Fədakar alim, vətənpərvər ziyalı
Bu günlərdə ADNA-nın Ümumi, tarixi geologiya və hidrogeologiya və neft-mədən geologiyası kafedrasının dosenti, Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Ehtiyatlar Elmləri akademiyalarının həqiqi üzvü, keçmiş SSRİ-nin fəxri geoloq-kəşfiyyatçısı İslam Tağıyevin 80 illik yubileyi qeyd olunur.
İ.Tağıyev
1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji kəşfiyyat
fakültəsini bitirdikdən sonra təyinatla
keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə göndərilmişdir.
Elə həmin vaxtdan 2005-ci
ilin sentyabrına kimi taleyini geologiya istehsalat sahəsi ilə bağlamış və
uzun illər boyu bu sistemdə şərəfli əmək yolu keçmişdir. İslam müəllim istehsalatda
işlədiyi müddətdə, eyni zamanda Patentşünaslıq İnstitutunu,
Siyasətşünaslıq Universitetini və
1983-cü ildə SSRİ Nazirlər Soveti
yanında Xalq Təsərrüfatı
Akademiyasını bitirmişdir.
1971-ci ilə qədər
çöl geoloji kəşfiyyat
müəssisələrində müxtəlif vəzifələrdə
çalışmışdır. Elə həmin
il Geologiya, Geodeziya və Xəritəçəkmə
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə
irəli çəkilmişdir. 1977-2001-ci illərdə keçmiş Dövlət Geologiya
Mineral Ehtiyatlar Komitəsi
sədrinin birinci müavini,
2001-2005-ci illərdə isə yeni
yaradılmış ekologiya və təbii
sərvətlər nazirinin müşaviri vəzifələrində
çalışmışdır.
İslam Tağıyev respublika
ərazisində termal su
yataqlarının, ümumiyyətlə yer
təkinin geotermik xüsusiyyətləri
və alternativ enerji mənbəyi
kimi onlardan istifadə
edilməsi ilə məşğul olan ilk azərbaycanlı geoloq-alimlərdən biridir.
Onun akademik Mirəli Qaşqayla
birlikdə yazdığı elmi məqalələr
1968-1969-cu illərdə Moskvanın “Elm”,
“Yerin təki” nəşriyyatlarında çapdan çıxmış monoqrafiyalarda dərc olunmuşdur.
İslam müəllimin elmi
məqalələri İtaliyada, Türkiyədə,
habelə Moskva, Aşqabad,
Daşkənd, Mahaçqala və digər
şəhərlərdə dərc edilmişdir. Onun
Talış dağ silsiləsinin geoloji-tektonik çöl
işlərində akademik Ş.Mehdiyev
və Ş.Əzizbəyovla birgə apardığı tədqiqatlar
bu gün də öz aktuallığını itirməmişdir.
Bu illər ərzində İslam
müəllim yüksək ixtisaslı mühəndis, peşəkar
geoloq, eyni zamanda geologiya, texnika, texnologiya, iqtisadiyyat və idarəetmə sahələrində
özünü kamil
və peşəkar mütəxəssis kimi
göstərmişdir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə
qazanılan elmi-texniki tərəqqinin
nailiyyətləri müxtəlif istiqamətli geoloji
tədqiqatların aparılması, mürəkkəb
faydalı qazıntı yataqlarının axtarışı və
kəşfiyyatında müvəffəqiyyətlə tətbiq
edilmiş, respublikanın mineral-xammal
bazasının yaradılmasında müsbət rol oynamışdır.
Bütün dövrlərdə, elə müasir dövrümüzdə də hər
bir ölkənin siyasi,
iqtisadi, sosial
inkişafının, müstəqilliyinin təmin edilməsində
ən vacib amillərdən biri onun zəngin
yeraltı sərvətlərə və mineral-xammal
bazasına malik olmasıdır. Bu baxımdan, Azərbaycanın bəxti gətirmişdir,
zəngin neft-qaz yataqları ilə
yanaşı, əlvan və qara metallar, alüminium, qurğuşun, sink, mis və digər filiz və
qeyri-filiz yataqları, içməli,
mineral-sənaye (yodlu-bromlu) və termal su yataqları,
müxtəlif tikinti materialları, bir sözlə, iqtisadiyyatın hərtərəfli
inkişafına yardımçı ola biləcək 500-ə qədər
faydalı qazıntı yataqları kəşf edilmiş və müstəqillik
dövründə onların xalq təsərrüfatı
dövriyyəsinə cəlb olunması üçün
lazımi işlər görülmüş
və görülməkdədir.
