Görkəmli bəstəkarın
tarixi
mövzulu operası
yeni quruluşda
Firəngiz Əlizadə – Nərgiz Paşayeva
yaradıcılıq əməkdaşlığı mükəmməl
bir səhnə əsərini ərsəyə gətirmişdir
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, respublikanın xalq artisti, UNESCO-nun “Sülh artisti”mükafatının laueratı, professor Firəngiz xanım Əlizadənin istənilən əsəri ölkənin musiqi ictimaiyyəti və kütləvi informasiya vasitələri tərəfindən böyük məmnuniyyətlə qarşılanır. Müəllifin professor Nərgiz Paşayevanın librettosu əsasında qələmə aldığı “İntizar” operasının yeni quruluşda təqdim edilən premyerası da bu baxımdan yaddaqalan oldu. Ölkəmizin mədəni həyatında xüsusi əhəmiyyətə malik bir tədbir olan bu təqdimat may ayının əvvəllərində yaşadığımız əlamətdar tarixlərlə tamamilə uzlaşırdı.
Ötən
ay biz Azərbaycan dövlətinin yaradıcısı, daim
böyük qürur və iftixarla andığımız ulu
öndər Heydər Əliyevin anadan olmasının 91
illiyini, Böyük Vətən müharibəsindəki qələbənin
ildönümünü qeyd etdik. Son onilliklərdə böyük ürək
ağrısı ilə yaşamağa məcbur olduğumuz
Qarabağın – Şuşanın erməni faşizmi tərəfindən
işğalının anım tədbirləri
xalqımızın mübariz əhval ruhiyyədə
olduğunu, torpaqlarımızın azad ediləcəyinə
güclü inamı bir daha təsdiqlədi. Bəlkə
də, taleyin hökmü ilə bir ərəfədə qeyd
edilən bu hadisələrin ardıcıllığında
bir rəmzi məna var: biz tarix boyu qalib gələn xalqıq
və Heydər Əliyevin ideyaları və xilaskarlıq
missiyası ilə tariximizin bu dönəmindən də şərəflə
çıxıb, müstəqil Azərbaycanın ərazi
bütövlüyünü təmin edəcəyik. Məhz qələbəyə
güclü inam bizi yaşadır.
Ümummilli
lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi,
“tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər
və iqtisadi-hərbi gücümüz Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində,
ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Dağlıq Qarabağda, digər işğal edilmiş
torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan
bayrağı dalğalanacaqdır”.
Xalqımızın
inamının, işğal - xilaskar - qələbə məfhumlarının
təzahürünü biz müasir tariximizin qanlı səhifələrini
canlandıran “İntizar” operasında da gördük. Operanın yaradıcıları - bəstəkar,
xalq artisti, professor Firəngiz
xanım Əlizadə və libretto müəllifi, filologiya
elmləri doktoru, professor Nərgiz Paşayeva vətənpərvər
insanlar kimi bu mövzuya müraciət etməklə, öz vətəndaşlıq
mövqelərini nümayiş etdirmiş, müasir tariximizdə
yaşadığımız Qarabağ faciəsinə,
işğalçılığa və soyqırımına
öz etirazlarını, xalqımızın qələbəsinə
inamlarını bildirmişlər.
Bununla
da son dövrdə Azərbaycanda vətənpərvərlik
ruhlu əsərlərlə bağlı mənəvi tələbatı
ödəyən “İntizar” operası kimi yüksək bədii
keyfiyyətlərə, bədii
təsir qüvvəsinə malik, librettonun və musiqi
dramaturgiyasının dərin vəhdəti ilə diqqəti cəlb edən müasir bir əsər
meydana çıxmışdır.
“İntizar”
operanın məzmununu və məğzini dəqiq müəyyən
edən bir addır. Bu, baş verən faciəli hadisələr
nəticəsində real həyatda qovuşa bilməyən, yalnız
ölümdən sonra göylərdə ruhları qovuşan
iki sevgilinin intizarıdır. Bu, dağılan ailələrin
intizarıdır. Bu, doğma yurd-yuvalarından didərgin
salınan insanların torpaq intizarıdır. Bu, nəhayət,
xalqımızın qələbə intizarıdır.
