Prezident İlham
Əliyevin Ağdaşa səfəri
bütün sahələrdə sürətli
inkişafa yol açmışdır
Əminəm ki, Ağdaşda bundan sonra daha da gözəl işlər görüləcəkdir. Ancaq bu günə qədər görülən işlər, hesab edirəm ki, təqdirəlayiqdir. Bu nailiyyətlər münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
1 may 2014-cü il. Bu
tarix ağdaşlılar üçün olduqca əlamətdar
və unudulmazdır. Məsələ
burasındadır ki, məhz həmin gün ölkə
Prezidenti İlham Əliyev Ağdaş rayonuna tarixi səfər
etmişdir. Səfər çərçivəsində
Prezident ən əvvəl şəhərin mərkəzində xalqımızın ümummilli
lideri Heydər Əliyevin yeni
ucaldılmış abidəsini ziyarət etmiş, Heydər
Əliyev Mərkəzinin, Ağdaş Rayon İcra Hakimiyyətinin,
YAP rayon təşkilatının və Ləki dəmir yolu
vağzalının yeni binalarının, meyvə emalı və
Gilan yem emalı zavodlarının, Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolunun, 220 kilovoltluq “Ağdaş” elektrik
yarımstansiyasının açılışında
iştirak etmiş, Bayraq meydanında yaradılan şəraitlə,
Heydər Parkında aparılan yenidənqurma işləri ilə
tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüşdür.
Artıq o vaxtdan bir ay keçib. Ölkə Prezidentinin Ağdaşa səfəri
rayonun iqtisadi, sosial və mədəni həyatında
hansı inkişaf və yeniliklərə yol
açmışdır? Ağsaqqallarla,
ziyalılarla, gənclərlə keçirilən
görüşdə qarşıya qoyulan konkret vəzifələr,
irəli sürülmüş təxirəsalınmaz tədbirlər
necə həyata keçirilir? Ağdaşa
sonuncu səfərimiz zamanı bizi daha çox maraqlandıran
məsələlər bax bunlar idi. Ona görə də
müxtəlif kollektivlərdə, idarə, müəssisə
və təşkilatlarda olduq, işlərin gedişi ilə
maraqlandıq, ictimaiyyət nümayəndələri ilə görüşüb
söhbət etdik.
Rafiq Nəbiyev - rayon ağsaqqallar şurasının sədri:
- Ölkə Prezidenti İlham Əliyevin
Ağdaşa səfəri, keçirdiyi görüş və
söhbətlər rayonumuzun tarixində, ictimai-siyasi və mədəni
həyatında unudulmaz bir hadisədir. Biz bu gün də həmin tarixi səfərin təsiri
altındayıq, görüş və söhbətlər
yaddaşımıza əbədi olaraq həkk olunmuşdur.
Rayonumuzun son 50 illik tarixi gözlərim
qarşısındadır. Cəsarətlə
deyə bilərəm ki, heç vaxt indiki qədər inkişaf
və yüksəlişin şahidi olmamışam. Özü də bu inkişaf birtərəfli deyil,
bütün sahələri əhatə edir. Elə ölkə Prezidentinin son səfəri
zamanı açılışında iştirak etdiyi müxtəlif
təyinatlı obyektləri yada salaq. Bura
ağdaşlılar “yeni şəhər” də deyirlər.
Doğrudan da, müasir üsulda tikilmiş
binalar, salınmış küçə və meydanlar, park
və yaşıllıq zolaqları şəhərimizə
yeni görkəm vermiş, onu daha abad və
yaraşıqlı etmişdir. Demək istəyirəm
ki, bütün bu irəliləyiş və inkişaf ölkə
Prezidenti Ilham Əliyevin adı ilə bilavasitə
bağlıdır. Onun gündəlik diqət
və qayğısı, bölgələrin sosial-iqtisadi
inkişafına yönəldilmiş fərman və sərəncamları
olmasaydı, əlbəttə, belə inkişafdan
danışmağa dəyməzdi.
Onu da bildirirəm ki, mən tez-tez adamlar
arasında oluram, onların əhval-ruhiyyəsinə,
gün-güzarınına, arzu və düşüncələrinə
yaxşı bələdəm. Ağdaşlılar
bu gün də ölkə Prezidenti İlham Əliyevin səfər
və görüşlərinin zəngin və unudulmaz təsiri
altındadırlar.
