məktəbini bitirən Validə Tutayuq
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
bağçılıq və bostançılıq fakültəsinə
daxil olmuşdur.
1932-ci ildə institutun bağçılıq kafedrasına preparator vəzifəsinə qəbul edilən
V. Tutayuq elə həmin vaxtdan
etibarən burada axşam
təhsili almaqla yanaşı, əmək
fəaliyyətinə başlamışdır.
Atası Xaspolad Tutayuq Qroznı şəhərində doğulmuş, sonra isə
təhsilini Peterburq Meşə
Akademiyasında almışdır. Akademiyanı əla qiymətlərlə
bitirdikdən sonra o, Qarabağ meşələrinə gözətçi
təyin edilmişdir. Şuşa
şəhərində təyinatla meşəbəyi işləyən X. Tutayuq
uzun müddət ailə
qurmamışdır. Nəhayət, o, dövrünün ən savadlı
qadını olan və rus
dilini mükəmməl bilən Südabə
xanımla ailə həyatı qurmuşdur.
Bu ailə Azərbaycana, sözün
əsl, mənasında korifeylər bəxş etmişdir. Belə ki, Xaspolad bəyin oğlu Murad Tutayuq çox
savadlı fizik
olmuşdur. O, Naxçıvanda
yaşamış və burada fizika-riyaziyyat müəllimliyi ilə məşğul
olmuşdur. Akademik Həsən
Əliyev, xalqımızın ümummilli
lideri Heydər Əliyev, görkəmli fizik, akademik Həsən Abdullayev və onlarca
tanınmış görkəmli alim Murad müəllimin ən sevimli
şagirdləri olmuşlar. Ulu öndərimiz Heydər Əliyev öz xatirələrində qeyd
edirdi: “Murad müəllim
mənim ən sevimli müəllimim olmuşdur. O, mənimlə dərsdən əlavə
də məşğul olurdu. O, sözün əsl mənasında, çox savadlı və əsl pedaqoq idi və öz sənətini çox
sevirdi”.
Gəncədə dəmiryolçu
ailəsində doğulan
professor A. A. Yatsenko-Xmelevski,
akademik V. P. Jukovski, A.
A. Feodorov, A. Q. Doluxanov
və başqa
görkəmli rus
alimləri şəxsi xatirələrində qeyd edirdilər ki, Gəncədə
yerləşən Kənd Təsərrüfatı İnstitutunun botanika
kafedrası bizim və SSRİ-nin
görkəmli botaniklərinin doğma
evinə çevrilmişdir. Biz
Talışda, Böyük
və Kiçik Qafqazda botaniki ekspedisiyalardan sonra həmin
kafedrada herbarilərin təyin edilməsi,
elmi məsləhətlərin
alınması, yerli şəraitin geomorfoloji xüsusiyyətlərinin öyrənilməsini
həyata keçirirdik. Bəzən bu ekspedisiyalara azərbaycanlı
tələbələr də cəlb edilirdi.
Belə tələbələrdən biri
də öz çevikliyi
və savadı ilə diqqəti çəlb edən,
hamımızın sevimlisi Validə Tutayuq
idi. O, herbarilərin hazırlanması, təyini
və elmi diskussiyalarda
fəal iştirak edirdi.
Validə xanım rus dilini
mükəmməl bildiyindən ekspedisiyaların çoxuna dəvət alırdı.
Görkəmli rus bioloqları Validə Tutayuqun
bir alim kimi yetişməsində çöl
ekspedisiyalarının böyük rolu olduğunu dönə-dönə
qeyd edirdilər. Hələ tələbə
ikən professor S. V. Krainski
onu özünün bütün tədqiqatlarına və
ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi
məqsədilə Zaqafqaziya zonasında
aparılan ekspedisiya xüsusilə
maraqlı və məhsuldar olmuşdur. Onu da deyək ki, V. Tutayuq həmin
ekspedisiyanın briqadiri kimi
müəyyən yaşayış məntəqələrinin
meyvə bağlarını sərbəst tədqiq etmək
tapşırığı almışdır. Professor
S. V. Krainski onu qozmeyvəlilər
üzrə toplanmış materialın tədqiq edilməsi
işinə cəlb etmiş və onlar birlikdə 100-ə qədər yunan qozu və
fındıq bitkisinin botaniki
təsvirini vermişdilər. Xatırladaq ki,
bu, Validə xanımın ilk
elmi işi idi.