“İntizar”,
sözün əsl mənasında, faciə janrında
yazılmışdır. Lakin bu faciədə
bir nikbinlik duyğusu var. Bu, insanların qəlbindəki qələbə
arzusu, İlahidən gələn haqq-ədalətə
inamdır.
XXI əsrin başlanğıcında yaranan və Azərbaycan
opera mədəniyyətinə yeni səhifə olan
“İntizar” operası səhnə quruluşu baxımından
maraqlı tarixə malikdir və əsərin hər səhnə
təcəssümü özünəməxsus təfsiri ilə
yadda qalmışdır.
“İntizar” operası (“Qarabağnamə” adı ilə)
ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına
I Beynəlxalq Musiqi Festivalı çərçivəsində
tamaşaya qoyulmuşdur (dirijor A.Şteynluxt, quruluşçu
rejissor C.Səlimova). 2009-cu ildə isə Azərbaycan
Bəstəkarlar İttifaqının 75 illiyinə həsr
olunmuş Beynəlxalq Musiqi Festivalı günlərində
Heydər Əliyev Sarayının səhnəsində konsert ifasında
səsləndirilmişdir (dirijor F.Kərimov).
2010-cu ildə opera Heydər Əliyev
Fondunun təşəbbüsü və Nərgiz
Paşayevanın prodüser layihəsi əsasında
hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilmişdir
(quruluşçu rejissor D.Bertman, dirijor V.Ponkin və b.). Müasir
musiqili teatr rejissurası prinsiplərinə əsaslanan bu
quruluşda operanın
səhnələşdirilməsinə geniş beynəlxalq
heyət cəlb edilmişdir. Həmin tamaşa
Azərbaycan Televiziyası tərəfindən film-opera kimi
lentə alınıb, “Mədəniyyət” kanalında
mütəmadi nümayiş olunaraq xalqımızın
sarsılmazlığını, haqq işi uğrunda ədalətli
mübarizəsini əks etdirir.
2014-cü il mayın 4-də Azərbaycan Opera və
Balet Teatrında yeni quruluşda səhnəyə qoyulan
“İntizar” operası Qarabağ mövzusunun
aktuallığını, gündəmdə olduğunu və
müsbət həllini gözlədiyini, xalqımızın
qəhrəmanlıq və qələbə əzmini yeni bir
qüvvə və inamla xatırlatdı. Tamaşanın
yaradıcı heyəti- rejissor Hafiz Quliyev, dirijor Əyyub
Quliyev , baş rolların ifaçıları - Əkrəm
Poladov (Seyid kişi), Qərinə Kərimova (Əsli), Afaq
Abbasova (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov
(Yad adam) və başqaları operanın əsas
ideyasının - Vətən uğrunda mübarizənin və
əbədi məhəbbətin qabarıq ifadə
olunmasına
çalışmışlar.
Ümumi planda operanın dramaturji
inkişaf xəttini Xeyir və Şər qüvvələrin
qarşıdurması kimi xarakterizə etmək olar. Burada iki
dünyanın təcəssümü öz əksini
tapır: real və ruhani. Real dünya gerçəkliklə
bağlıdır, insanların xoş, sevincli,
toylu-düyünlü günləri, düşmən təcavüzü,
ağrı-acılar, ailə, ana-ata, övlad itkisi,
torpaqların işğalı, yurd-yuva itkisi... Ruhani dünya -
Allah sevgisi, İlahi qüvvəyə inam, insanların ruhunun
göylərdə qovuşmasına inam, Haqq-ədalətin
varlığına, Allahın qüdrətilə Xilaskarın
zühuruna inam...