Özünüz görürsünüz,
Ağdaş son vaxtlar nə qədər inkişaf edib, öz
sosial simasını dəyişib, daha abad və
yaraşıqlı olub. Yeni-yeni emal obyektləri
öz qapılarını ağdaşlıların
üzünə açıb. Hələ
yaxın vaxtlarda nə qədər müəssisənin
açılışı gözlənilir. Bütün bunlara görə biz ölkə rəhbəriyinə
hədsiz təşəkkür və minnətdarlığımızı
bildirir, gələcək fəaliyyətində ona
böyük uğurlar və möhkəm
cansağlığı arzulayırıq.
Afiqə Hacıyeva, Maqsud Şeyxzadə adına
texniki, təbiət və humanitar təmayüllü
gimnaziyanın direktor müavini:
- Azərbaycan xalqı xoşbəxtdir, bir də ona
görə ki, onun Heydər Əliyev kimi dahi oğlu,
dünyanı heyran qoyan böyük şəxsiyyəti var.
İkiqat xoşbəxtdir ona görə ki, bu zəngin və
tükənməz xəzinəni, bu qətiyyətli və
uzaqgörən siyasi kursu layiqincə davam etdirən İlham
Əliyev kimi Prezidentimiz var. Əgər bu gün ölkəmiz
regionda həlledici söz sahibidirsə, beynəlxalq layihələr
onun iştirakı və razılığı olmadan baş
tutmursa, hər şeydən əvvəl, bu böyük
dühalara borcluyuq.
Heç uzağa getməyək,
Ağdaş rayonunun keçən əsrin 70-80-ci illərindəki
sürətli inkişaf, həmçinin bugünkü dinamik
yüksəliş dediklərimizə əyani misaldır. Mən təhsil işçisiyəm. Ona
görə də bu sahədə görülmüş
işlər barədə daha geniş, aydın məlumatım
var. Cəsarətlə deyə bilərəm ki, hazırda
rayonumuzda fəaliyyət göstərən təhsil müəssisələrinin,
demək olar ki, hamısı məhz
son 20 ildə tikilib istifadəyə verilmişdir. Bu isə aydın məsələdir ki, təhsilə,
millətin gələcəyin göstərilən ən
böyük diqqət və qayğıdır.
Ölkə Prezidentinin rayonumuza növbəti
səfəri təhsil işçilərini, ziyalıları
da hədsiz dərəcədə sevindirmiş, bizə əlavə
stimul vermiş, daha yaxşı işləməyə
ruhlandırmışdır. Mən bu sözləri deyərkən
Prezidentimizin Ağdaşa səfəri zamanı söylədiyi
aşağıdakı sözləri xatırlayıram: “Bu
gün biz Ağdaş rayonunda yenidən
görüşdük. Mən Ağdaş
rayonunda dəfələrlə olmuşam. Bu dəfə
də burada görülən işlərlə tanış
olacağam. Biz bu gün, ilk növbədə,
Heydər Əliyev Mərkəzinin
açılışını qeyd edirik. Bu gözəl hadisədir. Möhtəşəm
mərkəzdir. Həm memarlıq, həm
də daxili dizayn baxımından göz oxşayır. Bu gözəl mərkəz bir memarlıq abidəsidir.
Eyni zamanda, mərkəzdə yerləşən
studiyalar, dərnəklər, əlbəttə ki, onun
funksional əhəmiyyətini də artıracaqdır”.
Bəli, bu mərkəz indi təhsil
işçilərinin, ziyalıların, gənclərin,
ümumiyyətlə, bütün insanların müqəddəs
ziyarətgah yerinə çevrilmişdir. Ona görə ki, biz burada ulu öndərimizin
bütün nəsillərə örnək olan həyat və
fəaliyyəti, ölkəmiz, millətimiz, onun tarixi və
bu günü ilə bağlı zəngin və qiymətli məlumati
ala bilirik.
