Gerçək lider

 

Biz bu gün ulu öndər Heydər Əliyevdən danışdıqda gerçək liderdən söz açırıq, ümummilli liderdən bəhs edirik, nəhayət, millətin rəsmi və qeyri-rəsmi lideri olmuş fenomenal şəxsiyyəti göz önünə gətiririk. İdeya və əməlləri ilə əbədiyaşarlıq qazanmış, Azərbaycan xalqının yetişdirdiyi beynəlxalq səviyyəli siyasət və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevdə liderliyin hər üç yönü üzvi surətdə birləşmişdi. Mütləq liderliyin bu üç cəhətinə ayrılıqda nəzər salaq.

 

Gerçək lider kimdir? – Şübhəsiz, nəzəri və praktik fəaliyyəti paralellik təşkil edən liderdir. Bütün liderlərin nəzəri irsi buya digər dərəcədə mükəmməl olur. Bunlar çıxışlar, müsahibələr, qərarlar, sərəncamlar, görüşlər, müxtəlif açıqlamalar və s. əhatə edir. Bu materiallarda əks olunan müddəalar gerçəyə çevrilmirsə, zaman keçdikdən sonra bu özünü sözlə arasındakı boşluq kimi qabarıq göstərir.

Qərar verilibsə – həyata keçirilməlidir, sərəncam imzalanıbsa, – ondan irəli gələn tələblər yerindəcə həll edilməlidir. Müsahibədə deyilənlər xalqın, millətin, dövlətin həyatında doğru əksini tapmalıdır. Kağız üzərində olan hakimiyyət ona rəhbərlik edən insanın gerçək lider olmadığını ortaya çıxarır. Heydər Əliyev bu baxımdan, tarixdə mövcud olmuş bir çox dövlət rəhbərindən və öz sələflərindən fərqli olaraq, gerçək lider idi.

Ümummilli lider. Demokratik cəmiyyətin mənzərəsinə baxsaq, burada sözfikir azadlığı, demokratik idarəetmə, vətəndaş cəmiyyəti, çoxpartiyallılıq, plüralizm, müxalifət cəbhəsi, müxtəlif dini mənsubiyətlilik və s. anlayışların önəmli olduğu görünür. Cəmiyyəti yekcins etmək mümkün deyil. Burada fikirzövq müxtəlifliyi, baxış və ideya ayrılıqları mövcuddur. Bütün bunların fövqündə vahid lider olmaq – həm iqtidar, həm də müxalifətyönlü insanların inkar edə bilməyəcəyi fenomenə çevrilmək hər rəhbərə nəsib olmayan nadir tarixi missiyadır.

Ümummilli liderlər həm də milli-etnik sərhədləri aşan, dünyada qəbul olunan, bəşəri dəyərlərə bağlı şəxsiyyətlərdir. Ümummilli lider öz xalqının taleyini uzun tarixi dövr üçün müəyyən edə bilən qüdrətli rəhbərdir. Bu rəsmən deyil, bütün cəmiyyətin verdiyi titul, etiraf etdiyi dəyərdir. Heydər Əliyev bu baxımdan da çoxəsrlik tariximizin ilk belə rəhbəri– ümummilli liderdir.

Rəsmi qeyri rəsmi lider. Bəzən rəsmi rəhbər qeyri-rəsmi olaraq lider kimi qəbul olunmur. ya əksinə, qeyri-rəsmi lider sayılan insan ömrünün sonuna qədər liderliyini təsdiqləyə bilmir. Bu çox təbii haldır. Rəsmi lider səsvermələrlə seçilmiş, sənədlərlə təsdiqlənmiş, müstəsna səlahiyyətləri olan rəhbərdir. Qeyri-rəsmi lider xalqın öz içərisində yetişdirdiyi, inandığı, taleyini etibar etdiyi, sözünə dəyər verdiyi şəxsdir. Bu iki keyfiyyət bir yerdə nadir şəxsiyyətlərin qismətinə düşür. Heydər Əliyev bu sırada istisnadırhəm rəsmi, həm qeyri- rəsmi liderdir.

O şəxsiyyətlər ölmürlər ki, onların məramı, əməli əbədiyaşardır. Ümummilli lider Heydər Əliyev yaşadığı iki fərqli sistemdə və hər iki fəaliyyət dövründə ona ölməzlik gətirən işlər gördü. Müstəqilliyini qoruyub saxlayan yeni, sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir. Bu əsəri ilə Heydər Əliyev milyonlarla insanın həyatında həlledici rol oynadı. Bizim hər birimiz taleyimizdə onun silinməz izlərini asanlıqla seçib-ayırırıq. 1999-cu ildə Prezident kimi bu böyük insan mənə gənc istedadlı yazar təqaüdü verdi. Bu mənim həyatımda gerçək liderin silinməz izidir.

Göründüyü kimi, ulu öndər deyə öyündüyümüz, güvəndiyimiz, sevdiyimiz Heydər Əliyev həm gerçək lider, həm ümummilli lider, həm də rəsmi və qeyri-rəsmi lider idi. O tarixdə əbədi olaraq qalacaq.

 

Natəvan DƏMİRÇİOĞLU,

 

yazıçı, filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 1 iyun.- S.3.