Həmin dövrlərdə
artıq Moskva və Leninqradda
Azərbaycan üçün
milli kadrların hazırlanmasına
başlanmışdır. Validə Tutayuqun
fenomenal tədqiqatçılıq
qabiliyyətinə malik olmasını
görən akademik P. M. Jukovski
ona çoxləçəkli
çiçəyi olan bitkilərlə,
xüsusilə onun ən maraqlı
orqanı - çoxləçəkli çiçəklə
məşğul olmağı təklif etmişdir.
Validə xanımın namizədlik
dissertasiyası “Şəbbügülündə çoxləçəkliliyin
təbiəti” adlanırdı. O, bu obyekt üzərində birinci
dəfə kiçik ixtira
edir: şəbbügülün xaricdən
steril çoxləçəkli
çiçəklərində ləçəyin içərisində
tozcuqla birlikdə toz
kisəciyi inkişaf edir.
Şəbbügülündə çoxləçəklilik
nişanəsi içərisində müəyyən faiz çoxləçəkli nüsxələri
olan adi çiçəyə
malik toxumları vasitəsilə nəslə
keçir.
Validə Tutayuq K. A. Timiryazev
adına Kənd Təsərrüfatı Akademiyasının
aspiranturasını bitirdikdən sonra Azərbaycan
Kənd Təsərrüfatı İnstitutuna
qayıdır və 1939-cu ildən botanika
kafedrasına başçılıq edir.
Eyni zamanda, o, SSRİ-nin
müxtəlif zonalarında örtülütoxumlu
bitkilərin nümayəndələrində çoxləçəkli
çiçəklərin tədqiqatını davam etdirir. Çoxləçəkli
çiçəklərin öyrənilməsinə aid bütün materiallar bir yerə toplanaraq doktorluq
dissertasiyasında yekunlaşdırılır. Beləliklə,
Validə Tutayuq 1949-cu il
mayın 11-də Leninqrad şəhərində,
SSRİ Elmlər Akademiyası V. L. Komarov
adına Botanika İnstitutunun
elmi şurasında “Çoxləçəkli
örtülütoxumluların embriologiyası” adlı doktorluq dissertasiyasını uğurla
müdafiə edir. O, həm də 35
yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur.
Özünəməxsus
tədqiqat üsulu və
yaratdığı elmi əsərlər onu SSRİ-də və xarici
ölkələrdə məşhur alimlərin
sırasına çıxarmışdır. V. X. Tutayuq 1959-cu ilin avqustunda Kanadada (Monreal) keçirilən botaniklərin beynəlxalq
konqresində çoxləçəkli çiçəklərin
çoxillik tədqiqatının nəticələrinə
dair ingilis dilində məruzə
ilə çıxış edir. Həmin
məruzəsi və “Çoxləçəkli
çiçəklərin quruluşu”
monoqrafiyasının dərc edilməsi müəllifi və onun tədqiqatlarını nəinki Sovet İttifaqında, hətta bir
sıra xarici ölkələrdə də
tanıtdırır.
Validə Tutayuq Azərbaycanda milli
kadrların yetişməsində böyük
əmək sərf etmişdir. Onun yetişdirdiyi milli kadrlar nəinki botanika kafedrasının formalaşmasında,
eləcə də Azərbaycanda botanika elminin inkişafında yaxından iştirak edirdilər. 1957-ci ildə Azərbaycan
EA-nın Botanika İnstitutuna
direktor təyin olunan
V. Tutayuq burada
çalışdığı illərdə onlarca
azərbaycanlı gənci Leninqrad və Moskva şəhərindəki Botanika
və Fiziologiya institutlarında müxtəlif
ixtisaslar üzrə aspiranturaya
göndərmişdir. Görkəmli azərbaycanlı
alimin rəhbərliyi altında Aqrar Universitetin botanika kafedrasında Kiçik
Qafqazın və qərb
rayonlarının, eləcə də Naxçıvan MSSR-in
otlaq sahələrinin geniş
geobotanika tədqiqatları aparılmış və onların
yaxşılaşdırılmasına dair
təkliflər
hazırlanmışdır.