Azad Gözəlov, Rayon Gənclər və İdman
İdarəsinin rəisi:
- Aydın məsələdir ki, müstəqil
respublikamızda gənclər gününün keçirilməsi,
Gənclər və İdman Nazirliyinin yaradılması, bir
sözlə, müasir dövrdə aparılan gənclər
siyasəti ulu öndər Heydər Əliyevin və ölkə
Prezidenti İlham Əliyevin adı ilə bilavasitə
bağlıdır. Azərbaycan gəncliyi bu
diqqət və qayğını daim yüksək qiymətləndirir,
onu öz real və konkret əməllərində
doğrultmağa çalışır.
Ölkə başçısının
növbəti səfərindən sonra dərhal təşkilatımızda
bu səfərin yekunları və qarşıda duran vəzifələr
barədə geniş toplantı keçirdik.
Hamımızın yekdil fikri belə oldu: Prezidentimizin
Ağdaşa növbəti səfəri, keçirilən tədbirlər,
görüş və söhbətlər bizə yeni həvəs və
güc verdi, sabaha olan inam və ümidimizi daha da
artırdı. İndi əsas məsələ
müəyyən edilmiş həmin vəzifələrin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsidir.
Biz bu yazı üzərində işləyərkən
son vaxtlar iqtisadi, sosial və mədəni sahələrdə əldə
edilmiş konkret nəticələrlə maraqlandıq, təhlil
və müqayisələr apardıq. Gəldiyimiz
nəticə ondan ibarətdir ki, inkişaf və yüksəliş
dinamik xarakterdədir, ardıcıl və sistemli şəkildə
aparılır. Məsələn, sakinlərin
mənalı istirahəti, ağsaqqalların, gənclərin
və kiçik yaşlı uşaqların asudə vaxtının
səmərəli təşkili üçün 7 hektar ərazini
əhatə edən Heydər parkında ardıcıl olaraq
yenidənqurma və tikinti-quraşdırma işləri gedir.
Aparılan bu
işlər zamanı milli memarlıq üslubu ilə
müasirlik tam uzlaşdırılmışdır.
Burada 2 süni göl, 11 fəvvarə, müasir işıqlandırma
sistemi, müxtəlif attraksionlar, karusellər, ana və
uşaq istirahət mərkəzi,
gənclər kafesi, mini avtodrom, mini və böyük qatar
attraksionları, atıcılıq mərkəzi
yaradılmış, oturacaqlar qoyulmuşdur. Parkın
ərazisinin yaşıllaşdırılması məqsədi
ilə ağac və dekorativ gül kolları əkilmiş,
qazon salınmış, 2 yeni artezian quyusu
qazılmışdır.
Ağdaş şəhəri ərazisində
və magistral yolların kənarlarında 20 minədək
müxtəlif ağac əkilmişdir. Bundan
başqa, Tofiqi və Aralbir kəndlərinin hər birində
220 yerlik, Qarağan-Şıxlar və Qulbəndə kəndlərinin
hər birində 180, Ərəbşəki kəndində isə
80 yerlik məktəb binalarının tikintisinə
başlanılmışdır.
Son illərdə ölkəmizin enerji təchizatının
dayanıqlığı və təhlükəsizliyi prinsiplərinin
təmin edilməsi sahəsində ardıcıl dövlət
proqramları qəbul edilmişdir. Bu mənada
220/110/10 kv-luq 2x180 mva gücündə Ağdaş regional
elektrik yarımstansiyasının istifadəyə verilməsi
vacib strateji əhəmiyyətli layihələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2014-cü ili “Sənaye ili” elan etməsi bu
sahədə qarşıya böyük vəzifələr
qoymuşdur. Belə ki, artıq Ağdaş yem emalı və
meyvə emalı fabriklərinin, meyvə emalı zavodunun
tikintisi başa çatmışdır.
Almaniya və Türkiyə şirkətlərinin
texnologiyası əsasında qurulan Ağdaş yem emalı
fabrikində il ərzində orta hesabla 250
min tonadək toyuq və mal yeminin istehsal olunması
planlaşdırılır. Layihənin icrası tam başa
çatdıqdan sonra burada 100 yeni iş yeri
yaradılacaqdır. Ağdaş meyvə emalı zavodu ilkin mərhələdə
il ərzində 200 tona yaxın quru meyvənin
emal edilməsinə imkan verəcəkdir. Hər
iki sənaye müəssisəsinin fəaliyyətə
başlaması rayonda əlavə olaraq heyvandarlıq və
quşçuluq məhsullarının, eləcə də meyvə
və tərəvəz istehsalının artımını təmin
edəcək, əhalinin məşğulluğunu artıracaqdır.