Operada obrazlar dairəsi: Mələk və Arifin məhəbbəti,
Seyid kişinin ailəsi və Ana obrazı, Xalqın taleyi,
Düşmən obrazı Yad adam və İtkin obrazı
İlahi qüvvələrin tərənnümü ilə
bağlıdır və hadisələr bütün
bunların qovuşduğu müstəvidə cərəyan
edir.
Əsərdə xalq artisti Qərinə Kərimovanın
yaratdığı Ana - Əsli obrazı öz bədii-emosional
qüvvəsinə görə çox
inandırıcıdır. Ana həm
əsl mənada, həm də rəmzi mənada öz təcəssümünü
tapır. Ana ailə ocağının
qoruyucusu, Vətən üçün xeyirli övladlar
yetişdirən bir varlıqdır. Ana həm
də bəstəkarın təfəkkürü ilə
yaradılmış Vətən obrazı ilə
bağlıdır. Ananın Allaha
yalvarışları insanların Vətənin xilası
arzusunu, qələbəyə inamını əks etdirir.
Əsərin əsas qəhrəmanları
olan Mələk - Afaq Abbasovanın, Arif - Fərid Əliyevin
ifasında təbii cizgilərlə yaradılıb. Bu obrazlar romantik planda inkişaf edir, hadisələrin
axarında onların sevgisi və ölümü faciəli
bir məhəbbət hekayətini canlandırır.
İnsanların səadəti və faciəsi
kimi emosional baxımdan iki kənar qütblərdə ifadə
olunan vəziyyəti xalq kütlələrinin təsvirində
mühüm əlamətdir. Operanın
musiqi məzmununda xalqın sevincli günləri nə qədər
işıqlı, səmimidirsə,
ağrılı-acılı günləri də bir o qədər
təsirli və inandırıcı ifadə vasitələrilə
əks olunur. Bu baxımdan bəstəkarın
musiqi dili, orkestr boyaları sahəsindəki
tapıntıları diqqətəlayiqdir. Orkestrin
tərkibinə xalq çalğı alətlərinin daxil
edilməsi, muğam və müasir bəstəkarlıq
üslubunun qovuşdurulması, elektron musiqinin imkanlarından
təsviri vasitə kimi istifadə olunması zəngin musiqi
palitrası yaradır.
Operada şər qüvvələr də
kifayət qədər parlaq boyalarla təsvir olunub. İlham Nəzərovun
ifasında düşmən obrazını cəmləşdirən
Yad adamın partiyası və qara qüvvələrin xoru çox fəal hərəkətli
olub, səs effektləri qorxu, həyəcan hissi yaradır, səs
dalğalarının ümumi fonda yayılması operanın
emosional atmosferini dolğunlaşdırır.
Düşmən obrazının
timsalında həm də bir ibrətamiz hekayəni izləyirik.
İnsanları incidən, onları qorxu içində
saxlayan, ölümlərindən həzz alan
Yad adam illərlə axtardığı, xeyirxah insanların
arasında böyümüş oğlu İtkini öz əlilə
öldürür. Bəli, zülmkar öz cəzasını
çəkir, haqq-ədalət yerini tapır. Bədii məziyyətlərinə
görə müasirliklə milliliyin əlaqəsini bariz
şəkildə əks etdirən bu əsər milli
opera sənətində yeniləşməyə və zənginləşməyə
yol açır.
Opera kimi
mürəkkəb bir əsərin səhnəyə
qoyulması çoxtəbəqəli bir yaradıcılıq
prosesidir. Bu baxımdan tamaşanın rejissoru, əməkdar
incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnədə
cərəyan edən hadisələrin çoxplanlı həlli,
solo, ansambl və kütləvi səhnələrin
axıcı surətdə bir-birini əvəzləməsi əsərin
dinamik sürətini müəyyən etmişdir. Burada H.Quliyevin
yaradıcı kollektivi bir ideya ətrafında birləşdirmək
bacarığı ilə yanaşı, onun rejissor təxəyyülünün
bəhrələrini və tapıntılarını da qeyd
etmək istərdik. Belə ki, operanın əvvəlki
quruluşlardan fərqli cəhətlərindən biri
Qarabağın rəmzinə çevrilmiş “Xarı
bülbül”ün Vətənin və saf məhəbbətin
bir atributu kimi daxil edilməsidir. Digər mənayüklü cəhətlərdən
biri də Dərviş obrazının daha dolğun təfsiri
ilə əlaqədardır ki, bu da İlahi eşqin, İlahi
qüvvənin rəmzi kimi çıxış edir.