Qarabağı,
xüsusən də doğma
Şuşanı hədsiz dərəcədə sevən Validə
xanım orada
bitki aləminin öyrənilməsi
üçün böyük
elmi ekspedisiya təşkil
etmişdir. Həmin ekspedisyada Qarabağın nadir
və endem bitkiləri toplanaraq
çoxsaylı elmi məqalələr
yazılmış və 100 minə
yaxın herbari
toplanmışdır. İndi həmin
nümunələr Azərbaycan Dövlət Aqrar
Universitetinin
biologiya kafedrasının herbari fondunun əsasını
təşkil edir. Elmi
sunrətdə təyin edilmiş bu herbarilər,
əsasən, Kəlbəcər-Laçın ərazisində
toplanmışdır. Qarabağ ekspedisiyasına cəlb edilmiş
100 nəfər alim və tələbə
düşərgədə qurulmuş
çadırlarda məskunlaşaraq bitki növlərini
toplayır və elmi təyinat
aparılırdı. Yeri gəlmişkən,
Şuşanın cıdır düzünün
“Xarı bülbül” bitkisinin bioekoloji xüsusiyyətləri ilk dəfə V. Tutayuq tərəfindən öyrənilərək
elmi məqalə formasında çap edilmişdir. Bundan sonra bütün
dünya botanikləri bu
nadir bitkinin məhz Şuşa endemi olduğunu qəbul etmişlər.
Akademik Validə Xaspolad
qızı Tutayuq Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və morfologiyası,
sitologiyası və filogeniyası sahəsində elmi işlər aparmış, Azərbaycanın milli “Bitki anatomiya”sı məktəbini
yaratmışdır. O, həm də Azərbaycan dilində ilk “Bitki anatomiyası və
morfologiyası” (1958, 1967, 1979) dərsliklərini
yazmışdır. Sonralar həmin dərsliklər
rus (1972, 1980, Moskva
şəhəri), gürcü (1984) və
başqa dillərə tərcümə edilmişdir.
Validə
xanımın rəhbərliyi altında Ü.Ağamirov,
G. Ağayev, İ. Qədirov, S.Qədimova,
L. Sadıqova, L. Turçaninova, C.
Bağırov, B. Mehtiyeva, B.Əliyev, Y. Allahverdiyev, Z. Hümbətov,
Z.İsmayılova və başqaları tərəfindən
müxtəlif iqlim və torpaq
şəraitində bitən ağac, kol, bəzək, meşə yem
bitkilərinin morfo-anatomik və ekoloji xüsusiyyətləri, ağac
və kol bitkilərinin assimilyasiya
etməyən orqanlarındakı yaşıl plastidlərin təbiəti,
talış meşələrinin üçüncü dövr
nümayəndələrinin morfo-anatomik morfoloji xüsusiyyətlərinin öyrənilməsi,
“Örtülü toxumluların mənşəyi
və onların qədim qrupları”, “Çiçəyin
teretologiyası”, talış meşələrinin ağac reliktləri və s.
əsərlər yazılmışdır.
Tanınmış
pedaqoq alim Validə Tutayuqun oxuduğu hər bir
mühazirə tələbələr tərəfindən xüsusi maraqla
qarşılanardı. Onun aydın diksiyası, səs tonunun
ahəngliyi, təqdim olunan mövzunu tələbələrə elmi dəlillər və həyati misallarla çatdırması mühazirəni
sanki
nağıllar aləminə çevirirdi.
Validə xanımın
universitetimizdə
yaratdığı biologiya
kafedrasında çalışan keçmiş
tələbələri bu ən-ənəni
indi də davam etdirirlər.
Akademik V. X. Tutayuq Azərbaycan elminin inkişafında, yüksək ixtisaslı kənd təsərrüfatı
kadrlarının, habelə elmi-pedaqoji
işçilərin hazırlanmasında göstərdiyi xidmətlərə
görə “Əməkdar elm xadimi” adına layiq görülmüş,
bir sıra orden və
medallarla təltif edilmişdir.
Validə xanım ulu öndərimiz
Heydər Əliyevə çox böyük rəğbət bəsləyirdi. O, öz tələbələrinə
ümummilli liderimizlə olan
şəxsi görüşləri haqqında ürək dolusu ilə söhbət açardı. Heydər
Əliyevin Siyasi Büroya
üzv seçilməsi Validə
xanımı hədsiz dərəcədə sevindirmişdi.