“Şirvangöl” istirahət mərkəzinin
tikintisi başa çatmış, rayonun Ərəbocağı
kəndində heyvandarlıq kompleksinin tikintisi isə davam
edirilir. İndi burada 1274 baş ətlik
və südlük istiqamətli mal-qara saxlanılır.
Hazırda sahibkarlar tərəfindən 1000
hektara yaxın sahədə biyan istehsalı və onun
emalı müəssisəsinin, yeni bazar kompleksinin tikintisi
davam etdirilir.
Bazar iqtisadiyyatı şəraitində
iqtisadiyyatın müxtəlif sahələrinin davamlı
inkişafı sahibkarlığa göstərilən dövlət
qaytısı ilə tənzimlənir. Bu isə uğurların ildən-ilə artması ilə
nəticələnir. Məsələn, keçən
ilin eyni dövrünə nisbətən iri malın sayı
1841 baş, xırda mal 900 baş artmış, diri çəkidə ət istehsalı 69 ton, süd 852
ton çoxalmışdır. Həyata keçirilmiş tədbirlər
nəticəsində ümumi məhsul
buraxılışı 34,3 faiz və ya 15
milyon 264 min manat artaraq, 59 milyon 750 min manat olmuşdur. Kənd
təsərrüfatı məhsulu istehsalı 4,1 faiz və ya
1 milyon 183 min manat artaraq 13 milyon 450 min manata,
tikinti-quraşdırma işlərinin həcmi isə 71,1 faiz
və ya 13 milyon 223 min artaraq, 31 milyon 809 min manata
çatmışdır.
Ölkədə aparılan uğurlu
iqtisadi siyasət nəticəsində büdcə gəlirləri
artmışdır. Bu da rayon büdcəsindən
maliyyələşən tədbirlərə yönəldilmiş
vəsaitin çoxalmasına səbəb olmuşdur.
2014-cü il üçün rayon büdcəsi
21 milyon 671 min manatdır. Bu isə ötən
ildəkindən 1 milyon 519 min manat çoxdur.
Ağdaşda müşahidə etdiyimiz
daha bir maraqlı cəhət barədə. Burada iqtisadi, sosial və mədəni sahənin
inkişafına kompleks yanaşılır, inkişaf və
yüksəliş bütün sahələri əhatə
edir, sistemli xarakter daşıyır. Məsələn,
son 5 ildə Ağdaş şəhərində 100 yerlik
müasir xəstəxana kompleksi, Qolqəti, Ərəbocağı
və Tofiqi kəndlərində həkim və tibb məntəqələri
tikilib istifadəyə verilmişdir. Mövcud səhiyyə
müəssisələrinin ən müasir tibi avadanlıqlar,
dərman preparatları və
ixtisaslaşdırılmış nəqliyyat vasitələri
ilə təchiz olunması istiqamətində ardıcıl və
təxirəsalınmaz tədbirlər həyata
keçirilmişdir.
Eyni sözləri təhsil, mədəniyyət
və başqa sahələr haqqında da demək olar. Əsas cəhət odur ki, göstərilən sahələrdə
maddi—texniki baza daha da möhkəmləndirilmiş intizam və
tələbkarlıq artırılmışdır.
Göründüyü kimi, ölkə
Prezidenti İlham Əliyevin Ağdaşa növbəti səfəri
bütün sahələrdə sürətli inkişafa yol
açmış, adamların ruh yüksəkliyini və
coşğunluğunu, sabaha olan inam və ümidlərini daha
da artırmışdır. İndi
rayonda bütün inkan və səylər hərəkətə
gətirilmişdir. Başlıca diqqət
və səylər ona yönəldilmişdir ki, bu inkişaf
və yüksəliş davamlı olsun, ölkə
başçısının qarşıya qoyduğu konkret vəzifələr,
məsləhət və tövsiyyələr uğurla yerinə
yetirilsin.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 1 iyun.- S.4.