Bir ovuc təbəssüm, bir dünya işıq...

 

1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü

 

Bu gün iyunun 1-dir. Bu tarix bütün dünyada uşaqların müdafiəsi günü kimi qeyd edilir. Əsas məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin  demokratik ənənələr əsasında qurulmasına yönəltmək olan bu əlamətdar tarix 1949-cu ildən başlayır. Həmin il qadınların beynəlxalq demokratik federasiyasının Moskvada keçirilən növbəti sesssiyasında 1 iyunun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd edilməsi qərara alınıb və o vaxtdan da hər il geniş qeyd edilir. Bu günü uşaq bayramı da adlandırırlar. Biz də bu bayram münasibətilə istər respublikamızda, istərsə də bütün dünyada yaşayan uşaqları təbrik edir, onlara, məşhur mahnıda deyildiyi kimi, aydın səma,parlaq günəş və bol-bol sevinc arzulayırıq. Qoy səhərlərimiz atəş səsləriylə deyil, körpə gülüşləriylə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin!

Əgər bu dünyanın ələyindən keçməmiş, boyağı ilə rəngdən-rəngə düşməmiş saflığı, təmizliyi, həqiqəti görmək istəyirsinizsə körpə gözlərinə baxın.  Dünya boyda  işıq var o gözlərdə. Ömründən keçəcək hər günün, hər ilin zərrə-zərrə, damla-damla oğurlayacağı işıq...

Tanrı sanki insanlığı xilas etmək üçün  kiçik “mələkləri”- körpələri göndərir yer üzünə. Göndərir ki, körpə çöhrəsindən süzülən saflıq əridib yox etsin dünyanın günahlarını. Amma təəssüf ki, qoca dünya günahını çox vaxt körpə gözlərindən axan yaşlayumaq” istəyir.  Qayğısız,  xoşbəxt gülüşləriylə dünyanın dodağında təbəssüm olmağa gələn uşaqlar  bəzən mənasız çəkişmələrin, amansız müharibələrin qurbanı olurlar. Dünyanın bir çox yerlərində alovlanan müharibə ocaqları minlərlə körpənin ölümünə, şikəst və sahibsiz qalmasına səbəb olur. Saf, kövrək körpə qəlbləri, taleləri çilik-çilik olub insanlığa yeni günahlar qazandırır. Və nəhayət Dünya əsrlərdən bəri törətdiyi cinayətlərin məhkəmə çağırışını alır. Suriyalı bir uşağın dilindən. “Hər şeyi Allaha deyəcəm”-demişdi gülmək üçün gəldiyi həyatdan ağlayaraq gedərkən.

Erməni qəsbkarlarının Azərbaycan torpaqlarına ərazi iddiasıyla törətdikləri qətliamlar vaxtilə yüzlərlə körpəmizi də açılmamış qönçə kimi soldurdu. Yüzlərlə uşaq valideynsiz qaldı, talelərinə istər fiziki, istərsə də mənəvi cəhətdən şikəstlik damğası vuruldu. Dövlətimizin qayğısı nə qədər yaralarına məlhəm olsa da, bu şikəstliyi daşımaqdan tamamilə qurtula bilmədilər.  Bəziləri ana nəvazişinin,bəziləri ata  güvəncinin nə olduğunu unutdu. Əvəzində çadır evlərin bumbuz ögeyliyini yaşadılar. Və beləcə ürəklərində nisgil, gözlərində nifrətlə böyüdülər.

Dövlətimiz isə hər zaman  öz qayğısını uşaqlardan əsirgəməmiş, körpələrin  azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılmışdır. Respublikamızda uşaqların sosialhüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunvericinormativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş  Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də “İnsan hüquqları haqqında” Ümumdünya Bəyannaməsi, Uşaq hüquqları Bəyannaməsi, BMT-nin Uşaq hüquqları Konvensiyası, Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

Bu gün Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikasının Prezidentinin 6 fevral 2006-cı il  tarixli fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır.

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi  məqsədilə  hökumət ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atmışdır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının  həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmışdır. Bu istiqamətdə başlanan işlərin 2006-2015-ci illəri əhatə edən “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı çərçivəsində davam etdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan valideyn himayəsindən məhrum olmuş uşaqların, küçə uşaqlarının, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görmüşdür.  Valideyn himayəsindən məhrum olmuş  uşaqların orta-ixtisasali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün, Azərbaycan Respublikasının “Yetimvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunu qəbul edilmişdir. Belə uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri də “De-institusionalizasiyaya alternativ qayğı üzrə Dövlət Proqramının” qəbul edilməsi olmuşdur.

Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün son 14 il ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən 45 fərman və sərəncam imzalanmış, Milli Məclis tərəfindən 23 Qanun və Nazirlər Kabineti tərəfindən 200 qərar və sərəncam qəbul edilmişdir. 1998-ci ildə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətini yaxşılaşdırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı təsdiq edilmişdir.    Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları çərçivəsində fəaliyyət göstərən təşkilatların əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. Müxtəlif profilli 10-a yaxın mərkəz bu kateqoriyadan olan uşaqlara reabilitasiya xidmətləri göstərir. Bunların sırasında daunautist uşaqların kukla teatrını göstərmək olar.

Ölkə hökuməti tərəfindən həmçinin xüsusi istedada malik olan uşaqların müdafiəsi istiqamətində də mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 avqust 2000-ci il tarixində təsdiq edilmiş “İstedadlı və yaradıcı uşaqların və gənclərin sosialiqtisadi problemlərinin həllinə və onların qabiliyyətlərinin inkişafına yönəlmiş Dövlət Proqramı” uşaq və gənclərin yaradıcı potensialının inkişafına əhəmiyyətli təsir göstərərək gənclərin məşğulluq və işədüzəlmə probleminin həllini təşviq etmişdir. Bu sahədə atılan digər mühüm addım 2006-cı il aprelin 17-də “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)”nın qəbul edilməsi olmuşdur.

Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu - UNİCEF-lə sıx əməkdaşlıq edir.

Uşaqların yaşamaq hüququnun pozulmaması üçün  bütün dünyada müxtəlif tədbirlər keçirilir, qanunlar qəbul edilir. Amma təəssüf ki, bütün bunlar  Tanrının bizlərə əmanəti olan körpələrin gülüşünü qorumağa  yetmir. Görünür, bunun üçün müxtəlif  layihələr hazırlamaq, ixtiralar etmək üçün yalnız ağlımızı səfərbər etməyimiz kifayət deyil, qoca dünyanın kiri-pasıyla dumanlanmış qəlbimizi oyandırmağı bacarmalıyıq ilk növbədə. Bunu özümüz üçün eləməliyik . Eləməliyik ki, sabahımızın xilaskarları  dünyamızı Allaha şikayət etməsinlər.  Allah “mələklərin” göz yaşına dözməz. Və bir daha göndərməz onları dünyamıza. Dünyamız gülüşsüz və işıqsız qalar...

 

Aida AYSA

 

Xalq qəzeti.- 2014.- 1 iyun.- S.5.