Hətta o, teleqram vurub Heydər Əliyevi bu
münasibətilə Azərbaycan ziyalıları adından təbrik
etmişdi. O, həmişə deyərdi ki, Heydər Əliyev Azərbaycanın qəhrəman
oğludur, xalqımızın gələcəyidir,
onun Siyasi Büroya üzv
seçilməsi Azərbaycana çox xeyir gətirəcəkdir. Validə xanım
xatirələrində söyləyirdi ki,
Heydər Əliyevlə görüşəndə ona 11 kitabımı və elmi
monaqrafiyamı bağışlamışdım. Təsadüfi
deyildi ki, Azərbaycan Milli Elmlər Akademiyasının 50 illik yubileyində ulu
öndər demişdir: “Validə
xanım mənə 11 kitabını bağışlayıb,
mən onlarla tanış oldum,
kitabda Azərbaycan təbiəti və bitkilər aləmi elmi dəllilərlə
tədqiq olunur. Bu kitablar elmin inkişafı
ilə bərabər, Azərbaycanın dünyada
tanınmasına da xidmət edir, digər alimlər də öz
işlərində Validə xanım kimi
olmalıdır”.
Ümummilli lider Heydər
Əliyev 2000-ci ildə Gəncədə
sakinlərlə görüşü
zamanı isə belə demişdir: “ Bəli,
mən Validə xanımı yaxşı
tanıyırdım. O, çox böyük bir alim idi, ona
böyük hörmətim var idi. Allah
ona rəhmət eləsin! Mən Naxçıvanda orta
məktəbdə oxuyanda Validə
xanımın böyük qardaşı Murad Tutayuq mənim fizika müəllimim olubdur. Murad Tutayuq çox
yaxşı bir müəllim idi. Əlbəttə, onda
mən Validə xanımı tanımırdım. Mən gənc
idim. Orta məktəbi
16 yaşında bitirmişdim. Amma 16 yaşına qədər biz üç il fizika keçirdik
- onu Validə xanımın qardaşı
Murad Tutayuq
aparırdı və mənə də çox
yaxşı təhsil verdi. Çünki fizika, riyaziyyat, başqa elmləri,
ümumiyyətlə, mən
hamısını yaxşı öyrənmişdim. Amma onları daha da yaxşı bilirdim”.
Validə Tutayuq təbiət vurğunu
idi. O, bitkilərin insanı başa düşməsi və pis niyyətləri hiss etməsini, hətta onların küləklə rəqs
etməsini, nəğmə deməsini poetik
surətdə izah edirdi.
Validə Tutayuq ekspremental
surətdə müsiqinin çiçəklərin
asanlıqla açılmasına
və daha da təravətli olmasına təsir etməsini elmi
mülahizələrlə sübut etmişdir. Təbiəti, poeziyanı və yaradıcılığı hədsiz
dərəcədə sevən
Validə xanım hətta dahi bəstəkarımız
Fikrət Əmirovla birlikdə “Xarı bülbül”
adlı opera da yazmağa başlamışdı. Təəssüf
ki, amansız ölüm
hər iki korifeyin
işlərini yarımçıq qoydu.
Validə xanım mənəvi
cəhətdən çox sağlam bir insan idi. Allaha çox
inanırdı, müqəddəs
kitabımız Qurani-Kərimi iş
otağında saxlayırdı. İraqa səfəri
zamanı sovet
səfirliyindən icazə alaraq İmam Hüseynin qəbrini
ziyarət edəndə xalqımıza, ailəsinə xoşbəxtlik
arzuladığını diləmişdi.
Validə Tutayuq 1980-ci il dekabrın
12-də dünyasını dəyişdi. Bu,
onun doğmaları ilə yanaşı, tələbələri
üçün də son
dərəcə ağır itki idi.
Zaur
HÜMBƏTOV,
Azərbaycan Dövlət
Aqrar Universitetinin
Validə
Tutayuq adına biologiya kafedrasının müdiri,
biologiya elmləri doktoru,
Bəhman
ƏLİYEV,
kafedranın professoru
Xalq qəzeti.- 2014.- 1 iyun.- S.7.