SSRİ dövründə
aparılmış geoloji-kəşfiyyat işlərinin əlamətdar
nəticələrindən biri respublikada qızıl emalı sənayesinin təşkili
üçün etibarlı xammal bazasının yaradılması olmuşdur. Azərbaycanın qızıl
yataqlarından danışarkən bir məsələnin
üzərində dayanmamaq qeyri-mümkündür. Ermənistanın Azərbaycan
torpaqlarına göz dikməsinin, min-bir dona girərək
xalqımıza qarşı düşmənçilik siyasəti
həyata keçirməsinin uzun tarixi var, bu
düşmənçilik 1980-ci ildən çox-çox
əvvəl başlanmışdır. Buna əyani sübut
kimi keçmiş
SSRİ Nazirlər Kabineti yanında fəaliyyət
göstərən Faydalı Qazıntı Yataqları üzrə
Dövlət Komissiyasında Azərbaycana aid
olan Söyüdlü
(Zod) qızıl yatağı
ehtiyatlarının bütünlüklə Ermənistana aid edilərək təsdiq olunmasını nümunə
göstərmək olar. Hələ
1950-ci illərdə 2447,5 metr yüksəklikdə
yerləşən Misqaynaq dağında
Ermənistanın Basarkeçər rayonunun
sərhədində yerləşən Söyüdlü
qızıl yatağının gələcəkdə Ermənistana
aid edilməsi üçün
SSRİ Geologiya və Xəritəçəkmə
Baş İdarəsinə rəhbərlik
edən Qabrielyants familiyalı bir erməninin əli ilə “Dövlət sərhədi
xəritəsi”ndə sərhəd xəttinin 2 kilometrədək
hissəsi göstərilməmişdir. Sonradan isə həmin xətt
500 metrədək Azərbaycanın ərazisinə doğru sürüşdürülmüş
və beləliklə, dövlət səviyyəsində
saxtakarlığa yol verilmişdir.
1976-cı ildə bu
saxtakarlığın qarşısı alınmış və
həmin xəritədə dəqiqləşdirmə
aparılmışdır. Bütün
bu işlərdə ulu
öndərimiz Heydər Əliyevin böyük
xidməti və SSRİ hökuməti səviyyəsində ona olan yüksək
hörmət əsas rol
oynamışdır. Həmin məsələnin həllində
bu günlərdə 80 illik
yubileyi qeyd olunan İslam
Tağıyev də bilavasitə iştirak
etmişdir.
İslam müəllim istehsalatda
və müxtəlif rəhbər vəzifələrdə
işlədiyi müddətdə, eyni zamanda təhsil müəssisələri ilə
əlaqəni kəsməmişdir. O, uzun illər ərzində ADNA, BDU və AMEA Geologiya İnstitutu elmi şuralarının üzvü,
ADNA-nın Ümumi, tarixi
geologiya və hidrogeologiya
və BDU-nun Geodeziya və
kartoqrafiya, ətraf mühitin
mühafizəsi və təbii sərvətlərdən
istifadə kafedraları üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur.
İ.Tağıyevin
200-ə qədər elmi məqaləsi, xeyli sayda monoqrafiya
və dərslikləri çap edilmişdir. O, neçə-neçə namizədlik
dissertasiyasının opponenti olmuş, Moskva, Sankt-Peterburq şəhərlərində,
habelə İran, Rumıniya, Türkiyə
və digər ölkələrdə keçirilən beynəlxalq
elmi simpozium və konfranslarda dəfələrlə məruzələr
etmişdir. İ.Tağıyev həmişə
və hər yerdə Azərbaycan geologiya
elmini yüksək səviyyədə təmsil
etmişdir.
2005-ci ildən ADNA-da bakalavr və magistr səviyyəsində tədris olunan geologiya elminin müxtəlif fənləri üzrə
dərs deyən İslam müəllimin
mühazirələri bugünkü
yüksək tələblərə tam cavab verir. Məhz bu xüsusiyyətlərinə görə o, professor-müəllim heyəti və tələbələri
arasında böyük hörmət
qazanmışdır.
Dünyada insan adına şərəf
gətirən qiymətli və hikmətli nə varsa, İslam müəllim
bunların hamısına layiqdir. O heç vaxt tutduğu mövqe və
yüksək vəzifələrlə fəxr etməmiş, əksinə
öz səmimiyyətinə və sadəliyinə
görə ünsiyyətdə olduğu bütün insanların hörmətini
qazanmışdır.
Xalqımızın dəyərli ziyalısı olan İslam Tağıyevi 80 illik yubileyi münasibətilə öz həmkarları - alim-pedaqoq dostları və tələbələri adından təbrik edir, bu əlamətdar gündə ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
N. BABAYEV,
Azərbaycan Dövlət Neft Akademiyası
Ümumi, tarixi geologiya və hidrogeologiya kafedrasının müdiri,
professor,
Ç.QAŞQAY,
AMEA Geologiya və Geofizika İnstitutunun professoru,
geologiya-mineralogiya elmləri
doktoru
Xalq
qəzeti.- 2014.- 1 iyun.- S.4.