Tamaşanın səhnə tərtibatında video
görüntülərlə Qarabağın gözəl təbiət
mənzərələri, dəhşət saçan
müharibə təsvirləri, rənglərin dəyişməsi,
günəşli, işıqlı rənglərin getdikcə
tündləşməsi, qaralması və nəhayət,
finalda yenidən parlaqlıqla canlandırılması, ekranda
sanki göyün dərinliklərindən ağ
atlı Xilaskarın peyda olması əsərin ideya-bədii həllinin
təzahürüdür.
Tamaşanın musiqi rəhbəri, gənc və
istedadlı dirijor, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyevin rəhbərliyi altında orkestr,
xor və solistlərin ifasındakı ahəngdarlıq,
musiqinin təsir gücü dinləyicini emosional gərginlikdə
saxlamaqla, əsərin ifaçılıq təfsirinin
yaddaşlara həkk olunmasına imkan yaradır.
Kütləvi səhnələrlə zəngin
olan operada xorun və baletin ayrılmaz vəhdətdə
çıxış etməsi musiqi dramaturgiyasının
açılmasında mühüm rol oynayır. Burada, əlbəttə
ki, teatrın xormeysteri, əməkdar incəsənət xadimi
Sevil Hacıyevanın, Dövlət
xor kapellasının rəhbəri, xalq artisti Gülbacı
İmanovanın və teatrın baletmeysteri, xalq artisti,
Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın
əməyini xüsusi qeyd etmək lazımdır.
Ümumiyyətlə, “İntizar”
operasının yeni səhnə təcəssümü
yaradıcı qrup tərəfindən bütün
detalları ilə dərindən
düşünülmüş, işlənilmiş və
yüksək səviyyədə araya-ərsəyə gətirilmişdir. Müasir dövrdə cərəyan edən tarixi
hadisələrin, reallıq və düşüncələrimizin
möhtəşəm musiqi tablosunu yaradan bu tamaşa həm bəstəkarın,
həm də Azərbaycan Opera və Balet Teatrının
nailiyyətidir.
“İntizar” operasının dərin mənalı
ədəbi və musiqi məzmunu əsərin hər dəfə
yeni bir baxışla oxunmasına və yozumuna yol
açır. Bəlkə də, operanın
yarandığı nisbətən qısa bir müddət ərzində
artıq dördüncü dəfə yeni quruluşda səhnələşdirilməsi
bundan irəli gəlir. Zaman keçdikcə
əsərin səhnə həllinin təfsiri dəyişir,
zəngin məna çalarları kəsb edir. Əminik ki, “İntizar” operası Azərbaycan Opera və
Balet Teatrının repertuarında daimi yer tutacaq və
tariximizi canlandıran bir əsər kimi insanları haqq-ədalətin
təntənəsinə, xalqın haqq işi uğrunda
mübarizəyə səsləyəcək.
Sonda xüsusilə qeyd etmək istədiyimiz bir məqam
da var. Belə ki, ölkəmiz
və xalqımız üçün əlamətdar tarix olan 28 May Respublika Günündə
öz ad gününü qeyd emiş hörmətli bəstəkarımız
Firəngiz xanım Əlizadəni
növbəti yaradıcılıq uğuru münasibətilə təbrik edir,
ona daha böyük sənət sevinci arzulayırıq.
Cəmilə
HƏSƏNOVA,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Xalq qəzeti.- 2014.- 3 iyun.- S.11.